Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Pornoqrafiya ailənizi dağıda bilər

Pornoqrafiya ailənizi dağıda bilər

 Arvadı onun işinin üstünü açdı. Əri dönə-dönə üzr istədi. Söz verdi ki, bu, bir də təkrarlanmayacaq. Bir müddət sözünün üstündə durdu. Amma sonra əvvəlki vərdişinə qayıtdı və eyni hadisələr yenidən təkrarlandı.

 Sizdə də vəziyyət eynidir? Əgər elədirsə, pornoqrafiyaya baxmaq vərdişinizin həyat yoldaşınıza necə təsir etdiyini başa düşməli və bundan birdəfəlik necə yaxa qurtara biləcəyinizi müəyyən etməlisiniz a.

Bu məqalədə

 Nəyi bilməlisiniz?

 Pornoqrafiya ailəni dağıda bilər. Bu vərdiş günahsız tərəfdə inciklik, etibarsızlıq yaradır b.

 Həyat yoldaşı pornoqrafiyaya baxan qadın bu hissləri keçirə bilər:

  •   Xəyanət. Sara deyir: «Ərim hər dəfə pornoqrafiyaya baxanda, məndə elə hiss yaranır ki, o mənə xəyanət edir».

  •   Yararsızlıq. Bir qadın deyir ki, yoldaşının pornoqrafiyaya baxması onu utandırır və o özünü çirkin hiss edir.

  •   Etibarsızlıq. Elen deyir: «Yoldaşımın hər addımı məndə şübhə yaradır».

  •   Narahatlıq. Ketrin bölüşür: «Ərimin bu vərdişinə görə keçirdiyim narahatlıq bütün həyatıma təsir edir».

 Düşünün: Müqəddəs Kitabda deyilir ki, ər arvadını sevməlidir (Efeslilərə 5:25). Arvadını sevən ər istəməz ki, yoldaşı bu hisslərdən birini yaşasın.

 Nə edə bilərsiniz?

 Pornoqrafiyaya baxmaq vərdişindən yaxa qurtarmaq asan deyil. Steysi deyir: «Ərim siqaretin, marixuananın və içkinin daşını atdı, amma hələ də pornoqrafiya bəlasından qurtula bilmir».

 Əgər siz də oxşar vəziyyətdəsinizsə, aşağıdakı məsləhətlər sizə bu vərdişdən birdəfəlik yaxa qurtarmağa kömək edə bilər.

  •   Pornoqrafiyanın nəyə görə təhlükəli olduğunu başa düşün. Pornoqrafiya insanda xudbin istəkləri alovlandırır, bununla da xoşbəxt ailə üçün vacib olan sədaqəti, etibarı və məhəbbəti öldürür. Bu həmçinin nikahın Banisi olan Yehova Allaha qarşı hörmətsizlikdir.

     Müqəddəs Kitab prinsipi: «Qoy hər kəs nikaha hörmət etsin» (İbranilərə 13:4).

  •   Hərəkətlərinizə görə məsuliyyəti öz üzərinizə götürün. Belə deməyin: «əgər arvadım daha nəvazişli olsa idi, pornoqrafiyaya baxmazdım». Günahı yoldaşınızın üstünə atmaq düzgün deyil. Bu, aranızda inciklik yarananda yenidən pornoqrafiyaya baxmaq üçün bəhanəyə çevrilməməlidir.

     Müqəddəs Kitab prinsipi: «Hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır» (Yaqub 1:14).

  •   Həyat yoldaşınıza qarşı dürüst olun. Kevin deyir: «Arvadımdan hər gün soruşuram: “Pornoqrafiyaya baxmağa təhrik edən nə isə qarşıma çıxanda mən özümü necə apardım, ona baxmağa davam etdim, yoxsa qaçdım?” Belə söhbətlərin sayəsində aramızda gizli heç nə qalmır».

     Müqəddəs Kitab prinsipi: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

  •   Ayıq-sayıq olun. Tərgitdiyinizi düşündüyünüz bu vərdiş hətta illər sonra da geri qayıda bilər. Yuxarıda adı çəkilən Kevin bölüşür: «Mən düz on ildir pornoqrafiyaya baxmırdım və düşünürdüm ki, artıq bundan canımı qurtarmışam. Amma bu vərdiş pusquda durub hücum etmək üçün uyğun vaxtı gözləyən vəhşi heyvana bənzəyir».

     Müqəddəs Kitab prinsipi: «Möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın» (1 Korinflilərə 10:12).

  •   Yanlış istəklər yarananda özünüzü cilovlayın. Yanlış istəklərin yaranmasının qarşısını ala bilməsəniz də, bu istəklərə təslim olub-olmamaq sizin əlinizdədir. Belə məqamlarda düşüncənizi idarə etməyi, fikrinizi başqa şeylərə yönəltməyi öyrənsəniz, bu yanlış istəklər daha tez keçib gedəcək.

     Müqəddəs Kitab prinsipi: «Qoy hər kəs öz bədənini paklıqla və şərəflə idarə etməyi bacarsın,.. acgöz şəhvətin əsiri olmasın» (1 Salonikililərə 4:4, 5).

  •   Nəfsi alovlandıran vəziyyətlərdən qaçın. Bir kitabda deyilir: «Bu cür vəziyyətləri yanan kibrit çöpünə bənzətmək olar. Azca yanacaq kifayətdir ki,.. böyük yanğın çıxsın» («Willpower’s Not Enough»).

     Müqəddəs Kitab prinsipi: «Qoy heç bir pislik mənə ağalıq etməsin» (Zəbur 119:133).

  •   Ümidinizi itirməyin. Həyat yoldaşınızın etibarını geri qazanmaq uzun müddət, hətta illər çəkə bilər. Amma təcrübə göstərir ki, bu mümkündür.

     Müqəddəs Kitab prinsipi: «Məhəbbət [səbirlidir]» (1 Korinflilərə 13:4).

a Bu məqalə ərlərə ünvanlansa da, müzakirə olunan prinsiplər pornoqrafiyaya baxan arvadlara da aiddir.

b Bəzi ər-arvadlar düşünür ki, birgə pornoqrafiyaya baxmaq aralarındakı münasibəti daha da möhkəmləndirir. Amma bu düşüncə Müqəddəs Kitab prinsiplərinə birbaşa ziddir (Məsəllər 5:15—20; 1 Korinflilərə 13:4, 5; Qalatiyalılara 5:22, 23).