Hansı günah bağışlanmır?
Müqəddəs Yazıların cavabı
Bağışlanmaz günah dedikdə Allahın bağışlamadığı düşüncə tərzindən irəli gələn hərəkətlər nəzərdə tutulur. İnsan bu vəziyyətə necə gəlib çıxa bilər?
Allah günahlarından tövbə edən, Onun buyruqlarına uyğun yaşayan və İsa peyğəmbərə iman gətirənləri bağışlayır (Həvarilərin işləri 3:19, 20). Ancaq ola bilər insan günaha o qədər aludə olsun ki, düşüncə tərzini və hərəkətlərini heç vaxt dəyişmək istəməsin. Müqəddəs Kitab bu cür insanı ürəyi korlanan və günahın tovlayıcı qüvvəsi ilə sərtləşən insan kimi qələmə verir (İbranilərə 3:12, 13). Sobada bişmiş gilin formasını dəyişmək mümkün olmadığı kimi, günahın hakim kəsildiyi ürəyi də dəyişmək mümkün deyil (Əşiya 45:9). Bu cür insanın günahlarının bağışlanmasına heç bir əsas yoxdur (İbranilərə 10:26, 27).
İsa peyğəmbərin dövründəki bəzi din rəhbərləri bağışlanmaz günah işlətmişdilər. Onlar İsanın etdiyi möcüzələrin Allah tərəfindən olduğunu bilsələr də, deyirdilər ki, ona bu gücü verən Şeytan İblisdir (Mark 3:22, 28—30).
Bağışlanması mümkün olan bəzi günahlar
Bilmədən küfr etmək. Həvari Bulus bir vaxtlar küfr danışırdı, amma o, sonradan demişdi: «Mənə mərhəmət göstərildi, çünki mən cahil və imansız olduğum üçün belə hərəkət edirdim» (1 Timutiyə 1:13).
Zina. Müqəddəs Kitabda əvvəllər zina etmiş insanlar haqda danışılır. Ancaq onlar tövbə etdikləri üçün günahları bağışlanmışdı (1 Korinflilərə 6:9—11).
«Bağışlanmaz günah işləmişəm?»
Əgər sən günahlı əməllərinə görə peşman olub dəyişmək istəyirsənsə, onda sənin günahın bağışlanır. Dəfələrlə eyni günahı etsən də, Allah səni bağışlayar, bir şərtlə ki, bilərəkdən Ona qarşı çıxmayasan (Məsəllər 24:16).
Bəzi insanlar fikirləşir ki, onlar bağışlanmaz günaha yol veriblər, çünki vicdanları onları günahlandırır. Ancaq Müqəddəs Kitab öyrədir ki, hisslərimizə həmişə etibar etməməliyik (Ərəmya 17:9). Allah bizə kimisə, hətta özümüzü belə, mühakimə etməyə səlahiyyət verməyib (Romalılara 14:4, 12). Ürəyimiz bizi mühakimə etsə də, Allah bizi bağışlaya bilər (1 Yəhya 3:19, 20).
Yəhuda İskəryut bağışlanmaz günah işləmişdi?
Bəli. Tamahkarlıq Yəhudanı Allahın işi üçün edilən ianələri oğurlamağa təhrik etdi. O, özünü elə göstərirdi guya kasıblar üçün ürəyi yanır, əslində isə məqsədi daha çox pul oğurlamaq idi (Yəhya 12:4—8). Günah Yəhudanın ürəyinə o qədər hakim kəsildi ki, axırda o, İsa peyğəmbəri 30 gümüşə satdı. İsa peyğəmbər Yəhudanın heç vaxt tövbə etməyəcəyini bilirdi, buna görə də onu «həlaka gedən adam» adlandırdı (Yəhya 17:12). Bu o demək idi ki, Yəhuda heç vaxt dirilməyəcək (Mark 14:21).
Yəhuda etdiyi günaha görə ürəkdən peşman olmadı. O, səhv etdiyini Allaha yox, onunla əlbir olan kahinlərə etiraf etdi (Mətta 27:3—5; 2 Korinflilərə 7:10).