Kontentə keç

Yenidən doğulmaq nə deməkdir?

Yenidən doğulmaq nə deməkdir?

Müqəddəs Yazıların cavabı

 «Yenidən doğulmaq» ifadəsi Allahla yenidən doğulan insan arasında münasibətlərin yeni başlanğıcını bildirir (Yəhya 3:3, 7). Allah yenidən doğulan insanlara Öz övladı kimi yanaşır (Romalılara 8:15, 16; Qalatiyalılara 4:5; 1 Yəhya 3:1). Qanuni şəkildə övladlığa götürülən insanlar kimi, onlar öz mövqelərini dəyişib, Allahın ailəsinə daxil olurlar (2 Korinflilərə 6:18).

Nəyə görə insan yenidən doğulur?

 İsa Məsih demişdi: «İnsan yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz» (Yəhya 3:3). Belə ki, yenidən doğulmaq insanı Allahın Padşahlığında Məsihlə birgə idarə etməyə hazırlayır. Bu Padşahlıq göydən idarə edir. Buna görə də Müqəddəs Kitabda «yeni həyat» «göylərdə qorunub [saxlanılan]» miras kimi təsvir olunur (1 Butrus 1:3, 4). Yenidən doğulanlara Məsihlə birgə padşahlıq etmək etibar edilib (2 Timutiyə 2:12; 2 Korinflilərə 1:21, 22).

İnsan necə yenidən doğula bilər?

 İsa Məsih bu mövzudan danışanda demişdi ki, yenidən doğulmaq üçün «sudan və ruhdan» doğulmaq lazımdır (Yəhya 3:5). Bu ifadə su ilə, sonra isə müqəddəs ruhla vəftiz olunmağı bildirir (Həvarilərin işləri 1:5; 2:1—4).

 İsa yenidən doğulan ilk insan idi. O, İordan çayında vəftiz olunandan sonra Allah onu müqəddəs ruhla məsh etdi, yəni vəftiz etdi. İsa Məsih müqəddəs ruhla Allahın oğlu kimi yenidən doğularaq göydəki həyatına qayıtmaq ümidinə malik oldu (Mark 1:9—11). Allah İsanı ruhani bədəndə dirildərək bu ümidi gerçəkləşdirdi (Həvarilərin işləri 13:33).

 Yenidən doğulan digər insanlar da suda vəftiz olunandan sonra müqəddəs ruh alıblar a (Həvarilərin işləri 2:38, 41). Onlar göydə yaşamaq ümidinə sonradan əmin olurlar və bu ümidi Allah dirilmə vasitəsilə gerçəkləşdirəcək (1 Korinflilərə 15:42—49).

Yenidən doğulmaqla bağlı yanlış fikirlər

 Səhv. İnsan qurtulmaq və məsihi olmaq üçün yenidən doğulmalıdır.

 Doğru. Məsihin qurbanlığı təkcə göydə Məsihlə birgə idarə etmək üçün yenidən doğulanları yox, həmçinin Allahın Padşahlığının yer üzündəki təbəələrini xilas edəcək (1 Yəhya 2:1, 2; Vəhy 5:9, 10). İkinci qrup məsihilərin yer üzü Cənnətdə əbədi yaşamaq fürsəti var (Zəbur 37:29; Mətta 6:9, 10; Vəhy 21:1—5).

 Səhv. İnsan yenidən doğulub-doğulmamağı özü seçə bilər.

 Doğru. Hər kəsin Allaha yaxınlaşmaq və xilas olmaq imkanı var (1 Timutiyə 2:3, 4; Yaqub 4:8). Lakin kimin yenidən doğulacağını, yəni müqəddəs ruhla məsh ediləcəyini Allah Özü seçir. Müqəddəs Kitaba əsasən, yenidən doğulmaq «insanların arzusundan, yaxud cəhdlərindən yox,.. Allahdan asılıdır» (Romalılara 9:16). «Yenidən doğulmaq» ifadəsi həmçinin «yuxarıdan doğulmaq» kimi işlənir və kimin yenidən doğulacağının yuxarıdan, yəni Allah tərəfindən seçildiyini göstərir (Yəhya 3:3, haşiyə).

a Kornilini və onunla olanları çıxmaq şərtilə (Həvarilərin işləri 10:44—48).