Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Homoseksualizm günahdır?

Homoseksualizm günahdır?

 «Yeniyetməlik çağımda ən böyük çətinliklərimdən biri öz cinsimdən olan insanlara qarşı meylimlə mübarizə aparmaq idi. Mənə elə gəlirdi ki, bu müvəqqətidir, keçib gedəcək. Lakin bu hisslər hələ də məni rahat buraxmır» (Deyvid, 23 yaş).

 Deyvid Allahı razı salmaq istəyən bir məsihidir. O, həmcinsindən olanlara olan bu meyli ilə necə mübarizə apara bilər? Allah homoseksualizmə necə baxır?

 Müqəddəs Kitabda nə deyilir?

 Mədəniyyətdən və zəmanədən asılı olaraq, homoseksualizmə münasibət dəyişə bilər. Ancaq məsihilər gündəmdə olan baxışların və ya külək kimi, ora-bura aparan hər cür təlimin təsiri altına düşmürlər (Efeslilərə 4:14). Onlar homoseksualizmə (eləcə də əxlaqla bağlı digər məsələlərə) dair baxışlarını Allahın Kəlamındakı təlimlərə əsaslandırırlar.

 Müqəddəs Kitabda homoseksualizmlə bağlı aydın göstəriş var. Orada deyilir:

  •  «Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməməlidir» (Lavililər 18:22).

  •  «Allah onları azğın şəhvətə təslim etdi, onların qadınları təbii yaxınlığı qeyri-təbii əlaqə ilə əvəz etdilər» (Romalılara 1:26).

  •  «Aldanmayın. Nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə kişi fahişələr, nə kişibazlar, nə oğrular, nə tamahkarlar, nə içki düşkünləri, nə təhqiramiz danışanlar, nə də soyğunçular Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:9, 10).

 Allahın göstərişləri hər kəsə, istər homoseksual, istərsə də heteroseksual yönümlü bütün insanlara aiddir. Hər bir insan Allaha acıq gedən hərəkətləri etməmək üçün özünə hakim olmağı bacarmalıdır (Koloslulara 3:5).

 Bu o deməkdirmi ki..?

 Müqəddəs Kitab geylərə nifrət etməli olduğumuzu öyrədir?

 Xeyr. Müqəddəs Kitabda deyilir ki, seksual oriyentasiyasından asılı olmayaraq, hamıya hörmət etməliyik və hamıyla sülhdə olmalıyıq (İbranilərə 12:14). Buna görə də homoseksualistlərə sataşmaq, nifrət etmək və ya hər hansı şəkildə kobud rəftar etmək düzgün deyil.

 Məsihilər eynicinslilərin nikaha girməsinə icazə verən qanunlara qarşı çıxmalıdırlar?

 Müqəddəs Kitabda deyilir ki, Allah gözündə nikah yalnız bir kişi ilə bir qadın arasında bağlanan ittifaqdır (Mətta 19:4—6). Eynicinsli insanların nikaha daxil olmasına icazə verən insan qanunlarını müzakirəsi əxlaqi yox, siyasi mövzudur. Allahın Kəlamında deyilir ki, məsihilər siyasi məsələlərdə bitərəf olmalıdırlar (Yəhya 18:36). Bu səbəbdən onlar eynicinsli insanların nikaha girməsinə icazə verən qanunları və ya homoseksualizmi nə dəstəkləyir, nə də qarşı çıxırlar.

 Bəs əgər..?

 İnsan homoseksual həyat tərzi sürürsə, dəyişə bilər?

 Bəli. Birinci əsrdə yaşayan ilk məsihilər arasında da əvvəllər bu cür həyat tərzi sürmüş insanlar olmuşdu. Müqəddəs Kitabda homoseksual həyat tərzi sürənlərin Allahın Padşahlığına girməyəcəyi deyiləndən sonra vurğulanır ki, həmin dövrdəki məsihilərdən «bəziləri belə idi» (1 Korinflilərə 6:11).

 Bəs bu o deməkdirmi ki, homoseksual həyat tərzindən əl çəkdikdən sonra insanda bu cür meyil yenidən yaranmayacaq? Xeyr. Müqəddəs Kitabda deyilir: «Yeni şəxsiyyəti geyinin. Bu şəxsiyyət dəqiq bilik sayəsində [yenilənir]» (Koloslulara 3:10). Dəyişmək daimi prosesdir.

 Allahın normalarına riayət edən insanda homoseksual meyil hələ də varsa, onda necə?

 İstənilən meyil kimi, bu meyilə təslim olmaq və ya qalib gəlmək də insanın öz əlindədir. Bəs ona nə kömək edə bilər? Müqəddəs Kitabda deyilir: «Ruhun göstərdiyi yolla gedin, onda əsla cismani istəkləri icra etməzsiniz» (Qalatiyalılara 5:16).

 Diqqət yetir ki, ayədə insanda cismani istəklərin olmayacağı deyilmir. Amma insan Müqəddəs Kitabı müntəzəm şəkildə, yaxşıca mütaliə etsə, dua edib Allahdan kömək istəsə, bu istəklərlə mübarizə aparmağa gücü olacaq.

 Məqalənin əvvəlində adı çəkilən Deyvid bunun mümkün olduğunu öz təcrübəsindən görmüşdü. O, mübarizə apardığı bu meyil barədə öz məsihi valideynlərinə danışmışdı. O bölüşür: «Elə bil, çiyinlərimdən ağır yük götürüldü. Valideynlərimlə vaxtında danışsaydım, yeniyetməlik illərim daha rahat keçərdi».

 Unutma, Yehova Allahın əmrlərinə riayət etdiyimiz müddətdə biz daha çox xoşbəxt olacağıq. Biz əminik ki, Onun buyruqları «doğrudur, ürəyi sevindirir» və «onlara əməl edənin böyük mükafatı var» (Zəbur 19:8, 11).