Kontentə keç

Apeks — İkaluitdə kiçik yaşayış məntəqəsi (Kanada, Nunavut, Baffin Torpağı)

17 APREL 2020
KANADA

2020-ci ilin anma mərasimi. Kanada

Dünyanın başında baş tutmuş anma mərasimi

2020-ci ilin anma mərasimi. Kanada

Kanada Arktika Arxipelaqının İkaluit yığıncağının 27 təbliğçisi anma mərasimini videokonfrans vasitəsilə qeyd edib. Yığıncağın Müqəddəs Kitab dərsi keçdiyi 55 nəfərdən 12-si videokonfrans vasitəsilə mərasimdə iştirak edib və onlar belə imkan yaradıldığına görə minnətdardırlar.

Müqəddəs Kitabı öyrənənlər üçün anma mərasimində canlı iştirak etmək ya çətin, ya da ümumiyyətlə mümkün olmayacaqdı. Onlar yığıncaq ərazisinin ən ucqar yerlərində yaşayır. Həmin ərazilər Kimmirutdan tutmuş Kanadanın ən şimal yaşayış məntəqəsi olan Qris-Fyordadək uzanmış təxminən iki milyon kvadrat kilometr məsafəni əhatə edir.

İkaluit yığıncağında ağsaqqal kimi xidmət edən İsaak Demister deyib: «Bu il ilk dəfə idi ki, Müqəddəs Kitab dərsi keçdiyimiz insanlar bizimlə birgə anma mərasimində iştirak edib. Qris-Fyordda yaşayan öyrənənlərdən biri dörd nəfər insanı proqrama baxmağa dəvət etmişdi. Beləliklə, dünyanın o biri başında yaşayanlardan beşi bizimlə birgə anma mərasimini qeyd edib».

COVID-19 pandemiyası ilə əlaqədar qoyulmuş məhdudiyyətlərin yaratdığı qeyri-adi vəziyyət sayəsində İkaluit yığıncağı şəraitə uyğunlaşmağın faydasını gördü.

Bacımız Keti Burekaylo xatırlayır: «Biz şərqi Arktikanın sakinlərinə telefon vasitəsilə təbliğ etmişik. Yığıncağımızın ən ucqar ərazilərində yaşayan insanlarla gözəl söhbətlərim olub. İnsanlar evdədir və təsəlliyə ehtiyacları var».

Bacımız Laura Makqreqor deyir: «Burada, İkaluitdə, təcrid olunmuş vəziyyətdə yaşamaq bizim üçün xüsusilə çətindir, çünki pandemiyanın yaratdığı maddi çətinlik və qeyri-müəyyənlik ucbatından yaxın gələcəkdə bizi nə gözlədiyini bilmirik. İlk dəfə idi ki, bütün ailə üçün anma mərasiminə çörək hazırlamışdıq. Birgə xoş vaxt keçirdik. Biz mərasimin nə qədər sadə olduğunu daha yaxşı başa düşdük. Onun bu qədər sadə olması əslində böyük xeyir-duadır».

İsaak Demister sonda deyib: «COVID-19 pandemiyası bir çox sahələrdə insanları bir-birilərindən uzaq salsa da, anma mərasimi zamanı yığıncaq üzvlərinin münasibətlərinin daha da sıxlaşdığını görmək heyrətamiz idi. Bu ilin anma mərasimi çoxlarının həyatını dəyişdi!»

İkaluit yığıncağı yaxın gələcəkdə, şərait yol verəndə ibadət evi tikməyi planlaşdırır. Biz əminin ki, Yehova Kanadanın ən şimal yaşayış məntəqələrində — dünyanın ən ucqar yerlərindən biri olan məkanlarda yaşayan insanlara bacı-qardaşların xoş xəbəri çatdırmaq əzmlərinə xeyir-dua verəcək (Həvarilərin işləri 1:8).