Kontentə keç

Soldan sağa: Arsen Avanesov, Vilen Avanesov və Aleksandr Parkov

12 MAY 2021
RUSİYA

Üç qardaş uzun müddətdir təcridxanadadır | YENİLƏNİB

Üç qardaş uzun müddətdir təcridxanadadır | YENİLƏNİB

23 iyun 2022-ci il tarixində Dördüncü Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Arsen Avanesov və Aleksandr Parkovun ikinci şikayətini də təmin etməyib. Prokurorun müraciəti əsasında məhkəmə Arsen Avanesova qarşı işi birinci apelyasiya mərhələsinə qaytarıb. Bu, Arsenin daha ağır cəza alması ilə nəticələnə bilər. Üç qardaşın hamısı həbsdədir.

6 dekabr 2021-ci il tarixində Rostov Vilayət Məhkəməsi Arsen Avanesov, Vilen Avanesov və Aleksandr Parkovun apelyasiya şikayətini təmin etmədi. Onlar həbsdə qalırlar.

29 iyul 2021-ci il tarixində Rostov-Don Şəhərinin Leninski Rayon Məhkəməsinin qərarı ilə Arsen və Aleksandr altı il yarım, Vilen isə altı il müddətinə həbsə məhkum edildi. İki ildən çoxdur təcridxanada saxlanılan bu qardaşlar həbsdə qalacaq.

Qardaşlar barədə məlumat

Arsen Avanesov

  • Doğulduğu il: 1983 (Azərbaycan, Bakı şəhəri)

  • Bioqrafiya. Mühəndisliyi oxuyub. Tikinti sahəsində işləyib. Uşaqlıqda reqbi oynamağı sevirdi. İngilis və fransız dillərini öyrənib.

    Valideynləri ona Müqəddəs Kitaba hörmət aşılayıblar. 2005-ci ildə Yehovanın Şahidi kimi vəftiz olunub.

Vilen Avanesov

  • Doğulduğu il: 1952 (Azərbaycan, Bakı şəhəri)

  • Bioqrafiya. Elektrik və bənna işləyib. Müxtəlif xörəklər və çörək bişirməyi, kitab oxumağı sevir. Müqəddəs Kitabı uşaqlıqdan oxumağı sevib.

    1980-ci ildə Stella ilə evlənib. Arsen adında oğlu və Elina adında qızı var. 1988-ci ildə ailə Ermənistana qaçmalı oldu. Həmin il Ermənistanda baş vermiş zəlzələ və maddi vəziyyətlərinin pisləşməsi onları Rusiyaya köçməyə vadar etdi. Onlar Rostov-Don şəhərində məskunlaşdılar. 2006-cı ildə vəftiz olundu.

Aleksandr Parkov

  • Doğulduğu il: 1967 (Kemerovo vilayəti, Spassk qəsəbəsi)

  • Bioqrafiya. Erkən yaşlarından kənd təsərrüfatı ilə məşğul olurdu, mal-qara otarırdı. Traktorçuluq və misgərlik sənətlərinə yiyələnib.

    1990-cı ildə Qalina ilə evlənib. Müqəddəs Kitabı birlikdə araşdırmağa başlayıblar. Aleksandr 1992-ci ildə vəftiz olunub. Üç qızı və iki nəvəsi var.

Cinayət işi haqda məlumat

22 may 2019-cu il tarixində Rostov-Don şəhərində Yehovanın Şahidlərinin evlərinə reydlər keçirildi. Vilen Avanesovu və oğlu Arseni, eləcə də Aleksandr Parkovu istintaq təcridxanasına saldılar. 2021-ci ilin mart ayında onların üçünü də başqa təcridxanaya keçirdilər. Onlar iki ildir ki, həbsdədir.

Vilenin həyat yoldaşı Stellaya nə əri, nə də oğlu ilə görüşməyə icazə verirlər. Əri və oğlu həbsdə olduğu üçün onun maddi vəziyyəti də çətinləşib. Aleksandrın həyat yoldaşı Qalina da cinayət təqibinə məruz qalıb. Məhkəmənin qərarı ilə Qalina iki il üç ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

Bu ədalətsiz həbslər ümumdünya qardaşlığı kədərləndirir. Biz heç vaxt həbsdə olanları yaddan çıxarmırıq, sanki biz də onlarla birgə həbsdəyik (İbranilərə 13:3).