27 MAY 2024
DÜNYADAN XƏBƏRLƏR
60-dan çox ərazidən gələn qonaqlar Britaniya filialının həsrolunmasına qatıldılar
18 may 2024-cü ildə İngiltərənin Çelmsford şəhərindəki filial binaları Rəhbərlik Şurasının üzvü Kenet Kuk qardaşın çıxışı zamanı həsr olundu. Ümumilikdə 1518 bacı-qardaş filialın ərazisində yerləşən dörd auditoriyada həsrolunma proqramına qulaq asdı. Proqramda Rəhbərlik Şurasının bir neçə üzvü və köməkçiləri iştirak edirdi. İrlandiyanın və Böyük Britaniyanın müxtəlif bölgələrindən, həmçinin ibadət evlərindən 10 085 nəfər videokonfrans vasitəsilə proqrama qoşulmuşdu. Filialın tikintisinə təxminən 11 000 bacı-qardaş kömək etmişdi. Onlardan 3000-dən çoxu bu proqrama qatılmışdı.
Ertəsi gün ümumilikdə 172 834 nəfər bu ruhani proqramda iştirak etdi və proqram bütün filialın ərazisində 1821 yığıncağa yayımlandı.
Həsrolunma mərasimindən bir həftə əvvəl iştirakçıların filial binalarında ekskursiya etmək imkanları oldu. Ziyarətçilər interaktiv sərgilərdə filialın yerləşdiyi ərazidə və bütün dünyada Padşahlıq işini dəstəkləmək üçün Beyteldə hansı işlərin görüldüyünü görə bildilər. Məsələn, Regional video heyəti Müqəddəs Kitaba əsaslanan bir filmin hazırlanmasında görülən işləri ziyarətçilərə addımbaaddım göstərdi və onlar çəkiliş prosesinin bir parçasını izləyə bildilər.
Bundan əlavə bacı-qardaşlar üçün Beyteldən kənar bir neçə maarifləndirici turlar təşkil olunmuşdu. Bu turlara Müqəddəs Kitabın İngiltərədəki tarixi haqqında daha çox öyrənmək üçün Londona və Kent ərazisinə gəzintilər də daxil idi.
Britaniya filial komitəsinin üzvü Riçard Kuk qardaş bu tədbirlərin keçirildiyi həftə haqda belə demişdi: «Dünyanın hər bir yerindən bacı-qardaşların bu xüsusi tədbirdə iştirak etmək üçün bir arada toplaşdıqlarını görmək möhtəşəm idi. Yehovanın adını ucaldan bu xoş tədbirin təşkili boyunca çoxlu çətinliklərlə üzləşdik. Onların öhdəsindən gəlmək üçün Yehovanın necə kömək etdiyini görmək bizi valeh edirdi».
Bu gözəl filial binalarının Allahımız Yehovaya həsr olunmasına görə Britaniyadakı bacı-qardaşlarımızın sevincinə şərikik (Nəhəmya 12:43).