Kontentə keç

5 NOYABR 2013-CÜ İL
ERMƏNİSTAN

Ermənistanda etiqadlarına görə hərbi xidmətdən imtina edənlər üçün alternativ mülki xidmət

Ermənistanda etiqadlarına görə hərbi xidmətdən imtina edənlər üçün alternativ mülki xidmət

Nəhayət ki, Ermənistan hökuməti etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını tanıdı. Artıq 90-dan çox Yehovanın Şahidi yeni alternativ mülki xidmət proqramı üçün ərizə ilə müraciət edib. 2013-cü il 23 oktyabr tarixində Ermənistan Respublika Komissiyası bu ərizələrdən 51-ə baxıb təsdiqlədi; komissiya qalan ərizələrə də baxacaq. Sonra komissiya üzvləri Erebuni həbsxanasına gedib, orada cəza çəkən 20 Yehovanın Şahidindən yeni proqram üçün ərizə yazan 6-nın ərizəsini təsdiqlədi. Bu altı məhbus 2013-cü il oktyabrın 24-ü azadlığa buraxıldı. Alternativ xidməti seçən digər məhbus Şahidlərin də ərizələrinə baxılması və onların da azad edilməsi gözlənilir.

Yeni proqram

2013-cü il iyunun 8-də Ermənistan hökuməti alternativ xidmət haqda qanununu Avropa standartlarına uyğunlaşdırdı. Bu qanun 2013-cü il iyulun 25-də qəbul edildi və hadisələrin gedişatında dönüş nöqtəsi oldu. 2013-cü il oktyabrın 2-də Ermənistan prezidenti qanunda edilən bu dəyişiklik haqda Avropa Şurası Parlament Assambleyasına qeydlərində demişdi: «Etiqadlarına görə orduda xidmət etmək istəməyən insanlar cinayət məsuliyyətindən azad ediləcək». 2013-cü il oktyabrın 3-də Ermənistanda qəbul edilən qanuna əsasən, etiqadlarına görə hərbi xidmətdən imtina edənlərə kəsilən hökm cəzası altı ay azaldıldı. Bu qanun sayəsində cəza müddətlərinin bitməsinə 6 aydan az qalan 8 Şahid 2013-cü il oktyabrın 8-i və 9-u azadlığa buraxıldı.

Yeni alternativ mülki xidmət proqramı etiqadlarına görə hərbi xidmətdən imtina edənlərə imkan verir ki, ölkənin rifahına Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanlarının yol verdiyi tərzdə töhfə versinlər. Bu proqrama Ermənistan silahlı qüvvələri yox, mülki orqanlar nəzarət edir. Mülki xidmətin müddəti 36 aydır, çağırılanlar həftədə 48 saat işləyəcək və ildə onlara ongünlük məzuniyyət veriləcək. Üstəlik, xidmətlərini evlərinə yaxın ərazilərdə çəkəcəklər və əsgərliklə əlaqəsi olmayan işlə məşğul olacaqlar.

Qanunda dəyişiklik edilməsinə səbəb olan amillər

Ermənistan 2001-ci ildə Avropa Şurasına üzv qəbul ediləndə üzərinə alternativ xidmət haqda qanun qəbul etmək və etiqadlarına görə həbsdə yatanların hamısını azad etmək öhdəliyi götürmüşdü. Lakin buna baxmayaraq, Ermənistan gənc Şahidləri məhkəməyə cəlb etməyə və həbsə salmağa davam edirdi.

Son 20 ildə 450-dən çox Yehovanın Şahidi sərt şəraitə və rəftara dözərək uzun həbs cəzası çəkib

2004-cü il iyulun 1-də Ermənistan Respublikasının alternativ mülki xidmət haqda qanunu qüvvəyə minəndə ümid qığılcımı yaranmışdı. Lakin sonradan bəlli oldu ki, alternativ xidmət proqramı hərbi qüvvələrin nəzarəti altındadır və cəza xarakteri daşıyır. Avropa Şurası dəfələrlə vurğulamışdır ki, həmin alternativ xidmət proqramı Avropa standartlarına uyğun deyil. Məsələn, Avropa Şurası Parlament Assambleyası 1532 (2007) nömrəli qətnaməsində bildirmişdir: «Çox kədərləndirici haldır ki, əsil mülki xarakterli xidmət olmadığı üçün etiqadlarına görə hərbi xidmətdən imtina edənləri — əksəriyyəti Yehovanın Şahididir — həbsə salmağa davam edirlər, çünki onlar əslində mülki olmayan alternativ xidməti keçməkdənsə, həbsxanada yatmağa üstünlük verirlər».

BMT-nin İnsan Hüquqları Komitəsi də Ermənistanda etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hələ də həbs edilməsi ilə bağlı narahatçılığını bildirmişdi. Komitənin 105-ci sessiyasında (2012) qəbul edilən yekun nəticədə deyilir:

«İştirakçı-dövlət hərbi xidmətin əsil alternativini və hərbi xarakterli olmayan bir xidmət yaratmalıdır ki, bu xidmət etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hər biri üçün əlçatan olsun, eləcə də xarakter, pul və müddət baxımından cəzalandırıcı və ya diskriminativ olmasın. Bundan əlavə, iştirakçı-dövlət etiqadlarına görə hərbi xidmətdən və ya mövcud alternativ xidmətdən imtina etdikləri üçün həbs edilənlərin hamısını azadlığa buraxmalıdır».

AİHM-dan gələn dəstək

Ermənistan məhkəmələrində heç bir nəticə əldə etmədikdə Bayatyan və məhkum olunmuş digər iki gənc Şahid Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) iddia qaldırdılar. 2011-ci il iyulun 7-si AİHM-nın Böyük Palatasının Bayatyanın işi ilə əlaqədar səs çoxluğu ilə lehinə verdiyi qərarın böyük əhəmiyyəti oldu. AİHM tarixində ilk dəfə belə bir qərar çıxardı ki, Avropa İnsan Hüquqları Konvensiyası etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin də hüquqlarını müdafiə edir. Böyük Palatanın bu müsbət qərarından sonra AİHM etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını müdafiə edən daha dörd müsbət qərar çıxardı *.

AİHM-da hüquqları müdafiə edilən Yehovanın Şahidləri: Vahan Bayatyan, Hayk Buxaratyan, Aşot Tsaturyan.

Lakin Böyük Palatanın «Bayatyan Ermənistana qarşı» işi ilə bağlı verdiyi qərarına əhəmiyyət verməyən Ermənistan hökuməti etiqadlarına görə hərbi xidmətdən imtina edən 29 Şahidi məhkəməyə cəlb edərək onları təqsirkar bildi və 23 nəfəri həbsə saldı. 2011-ci ilin iyul ayından 2013-cü ilin oktyabr ayınadək 86 adam, ümumi hesabla, Ermənistan həbsxanalarında 168-dən çox il keçirib. Bu gənc oğlanlardan bəziləri qanunsuz olaraq həbs olunduqları üçün AİHM-a yenə şikayət ərizəsi ilə müraciət etdilər.

Öz həllini gözləyən məsələlər

Həbs müddətlərini bitirənlər və 2013-cü ilin oktyabrında azadlığa buraxılanlar ümid edirlər ki, Ermənistan cinayət məcəlləsinə etdiyi dəyişikliyə uyğun olaraq onların məhkumluğunu üzərindən götürəcək. Digər vacib məsələ də odur ki, Bayatyan qərarından sonra məhkum edilib həbsə salınanlara təzminat ödəniləcək, yoxsa yox.

Ermənistanın düzəlişlər etdiyi alternativ xidmət haqda qanunun tam nəticələrini görmək üçün gözləmək gərəkdir. Bununla belə, artıq indiyədək Ermənistan hökuməti etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını tanımaqda böyük irəliləyişlər edib.

Mülki xidmət proqramının qəbul edilməsinə aparan uzun yol

İl

Hadisələr

2001

Ermənistan Avropa Şurasına üzv qəbul edilir və üzərinə alternativ xidmət haqda münasib qanun qəbul etmək öhdəçiliyini götürür

2004

Alternativ xidmət haqda qanun qəbul edilir, amma bu proqram hərbi qüvvələrin nəzarəti altında olduğundan Yehovanın Şahidləri üçün məqbul deyil

2006

Alternativ xidmət haqda qanuna edilən dəyişikliklərə cəza tədbirləri də əlavə olunur, lakin Yehovanın Şahidlərinə münasib olan əsil alternativ xidmət təqdim olunmur

2011

AİHM-ın Böyük Palatasının «Bayatyan Ermənistana qarşı» işi ilə əlaqədar çıxardığı 16-1 nömrəli qərarında etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin hüquqlarının pozulduğu bildirilir və onların hüquqları müdafiə olunur

2012

Avropa Məhkəməsi etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin işi ilə əlaqədar Ermənistanın əleyhinə iki qərar çıxardır: «Buxaratyan Ermənistana qarşı» və «Tsaturyan Ermənistana qarşı»

2013

İyunun 8-i yeni düzəlişlər qüvvəyə minir, iyulun 25-i isə əsil mülki xidmətlə bağlı qaydalar qəbul olunur

Oktyabrın 8-i və 9-u Ermənistan etiqadlarına görə həbsxanada yatan səkkiz nəfəri azad edir

Oktyabrın 23-ü Respublika Komissiyası, Ermənistanda hələ də həbsdə olan 20 nəfərdən 6-sı da daxil olmaqla, 57 nəfərin alternativ mülki xidmət ərizəsinə müsbət cavab verir

Oktyabrın 24-ü Ermənistan Erebuni həbsxanasında yatan 6 Yehovanın Şahidini sərbəst buraxır

^ Baxın: «Erçep Türkiyəyə qarşı», № 43965/04, 22 noyabr 2011-ci il, «Buxaratyan Ermənistana qarşı», № 37819/03, 10 yanvar 2012-ci il; «Tsaturyan Ermənistana qarşı», № 37821/03, 10 yanvar 2012-ci il; «Feti Demirtaş Türkiyəyə qarşı», № 5260/07, 17 yanvar 2012-ci il.