Kontentə keç

Allahın qana baxışını qəbul etdim

Allahın qana baxışını qəbul etdim

Allahın qana baxışını qəbul etdim

Həkim özü haqda danışır

MÜHAZİRƏ otağında bir qrup həkimə autopsiyanın (meyityarma) nəticələrini təqdim edirdim. Vəfat etmiş xəstədə bədxassəli şiş var idi. Mən dedim: «Pasiyentin ölümünə böyük həcmdə qan köçürülməsi nəticəsində baş verən hemoliz [eritrositlərin dağılması] və kəskin böyrək çatışmazlığı səbəb olub».

Bir professor ayağa qalxdı və qəzəblə qışqırdı: «Demək istəyirsən ki, yanlış qan qrupunun qanını köçürmüşük?» Mən cavab verdim: «Bunu nəzərdə tutmuram». Ekranda pasiyentin böyrəyinin kiçik hissələrinin şəkillərini göstərib əlavə etdim: «Böyrəkdə çoxlu sayda eritrosit dağılıb, buna görə belə nəticəyə gəlmək olar ki, bu, kəskin böyrək çatışmazlığına səbəb olub» *. Vəziyyət gərginləşirdi, həyəcandan boğazım qurumuşdu. Mən gənc həkim idim, o isə professor. Bununla belə, başa düşürdüm ki, sözümün üstündə durmalıyam.

Bu hadisə baş verəndə mən hələ Yehovanın Şahidi deyildim. Mən 1943-cü ildə Yaponiyanın şimalında yerləşən Senday şəhərində doğulmuşam. Atam patoloq və psixiatr idi. Buna görə mən də həkim olmaq qərarına gəldim. 1970-ci ildə, ikinci kursda oxuyanda Masuko adlı bir qızla ailə qurdum.

Patologiya sahəsini seçdim

Masuko işləyirdi ki, mən təhsilimi davam etdirə bilim. Tibb elmi məni valeh edirdi. İnsan orqanizminin quruluşuna heyran olmuşdum. Bununla belə, Yaradanın mövcudluğu barədə heç vaxt fikirləşməmişdim. Düşünürdüm ki, tibbi tədqiqatlar mənim həyatıma məna qatacaq. Odur ki, həkim olandan sonra da tibb sahəsində araşdırmalar aparmaq qərarına gəldim və xəstəliklərin səbəblərini, xarakteristikasını və təsirini öyrənən patologiya sahəsini seçdim.

Xərçəngdən ölən xəstələrin meyitlərini yararkən qanköçürmənin faydasına şübhə etməyə başladım. Xərçəngin inkişaf etdiyi pasiyentlərdə qanaxma səbəbindən anemiya olur. Kimyəvi terapiya anemiyanı gücləndirdiyindən həkimlər çox vaxt xəstəyə qan köçürürlər. Ancaq mən düşünürdüm ki, qanköçürmə xərçəngin yayılmasına səbəb olur. Bu gün məlumdur ki, qanköçürmə immunosupressiyaya (immun sisteminin infeksiya və xəstəliklərlə mübarizə qabiliyyətinin zəifləməsi) səbəb olur. Bu isə şişin yenidən peyda olmasına, xərçəng xəstələrinin ölümünə gətirib çıxarır *.

1975-ci ildə əvvəldə danışdığım hadisə baş verdi. Həmin professor hematologiya üzrə mütəxəssis idi və ölən pasiyentlə o məşğul olurdu. Buna görə də təəccüblü deyil ki, mən xəstənin qanköçürmədən öldüyünü deyəndə o bərk qəzəbləndi. Ancaq mən təqdimatıma davam etdim və o, yavaş-yavaş sakitləşdi.

Xəstəlik, ölüm olmayacaq

Təxminən həmin ərəfədə yoldaşıma Yehovanın Şahidi olan bir yaşlı qadın baş çəkdi. Qadın danışarkən «Yehova» sözünü işlətdi. Yoldaşım ondan bu sözün mənasını soruşanda qadın cavab verdi ki, Yehova Allahın adıdır. Masuko uşaqlıqdan Müqəddəs Kitabı oxuyurdu, amma onun kitabında Allahın adının yerinə «RƏBB» sözü yazılmışdı. İndi isə o, Allahın adını öyrənmişdi.

Masuko dərhal həmin Şahidlə Müqəddəs Kitabı öyrənməyə başladı. Mən gecə təxminən saat birdə xəstəxanadan evə gələndə mənə dedi: «Müqəddəs Kitabda deyilir ki, xəstəlik, ölüm olmayacaq!» «Nə yaxşı», — deyə cavab verdim. O dedi: «Tezliklə yeni dünya olacaq. Vaxtını boş yerə sərf eləmə». Mən elə başa düşdüm ki, o mənim həkimlikdən əl çəkməyimi istəyir. Bərk hirsləndim, münasibətlərimiz pisləşdi.

Amma o məndən əlini üzmədi. Allaha dua edib münasib ayələr tapır, mənə göstərirdi. Vaiz 2:22, 23 ayələri mənə xüsusilə təsir etdi: «Günəş altındakı bütün zəhmətindən, onu bu zəhmətə sövq edən istəklərindən insana nə fayda? Heç gecələr də ürəyi rahat olmur. Bu da puçdur». Bu mənim işimə də aid idi. Özümü tibbə həsr etmişdim, gecəm-gündüzüm yox idi. Amma heç xoşbəxt deyildim.

1975-ci ilin iyul ayı idi. Bazar günü yoldaşım Yehovanın Şahidlərinin ibadət evinə getdi. Qəfildən mən də ora getmək qərarına gəldim. Yoldaşım məni orada görəndə heyrətdən donub qaldı. Hamı məni gülərüzlə qarşıladı. Həmin vaxtdan hər bazar görüşlərə getdim. Təxminən bir ay sonra bir Şahid mənimlə Müqəddəs Kitabı dərsi keçməyə başladı. Yoldaşım Yehovanın Şahidləri ilə tanış olandan üç ay sonra vəftiz olundu.

Allahın qana baxışını qəbul etdim

Tezliklə öyrəndim ki, Müqəddəs Kitab məsihilərə qandan uzaq durmağı buyurur (Həvarilərin işləri 15:28, 29; Yaradılış 9:4). Onsuz da qanköçürmənin faydalı olduğuna şübhə edirdim, buna görə də Allahın qana baxışını asanlıqla qəbul etdim *. Düşündüm: «Əgər Yaradan belə deyirsə, deməli, belə də olmalıdır».

Həmçinin öyrəndim ki, xəstəliyin və ölümün səbəbi Adəmdən miras aldığımız günahdır (Romalılara 5:12). Həmin vaxt mən ateroskleroz sahəsində araşdırmalar aparırdım. İnsan yaşlandıqca arteriyaları bərkiyir və daralır. Bu isə ürək xəstəliyinə, beyin-damar xəstəliklərinə və böyrək xəstəliklərinə səbəb olur. Bütün bunlara irsən aldığımız qeyri-kamilliyin səbəb olduğu mənə məntiqli gəldi. Bundan sonra tibbə həvəsim öldü. Axı təkcə Yehova Allah xəstəliyi və ölümü aradan qaldıra bilər.

1976-cı ildə, Müqəddəs Kitabı öyrənməyə başlayandan yeddi ay sonra tədqiqatları dayandırdım. Qorxurdum ki, daha həkim kimi işləyə bilməyəcəyəm. Ancaq başqa xəstəxanada iş tapdım. 1976-cı ilin mayında vəftiz olundum. Qərara gəldim ki, ən yaxşısı tamvaxtlı xidmət etməkdir. Buna görə də 1977-ci ilin iyul ayında öncül oldum.

Allahın qana baxışını müdafiə edirəm

1979-cu ildə yoldaşımla Çiba vilayətinə köçdük. Orada təbliğçilərə böyük tələbat var idi. Yenə də xəstəxanada işə düzəldim. Natamam iş günü işləyirdim. İlk iş günündə bir neçə cərrah məni əhatəyə aldı. Onlar israrla soruşurdular: «Yaxşı, sən Yehovanın Şahidisən. Bəs birdən xəstəyə qan köçürmək lazım gəldi, nə edəcəksən?»

Hörmətcil şəkildə bildirdim ki, Allahın qanla bağlı əmrinə uyğun davranacağam. İzah etdim ki, qanköçürməni əvəz edən üsullar var, o üsullarla xəstəyə kömək etməyə çalışacağam. Haradasa bir saat çəkən müzakirədən sonra baş cərrah dedi: «Başa düşdüm. Birdən çoxlu qan itirmiş xəstə gəlsə, onunla biz məşğul olacağıq». Baş cərrah tündxasiyyət adam kimi tanınırdı. Ancaq o söhbətdən sonra bizim aramızda çox yaxşı münasibət yarandı. O həmişə mənim etiqadıma hörmətlə yanaşırdı.

Qana münasibətim sınanır

Çibada xidmət edərkən Yaponiyanın Ebina şəhərində Yehovanın Şahidlərinin yeni filialı tikilirdi. Yoldaşımla mən həftədə bir dəfə ora gedib orada çalışan könüllülərə tibbi yardım göstərirdik. Bir neçə ay sonra bizi Ebina filialında tamvaxtlı xidmət etməyə dəvət etdilər. Beləcə, 1981-ci ilin mart ayında 500 könüllünün qaldığı müvəqqəti binaların birinə köçdük. Səhərlər tikinti sahəsindəki hamamları, ayaqyolularını təmizləyirdim, günortalar isə könüllüləri müayinə edirdim.

Pasiyentlərdən biri İlma İzlob adlı bir bacı idi. O, 1949-cu ildə Avstraliyadan Yaponiyaya xüsusi təyinatlı müjdəçi kimi gəlmişdi. Bacı leykemiya xəstəliyinə tutulmuşdu. Həkimlər ona demişdi ki, bir neçə ay ömrü qalıb. İlma qan köçürüb ömrünü uzatmaq istəmədi. Qalan günlərini Beyteldə yaşamaq qərarına gəldi. Həmin vaxt qırmızı qan hüceyrələrinin yaranmasına kömək edən dərmanlar, məsələn, eritropoetin hələ yox idi. Onun hemoqlobini bəzən 3—4 qrama düşürdü (norma 12—15 arasıdır). Amma bacardığım qədər onu müalicə edirdim. İlma təxminən yeddi ildən sonra, 1988-ci il yanvar ayında vəfat etdi. Ömrünün sonuna kimi Allahın Kəlamına imanı sarsılmadı.

İllər ərzində Yehovanın Şahidlərinin Yaponiyadakı filialında xidmət edən bir neçə könüllüyə cərrahi əməliyyat etmək lazım gəldi. Yaxşı ki, yaxınlıqdakı xəstəxanaların həkimləri qan köçürmədən əməliyyat etməyə razı olurlar. Mən də əməliyyat otağında müşahidəçi qismində iştirak edirəm, bəzən isə əməliyyatda kömək də edirəm. Həmin həkimlərə minnətdaram ki, qan məsələsində tutduğumuz mövqeyə hörmətlə yanaşırlar. Onlarla əməkdaşlıq etdiyim üçün onlara etiqadım haqqında danışmaq imkanım olur. Həkimlərdən biri bu yaxınlarda vəftiz olunub.

Maraqlıdır ki, həkimlər Yehovanın Şahidlərini qandan istifadə etmədən müalicə etdikcə tibbə də töhfələr verirlər. Qan köçürmədən edilən əməliyyatlardan görünür ki, qan köçürməmək nə qədər faydalıdır. Araşdırmalar göstərir ki, belə xəstələr əməliyyatdan sonra daha tez sağalır və daha az fəsadlarla üzləşir.

Ən Ali Həkimdən öyrənirəm

Çalışıram tibdə olan yeniliklərdən xəbərdar olum. Bununla yanaşı, ən Ali Həkim olan Yehovadan da elm almağa davam edirəm. Yehova təkcə zahiri yox, insanın daxilini də görür (1 İşmuil 16:7). Bir həkim kimi, çalışıram pasiyentlərə fərd olaraq yanaşım, diqqətimi təkcə xəstəliklərinə cəmləməyim. Bunun sayəsində xəstəni daha yaxşı müalicə edə bilirəm.

Mən hələ də Beyteldə xidmət edirəm, insanlara Yehova haqqında, Onun qana baxışı barədə öyrədirəm. Bundan çox böyük sevinc duyuram. Dua edirəm ki, ən Ali Həkim olan Yehova Allah tezliklə bütün xəstəliklərə və ölümə son qoysun. (Nəql etdi Yasuşi Ayzava.)

[Haşiyələr]

^ Doktor Deniz Harmeninqin dərsliyində deyilir ki, «hamilə, yaxud əvvəllər qan və ya orqan köçürülmüş pasiyentlərə qan vurduqda onlarda sonradan hemolitik reaksiya (eritrositlərin parçalanması) baş verə bilər» («Modern Blood Banking and Transfusion Practices»). Belə hallarda reaksiyaya səbəb olan anticisimləri «qanköçürmədən əvvəl edilən testlərdə aşkar etmək mümkün deyil». Bir kitaba əsasən, «hətta uyğun gəlməyən qandan çox az miqdarda köçürülməsi belə» hemolizə səbəb ola bilər. Böyrəklər öz funksiyasını yerinə yetirməyəndə pasiyentin orqanizmi zəhərlənməyə başlayır, çünki böyrəklər qanda olan zəhərli maddələri ixrac edə bilmir» («Dailey’s Notes on Blood»).

^ 1988-ci il avqust ayında bir jurnalda yazılmışdı: «Qan köçürmədən əməliyyat olunan xərçəng xəstələrinin sağalmaq şansı daha çoxdur, nəinki əməliyyat müddətində qan köçürülən xəstələrin» («Journal of Clinical Oncology»).

^ Müqəddəs Kitabda qanla bağlı nə yazıldığını öyrənmək üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Qan sənin həyatını necə xilas edə bilər?» adlı broşürə (türk.) baxın.

[Yazı]

«İzah etdim ki, qanköçürməni əvəz edən üsullar var, o üsullarla xəstəyə kömək etməyə çalışacağam»

[Yazı]

«Qan köçürmədən edilən əməliyyatlardan görünür ki, qan köçürməmək nə qədər faydalıdır»

[Şəkillər]

Müqəddəs Kitaba əsaslanan nitq söyləyirəm

Sağda: həyat yoldaşım Masuko ilə