Kontentə keç

Mündəricatı göstər

Müqəddəs sayılan yerlərdə ibadət etmək düzgündür?

Müqəddəs sayılan yerlərdə ibadət etmək düzgündür?

HƏR il altı milyondan çox insan Yaponiyanın Şima yarımadasında yerləşən sidr meşəsinə gedir. Məqsədləri Böyük İse məbədini ziyarət etməkdir. Bu məbəddə təxminən iki min ildir ki sinto dininin günəş ilahəsi olan Amaterasu-Omikamiyə ibadət olunur. Əvvəlcə dindarlar əllərini və ağızlarını yuyaraq paklanırlar. Sonra ibadətgahın haydeni (ibadət zalı) qarşısında durub dini ayinlərə başlayırlar. Onlar səcdə edir, əl çalır və ilahəyə dua edirlər *. Sinto dininə mənsub olanlar başqa dinlərə də sitayiş edə bilərlər. Buddistlər, xristianlar və digər dinlərin nümayəndələri bu müqəddəs yerə gəlib sinto ayinlərini icra etməyi qəbahət saymırlar.

Əksər dinlərin öz müqəddəs yerləri * var və milyonlarla insan onları ziyarət edirlər. Xristian ölkələrində çoxlu kilsələr, habelə, İsanın, Məryəmin və müqəddəslərin adına tikilən ziyarətgahlar var. Həmçinin Müqəddəs Kitaba əsaslanan hadisələrin cərəyan etdiyi yerlərdə, müasir dövrdə baş verən hansısa «möcüzələrin» vaqe olduğu ərazilərdə, yaxud da dini qalıqların saxlandığı məkanlarda dini abidələr ucaldılıb. Çoxları dualarının belə yerlərdə qəbul olunacağını hesab etdikləri üçün ora üz tuturlar. Digərləri uzun yol qət edib müqəddəs hesab etdikləri yerləri ziyarət etməyi möminliyin ən yüksək zirvəsi hesab edirlər.

İnsanlar Yaponiyada Böyük İse məbədini və Lurdda (Fransa) Qrotto Masabilini ziyarət edir

Müqəddəs sayılan yerlərdə edilən dua və yalvarışların qəbul olunmaq ehtimalı daha böyükdür? Allah belə yerlərə gedən insanların möminliyindən razıdır? Müqəddəs sayılan yerlərdə ibadət etmək düzgündür? Bu suallara verilən cavabdan iki şey öyrənəcəyik: müqəddəs sayılan yerlərdə edilən ibadətə münasibətimiz necə olmalıdır və Allah hansı ibadəti qəbul edir.

«RUHA VƏ HƏQİQƏTƏ UYĞUN İBADƏT»

İsa Məsih deyəndə ki, biz Allaha ruha və həqiqətə uyğun ibadət etməliyik, nəyi nəzərdə tuturdu?

İsa Məsihin səməriyyəli qadınla söhbətindən Allahın müqəddəs sayılan yerlərdə edilən ibadətə münasibətini öyrənirik. Bir dəfə İsa Səməriyyədən keçərkən ayaq saxlayıb Sixar şəhərinin yaxınlığındakı quyunun yanında dincini alırdı. Bu zaman ora su dalınca bir səməriyyəli qadın gəldi. İsa onunla söhbət etməyə başladı. Söhbət əsnasında qadın yəhudilərlə səməriyyəlilər arasında olan əsas dini fərqi vurğulayıb dedi: «Bizim əcdadlarımız Allaha bu dağda ibadət ediblər, siz isə deyirsiniz ki, Allaha Yerusəlimdə ibadət etmək lazımdır» (Yəhya 4:5—9, 20).

Qadın Yerusəlimdən 50 kilometr şimalda yerləşən Qərizim dağı haqda danışırdı. Əvvəllər səməriyyəlilərin orada məbədi var idi. Bu yerdə onlar Pasxa və digər bayramları qeyd edirdilər. Amma İsa Məsih onlar arasında olan bu mübahisəli məsələyə toxunmayaraq dedi: «İnan mənə, elə bir vaxt gələcək ki, siz Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz» (Yəhya 4:21). Bir yəhudinin dilindən bu cür sözlər eşitmək çox qəribə idi. Nə üçün Yerusəlimdəki məbəddə artıq ibadət edilməyəcəkdi?

İsa peyğəmbər sözünə davam edir: «Amma elə bir vaxt gələcək ki və artıq gəlib də, Ataya düzgün ibadət edənlər ruha və həqiqətə uyğun ibadət edəcəklər. Çünki Ata Ona bu cür ibadət etmək istəyənləri axtarır» (Yəhya 4:23). Əsrlər boyu yəhudilər üçün Yerusəlimdəki möhtəşəm məbəd ibadətin mərkəzi idi. Onlar Yehova Allaha qurban gətirmək üçün ildə üç dəfə ora gedirdilər (Çıxış 23:14—17). Amma İsa Məsih bildirdi ki, bütün bunlar artıq olmayacaq və Allahın mömin bəndələri «ruha və həqiqətə uyğun» ibadət edəcəklər.

Yəhudi məbədi xüsusi coğrafi məkanda yerləşən bir tikili idi. Ancaq «ruh» və «həqiqət» nə əl ilə toxunulacaq bir şeydir, nə də hər hansı bir məkan. Beləliklə, peyğəmbərin sözünün canı o idi ki, nə Yerusəlimdəki məbəd, nə Qərizim dağı, nə başqa bir müqəddəs yer, ümumiyyətlə, hansısa bir tikili, yaxud ərazi həqiqi ibadətin mərkəzi olmayacaq.

Səməriyyəli qadınla söhbətində İsa Məsih həmçinin vurğulamışdı ki, «bir vaxt» Allaha ibadətlə bağlı dəyişiklik olacaq. Bəs o vaxt nə vaxt gələcəkdi? İsa peyğəmbər öz həyatını qurban verəndə və bununla da Musanın Qanununa əsaslanan yəhudi ibadət sisteminə son qoyanda (Romalılara 10:4). İsa peyğəmbər həmçinin demişdi ki, vaxt «artıq gəlib». O nə üçün belə demişdi? Çünki Məsih olduqdan sonra seçdiyi şagirdlər «Allah ruhdur, Ona ibadət edənlər ruha və həqiqətə uyğun ibadət etməlidirlər» göstərişinə artıq əməl edirdilər (Yəhya 4:24). Bəs ruha və həqiqətə uyğun ibadət etmək nə deməkdir?

İsa Məsih «ruha» uyğun ibadət etmək deyərkən Allahın ruhunun göstərdiyi istiqamətlə getməyi nəzərdə tuturdu və bu ruh Müqəddəs Yazıları anlamağa kömək edən vasitələrdən biridir (1 Korinflilərə 2:9—12). «Həqiqət» isə Müqəddəs Kitab təlimləri barədə dəqiq bilikdir. Əgər ibadətimiz Allahın Kəlamına və müqəddəs ruhun göstərdiyi yola uyğundursa, Allah ibadətimizi qəbul edəcək və beləcə, hansısa xüsusi məkana getməyə ehtiyac qalmayacaq.

MÜQƏDDƏS YERDƏ EDİLƏN İBADƏTƏ MÜNASİBƏT

Müqəddəs sayılan yerlərdə ibadət etməyə münasibətimiz necə olmalıdır? «Ruha və həqiqətə uyğun» ibadət edin əmrindən aydın görünür ki, hansısa müqəddəs sayılan yerdə ibadət etməyin Allah üçün xüsusi önəmi yoxdur. Üstəlik, Müqəddəs Kitabdan insanların ibadət zamanı bütlərə sitayiş etmələrinə Allahın münasibətini görə bilərik. Orada yazılıb ki, «bütpərəstlikdən qaçın» və «özünüzü bütlərdən qoruyun» (1 Korinflilərə 10:14; 1 Yəhya 5:21). Buna görə də Allahı razı salmaq istəyən adam müqəddəs hesab olunan və ya bütpərəstliyi özünə daxil edən hər hansı yerdə ibadət etməməlidir.

Bütün bunlar o demək deyil ki, Allahın Kəlamı hansısa məkanda dua etməyi, oxuyub-araşdırmağı və düşünməyi qadağan edir. Ləyaqətli və səliqəli ibadət yeri ruhani mövzular haqda öyrənib müzakirə etmək üçün münasib məkandır. Bundan əlavə, vəfat etmiş adama başdaşı qoymaqda qəbahət bir şey yoxdur. Bu, sadəcə, mərhumun xatirəsini yad etdiyimizi və ona olan sevgimizi göstərir. Amma belə məkanları müqəddəs yer saymaq, surətlərə və müqəddəslərin qalıqlarına ibadət etmək İsa Məsihin sözləri ilə tərs mütənasibdir.

Buna görə də duamızın eşidilməsi üçün harasa getməyə lüzum yoxdur. Həmçinin müqəddəs hesab olunan yerlərə getdiyimiz təqdirdə Allahın rəğbətini qazanacağımızı və ya niyyətimizin qəbul olunacağını düşünmək əbəsdir. Allahın Kəlamında deyilir: «Allah yerin-göyün Sahibidir. O, insan əli ilə tikilmiş məbədlərdə yaşamır». Amma bu, o demək deyil ki, Allah bizdən uzaqdır. Harada dua etməyimizdən asılı olmayaraq, Allah bizim duamızı qəbul edir, çünki «O, heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:24—27).

^ abz. 2 Hər sinto məbədinin öz ayinləri var.

^ abz. 3 « Müqəddəs yer nədir?» adlı çərçivəyə baxın.