Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Nəyə görə İsanın düşmənləri üçün əl yumaq ciddi məsələ idi?

Düşmənləri çox şeyə görə İsanı və şagirdlərini günahlandırırdılar. Əl yumaq məsələsi də onlardan biri idi. Musanın qanununda insanı natəmiz edən şeylər sadalanırdı. Məsələn, qanuna əsasən bədəndən ifrazat axması, cüzam xəstəliyi, ölüyə və heyvan leşinə toxunmaq insanı murdar edirdi. Orada həmçinin paklanmaqla bağlı göstərişlər verilirdi. Bunun üçün insan qurban gətirməli, yuyunmalı və ya onun üzərinə su çilənməli idi (Lav. 11—15 fəs.; Say. 19 fəs.).

Yəhudi ravvinləri Musanın qanununa öz qayda-qanunlarını əlavə etmişdilər. Bir mənbədə deyilir ki, onlar insanı murdar edən şeylərlə və murdarlanmış insanın başqalarını necə napak etdiyi ilə bağlı çoxlu qayda-qanunlar uydurmuşdular. Onlar həmçinin murdarlığın hansı qablara və əşyalara keçib-keçmədiyinə dair qaydalar və paklanmaqla bağlı ayinlər təsis etmişdilər.

Bir dəfə İsanın düşmənləri ondan soruşmuşdu: «Nəyə görə sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəyə riayət etmir, murdar əllə yemək yeyirlər?» (Mark 7:5). Əslində, bu din xadimlərini təmizlik məsələsi yox, ayinlər maraqlandırırdı. Onların qanunlarına görə yeməkdən əvvəl əllərin üstündən su axıdılmalı idi. Yuxarıdakı mənbədə həmçinin deyilir ki, «növbəti məsələlər mübahisə doğururdu: əl yumaq üçün su hansı qaba doldurulmalıdır, necə sudan istifadə olunmalıdır, suyu kim tökməlidir və əlin nə qədər hissəsi yuyulmalıdır».

İsa Məsih insan adət-ənənələrinə necə yanaşırdı? Bu sualın cavabını onun din xadimlərinə dediyi sözlər göstərir: «İkiüzlülər, Əşiya sizin haqqınızda yaxşı peyğəmbərlik etmişdir: “Bu xalq Mənə [Yehovaya] dildə hörmət edir, ürəkdə isə Məndən çox uzaqdır. Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir”. Siz Allahın əmrini kənara qoyub insan ənənələrinə riayət edirsiniz» (Mark 7:6—8).