Kontentə keç

Mündəricatı göstər

Yohannes Raute təbliğdə (təxminən 1920-ci il)

Arxivimizdən

«Yehovaya şərəf gətirən bəhrələr biçirəm»

«Yehovaya şərəf gətirən bəhrələr biçirəm»

«İNDİYƏ qədər baş verən bütün müharibələr hal-hazırda Avropada vüsət alan böyük savaşla müqayisədə heç nədir». Nəticədə 30 ölkənin cəlb olunduğu Birinci Dünya müharibəsi «Gözətçi qülləsi» jurnalının 1915-ci il 1 sentyabr sayında belə təsvir olunurdu. Jurnalda qeyd olunurdu ki, Padşahlığın təbliğinə əngəllər yaranmışdı, xüsusilə, Almaniya ilə Fransada.

Bütün dünyanı əhatə edən bu müharibə zamanı bəzi Müqəddəs Kitab tədqiqatçıları məsihi bitərəfliyi ilə bağlı prinsipləri tam başa düşmədikləri üçün hərbi işlərlə məşğul olurdular. Amma onlar müjdəni bəyan etməyə qəti qərarlı idilər. Padşahlıq haqda təbliğ etmək istəyən Vilhelm Hildebrant «Müqəddəs Kitab Tədqiqatçılarının aylıq bukleti»nin fransız dilində bir neçə nüsxəsini sifariş etmişdi. O, Fransada kitabpaylayan (tammüddətli təbliğçi) kimi yox, alman əsgəri kimi xidmət edirdi. Hərbi geyimli bu dırnaqarası düşmən yanından keçən çaş-baş qalmış fransızlara sülh xəbərini çatdırırdı.

«Gözətçi qülləsi» jurnalında çap olunan məktublardan görünürdü ki, xeyli alman Müqəddəs Kitab Tədqiqatçısı Padşahlıq haqda müjdəni təbliğ etmək istəyirdi. Hərbi dəniz qüvvələrində xidmət edən Lemki qardaş gəmidə onunla xidmət edən beş nəfərin həqiqətə maraq göstərdiyini xəbər vermişdi. O yazmışdı: «Hətta bu gəmidə belə, Yehovaya şərəf gətirən bəhrələr biçirəm».

Qeorq Kayzer müharibəyə əsgər kimi gedib Yehovanın xidmətçisi kimi qayıtmışdı. Bu, necə baş vermişdi? Müqəddəs Kitab Tədqiqatçılarının nəşrlərindən biri hansısa yolla onun əlinə keçir. O, Padşahlıq haqda xəbəri ürəkdən qəbul edir və silahı atır. Sonra qeyri-sıravi hərbi qulluğa başlayır. Müharibə qurtarandan sonra Qeorq qardaş uzun illər öncül kimi xidmət edir.

Həmin dövrdə Müqəddəs Kitab Tədqiqatçılarının məsihi bitərəfliyi barədə tam biliyi olmasa da, onların mövqeyi və davranışı müharibəni dəstəkləyən insanların baxışlarından və hərəkətlərindən kəskin şəkildə fərqlənirdi. Siyasətçilər və kilsə xadimləri insanlara millətçilik ruhu aşılayırdılar, Müqəddəs Kitab Tədqiqatçıları isə «Sülh əmiri»nin tərəfini tuturdular (Əşy. 9:6). Bəziləri tam bitərəf olmasalar da, Müqəddəs Kitab Tədqiqatçısı olan Konrat Mörterin də dediyi kimi bir həqiqəti dəqiq bilirdilər: «Müqəddəs Kitabda aydın yazılıb ki, məsihi adam öldürməməlidir». Onlar buna qəti şəkildə əməl edirdilər (Çıx. 20:13) *.

Hans Holtehaf araba ilə «Qızıl əsr» jurnalını nümayiş etdirir

Almaniyada dini etiqadına görə hərbi xidmətdən azad edən qanun yox idi. Buna baxmayaraq, 20-dən çox Müqəddəs Kitab Tədqiqatçısı hərblə bağlı bütün işlərdən qəti şəkildə imtina etmişdi. Onlardan bəzilərini, məsələn, Qustav Kuyat qardaşı ruhi xəstə adı ilə ruhi xəstəxanaya yerləşdirmiş və uyuşdurucu dərmanlar vermişdilər. Hans Holtehaf qardaş hərbi çağırışdan imtina etdiyinə görə həbs olunmuşdu. Orada da o, qətiyyətindən dönməmiş, müharibə ilə bağlı heç bir işdə iştirak etməmişdi. Mühafizəçilər Hans qardaşa dəli köynəyi geyindirmiş və əl-qolu keyləşənə qədər çıxarmamışdılar. Onlar qardaşın qətiyyətini sındıra bilmədiklərini görəndə elə təəssürat yaratmağa çalışırlar ki, guya onu güllələməyə hazırlaşırlar. Amma heç bir şey Hans qardaşın sədaqətini sarsıda bilmədi.

Hərbi xidmətə çağırılan digər qardaşlar da əlinə silah almağa razılaşmamış və qeyri-sıravi hərbi qulluğu tələb etmişdilər *. Məsələn, Yohannes Raute qardaşı dəmir yolunda işləməyə göndərmişdilər. Konrat Mörter sanitar işçi, Raynholt Veyber isə tibb qardaşı təyin olunmuşdu. Auqust Krafçik qardaşa yük daşımaq tapşırılmışdı və o, çox sevinirdi ki, ön cəbhədə xidmət etmir. Bu qardaşlar kimi digər Müqəddəs Kitab Tədqiqatçıları da o dövrdə başa düşdükləri qədər Yehovaya məhəbbət və sədaqət göstərirdilər.

Müharibədə bitərəf qaldıqları üçün Müqəddəs Kitab Tədqiqatçıları dövlət tərəfindən nəzarət altında saxlanılırdı. Növbəti illər ərzində təbliğ fəaliyyətinə görə Almaniyadakı Müqəddəs Kitab Tədqiqatçılarına qarşı minlərlə məhkəmə işi açılmışdı. Onlara kömək məqsədi ilə Almaniya filialı Maqdeburq şəhərində hüquq şöbəsi təsis etmişdi.

Yehovanın Şahidləri get-gedə məsihi bitərəfliyinin məğzini daha aydın başa düşürdülər. İkinci Dünya müharibəsi başlayanda onlar tam şəkildə bitərəf qalırdılar, hərbi işlərə ümumiyyətlə qarışmırdılar. Buna görə də Almaniyada Yehovanın Şahidlərinə düşmən kimi baxırdılar və qəddarcasına təqib edirdilər. Bu barədə daha ətraflı «Arxivimizdən» rubrikasının növbəti məqalələrinin birində oxuya bilərsiniz. (Mərkəzi Avropadakı arxivimizdən.)

^ abz. 7 Birinci Dünya müharibəsi zamanı Britaniyadakı Müqəddəs Kitab Tədqiqatçılarının başına gələnlər barədə «Gözətçi qülləsi» jurnalının 2013-cü il 15 may sayının «Arxivimizdən» rubrikasında dərc olunan «Onlar “sınaq vaxtı” sarsılmaz qaldılar» adlı məqaləyə baxın.

^ abz. 9 Qardaşlar «Minilliyin şəfəqi» kitabının VI cildində (1904) və «Sion Gözətçi qülləsi» jurnalının 1906-cı il avqust sayının almanca nüsxəsində verilən məsləhətə əsaslanaraq bu cür mövqe tutmuşdular. «Gözətçi qülləsi» jurnalının 1915-ci il sentyabr sayında bitərəflik məsələsinə aydınlıq gətirərək qeyd olunmuşdu ki, Müqəddəs Kitab Tədqiqatçıları hərbi işlərə qarışmamalıdırlar. Amma bu məqalə alman dilində çap olunmamışdı.