Kontentə keç

Mündəricatı göstər

Ruhani cəhətdən tərəqqi edin

Ruhani cəhətdən tərəqqi edin

«Özünü Müqəddəs Yazıları camaat qarşısında oxumağa, öyüd-nəsihət və təlim verməyə həsr et» (1 TİM. 4:13).

NƏĞMƏ: 45, 70

1, 2. a) Əşiya 60:22 ayəsində yazılanlar bu gün necə yerinə yetir? b) Bu gün Yehovanın təşkilatında hansı tələbat var?

«ƏN KİÇİYİNDƏN min nəfər, ən balacasından qüdrətli xalq törəyəcək» (Əşy. 60:22). Bu peyğəmbərlik bizim dövrümüzdə yerinə yetir. Nəyə görə bunu belə əminliklə deyirik? Çünki 2015-ci xidmət ilində 8 220 105 təbliğçi Padşahlıq haqda xoş xəbəri təbliğ edirdi. Bu peyğəmbərliyin son hissəsi üzərində hər bir məsihi düşünməlidir, çünki səmavi Atamız Yehova demişdi: «Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm». Vaxt gözləmir, buna görə də hər birimiz üçün görüləsi çox iş var. Bu işin sürətlənməsi bizə necə təsir edir? Bir təbliğçi kimi əlimizdən gələni edirik? Bir çox bacı-qardaşımız öncül və ya köməkçi öncül kimi xidmət edir. Çoxlu sayda müjdəçi təbliğçilərə ehtiyac olan ərazilərə köçür və ya başqa teokratik işlərdə iştirak edir. Onlardakı bu hazırlıq ruhu bizi çox sevindirir.

2 Padşahlığın işi sürətləndikcə bu işi irəli aparan insanlara ehtiyac da artır. Hər il təxminən 2000 yığıncaq yaranır. Əgər hər yeni yığıncaqda beş ağsaqqal olmalıdırsa, deməli, hər il 10 000 yığıncaq xidmətçisi ağsaqqal olmalıdır. Bu da o deməkdir ki, minlərlə qardaş yığıncaq xidmətçisi olmaq üçün tələb olunan xüsusiyyətlərə yiyələnməlidir. Bəli, hər birimiz, qardaşlar da, bacılar da Rəbbin işində çox çalışmalıdır (1 Kor. 15:58).

RUHANİ CƏHƏTDƏN TƏRƏQQİ ETMƏK NƏ DEMƏKDİR?

3, 4. Qarşınıza hansı ruhani məqsədləri qoya bilərsiniz?

3 1 Timutiyə 3:1 ayəsini oxuyun. Bu ayədə «can atmaq» kimi tərcümə olunan yunan sözü əl uzadıb insandan uzaqda olan bir şeyi tutmaq mənasını verir. Bu sözü istifadə etməklə həvari Bulus vurğulamışdı ki, ruhani cəhətdən irəli getmək üçün güc sərf etmək lazımdır. Təsəvvür edin, bir qardaş yığıncaq xidmətçisi olmaq istəyir. O başa düşür ki, bunun üçün ruhani keyfiyyətlərə yiyələnməlidir. İlk növbədə o, yığıncaq xidmətçisi üçün tələblərə cavab verməyə can atır. Yığıncaq xidmətçisi olandan sonra isə var gücü ilə çalışır ki, ağsaqqallar üçün tələblərə cavab versin.

4 Eynilə, öncül və beytelli kimi xidmət etmək, İbadət evlərinin tikintisində könüllü kimi iştirak etmək istəyən bacı-qardaşlar da məqsədlərinə çatmaq üçün əllərindən gələni etməlidirlər. Gəlin görək Müqəddəs Yazılar hər birimizi Yehovanın işində irəli getməyə necə təşviq edir.

DAİM RUHANİ CƏHƏTDƏN TƏRƏQQİ EDİN

5. Gənclər Padşahlıq işinə necə töhfə verə bilərlər?

5 Gənclər Yehovanın işində çox şey edə bilərlər, çünki onların gücü kifayət qədərdir. (Məsəllər 20:29 ayəsini oxuyun.) Məsələn, Beyteldə xidmət edən bəzi gənc məsihilər Müqəddəs Kitabın və ona əsaslanmış nəşrlərin çap və cildləmə işində çalışırlar. Bir çoxları ibadət evlərinin tikintisində və təmiri işində zəhmət çəkirlər. Digərləri təbii fəlakətdən zərərçəkmişlərə yardım göstərən təcrübəli məsihilərə kömək edirlər. Çox sayda gənc öncül isə öz dilində və ya əcnəbi dildə xoş xəbəri təbliğ edir.

6—8. a) Bir cavan qardaş xidmətə münasibətini necə dəyişdi və nəticəsi nə oldu? b) Yehovanın gözəl Allah olduğunu necə dadıb görə bilərik?

6 Çox ehtimal ki, siz Allaha can-dildən xidmət etməyin vacibliyini başa düşürsünüz. Amma, ola bilsin, siz də Aaron adlı qardaşın keçirdiyi hissləri yaşayırsınız. O, məsihi ailəsində böyüsə də, ibadət görüşləri və təbliğ işi ona cansıxıcı gəlirdi. Aaron Allaha xidmətdən sevinc duymaq istəyirdi, amma alınmırdı. Bəs vəziyyəti düzəltmək üçün o nə etdi?

7 Aaron müntəzəm olaraq ruhani işlərlə məşğul olmağa başladı: hər gün Müqəddəs Kitabı oxuyur, yığıncaq görüşlərinə hazırlaşır və şərh verirdi. O, həmçinin duaya xüsusi önəm verməyə başladı. Onun Yehovaya məhəbbəti artdıqca ruhani cəhətdən inkişaf edirdi. Sonralar Aaron öncül xidmətinə başlayır, təbii fəlakətdən zərərçəkmişlərə kömək işində iştirak edir və başqa ölkədə təbliğ etməyə gedir. Hal-hazırda o, ağsaqqaldır və Beyteldə xidmət edir. Gəlin görək Aaron öz həyatı barədə nə deyir. «Mən daddım və gördüm, Yehova necə gözəldir. Yehova mənə o qədər nemətlər bəxş edib ki, özümü Onun qarşısında borclu hiss edirəm. Bu, məni Onun yolunda daha çox iş görməyə təşviq edir və nəticədə, daha da çox nemət alıram».

8 Məzmurçu yazmışdı: «Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz». (Zəbur 34:8—10 ayələrini oxuyun.) Doğrudan da, Yehova Onun yolunda can qoyan insanları heç vaxt köməksiz qoymur. Yehovaya var gücümüzlə xidmət edəndə Onun necə gözəl Allah olduğunu şəxsən görürük. Ona bütün varlığımızla ibadət edəndə misilsiz xoşbəxtlik dadırıq.

TƏSLİM OLMAYIN

9, 10. Səbirlə gözləmək nəyə görə vacibdir?

9 Ola bilsin, qarşınıza qoyduğunuz ruhani məqsədə çatana qədər vaxt lazım olsun, odur ki, səbirlə gözləyin (Mik. 7:7). Məsuliyyət almağınız və ya vəziyyətin yaxşılığa doğru dəyişməsi uzun çəksə də, əmin olun ki, Yehova Öz sadiq xidmətçisinə həmişə dayaq olur. Bu sahədə İbrahim peyğəmbərdən çox şey öyrənə bilərik. Yehova ona söz vermişdi ki, oğlu olacaq, amma İshaq doğulana qədər İbrahim peyğəmbər uzun illər gözləməli oldu. Bütün bu vaxt ərzində onun səbri tükənmədi və Yehovaya imanı zəifləmədi (Yar. 15:3, 4; 21:5; İbr. 6:12—15).

10 Gözləmək elə də asan iş deyil (Məs. 13:12). Vaxt çox uzun çəkdiyi üçün insan məyus ola bilər, ancaq məyusluğa qapılmamalıyıq, əks halda ruhdan düşəcəyik. Yaxşı olardı ki, məqsədimizə çatana qədər ruhani cəhətdən yetkin insan olmağa çalışaq. Gəlin bunun üç üsulunu nəzərdən keçirək.

11. Özümüzdə hansı xüsusiyyətlər yetişdirməliyik və nəyə görə?

11 Özünüzdə ruhani keyfiyyətlər yetişdirin. Allahın Kəlamını oxuyub oxuduqlarımızın üzərində düşünməklə özümüzdə hikmət, anlayış, insaf, bilik, düşüncə və sağlam düşüncə kimi keyfiyyətlər yetişdirə bilərik. Məsul qardaşlarda bu xüsusiyyətlərin olması mütləqdir (Məs. 1:1—4; Tit. 1:7—9). Müqəddəs Kitaba əsaslanan nəşrləri oxumaqla Yehovanın müəyyən məsələlərə münasibətini öyrənə bilərik. Bunun sayəsində bir çox sahələrdə Yehovanı razı salan qərarlar verə biləcəyik, məsələn, başqaları ilə yola getmək, pul, əyləncə və geyim kimi məsələlərdə.

12. Məsihi etibarlı insan olduğunu necə sübut edə bilər?

12 Etibar qazanın. Hər bir məsihi, istər qardaş olsun, istər bacı ona verilən tapşırığı canla-başla yerinə yetirməlidir. Vali Nəhəmya Allahın xalqı arasından müəyyən vəzifələri icra etmək üçün insanlar seçməli idi. O, necə insanları seçdi? Allahdan qorxan və etibarlı adamları (Nəh. 7:2; 13:12, 13). Bu gün də «nökərbaşıdan... sədaqət tələb olunur» (1 Kor. 4:2). Unutmayın, yaxşı işlər heç vaxt gözdən yayınmır. (1 Timutiyə 5:25 ayəsini oxuyun.)

13. Haqsızlıqla üzləşəndə Yusifdən necə nümunə götürə bilərsiniz?

13 Qoy Yehova sizi saflaşdırsın. Kimsə sizinlə haqsız davranarsa, nə edərsiniz? Ola bilsin, məsələni dərhal yoluna qoymaq istəyəcəksiniz. Ancaq hərdən özünüzü müdafiə etmək vəziyyəti gərginləşdirə bilər. Yusifin qardaşları onunla pis rəftar edirdilər, amma o, onlara qarşı kin saxlamırdı. Sonralar Yusifə böhtan atıb haqsız yerə zindana salmışdılar. Lakin o, bütün bu çətinliklərdə Yehovaya arxalanırdı. Nəticədə «Allahın sözü onu saflaşdırdı» (Zəb. 105:19). Yusifin başına gələnlər onda sonralar aldığı təyinatda lazım olan gözəl keyfiyyətlər yetişdirdi (Yar. 41:37—44; 45:4—8). Siz də haqsızlıqla üzləşmisinizsə, dua edib Yehovadan hikmət diləyin, həlimliklə davranın, sakit danışın və Yehovadan güc istəyin. O, mütləq sizə kömək edəcək. (1 Butrus 5:10 ayəsini oxuyun.)

TƏBLİĞ İŞİNDƏ TƏRƏQQİ EDİN

14, 15. a) Nəyə görə təbliğ üsullarımıza həmişə diqqət yetirməliyik? b) İnsanlara xoş xəbəri çatdırmaq üçün hansı dəyişiklikləri edə bilərsiniz? (Məqalənin əvvəlindəki şəklə və « Xidmətin müxtəlif üsullarından istifadə edin» adlı çərçivəyə baxın.)

14 Həvari Bulus Timutiyə məsləhət görmüşdü: «Özünü Müqəddəs Yazıları camaat qarşısında oxumağa, öyüd-nəsihət və təlim verməyə həsr et... Özünə və verdiyin təlimə həmişə diqqət yetir» (1 Tim. 4:13, 16). Bulus bu məsləhəti verəndə Timuti təcrübəli müjdəçi idi. Amma o, xidmətdə uğurlu olmaq istəyirdisə, verdiyi təlimə həmişə diqqət yetirməli idi. Timuti düşünməməli idi ki, daim eyni tərzdə, eyni şeyi danışmaqla insanları həqiqətə gətirə biləcək. İnsanların ürəyinə yol tapmaq üçün o, onların tələbatını nəzərə alaraq təlim verməli idi. Padşahlığın müjdəçiləri olan bizlər də eyni cür davranmalıyıq.

15 Ev-ev təbliğ edəndə yəqin siz də fikir vermisiniz ki, insanları evdə tapmaq olmur. Hərdən isə binalara girmək ümumiyyətlə mümkün deyil. Əgər sizin də ərazidə bu cür çətinliklər varsa, təbliğ üsullarınızı dəyişin.

16. İctimai yerlərdə təbliği necə səmərəli etmək olar?

16 Xoş xəbəri yaymağın ən yaxşı üsullarından biri ictimai şahidlikdir. Bir çox Yehovanın Şahidi təbliğin bu növündə gözəl nəticələr əldə edib. Onlar dəmir yol vağzalında, dayanacaqlarda, bazarlarda, parklarda və sair ictimai yerlərdə təbliğ edirlər. İnsanlarla söhbətə başlamaq üçün xəbərlərdən söz açmaq, uşaqlarını tərifləmək, işlə bağlı sual vermək olar. Söhbət davam edərsə, diqqəti Müqəddəs Kitaba yönəldib insanın fikrini soruşmaq olar. Adətən, bu cür söhbətlər Müqəddəs Kitabı araşdırmaqla nəticələnir.

17, 18. a) İctimai yerlərdə şahidlik etmək sizə çətindirsə, nə edə bilərsiniz? b) Davuddakı əhvali-ruhiyyə sizdə olsa, xidmətdə hansı nəticəni əldə edəcəksiniz?

17 Bəs əgər sizə ictimai yerlərdə təbliğ etmək çətindirsə, nə edə bilərsiniz? Nyu–Yorkdan olan Edi adlı öncül qardaş ictimai yerlərdə insanlarla söhbət etməyə çəkinirdi. Ancaq vaxt keçdikcə o cəsarətləndi. Ona nə kömək etdi? Edi deyir: «Ailəvi ibadət zamanı araşdırma aparıb insanların etirazına və ya söylədiyi hansısa fikrə cavab tapmağa çalışırıq. Həmçinin bacı-qardaşlardan məsləhət istəyirik». İndi Edi bu xidmət növünü çox sevir.

18 Xoş xəbəri təbliğ etmək üçün özünüzdə lazımi bacarıqlar yetişdirsəniz və əminliklə danışsanız, sizdəki inkişaf aydın görünəcək. (1 Timutiyə 4:15 ayəsini oxuyun.) Üstəlik, bununla siz Davud peyğəmbər kimi, səmavi Atanızın adını ucaldacaqsınız. Davud demişdi: «Hər zaman Yehovaya şükür edərəm, dilim daim Ona alqış deyər. Könlüm Yehova ilə öyünər, həlimlər eşidib sevinər» (Zəb. 34:1, 2). Sizin bu cür xidmət etməyiniz sayəsində, səmimi qəlbli insanlar həqiqi ibadətdə sizə qoşulacaq.

SİZİN RUHANİ İNKİŞAFINIZ ALLAHA ŞƏRƏF GƏTİRİR

19. Müəyyən çətinlikləri olsa da, nəyə görə hər bir məsihinin sevinməyə səbəbi var?

19 Davud peyğəmbər qoşduğu nəğmədə demişdi: «Bütün işlərin Səni ucaldar, ey Yehova, sadiq bəndələrin Səni mədh edər. Padşahlığının calalından danışar, qüdrətin haqqında söz açarlar, insanlara qüdrətli işlərini, Padşahlığının cah-calalını tanıtmaq üçün» (Zəb. 145:10—12). Bu ayələrdə Yehova Allahın bütün sadiq xidmətçilərinin hissləri əks olunur. Amma elə bacı-qardaşlarımız var ki, xəstə və ya yaşlı olduqları üçün istədikləri qədər xidmət edə bilmirlər. Onlara demək istəyirik ki, siz hər dəfə sizə qulluq edən insanlara və tibb işçilərinə Yehova Allah haqqında danışanda Onun adını ucaldırsınız. İmanına görə həbsdə yatan dindaşlarımız, siz də imkanınız yol verdiyi qədər insanlara təbliğ edəndə Yaradanımızın ürəyini sevindirirsiniz (Məs. 27:11). Eyni sözlər ailə üzvləri imanda olmasa da, ruhani işlərdə fəal olan bacı-qardaşlara da aiddir (1 But. 3:1—4). Vəziyyət nə qədər çətin olsa da, hər birimiz Allaha şərəf gətirə və ruhani cəhətdən tərəqqi edə bilərik.

20, 21. Biz həm təbliğdə, həm də yığıncaqda insanlara necə kömək edə bilərik?

20 Əmin olun ki, ruhani cəhətdən tərəqqi etməyə çalışsanız, Yehova sizi mükafatsız qoymayacaq. Ola bilsin, təbliğdə daha çox iştirak etmək, həqiqəti axtaran insanlara Allahın gözəl xəbərini çatdırmaq üçün həyatınızda müəyyən dəyişikliklər etmisiniz. Sizin ruhani cəhətdən bu cür tərəqqi etməyiniz və fədakarlığınız dindaşlarınıza da böyük fayda gətirir. Yığıncağın rifahı üçün çəkdiyiniz zəhməti görəndə, bacı-qardaşların sizə məhəbbəti və minnətdarlığı artacaq, onlar sizə dayaq olacaqlar.

21 Hər birimiz, həm illərlə Yehovaya xidmət edənlər, həm də bu yola cəmi bir neçə ay qabaq qədəm qoyanlar, ruhani cəhətdən tərəqqi etməliyik. Bəs təcrübəli məsihilər yenilərə ruhani cəhətdən irəli getməyə necə kömək edə bilərlər? Bunu növbəti məqalədən öyrənəcəyik.