Kontentə keç

Mündəricatı göstər

Qızıldan qiymətli «cəvahiri» axtarın

Qızıldan qiymətli «cəvahiri» axtarın

Nə vaxtsa qızıl parçası tapmısınız? Nadir hallarda olsa da, tapanlar olub. Amma milyonlarla insan qızıldan qat-qat qiymətli «cəvahir» tapıb. Bu, saf qızılla alınmayan ilahi hikmətdir (Əyy. 28:12, 15).

MÜQƏDDƏS KİTABI araşdıran insanı, müəyyən mənada, qızılaxtarana bənzətmək olar. O zəhmət çəkməli, Allahın Kəlamının dərinliklərinə varmalıdır ki, misli bərabəri olmayan hikməti tapsın. Gəlin görək qızılaxtaranlar hansı üç yolla qızıl axtarırlar və biz bundan nə öyrənə bilərik.

QIZIL PARÇASI TAPANDA

Təsəvvür edin ki, çayın kənarı ilə gedirsiniz və birdən daşların arasından kiçik bir parıltı gözünüzü qamaşdırır. Əyilib baxanda gözlərinizə inana bilmirsiniz: «Bu ki qızıldır!» O, kibrit başından da balacadır, ancaq çox bahalı brilyantdan da nadir tapıntıdır. Təbii ki, yenə qızıl tapmaq ümidi ilə ətrafa göz gəzdirəcəksiniz.

Oxşar hadisə Yehovanın Şahidləri qapınızı döyüb Müqəddəs Kitabdakı gözəl xəbəri sizə çatdıranda baş vermişdi. Sözsüz ki, ilk dəfə Allahın Kəlamındakı «qızıl parçasını» tapdığınız günü çox gözəl xatırlayırsınız. Ola bilsin, siz ilk dəfə Müqəddəs Kitabda Allahın adını görmüşdünüz (Zəb. 83:18). Yaxud öyrənmişdiniz ki, Yehovanın dostu ola bilərsiniz (Yaq. 2:23). Həmin an qızıldan da qiymətli bir şey tapdığınızı başa düşmüşdünüz və sizdə bu «sərvəti» artırmaq arzusu yaranmışdı.

DAHA ÇOX QIZIL TAPANDA

Qızılaxtaranlar hərdən qızılı toz və xırda daş halında arxlarda, çaylarda tapırlar. İlin müəyyən bir vaxtında qızılaxtaranlar bu cür yerlərdə on minlərlə dollar dəyərində bir neçə kiloqram qızıl tapırlar.

Yəqin Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda özünüzü qızılı arıtlayıb təmizləyən qızılaxtaran kimi hiss edirdiniz. Müqəddəs Kitabın ayələrini araşdırdıqca bilik xəzinəniz dolurdu, ruhani cəhətdən zənginləşirdiniz. Aldığınız biliklərin üzərində düşündükcə öyrəndiniz ki, Yehovaya necə yaxınlaşmaq olar və Allahın əbədi həyata aparan məhəbbətindən ayrılmamaq üçün nə etmək lazımdır (Yaq. 4:8; Yhd. 20, 21).

Allahın Kəlamındakı dəyərli inciləri tapmaq üçün qızılaxtaran kimi, var gücünüzlə çalışırsınız?

Qızıl yatağını cidd-cəhdlə arayan qızılaxtaran kimi, yəqin siz də ruhani biliklər gizlədilmiş xəzinəni tapmaq üçün çox çalışmısınız. Müqəddəs Kitabın əsas təlimlərini öyrənəndən sonra ruhani addımlar atıb özünüzü Yehova Allaha həsr etdiniz və vəftiz olundunuz (Mət. 28:19, 20).

TAPDIĞINIZLA KİFAYƏTLƏNMƏYİN

Hərdən qızılaxtaranlar vulkanik qayalarda cüzi miqdarda qızıl tapırlar. Bəzən bu qayaların müəyyən hissələrində kifayət qədər qızıl toplanır və bu qızılı qayadan ayırmaq üçün onu parçalayırlar. İlk baxışdan parçalanmış qaya daşlarının arasında qızılı seçmək olmur. Çünki, adətən, yüksək-keyfiyyətli vulkanik qayaların bir tonunda cəmi 10 qram qızıl olur. Amma qızılaxtaranın gözündə bu cüzi miqdarda qızıl çox dəyərlidir və onu əldə etmək üçün o, canına cəfa verməyə hazırdır.

Eynilə, «Məsih haqqındakı ibtidai təlimləri» öyrənəndən sonra da insan güc sərf edib daha dərin biliklərə sahib olmalıdır (İbr. 6:1, 2). Şəxsi mütaliə zamanı yeni və faydalı fikirlər tapmaq üçün zəhmət çəkmək lazımdır. Ola bilsin, siz uzun illərdir Allahın Kəlamını araşdırırsınız. Nə edə bilərsiniz ki, mütaliəniz keyfiyyətini itirməsin?

Öyrənmək həvəsini sönməyə qoymayın. Mütaliə vaxtı xırdalıqlara diqqət yetirin. Zehninizə güc verin, təslim olmayın, onda Allahın Kəlamındakı misilsiz hikməti və rəhbərliyi tapa biləcəksiniz (Rom. 11:33). Dərin bilikləri əldə etmək üçün təşkilatın təqdim etdiyi axtarış vəsaitlərindən istifadə edin. Ehtiyac duyduğunuz məsləhəti və ya Müqəddəs Kitabla bağlı suallarınıza cavab tapmaq istəyirsinizsə, səbirli olun. Həmimanlılarınızdan onlara hansı ayələrin və ya məqalələrin kömək etdiyini, onları ruhlandırdığını soruşun. Mütaliə zamanı tapdığınız maraqlı fikirləri başqaları ilə bölüşün.

Təbii ki, mütaliə etməkdə məqsəd sadəcə başımızı biliklə doldurmaq olmamalıdır. Həvari Bulus xəbərdarlıq etmişdi ki, «bilik insanı qürrələndirir» (1 Kor. 8:1). Buna görə də çalışın aldığınız biliklər imanınızı möhkəmləndirsin, sizdə qürur yaratmasın. Müntəzəm ailəvi ibadət keçirmək və şəxsi mütaliə ilə məşğul olmaq sizə Yehovanın qanunları ilə yaşamağa kömək edəcək və başqalarına əl tutmağa təşviq edəcək. Ən vacibi isə siz qızıldan da dəyərli «cəvahir» tapdığınız üçün sevinciniz aşıb-daşacaq (Məs. 3:13, 14).