Kontentə keç

Mündəricatı göstər

Qoy nikahınız xoşbəxt olsun

Qoy nikahınız xoşbəxt olsun

«Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin» (EFES. 5:33).

NƏĞMƏ: 36, 3

1. Yeni ailə quranlar nəyə hazır olmalıdırlar? (Məqalənin əvvəlindəki şəklə baxın.)

TOY GÜNÜ bəylə gəlinin keçirdiyi sevinc hissini sözlə ifadə etmək mümkün deyil. Onlar görüşəndə bir-birlərinə bəslədikləri məhəbbət günü-gündən artdı və bu məhəbbət o dərəcədə gücləndi ki, onlar ömür boyu bir-birinə sadiq qalacaqlarına söz verdilər. Qurduqları ailə xoşbəxt olsun deyə, bəy də, gəlin də müəyyən dəyişikliklər etməlidir. Məhəbbətli Yaradan istəyir ki, ailə quran hər kəs xoşbəxt olsun. Bunun üçün O, ailə qurmaq istəyənlərə Öz Kəlamı vasitəsilə müdrik məsləhətlər verir (Məs. 18:22). Bununla yanaşı, Müqəddəs Kitabda açıq-aydın deyilir ki, qeyri-kamil insanlar ailə quranda «həyatda yeni çətinliklərlə üzləşəcəklər» (1 Kor. 7:28). Bu çətinlikləri mümkün qədər azaltmaq üçün nə etmək olar? Məsihilər ailəni xoşbəxt etmək üçün nə edə bilərlər?

2. Ailədə məhəbbətin hansı növləri təzahür olunmalıdır?

2 Allahın Kəlamı məhəbbətin vacib bir xüsusiyyət olduğunu vurğulayır. Məhəbbətin müxtəlif növləri var və onların ailədə olması mütləqdir. Məsələn, nəvazişli məhəbbət (yunanca filia) nikahda vacib rol oynayır; romantik məhəbbət (eros) insana sevinc gətirir; uşaqlar dünyaya gələndə ailə üzvləri arasında olan məhəbbət (storqi) mühüm yer tutmağa başlayır. Nikahda əsil xoşbəxtliyə nail olmağa isə prinsiplərə əsaslanan məhəbbət (aqapi) kömək edir. Məhəbbətin bu növü ilə bağlı həvari Bulus demişdi: «Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin» (Efes. 5:33).

ƏRLƏ ARVADIN ROLU

3. Ərlə arvad arasında məhəbbət nə dərəcədə güclü olmalıdır?

3 Həvari Bulus yazmışdı: «Ərlər, arvadlarınızı həmişə sevin, necə ki Məsih də yığıncağı sevdi və özünü onun yolunda fəda etdi» (Efes. 5:25). İsa Məsih şagirdlərini sevdiyi kimi, onun nümunəsini izləyən davamçıları da bir-birini sevməlidirlər. (Yəhya 13:34, 35; 15:12, 13 ayələrini oxuyun.) Buna görə də məsihi ər-arvad bir-birini o dərəcədə sevməlidir ki, həyat yoldaşına görə canından belə keçməyə hazır olsun. Lakin ailədə ciddi problem yarananda onlara elə gələ bilər ki, daha o məhəbbətdən əsər-əlamət qalmayıb. Ancaq aqapi məhəbbəti «hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür». Bəli, «məhəbbət heç vaxt tükənmir» (1 Kor. 13:7, 8). Məsihilər ailə quranda bir-birini sevəcəyinə və bir-birinə sadiq qalacağına söz verirlər. Verdikləri sözü həmişə yadda saxlasalar, bu, onları Yehovanın verdiyi məsləhətlərə əməl etməyə və problemləri birlikdə həll etməyə təşviq edəcək.

4, 5. a) Ərin başçı olmağına qadın necə yanaşmalıdır? b) Ərin üzərinə hansı məsuliyyət düşür? c) Bir cütlük ailə qurandan sonra hansı dəyişikliyi edib?

4 Ərlə arvadın üzərinə düşən məsuliyyətləri vurğulayaraq Bulus demişdi: «Qoy arvadlar Ağaya tabe olur kimi ərlərinə tabe olsunlar, çünki Məsih yığıncağın başı... olduğu kimi, ər də arvadının başıdır» (Efes. 5:22, 23). Bu, ərin arvaddan üstün olduğunu göstərmir. Yehova ailənin təməlini qoyanda qadının da rolunun vacib olduğunu vurğulayaraq demişdi: «İnsanın [Adəmin] tək olması yaxşı deyil. Onun üçün onu tamamlayan bir köməkçi yaradacağam» (Yar. 2:18). Ər ailəsini yığıncağın başı olan İsa Məsih kimi məhəbbətlə idarə etməlidir. O bu cür davranarsa, yoldaşı özünü təhlükəsizlikdə hiss edər və ona məmnuniyyətlə hörmət göstərər, dəstək olar və itaət edər.

5 Keti [1] adlı bir bacı nikahın insandan müəyyən dəyişikliklər tələb etdiyini vurğulayaraq deyir: «Subay olanda mən müstəqil idim və ancaq öz ehtiyaclarım barədə düşünürdüm. Amma ailə quranda daha özümə yox, ərimə güvənməyi öyrənməli oldum. Bunu etmək hərdən çətin olurdu. Lakin ikimiz də Yehovanı razı salmağa çalışdığımız üçün münasibətlərimiz get-gedə möhkəmləndi». Ketinin əri Fred deyir: «Mənə qərar vermək həmişə çətin gəlirdi. Ailəli bir insan kimi qərar verərkən iki nəfəri nəzərə almaq vəziyyəti daha da çətinləşdirirdi. Amma dua edib Yehovadan kömək istədikcə və həyat yoldaşımın fikrini nəzərə aldıqca görürdüm ki, bunu etmək günü-gündən asan olur. Mən arvadımın, sözün əsil mənasında, mənə yoldaş, əməkdaş olduğunu hiss edirəm!»

6. Ailədə problem yarananda məhəbbət necə kömək edir?

6 Ailəsinin möhkəm olmasını istəyən insan həyat yoldaşının qeyri-kamil olduğunu nəzərə almalıdır. Ər-arvad bir-birinə qarşı həmişə səbirli olmalı, bir-birini ürəkdən bağışlamalıdır. Axı onların ikisi də səhv edir. Belə halların yaranması bir imkandır ki, insan səhvindən nəticə çıxartsın, bağışlamağı və «kamil birlik» yaradan məhəbbəti təzahür etdirməyi öyrənsin (Kol. 3:13, 14). Həmçinin «məhəbbət səbirli və xeyirxahdır,.. ona edilən pisliyin hesabını tutmur» (1 Kor. 13:4, 5). Anlaşılmazlıqları tez bir zamanda aradan qaldırmaq lazımdır. Buna görə də məsihi ailələr yaranan problemi gün batana qədər həll etməlidir (Efes. 4:26, 27). Düzdür, «bağışla, xətrinə dəydim» demək üçün insana təvazökarlıq və cəsarət lazımdır. Amma bu bir kəlmə söz çox problemlərin öhdəsindən gəlməyə kömək edir və ərlə arvadı bir-birinə yaxınlaşdırır.

ANLAYIŞ VƏ NƏVAZİŞ GÖSTƏRMƏK MÜTLƏQDİR

7, 8. a) Müqəddəs Kitabda ərlə arvada cinsi yaxınlıqla bağlı hansı məsləhət verilir? b) Nəyə görə ərlə arvad bir-birini nəzərə almalı və nəvazişlə davranmalıdır?

7 Müqəddəs Kitab ərlə arvada cinsi münasibətə tarazlı yanaşmağa kömək edən məsləhətlər verir. (1 Korinflilərə 7:3—5 ayələrini oxuyun.) Ərlə arvadın bir-birinin hisslərini və tələbatlarını nəzərə alması mütləqdir. Əgər ər arvadı ilə nəvazişlə davranmırsa, cinsi münasibətlər qadına həzz verməyəcək. Allahın Kəlamı ərlərə arvadları ilə anlayışla davranmağı məsləhət görür (1 But. 3:7). Cinsi yaxınlıq zor gücünə, məcburi yox, təbii olmalıdır. Qadınlara nisbətən kişilərdə ehtiras daha tez oyanır, amma cinsi yaxınlıq üçün hər ikisi emosional cəhətdən hazır olmalıdır.

8 Müqəddəs Kitabda kişi ilə qadının bir-birinə göstərdiyi nəvaziş barədə yazılsa da, yaxınlıq edəndə bunun necə və nə qədər olması ilə bağlı konkret göstəriş yoxdur (Nəğ. 1:2; 2:6). Məsihi ər-arvadlar bu məsələdə bir-birini nəzərə almalı və nəvazişlə davranmalıdırlar.

9. Nəyə görə məsihi nikahda olmadığı şəxsə cinsi maraq göstərməməlidir?

9 İnsan Allahı və başqasını ürəkdən sevirsə, yol verməyəcək ki, kimsə və ya nəsə onun ailə münasibətlərinə zərər vursun. Pornoqrafiyaya meyillilik bəzi ailələrdə ailə tellərinin zəifləməsinə, hətta ailənin dağılmasına səbəb olmuşdur. İnsan özündə pornoqrafiyaya meyil yarandığını və ya kənar şəxsə cinsi maraq oyandığını hiss edirsə, dərhal bunun qarşısını almalıdır. Məsihi nikahda olmadığı şəxslə davranışında ehtiyatlı olmalıdır, kənardan eşqbazlıq kimi görünən hərəkətlərə belə yol verməməlidir. O, Allahın onun bütün fikirlərindən və hərəkətlərindən agah olduğunu yadda saxlasa, Allahı razı salmaq və həyat yoldaşına sadiq qalmaq istəyi daha da möhkəm olacaq. (Mətta 5:27, 28; İbranilərə 4:13 ayələrini oxuyun.)

NİKAH TELLƏRİ TARIMA ÇƏKİLƏNDƏ

10, 11. a) Boşanma halları nə dərəcədə geniş yayılıb? b) Ayrılmağa dair Müqəddəs Kitabda nə yazılıb? c) Ərlə arvada problem yaranan kimi ayrılmaq qərarına gəlməməyə nə kömək edə bilər?

10 Nikahda yaranan ciddi problemlər ucbatından ər, yaxud arvad, ya da hər ikisi ayrılmaq və ya boşanmaq qərarına gələ bilər. Bəzi ölkələrdə qurulan ailələrin yarısı boşanma ilə nəticələnir. Düzdür, bu, məsihi yığıncağında elə də geniş yayılmayıb, amma məsihi ailələrdə də ailə problemlərinin artması narahatçılıq doğurur.

11 Müqəddəs Kitabda belə bir göstəriş var: «Arvad ərindən ayrılmasın. Əgər ayrılsa, onda ərə getməsin, ya da əri ilə barışsın. Ər də arvadını atmasın» (1 Kor. 7:10, 11). Bəzi ailələrin problemləri onların gözünə o dərəcədə ciddi görünür ki, çıxış yolunu yalnız ayrılmaqda görürlər. Amma çox vaxt bu, problemləri daha da artırır. İsa Allahın «insan öz ata-anasını tərk edib arvadına bağlanacaq» sözlərini sitat gətirəndən sonra demişdi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mət. 19:3—6; Yar. 2:24). Yəni hətta ər və arvad belə, Allahın bir boyunduruqda birləşdirdiyini ayırmamalıdır. Yehovanın gözündə nikah ömürlük bir ittifaqdır (1 Kor. 7:39). Yadda saxlamalıyıq ki, hər birimiz Allaha cavab verəcəyik. Buna görə də ailədə yaranan problemləri var gücümüzlə və dərhal həll etməliyik ki, məsələ ciddiləşməsin.

12. Hansı səbəblərə görə ərlə arvad ayrılmaq qərarına gələ bilər?

12 Hərdən ailədə yaranan problemlərin səbəbi insanın reallıqdan uzaq xəyalları olur. Xəyalında qurduğu ideal ailə həyatı gerçəkləşməyəndə insan məyus olur, özünü aldanmış hiss edir, hətta onda qəzəb yaranır. Ərlə arvadın emosional cəhətdən fərqli olmağı, fərqli tərbiyə almaları, həmçinin pul məsələsində, həyat yoldaşının doğmaları ilə münasibətdə və uşağın tərbiyəsində yaranan narazılıqlar problemlərə səbəb ola bilər. Amma əksər məsihi ailələr Allahın məsləhətlərinə əməl edərək bu kimi problemlərin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Bu cür ailələr tərifəlayiqdir!

13. Hansı ciddi səbəblərə görə məsihi həyat yoldaşından ayrıla bilər?

13 Hərdən ayrılmaq üçün, doğrudan da, ciddi səbəblər ola bilər. Məsələn, əgər ər qəsdən ailəsini dolandırmır, zorakılığa yol verir, arvadının ibadətinə ciddi şəkildə qarşı çıxır. Məsihi ailələr ciddi problemlər yarananda kömək üçün ağsaqqallara müraciət etməlidirlər. Bu təcrübəli qardaşların köməyi ilə onlara Müqəddəs Kitaba əsaslanan məsləhətə riayət etmək asan olar. Onlar həmçinin kömək üçün Yehovaya üz tutmalıdırlar. Onun məsləhətinə əməl etmək və ruhun bəhrəsini təzahür etdirmək üçün müqəddəs ruh və kömək istəməlidirlər (Qal. 5:22, 23) [2].

14. Həyat yoldaşı imanda olmayan məsihilərə Müqəddəs Kitab hansı məsləhəti verir?

14 Bəzi həmimanlılarımızın həyat yoldaşı Yehovaya xidmət etmir. Bu cür ailəsi olan məsihilərə Müqəddəs Kitab həyat yoldaşından ayrılmamağa əsaslı səbəb verir. (1 Korinflilərə 7:12—14 ayələrini oxuyun.) Yehovanın Şahidi olmayan kəs, bunu dərk etsə də, etməsə də, məsihi ilə nikahda olduğu üçün bu ittifaqdan bəhrələnir. Onların uşaqları müqəddəs sayılırlar, yəni onlar Yehovanın müdafiəsi altındadırlar. Bulus məsihiləri ayrılmamağa təşviq etmək üçün demişdi: «Ey qadın, nə bilirsən, bəlkə, ərini xilas etdin? Yaxud da sən, ey ər, nə bilirsən, bəlkə, arvadını xilas etdin?» (1 Kor. 7:16). Demək olar ki, Yehovanın Şahidlərinin bütün yığıncaqlarında həyat yoldaşlarının həqiqətə gəlməsinə səbəb olan məsihilər var.

15, 16. a) Müqəddəs Kitab əri imanda olmayan məsihi qadınlara hansı məsləhəti verir? b) «İmanda olmayan tərəf ayrılmaq istəyirsə», məsihi nə etməlidir?

15 Həvari Butrus məsihi qadınlara ərlərinə tabe olmağı məsləhət görürdü ki, Allahın sözünə itaət etməyən ərləri onların ismətli yaşayışlarını və dərin hörmətlərini görüb, davranışları ilə sözsüz fəth edilsinlər. Məsihi qadın ərinə dayanmadan öz imanı barədə danışmaqdansa, «Allahın gözündə çox qiymətli olan sakit və həlim ruhu» təzahür etdirsə, ərinin imana gələcəyinə daha çox ehtimal var (1 But. 3:1—4).

16 Bəs məsihinin imanda olmayan həyat yoldaşı ondan ayrılmaq istəyirsə, onda necə? Müqəddəs Kitabda yazılıb: «İmanda olmayan tərəf ayrılmaq istəyirsə, qoy ayrılsın. Bu halda qardaşımız, yaxud bacımız imanda olmayan həyat yoldaşı ilə yaşamağa məcbur deyil. Allah sizi sülh içində yaşamağa çağırıb» (1 Kor. 7:15). Ayrı yaşamaq müəyyən mənada rahatlıq gətirsə də, Müqəddəs Kitab belə halda məsihiyə yenidən ailə qurmağa icazə vermir. Amma məsihi imanda olmayan həyat yoldaşını var-gücü ilə tutub saxlamağa məcbur deyil. Ümid var ki, imanda olmayan tərəf peşman olub geri qayıdar və bir gün imana gələr.

NİKAH VƏ MƏSİHİNİN ÜMDƏ VƏZİFƏSİ

Ruhani işləri hər şeydən üstün tutmaq ailənizi daha da xoşbəxt edəcək (17-ci abzasa baxın)

17. Məsihi ailələr nəyi hər şeydən üstün tutmalıdırlar?

17 Biz axırzamanda, «son dərəcə çətin bir vaxt»da yaşayırıq (2 Tim. 3:1—5). Bu dünyanın təsiri altına düşməmək üçün ruhani cəhətdən möhkəm qalmaq olduqca vacibdir. Bulus yazmışdı: «Vaxt azalıb. Buna görə də qoy arvadı olan arvadsız kimi,.. bu dünyadan bəhrələnən ondan tam şəkildə bəhrələnməyən kimi olsun» (1 Kor. 7:29—31). Bulus demək istəmirdi ki, evli insanlar ailə məsuliyyətlərindən boyun qaçırmalıdırlar. Sadəcə, sona az qaldığı üçün onlar ruhani işləri hər şeydən üstün tutmalıdırlar (Mət. 6:33).

18. Nəyin sayəsində məsihi nikahı xoşbəxt ola bilər?

18 Çox çətin vaxtda yaşamağımıza və bir çox ailələrin dağılmasına baxmayaraq, biz məsihilər ailəmizi qoruyub saxlaya, onu xoşbəxt edə bilərik. Allahın xalqına yaxın olsaq, Müqəddəs Kitabdakı məsləhətlərə riayət etsək və müqəddəs ruhun göstərdiyi yolla getsək, «Allahın bir boyunduruqda birləşdirdiyini» qoruyub saxlaya biləcəyik (Mark 10:9).

^ [1] (5-ci abzas) Adlar şərtidir.

^ [2] (13-cü abzas) «Allahın məhəbbətindən ayrılmayın» kitabının 219—221 səhifələrində yerləşən «Allah boşanmaya və ayrı yaşamağa necə baxır?» adlı əlavəyə baxın.