Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Vermək məni xoşbəxt edir

Vermək məni xoşbəxt edir

ON İKİ yaşım olanda başa düşdüm ki, insanlarla paylaşa biləcəyim dəyərli bir şeyə malikəm. Toplantıda bir qardaş məndən təbliğ etməyi xoşlayıb-xoşlamadığımı soruşdu. O vaxta qədər heç vaxt təbliğ etməsəm də: «Xoşlayıram», — dedim. Biz təbliğ edəcəyimiz əraziyə getdik və o, mənə Allahın Padşahlığı haqda bir neçə buklet verib dedi: «Sən küçənin bu tərəfində təbliğ edəcəksən, mən o biri tərəfində». Həyəcan məni bürüsə də, başladım bir-bir qapıları döyməyə. Çox keçməmiş bütün bukletləri payladım. Belə olacağını heç gözləmirdim. Aydın idi ki, çoxlarının məndə olan həmin dəyərli şeylərə ehtiyacı var.

Mən 1923-cü ildə İngiltərənin Kent qraflığının Çatem şəhərində anadan olmuşam. Məyusluqla dolu bir dövrdə böyümüşəm. Birinci Dünya Müharibəsi insanların gələcəyə olan ümidlərini tamamilə alt-üst etmişdi. Məyusluq mənim valideynlərimdən də yan keçməmişdi. Onları məyus edən baptist keşişlərinin yalnız öz mənfəətlərini güdməsi idi. Təxminən doqquz yaşım olanda anam Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyinin, o vaxt təzəlikcə Yehovanın Şahidləri adını qəbul etmiş cəmiyyətin ibadət görüşlərinə getməyə başladı. Oradakı bacılardan biri bizə Müqəddəs Kitaba əsaslanan uşaqlar üçün nəşri və «Allahın arfası» adlı kitab verdi. Öyrəndiklərim çox xoşuma gəlirdi.

YETKİN QARDAŞLARDAN ÇOX ŞEY ÖYRƏNDİM

Yeniyetmə olanda insanlara Allahın Kəlamındakı ümidverici xəbəri danışmağı çox xoşlayırdım. Adətən, ev-ev təbliğə tək gedirdim, amma başqaları ilə də təbliğə çıxırdım və onlardan təbliğlə bağlı faydalı şeylər öyrənirdim. Məsələn, bir dəfə yaşca məndən böyük olan bir qardaşla velosipedlə təbliğ edəcəyimiz əraziyə gedirdik. Bir keşişin yanından keçəndə mən dedim: «Keçiyə bax». Qardaş velosipedi saxlayıb bir az oturmağı təklif etdi. O dedi: «Sənə kim ixtiyar verib ki, kimin keçi olduğuna hökm çıxarasan? İnsanlara xoş xəbəri çatdırmaqdan məmnunluq duy, hökmü isə qoy Yehova çıxarsın». Həyatımın erkən çağlarında verməyin sevinc gətirdiyini başa düşdüm (Mət. 25:31—33; Həv. 20:35).

Yaşca məndən böyük başqa bir qardaş mənə demişdi ki, hərdən səbirli olmaq da insana verməyin gətirdiyi sevinci yaşadır. Onun həyat yoldaşı Yehovanın Şahidi deyildi. Bir dəfə qardaş məni evlərinə qəlyanaltıya dəvət etdi. Həyat yoldaşı biləndə ki, qardaş təbliğdən gəlir çay paketlərini üstümüzə atmağa başladı. Qardaş isə ona heç nə demədi, gülərüzlə paketləri götürüb yerinə qoydu. İllər sonra qardaşın göstərdiyi səbir öz bəhrəsini gətirdi, həyat yoldaşı vəftiz olundu.

İnsanlarla gələcəyə ümid verən xəbəri bölüşmək arzum get-gedə artırdı. 1940-cı ilin mart ayında anamla mən Duvr şəhərində vəftiz olunduq. 1939-cu ildə, 16 yaşım olanda, Britaniya Almaniyaya müharibə elan etdi. 1940-cı ilin iyun ayı idi. Küçəmizdən minlərlə yaralı əsgəri daşıyan yük maşınları keçirdi. Qapımızın ağzında durub bu əsgərlərə baxırdım. Onlar Dünkerk döyüşündən sağ çıxanlar idi. Onların gözündən ümidsizlik yağırdı. Elə istəyirdim ki, gedib onlara Allahın Padşahlığı barədə danışım. Həmin il Britaniyaya ardı-arası kəsilmədən bombalar atılmağa başladı. Hər gecə başımızın üstündən alman bombardmançıları uçurdu. Bombaların vıyıltısı canımızdakı qorxunu daha da artırırdı. Səhər oyananda ətrafdakı evlərin yerlə-yeksan olduğunu görürdük. Hər dəfə əmin olurdum ki, yeganə ümid yerim Allahın Padşahlığıdır.

FƏDAKAR HƏYATA QƏDƏM QOYURAM

1941-ci ildə məni xoşbəxt edən bir həyata qədəm qoydum. Mən Çatem şəhərində, Krallığın gəmiqayırma zavodunda şagird kimi işləyirdim. Bu çox gəlirli iş sayılırdı. Həmin dövrdə artıq dəqiq bilirdik ki, məsihilər müharibədə iştirak etməməlidir. 1941-ci ildə isə aydın oldu ki, məsihilərin silah sənayesində işləməsi düzgün deyil (Yəh. 18:36). Gəmiqayırma zavodu sualtı qayıqlar istehsal etdiyi üçün qərara gəldim ki, işdən çıxıb tammüddətli xidmətə başlayım. İlk təyinatım Kotsuoldun səfalı guşələrindən biri olan Sayrensester şəhərinə oldu.

18 yaşım olanda hərbi xidmətə getmədiyim üçün 9 ay həbsdə yatdım. Yatdığım kameranın qapısı bağlanıb orada tək qalanda məni vahimə bürüdü. Çox keçməmiş həbsxana mühafizəçiləri və dustaqlar nəyə görə həbsdə yatdığımı soruşmağa başladılar. Onlara imanım barədə məmnuniyyətlə danışırdım.

Həbsdən çıxandan sonra böyüyüb boya-başa çatdığım Kent qraflığının müxtəlif şəhərlərində Leonard Smit * adlı qardaşla təbliğ etməyə başladım. Alman təyyarələri Londonu bombalamaq üçün Kentin üstündən uçurdu. 1944-cü ildən başlayaraq Kentin ərazisinə içərisində partlayıcı olan mindən çox pilotsuz reaktiv təyyarə düşməyə başladı. Bu uçan bombalar dudulbaqs (qarışqa şirləri) adlanırdı. Bu bombardmanın məqsədi insanları kütləvi şəkildə qırmaq idi. Təyyarənin səsi qəflətən kəsiləndə başa düşürdük ki, bir neçə saniyədən sonra yerə düşüb partlayacaq. Biz beş nəfərdən ibarət bir ailə ilə Müqəddəs Kitab dərsi keçirdik. Bəzən dərsi dəmir masanın altında keçməli olurduq. Bu masa xüsusi olaraq hazırlanmışdı ki, ev uçardısa, onun altında gizlənmək olsun. Sonralar bu ailənin bütün üzvləri vəftiz olundular.

XOŞ XƏBƏRİ BAŞQA ÖLKƏLƏRDƏ BƏYAN EDİRİK

İrlandiyada öncül kimi xidmət etdiyim ilk illər. İnsanları toplantıya dəvət edirik (aşağıda)

Müharibədən sonra iki il İrlandiyanın cənubunda öncül kimi xidmət etdim. İrlandiyanın İngiltərədən bu dərəcədə fərqləndiyini heç ağlımıza belə gətirməzdik. Biz ev-ev gəzib yaşamaq üçün yer axtarır və xüsusi təyinatlı müjdəçi olduğumuzu deyirdik. Küçədə jurnallar paylayırdıq. Katolik ölkəsində bu kimi şeyləri etmək ağılsız hərəkət idi. Bir dəfə bir kişi bizə hədə-qorxu gəldi və mən polisə şikayət etdim. Polis isə dedi: «Bəs sən nə gözləyirdin ki?» Burada keşişlərin bu qədər güclü təsiri olduğunu bilmirdik. Kimsə bizim kitabları götürəndə onu işdən çıxartdırırdılar, özümüzü isə qaldığımız evdən qovdururdular.

Biz başa düşdük ki, yeni əraziyə köçəndə əvvəlcə digər ərazilərdə, başqa keşişlərin nəzarət etdiyi yerlərdə təbliğ edib sonra yaşadığımız əraziyə keçsək yaxşı olar. Kilkenni şəhərində camaatın bizə hədə-qorxu gəlməsinə baxmayaraq, bir cavan oğlanla həftədə üç dəfə dərs keçirdik. İnsanlara Müqəddəs Kitabı öyrətməyi o qədər sevirdim ki, Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladda oxumaq üçün ərizə yazdım.

«Sibiya» adlı qayığımız. 1948—1953-cü illərdə bizim «evimiz» olub (sağda)

Beş ay Nyu-Yorkda oxuduqdan sonra məni və məktəbin məzunlarından üç nəfəri Karib dənizi adalarına təyin etdilər. 1948-ci ilin noyabr ayında biz «Sibiya» adlı 18 metrlik qayığa minib Nyu-Yorku tərk etdik. O vaxta qədər heç vaxt gəmiyə minmədiyim üçün çox həyəcanlı idim. Bizlərdən biri, Qast Maki təcrübəli gəmi kapitanı idi. O bizə gəmiçiliyin bəzi sirlərini öyrətmişdi, məsələn, yelkənləri açıb yığmağı, qayığı üzdüyü istiqamətdə saxlamağı və küləyə qarşı üzməyi. Qast 30 gün ərzində qayığı məharətlə idarə edərək bizi təhlükəli fırtınalardan keçirib sağ-salamat Baham Adalarına gətirib çıxartdı.

«ADALARDA CAR ÇƏKİN»

Bahamın kiçik adalarında bir neçə ay təbliğ etdikdən sonra biz Puerto-Rikonun yaxınlığındakı Virginiya adalarından 800 kilometr aralıda yerləşən və Trinidada qədər uzanan Livord və Vindvord adalarına üzdük. Beş il ərzində biz, əsasən, bir nəfər də olsun Yehovanın Şahidi yaşamayan ucqar adalarda təbliğ etdik. Vaxt olurdu ki, həftələrlə məktub alıb-göndərə bilmirdik. Bütün bunlara rəğmən, Yehovanın xəbərini adalarda bəyan etmək bizə məmnunluq gətirirdi (Ərm. 31:10).

«Sibiya»nın heyəti (soldan sağa): Ron Parkin, Dik Rayd, Qast Maki və Stenli Karter

Körfəzdə lövbər salanda kənddə canlanma yaranırdı, camaat kimin gəldiyini bilmək üçün gəmilərin yan aldığı körpüyə toplaşırdı. Bəziləri ömründə birinci dəfə bu cür qayıq və ağdərili adam görürdü. Ada camaatı çox mehriban, dindar insanlar idi və Müqəddəs Kitabı yaxşı bilirdilər. Onlar tez-tez bizə balıq, avakado və yerfındığı verirdilər. Qayığımız elə də böyük olmadığından orada yatmaq, yemək bişirmək və paltar yumaq çətin idi, amma biz birtəhər dolanırdıq.

Biz sahilə enib bütün günü insanlara baş çəkirdik. Həmçinin onları Müqəddəs Kitaba əsaslanan məruzəni dinləməyə dəvət edirdik. Qaş qaralanda qayığın zəngini çalırdıq və camaatın axışdığını görəndə çox sevinirdik. Təpədən enən insanların əlindəki yağ çıraqları sayrışan ulduzlara bənzəyirdi. Hərdən yüzə yaxın adam toplaşırdı. Onlar gecəyarısına kimi oturub suallar verirdilər. Oranın camaatı mahnı oxumağı çox sevirdi, buna görə də biz həmd nəğmələrini çap edib onlara paylamışdıq. Dördümüz də nəğmələri həvəslə oxumağa başlayırdıq, sonra onlar bizimlə səs-səsə verirdilər və çox gözəl bir nəğmə alınırdı. Bu, unudulmaz anlar idi!

Müqəddəs Kitab dərsini keçib qurtarandan sonra şagirdlərdən bəziləri bizimlə növbəti evə gedir, orada da oturub dərsə qulaq asırdılar. Bir neçə həftədən sonra başqa yerə getməli olanda həqiqətə daha həvəsli olan insanlardan xahiş edirdik ki, biz gələnə kimi o biri şagirdlərin dərslərini keçsinlər. Verdiyimiz tapşırığa onların ciddi yanaşdığını görəndə ürəyimiz sevinirdi.

Bu gün həmin adaların çoxu turistlərin istirahət yeridir. O vaxtlar isə mavi laqunları (dənizdən ayrılmış kiçik göl), qumlu sahilləri və palma ağacları ilə gözoxşayan bu yerlərə gedib-gələn yox idi. Adətən bir adadan o biri adaya gecələr gedirdik. Qayığımızın ətrafında delfinlər üzürdü. Ətrafda sükut hökm sürürdü, yalnız qayığın yarıb-keçdiyi suyun şırıltısı eşidilirdi. Ay suyun üzərinə üfüqə doğru genişlənən enli gümüşü yol salırdı.

Beş il adalarda xidmət edəndən sonra biz Puerto-Rikoya gəldik ki, qayığımızı mühərrikli qayığa dəyişək. Orada mən Maksin Boyd adlı gözəl bir bacıya aşiq oldum. O, xüsusi təyinatlı müjdəçi idi. Maksin uşaqlıqdan xidmətə can yandırırdı. Əvvəllər o, Dominikan Respublikasında xüsusi təyinatlı müjdəçi kimi xidmət etmişdi, ancaq 1950-ci ildə katolik hökuməti tərəfindən ölkədən xaric olunmuşdu. Gəmi heyətinin üzvü olduğum üçün Puerto-Rikoda cəmi bir ay qala bilərdim, sonra adalara qayıtmalı idim. Bir də Puerto-Rikoya ancaq bir neçə ildən sonra gələ bilərdim. Buna görə də öz-özümə dedim: «Ronald, əgər bu qızı almaq istəyirsənsə, cəld tərpən». Üç həftə sonra Maksinə mənə ərə gəlməyi təklif etdim, altı həftədən sonra isə biz evləndik. Bizi Puerto-Rikoya xüsusi təyinatlı müjdəçi təyin etdilər. Odur ki, mən yeni qayığa minəsi olmadım.

1956-cı ildə biz səyyar xidmətə başladıq. Bacı-qardaşları ziyarət etmək çox xoş idi. Onlardan çoxu kasıb yaşayırdı. Məsələn, Potala-Pastillo kəndində iki məsihi ailəsi yaşayırdı. Onların çoxlu uşaqları var idi. Mən onlar üçün tez-tez fleyta çalırdım. Bir dəfə Hilda adlı balaca bir qızdan soruşdum ki, bizimlə təbliğə getmək istəyir. O dedi: «İstəyirəm, amma gedə bilməyəcəyəm, çünki ayaqqabım yoxdur». Biz ona ayaqqabı alıb verdik və o, bizimlə xidmətə getdi. İllər sonra, 1972-ci ildə Maksinlə mən Bruklindəki Beytelə getdik. Orada Gilad məktəbini yenicə bitirmiş bir bacı bizə yaxınlaşdı. O, təyin olunduğu əraziyə, Ekvadora getməyə hazırlaşırdı. Bacı bizə dedi: «Siz məni tanımadınız? Mən Pastilloda yaşayan ayaqqabısı olmayan həmin o balaca qızam». Bəli, bu Hilda idi! Sevincdən bizi ağlamaq tutdu!

1960-cı ildə bizi Puerto-Rikodakı filialda xidmət etməyə dəvət etdilər. Filial San-Xuan şəhərinin Santurse rayonunda yerləşən ikimərtəbəli balaca bir binadan ibarət idi. Əvvəl-əvvəl işin çoxunu Lenart Consonla mən görürdüm. O və yoldaşı Dominikan Respublikasında ilk Yehovanın Şahidləri idilər. Puerto-Rikoya 1957-ci ildə gəlmişdilər. Bir müddət sonra Maksin abunə işi ilə məşğul olmağa başladı. Həftə ərzində o, mindən çox abunəçiyə jurnal göndərirdi. Maksin ruhani qidanı alan bu insanlar barədə düşünürdü, buna görə də işini çox sevirdi.

Beytel xidmətindən sevinc duyuram, çünki bu, fədakar həyat yoludur. Ancaq bu xidmətin də özünəməxsus çətinlikləri var. Məsələn, 1967-ci ildə, Puerto-Rikoda birinci dəfə beynəlxalq toplantı keçiriləndə o qədər işə baxırdım ki, başımı qaşımağa vaxtım yox idi. Həmin dövrdə Yehovanın Şahidlərinə rəhbərlik edən Neytan Norr qardaş Puerto-Rikoya gəlmişdi. Qardaş səhvən elə qənaətə gəlmişdi ki, mən ölkəyə gələn xüsusi təyinatlı müjdəçilərin daşınmasını təşkil etməmişəm. O, mənə ciddi şəkildə məsləhət gördü ki, işimə məsuliyyətlə yanaşım. Sonra onu məyus etdiyimi söylədi. Mən ona bir kəlmə də demədim, amma bunu özümə qarşı haqsızlıq kimi qəbul etdim və bir müddət içimdə inciklik qalmışdı. Növbəti dəfə Maksinlə mən Norr qardaşı görəndə o, bizi evinə qonaq çağırdı və bizim üçün yemək hazırladı.

Puerto-Rikoda xidmət edəndə bir neçə dəfə İngiltərəyə valideynlərimi ziyarətə getmişdik. Mən və anam həqiqəti qəbul edəndə atam qəbul etməmişdi. Beyteldən qardaşlar məruzə söyləməyə gələndə, adətən, anam onları bizdə qalmağa dəvət edirdi. Atam fikir vermişdi ki, illər əvvəl onda ikrah hissi oyadan keşişlərlə müqayisədə bu qardaşlar çox təvazökardır. Nəhayət, 1962-ci ildə atam vəftiz olundu.

Maksin və mən, toyumuzdan qısa müddət sonra (Puerto-Riko). 2003-cü il, evliliyimizin 50-ci ildönümü

Əziz həyat yoldaşım Maksin 2011-ci ildə vəfat etdi. Onun diriləcəyi günü həsrətlə gözləyirəm. Nə yaxşı ki bu ümid var! Birgə yaşadığımız 58 il ərzində Puerto-Rikoda Yehovanın xalqının necə artdığının, 650 nəfərdən 26 000 nəfərə çatdığının şahidi olmuşuq. 2013-cü ildə Puerto-Rikodakı filialla ABŞ-dakı filial birləşdirildi və məni Uolkilldə (Nyu-York) xidmət etməyə dəvət etdilər. Puerto-Rikoda 60 il xidmət edəndən sonra özümü artıq oralı hiss edirdim. Oranı çox sevsəm də, köçmək lazım idi.

«ALLAH GÜLƏRÜZLƏ VERƏNİ SEVİR»

Mən bu gün də Beytel xidmətindən sevinc duyuram. Hazırda 90-dan yuxarı yaşım var. Beyteldə işim bir ağsaqqal kimi Beytel ailəsinin üzvlərini ziyarət edib ruhlandırmaqdan ibarətdir. Deyilənə görə, Uolkilə gələndən 600-dən çox adamla söhbət edib məsləhət vermişəm. Yanıma müxtəlif sahələrdə məsləhət almaq üçün gəlirlər. Kimisi şəxsi və ya ailə problemləri ilə, kimisi Beytel xidməti ilə bağlı məsləhət istəyir. Məsləhətə gələnlərin arasında yeni evlənənlər, Beyteldən sahə xidmətinə təyin olunanlar da olur. Onların hamısına diqqətlə qulaq asıram, yeri gələndə deyirəm: «“Allah gülərüzlə verəni sevir”, odur ki, xidmətindən zövq al. Sən bunu Yehova üçün edirsən» (2 Kor. 9:7).

İstənilən xidmət növündə olduğu kimi Beytel xidmətindən də insan məmnunluq duymaq istəyirsə, diqqətini gördüyü işin mahiyyətinə cəmləməlidir. Beyteldə görülən bütün işlər müqəddəs xidmət sayılır. Bu xidmət növündə insan «sadiq və ağıllı nökər»ə bütün dünyadakı bacı-qardaşlara ruhani qidanı çatdırmağa kömək edir (Mət. 24:45). İnsanın harada xidmət etməyi vacib deyil, əsas odur ki, Yehovaya şərəf gətirsin. Gəlin Yehovanın tapşırdığı hər işi həvəslə yerinə yetirək, çünki O, «gülərüzlə verəni sevir».

^ abz. 13 Leonard Smitin bioqrafiyasını «Gözətçi qülləsi» jurnalının 2012-ci il 15 aprel sayından oxuya bilərsiniz.