Kontentə keç

Mündəricatı göstər

Lütf sizi azad etdi

Lütf sizi azad etdi

«Günah sizin üzərinizdə ağalıq etməməlidir, axı siz... lütfün tabeliyindəsiniz» (ROM. 6:14).

NƏĞMƏ: 2, 61

1, 2. Romalılara 5:12 ayəsini nə dərəcədə tez-tez istifadə edirik?

YAXŞI bildiyimiz və tez-tez istifadə etdiyimiz ayələrin siyahısını tutmaq istəsəydiniz, Romalılara 5:12 ayəsini siyahının başında yazardınız? Ayədə deyilir ki, «günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib». Bu ayəni nə dərəcədə tez-tez işlədirsiniz?

2 «Müqəddəs Kitab təlimləri» kitabında bu ayə dəfələrlə işlənib. Uşaqlarınızla və ya başqa kiminləsə bu kitabın 3, 56-cı fəsillərindəki Allahın yer üçün niyyəti, fidyə və ölümlə bağlı mövzuları keçəndə Romalılara 5:12 ayəsini, çox ehtimal ki, oxumusunuz. Bəs bu ayənin Yehova ilə münasibətlərinizlə, davranış tərzinizlə və ümidinizlə necə bağlı olduğunu heç düşünmüsünüz?

3. Hər birimiz hansı həqiqəti boynumuza almalıyıq?

3 Boynumuza almalıyıq ki, hamımız günahlıyıq və hər gün günah işləyirik. Amma nə yaxşı ki, Allah torpaqdan yarandığımızı unutmur və bizə mərhəmət göstərir (Zəb. 103:13, 14). İsa Məsih də bizə günahların bağışlanması üçün dua etməyi buyurmuşdu (Luka 11:2—4). Dua edib əfv diləyəndə Yehova bizi bağışlayır, odur ki törətdiyimiz günaha görə özümüzü didib-parçalamağa dəyməz. Gəlin görək Yehova Allah bizi nəyin əsasında bağışlayır.

ALLAHIN LÜTFÜ ƏFVƏ YOL AÇIR

4, 5. a) Romalılara 5:12 ayəsinə nə aydınlıq gətirir? b) Romalılara 3:24 ayəsində işlənən «lütf» sözü yunan dilində hansı mənanı daşıyır?

4 Romalılara məktubun müəyyən fəsilləri, xüsusən də 6-cı fəsli Romalılara 5:12 ayəsi ilə bağlı vacib məlumat açıqlayır. Bu məlumat Yehovanın nəyin əsasında günahlarımızı bağışladığını başa düşməyə kömək edir. Romalılara 3:23, 24 ayələrində deyilir: «Hamı günah işləyib... Lakin onlar Məsih İsanın ödədiyi fidyə vasitəsilə qurtulub saleh sayılırlar. Bu, Allahın Öz lütfü sayəsində verdiyi bir ənamdır». Bir elmi əsərə əsasən, Bulusun bu ayədə işlətdiyi «lütf» sözü yunan dilində «ürəkdən və təmənnasız şəkildə edilən yaxşılıq» mənasını daşıyır. Bəli, bu, insanın qazanmadığı halda ona edilən yaxşılıqdır.

5 Alim Con Parkhörst yazmışdı: «Bu söz Allahla və Məsihlə bağlı işlənəndə çox vaxt onların insanları, layiq olmadıqları halda, xilas etmək üçün etdiyi təmənnasız yaxşılığa aid edilir». Gəlin görək Yehova bu lütfü, yəni yaxşılığı necə göstərib, həmçinin bu lütf Onunla aramızdakı münasibətlə və ümidimizlə necə bağlıdır.

6. Allahın lütfü hansı nemətlərə yol açır və bundan kimlər faydalana bilər?

6 Günah və ölüm bir adam, yəni Adəm vasitəsilə dünyaya girdi. Beləcə, «bir nəfərin günahı ucbatından və onun vasitəsilə ölüm hökmranlıq edir». Amma Allah «tək bir şəxs — İsa Məsih vasitəsilə» bizə «bol lütf» göstərib (Rom. 5:12, 15, 17). Bu lütf bütün bəşəriyyətin qarşısında gözəl nemətlərə yol açır. Belə ki, «bir şəxsin [İsanın] itaəti... çoxlu insanı saleh edəcək», yəni Allahın lütfü insanı «İsa Məsih sayəsində əbədi həyata» apara bilər (Rom. 5:19, 21).

7. Nəyə görə demək olar ki, fidyə Allahın bizə göstərdiyi lütfdür?

7 Yehova Allah Oğlunu fidyə olaraq yer üzünə göndərməyə borclu deyildi. Həmçinin heç bir insan günahlı olduğu üçün Allahın və İsa Məsihin ödədiyi fidyəyə layiq deyil. Bəli, doğrudan da, günahlarımızın bağışlanması və əbədi həyat ümidi Allahın lütfüdür. Biz isə bu lütfün qarşılığında Allaha ürəkdən minnətdar olmalı və bu minnətdarlığımızı həyat tərzimizlə göstərməliyik.

LÜTFÜNƏ GÖRƏ ALLAHA MİNNƏTDARIQ

8. Bəzilərində günah işlətməklə bağlı hansı yanlış düşüncə ola bilər?

8 Adəmin günahlı nəsli olduğumuz üçün günah işləmək, səhv etmək hər birimizin qanındadır. Ancaq Allahın lütfünü bəhanə gətirərək: «Düzdür, bu hərəkət Allahın xoşuna gəlmir, amma O, mərhəmətlidir, məni bağışlayar», — deyib özümüzə bəraət qazandırmaq yanlış hərəkətdir. Təəssüf ki, həvarilərin dövründə bəzi məsihilər bu cür düşünürdü. (Yəhuda 4 ayəsini oxuyun.) Bəlkə də biz heç vaxt bu sözləri dilimizə gətirməyəcəyik, amma, ola bilsin, bizdə cüzi də olsa, bu cür düşüncə var ya da nə vaxtsa yarana bilər.

9, 10. Bulusla digər məsh olunmuş məsihilər günah və ölümdən necə azad olmuşdular?

9 Həvari Bulus Romalılara yazdığı məktubda vurğulamışdı ki, məsihilər «Allah məni başa düşür. O, günahımdan keçər» kimi fikirləri qəti şəkildə qovmalı idilər. Çünki Bulusun yazdıqlarına əsasən, onlar günah üçün ölmüşdülər. (Romalılara 6:1, 2 ayələrini oxuyun.) Bu, necə ola bilər, axı Bulusun bu sözləri ünvanladığı insanlar həmin vaxt sağ idilər?

10 Yehova Allah fidyənin əsasında Bulusun və digər məsihilərin günahlarını bağışlamış, onları müqəddəs ruhla məsh etmiş və Özünün ruhani oğulları adlandırmışdı. Bununla da onlara göydə yaşamaq ümidi bəxş etmişdi. Əgər bu məsihilər axıradək sadiq qalsaydılar, Məsihlə birgə göydə yaşayıb səmavi hökumətdə hakimiyyət sürəcəkdilər. Lakin Bulus «biz günah üçün ölmüşük» deyəndə onlar hələ sağ idilər, yerdə xidmət edirdilər. Fikrinə aydınlıq gətirmək üçün Bulus İsanı nümunə gətirmişdi. Məsih cismani bədəndə ölmüş, ölməz ruhani varlıq kimi dirilmişdi. Ölüm artıq onun üzərində ağalıq etmirdi. Məsh olunmuş məsihilər haqqında da eyni şeyi demək olardı. Onlar özlərini günah üçün ölmüş sayır və Məsih İsa vasitəsilə Allah üçün yaşayırdılar (Rom. 6:9, 11). Onların həyat tərzi artıq əvvəlki kimi deyildi. Onlar daha cismin günahlı arzularının qulu deyildilər, əvvəlki həyat üçün artıq ölmüşdülər.

11. Yer üzündə yaşamağa ümid edən məsihilər hansı mənada günah üçün ölüblər?

11 Bəs Bulusun sözlərini bugünkü məsihilərə aid etmək olar? Məsihi olmazdan əvvəl biz tez-tez günah edirdik və günahlarımızın Allahın gözündə nə qədər ağır olduğunu dərk etmirdik. Biz, sanki, «qanunsuzluğun və natəmizliyin qulu» olmuşduq, demək olar ki, «günahın qulu» idik (Rom. 6:19, 20). Amma bir gün Müqəddəs Kitabı öyrənməyə başladıq, həyatımızda dəyişiklik etdik, özümüzü Allaha həsr etdik və vəftiz olduq. O vaxtdan etibarən biz Allahın qayda-qanunlarına ürəkdən itaət edirik və beləcə, «günahın əsarətindən qurtulub salehliyin qulu» olmuşuq (Rom. 6:17, 18). Buna görə biz də deyə bilərik ki, günah üçün ölmüşük.

12. Hər birimizin qarşısında hansı seçim var?

12 Gəlin Bulusun Romalılara 6:12 ayəsində yazdığı sözlərin üzərində düşünək: «Qoymayın ki, günah fani bədəninizdə hökmranlıq etsin və siz bədəninizin istəklərinə tabe olasınız». Biz günahlı bədənimizin arzularının dalınca qaçanda izin veririk ki, günah bizə hökmranlıq etsin. Belə çıxır ki, seçim bizim əlimizdədir: biz günahın hökmranlığını ya rədd edəcəyik, ya da ona tabe olacağıq. Buna görə də özümüzə növbəti sualları verməliyik: «Qəlbimdə günahlı arzuları yetişdirib böyütdüyüm hallar olur? Deyə bilərəmmi ki, mən günah üçün ölmüşəm? Məsih İsa vasitəsilə Allah üçün yaşayıram?» Bizə lütf edib günahlarımızı bağışladığına görə Allaha, doğrudan da, minnətdarıqsa, var gücümüzlə Onu razı salmağa çalışacağıq.

SİZ QALİB GƏLƏ BİLƏRSİNİZ

13. Nəyin əsasında deyə bilərik ki, günahlı əməllərdən əl çəkmək mümkündür?

13 Yehovanın xidmətçiləri Onu tanımazdan əvvəl xəcalət gətirən və ölümə aparan bəhrələr gətirirdi, amma Onu sevəndən və Ona xidmət etməyə başlayandan onların həyatları dəyişib (Rom. 6:21). Bulusun məktub yazdığı Korinf yığıncağındakı məsihilər də eyni şeyi etmişdilər. Onlardan bəziləri bütpərəst, zinakar, kişibaz, oğru, içki düşkünü və sair murdar əməllər sahibi idi. Amma onlar yuyulub təmizlənmiş və müqəddəs edilmişdilər (1 Kor. 6:9—11). Roma yığıncağında da belələri var idi. Bulus onlara yazmışdı: «Bədəninizi haqsızlıq silahı kimi günaha təqdim etməyin, özünüzü ölümdən həyata qayıtmış insanlar kimi, bədəninizi də salehlik silahı kimi Allaha təqdim edin» (Rom. 6:13). Bulus əmin idi ki, bu məsihilər ibadətlərini pak saxlamağa qadirdirlər və bunun sayəsində Allahın lütfündən daim bəhrələnə bilərlər.

14, 15. Yehova Allaha itaətlə bağlı özümüzə hansı sualları verməliyik?

14 Bu gün də məsihilərin arasında Korinf yığıncağındakı bacı-qardaşlar kimi vaxtilə pis əməllərlə məşğul olmuş insanlar var. Onlar da öz həyatlarını kökündən dəyişib, yuyulub təmizləniblər. Yehovanı razı salmaq üçün hər birimiz həyatımızda müəyyən dəyişikliklər etmişik. Gəlin özümüzdən soruşaq: «Lütf edib məni bağışladığı üçün Allaha minnətdarlıqdan irəli gələrək günahlı arzularla mübarizə aparıram? Özümü Allaha ölümdən həyata qayıtmış insan kimi təqdim edirəm?»

15 Bunun üçün biz Korinf yığıncağındakı bəzi məsihilərin vaxtilə törətdiyi ciddi günahlardan uzaq durmalıyıq. Bu cür günahları edə-edə Allahın lütfünə sığınıb Onun bizi bağışladığını düşünmək ağılsızlıqdır. Bəs Yehova Allaha ürəkdən itaət edirik, bəzi insanların elə də ciddi günah saymadığı əməllərdən də uzaq durmaq üçün var gücümüzlə çalışırıq? (Rom. 6:14, 17).

16. Nəyə əsasən deyə bilərik ki, məsihilər yalnız 1 Korinflilərə 6:9—11 ayələrində adı çəkilən günahlarla mübarizə aparmamalıdırlar?

16 Gəlin bir az da həvari Bulus haqqında danışaq. Əmin ola bilərik ki, o, 1 Korinflilərə 6:9—11 ayələrində adı çəkilən murdar əməlləri törətməmişdi. Ancaq özünün də etiraf etdiyi kimi, o, günahlı insan idi. O yazmışdı: «Mən... günaha satılmış adi insanam. Nə etdiyimi özüm də anlamıram. İstədiyim şeyi etmirəm, nifrət etdiyim şeyi edirəm» (Rom. 7:14, 15). Bu ayələrdən görünür ki, Bulusun gözündə günah sayılan başqa əməllər də var idi və o, onlarla mübarizə aparırdı. (Romalılara 7:21—23 ayələrini oxuyun.) Gəlin biz də Bulus kimi var gücümüzlə çalışıb Yehovaya ürəkdən itaət edək.

17. Dürüst olmaq nəyə görə vacibdir?

17 Misal üçün, götürək dürüstlük məsələsini. Dürüstlük hər bir məsihi üçün tələbdir. (Məsəllər 14:5; Efeslilərə 4:25 ayələrini oxuyun.) Şeytan «yalanın atasıdır» və heç birimiz yalan danışaraq ona bənzəmək istəməzdik. Hənənyayla arvadı yalan danışdıqları üçün həyatlarını itirdilər. Onlardan ibrət götürüb yalandan uzaq durmalıyıq (Yəh. 8:44; Həv. 5:1—11). Lakin dürüst olmaq üçün yalnız yalandan uzaq durmaq azdır. Allaha lütfünə görə minnətdar olduğumuzu hər şeydə dürüst olmaqla göstərməliyik.

18, 19. Dürüst olmaq nə deməkdir?

18 Yalan danışmaq danışarkən həqiqəti gizlətməkdir. Yehova Öz xidmətçilərindən sadəcə yalan danışmamağı yox, ondan artığını tələb edir. O, keçmişdə İsrail xalqına demişdi: «Siz müqəddəs olmalısınız, çünki Mən, Allahınız Yehova müqəddəsəm». Sonra Yehova müqəddəsliyə xas bəzi cəhətləri vurğulamışdı: «Oğurluq etməyin, adam aldatmayın, bir-birinizə kələk gəlməyin» (Lav. 19:2, 11). Təəssüf ki, bəziləri yalan danışmasalar da, başqalarına kələk gələrək onları aldadırlar.

Məsihi təkcə yalandan yox, kələkdən də uzaq olmalıdır (19-cu abzasa baxın)

19 Tutalım, bir nəfər müdirinə və ya iş yoldaşlarına deyir ki, sabah işə gəlməyəcək ya da işdən tez çıxacaq, çünki həkimə getməlidir. Əslində, onun həkimə getməsi sadəcə aptekə dəyməkdən və ya həkimə pul ödəməkdən ibarətdir. Sabah işə gəlməməyinin, işdən tez çıxmağının tamam başqa səbəbi var: sabah o, səyahətə çıxmalı və ya ailəsi ilə birgə dənizə getməlidir. Düzdür, onun «həkimə getməliyəm» sözlərində, cüzi də olsa, həqiqət var. Bəs əslində onun bu hərəkətinə nə ad vermək olar: dürüstlük, yoxsa kələk? Yəqin siz belə halların şahidi olmusunuz. Ola bilsin, bu insanlar problemdən qaçmaq və ya kimdənsə istifadə etmək məqsədi ilə bu cür davranırlar. Düzdür, onlar açıq-aydın yalan danışmırlar, amma demək olarmı ki, onlar Allahın «adam aldatmayın» əmrinə tabe olurlar? Bəs Romalılara 6:19 ayəsindəki «Müqəddəs olmaq üçün bədəninizin üzvlərini salehliyin qulu edin» buyruğuna uyğun davranırlar?

20, 21. Allahın lütfü bizi nəyə təşviq etməlidir?

20 Uzun sözün qısası: Allaha lütfünə görə minnətdarlığımızı göstərmək üçün zinadan, əyyaşlıqdan və digər günahlı əməllərdən qaçmaq azdır. Biz nəinki əxlaqsızlıqdan uzaq durmalıyıq, həmçinin, əxlaqsız əyləncələrə meyli də öldürməliyik. Bədənimizin üzvlərini salehliyin qulu etmişiksə, təkcə sərxoşluqdan uzaq durmaq azdır, biz həm də özümüzü sərxoşluğa yaxın vəziyyətə salmamalıyıq, yəni o dərəcədə içməməliyik ki, özümüzü qeyri-adi aparaq. Düzdür, bu cür meyilləri öldürmək əsl mübarizə ola bilər, amma əmin ola bilərik ki, bu savaşda qalib gəlmək mümkündür.

21 Məqsədimiz həm ciddi, həm də xırda günahlardan qaçmaqdır. Təbii ki, hərdən yıxıldığımız anlar olacaq. Amma təslim olmamalıyıq, Bulus kimi qalxıb mübarizəyə davam etməliyik. Bulus dindaşlarına yazmışdı: «Qoymayın ki, günah fani bədəninizdə hökmranlıq etsin və siz bədəninizin istəklərinə tabe olasınız» (Rom. 6:12; 7:18—20). Bütün günahlı əməllərlə mübarizə aparmaqla biz Allaha İsa Məsih vasitəsilə göstərdiyi lütfə görə ürəkdən minnətdar olduğumuzu sübut edirik.

22. Lütfünə görə Allaha minnətdar olduğunu əməlləri ilə sübut edən insanı hansı mükafat gözləyir?

22 Allah lütfündən irəli gələrək bizim keçmiş günahlarımızı bağışlayıb və bundan sonra da bağışlamağa hazırdır. Gəlin buna görə Allahımıza minnətdar olaq, başqalarının gözündə elə də ciddi olmayan günahlardan belə uzaq duraq. Bunun əvəzində bizi Bulusun Romalılara 6:22 ayəsində təsvir etdiyi böyük mükafat gözləyir. Orada deyilir: «İndi siz günahın əsarətindən qurtulub Allahın qulları olduğunuz üçün müqəddəslik bəhrəsi gətirirsiniz və sonda əbədi həyata qovuşacaqsınız».