Kontentə keç

Mündəricatı göstər

Corc Rolston və Artur Vilis maşının radiatoruna su tökmək üçün dayanıblar (Şimal Ərazisi ştatı, 1933)

Arxivimizdən

«Aşılmaz yol yoxdur!»

«Aşılmaz yol yoxdur!»

1937-Cİ il mart ayının 26-sı idi. İki yorğun yolçu toz içində olan yük maşını ilə Avstraliyanın Sidney şəhərinə daxil oldu. Onlar Sidneyi bir il əvvəl tərk etmişdilər. Bu vaxt ərzində onlar ucqar ərazilərdən keçərək, enişli-yoxuşlu yolları aşaraq 19 300 kilometr yol qət ediblər. Artur Vilis və Bil Nyulends adlı bu yolçular nə macəraçı deyildilər, nə tədqiqatçı. Onlar adi öncül idilər. Bu qardaşların məqsədi Allahın Padşahlığı haqqında müjdəni Avstraliyanın ucqar ərazilərinə çatdırmaq idi.

Avstraliyadakı bir neçə Müqəddəs Kitab Tədqiqatçısı * 1920-ci illərin sonlarına qədər, əsas etibarı ilə, sahilyanı şəhərlərdə və onların ətrafında təbliğ edirdi. Avstraliyanın içərilərində əhali seyrək məskunlaşmışdı. Ölkənin Birləşmiş Ştatların yarısı qədər sahəsini səhralıq təşkil edir. Lakin qardaşlar dərk edirdilər ki, Məsihin davamçıları «yerin ucqarlarınadək», həmçinin Avstraliyanın ucqarlarınadək onun haqqında şəhadət verməlidirlər (Həv. 1:8). Bəs, görəsən, onlar bu böyük işi necə yerinə yetirdilər? Onlar əmin idilər ki, Yehovanın köməyi ilə çəkdikləri zəhmət bəhrə gətirəcək, buna görə də bu işə can qoyurdular.

ÖNCÜLLƏR CIĞIR SALIR

1929-cu ildə Kvinslend və Qərbi Avstraliya ştatlarında yerləşən iki yığıncaq qitənin içərilərindəki ərazilərdə təbliğ etmək məqsədi ilə vacib şeylərlə təchiz olunmuş maşınlar düzəltdirir. Bu səyahətə çətin şəraitə davam gətirə bilən və maşında yaranan nasazlıqları aradan qaldırmağı bacaran öncüllər çıxırdı. Bu öncüllər təbliğçilərin ayağı dəymədiyi ərazilərdə müjdəni yaymışdılar.

Ucqar ərazilərə maşınla getməyə imkanı yol verməyən öncüllər oraya velosipedlə gedirdilər. Məsələn, 1932-ci ildə 23 yaşlı Benet Brikel Kvinslend ştatının Rokhempton şəhərindən çıxıb beş ay ərzində ştatın şimalındakı ucqar ərazilərdən velosipedlə keçərək oralarda təbliğ etmişdi. O, velosipedinə ədyal, pal-paltar, ərzaq və çoxlu kitab yükləmişdi. Səfərin sonunda velosipedin təkəri yararsız hala düşsə də, qardaş yolundan qalmadı. O əmin idi ki, Yehova bir yol göstərəcək. Beləcə, Benet 320 kilometr yolu velosipedini insanların susuzluqdan həyatını itirdiyi ərazilərdən sürə-sürə aparmışdı. Benet qardaş 30 il ərzində velosipedlə, motosikletlə və maşınla yüz minlərlə kilometrlik yolu qət edərək bütün Avstraliyanı boydan-boya dolaşmışdı. Aborigenlərə müjdəni ilk çatdıran insan bu qardaş olub. Onun əməyi sayəsində orada yeni yığıncaqlar yarandı. Ucqar ərazilərdə yaşayan insanlar Benet qardaşı yaxşı tanıyır və ona hörmət edirdi.

ÇƏTİNLİKLƏRİ AŞARAQ

Əhali sıxlığına görə Avstraliya sonuncu yeri tutan ölkələrdən biridir. Qitənin ucqar ərazilərində əhali çox seyrək məskunlaşıb. Buna görə də Yehovanın xalqı bu ərazilərdəki hər bir insana müjdəni çatdırmaq üçün qətiyyət göstərmişdi.

Styuart Kelti və Vilyəm Torinqton adlı qardaşlar bu cür qətiyyət göstərən öncüllərdən idilər. Onlar 1933-cü ildə qitənin mərkəzində yerləşən Alis-Sprinqs şəhərində təbliğ etmək üçün böyük qum səhrası olan Simpson səhrasını keçmişdilər. Bir dəfə onların maşını sınır və onlar maşını yolda qoyub yollarına davam edirlər. Ayağının biri taxtadan olan Styuart qardaş qalan yolu dəvənin belində gedir. Bu öncüllərin zəhməti yerdə qalmadı. Onlar Vilyəm Krik dəmir yol stansiyasında Çarlz Bernhart adlı bir mehmanxana sahibinə təbliğ edirlər. O, sonralar məsihi olur, mehmanxananı satıb səhrada və Avstraliyanın ucqar ərazilərində on beş il təkbaşına öncül kimi xidmət edir.

Artur Vilis Avstraliyanın ucqar ərazilərinə təbliğ səyahətinə çıxmağa hazırlaşır (Pert, Qərbi Avstraliya ştatı, 1936)

Avstraliyanın ilk öncüllərinə maneələri aşmaq üçün cəsarət və qətiyyət lazım idi. Məqalənin əvvəlində adları çəkilən Artur Vilis və Bil Nyulends Avstraliyanın ucqarlarında təbliğ etmək üçün çıxdıqları həmin səfərdə bir dəfə 32 kilometrlik yolu iki həftəyə getmişdilər, çünki yağış səhranı palçıq dənizinə döndərmişdi. Onlar daşlı-qayalı vadilərdən və çay yataqlarından keçirdilər, hərdən günəşin qızmar şüaları altında qan-tərin içində maşını itələyə-itələyə qum təpələrini aşırdılar. Maşınları sınanda, bu hal çox tez-tez baş verirdi, onlar yaxınlıqdakı şəhərə günlərlə piyada yol gedir, sonra oturub həftələrlə ehtiyat hissələrinin gəlməsini gözləyirdilər. Amma bu çətinliklər onların əhval-ruhiyyəsinə təsir etmirdi. Artur Vilis «Qızıl əsr» jurnalında yazılan bir ifadəni öz sözləri ilə söyləyərək deyirdi: «Yehovanın xidmətçisi üçün aşılmaz yol yoxdur!»

Uzun illər öncül kimi xidmət edən Çarlz Haris demişdi ki, ucqar ərazilərdə xidmət etmək və yaşadığı çətinliklər onu Yehovaya daha da yaxın edib. O həmçinin qeyd etmişdi: «İnsanın əşyası nə qədər az olsa, yaşamaq bir o qədər rahat olar. Əgər yeri gələndə İsa Məsihin özü açıq havada yatırdısa, biz də, xidmətimiz tələb edərsə, eyni şeyi etməyi özümüzə şərəf bilməliyik». Bir çox öncül məhz bu cür davranmışdı. Onların fədakar əməyi sayəsində müjdə qitənin hər yanına yayılmış və sonsuz sayda insan Allahın Padşahlığının təbəəsi olmuşdu.

^ abz. 4 Müqəddəs Kitab Tədqiqatçıları 1931-ci ildə Yehovanın Şahidləri adını qəbul ediblər (Əşy. 43:10).