Kontentə keç

Mündəricatı göstər

Yehova xalqına bələdçilik edir

Yehova xalqına bələdçilik edir

«Yehova daim bələdçin olacaq» (ƏŞY. 58:11).

NƏĞMƏ: 152, 22

1, 2. a) Bizim rəhbərimiz digər dinlərin başçılarından nədə fərqlənir? b) Bu və növbəti məqalədə nəyi araşdıracağıq?

«SİZİN başçınız kimdir?» Bu sualı bizə tez-tez verirlər. Bu, təəccüblü deyil, çünki dinlərin əksəriyyətində hansısa bir insan başçı olur. Onlardan fərqli olaraq, bizim başçımız qeyri-kamil insan deyil və biz bununla fəxr edirik. Bizim rəhbərimiz İsa Məsihdir. O da, öz növbəsində, səmavi Atası Yehovanın başçılığına tabedir (Mət. 23:10).

2 Bundan əlavə, Allahın xalqı arasında rəhbərlik həvalə olunan, «sadiq və ağıllı nökər» adlanan bir qrup insan var (Mət. 24:45). Bəs bizi nə əmin edir ki, xalqını Oğlu Məsih vasitəsilə idarə edən məhz Yehovanın Özüdür? Bu və növbəti məqalədə Yehovanın Öz xalqını minilliklər ərzində müəyyən insanlar vasitəsilə necə idarə etdiyini müzakirə edəcəyik. Həmçinin bu insanların arxasında Yehovanın dayandığını sübut edən üç sahəni araşdıracağıq və görəcəyik ki, həm keçmişdə, həm də bu gün xalqına başçılıq edən Yehovadır (Əşy. 58:11).

ALLAH ONLARA MÜQƏDDƏS RUH VERİRDİ

3. Musa peyğəmbər nəyin sayəsində İsrail xalqına rəhbərlik edə bilirdi?

3 Allah Öz elçilərinə müqəddəs ruh verirdi. Götürək Musa peyğəmbəri. Yehova ona İsrail xalqına rəhbərlik etməyi tapşırmışdı. Bəs o, bu çətin tapşırığın öhdəsindən nəyin sayəsində gələ bildi? Yehova Allah «müqəddəs ruhunu onun daxilinə» qoymuşdu. (Əşiya 63:11—14 ayələrini oxuyun.) Deməli, Yehovanın Özü xalqına başçılıq edirdi, çünki Musa peyğəmbərə kömək edən Onun müqəddəs ruhu idi.

4. İsraillilər necə əmin ola bilərdilər ki, Allah Musaya müqəddəs ruh verib? (Məqalənin əvvəlindəki şəklə baxın.)

4 Müqəddəs ruh gözəgörünməz bir qüvvə olduğuna görə israillilər necə əmin ola bilərdilər ki, Musanı məhz müqəddəs ruh idarə edirdi? Musa müqəddəs ruhun sayəsində möcüzələr göstərir və Allahın adını firona bəyan edirdi (Çıx. 7:1—3). Bundan əlavə, müqəddəs ruh Musada İsrail xalqını idarə etmək üçün məhəbbət, təvazökarlıq və səbir kimi gözəl xüsusiyyətlər yetişdirmişdi. Musa ətraf xalqların qəddar və xudbin rəhbərlərindən yerlə-göy qədər fərqlənirdi (Çıx. 5:2, 6—9). Açıq-aydın görünürdü ki, Yehova Allah xalqına məhz Musa peyğəmbəri başçı seçib.

5. Yehova Allah xalqına başçı təyin etdiyi insanlara necə kömək edirdi?

5 Yehova Allah Musadan sonra da xalqına başçı təyin etdiyi bir sıra insana müqəddəs ruh vermişdi. Məsələn, «Nun oğlu Yuşə ruhun hikməti ilə dolu idi» (Qan. 34:9, haş.). «Yehovanın ruhu Cədunu» bürümüşdü (Hak. 6:34). «Yehovanın ruhu Davudun üzərinə» enmişdi (1 İşm. 16:13). Bütün bu insanlar Allahın ruhunun gücünə arxalanırdılar və bu ruhun sayəsində insan gücünü aşan möhtəşəm işlər görürdülər (Yuş. 11:16, 17; Hak. 7:7, 22; 1 İşm. 17:37, 50). Nəticədə, bu qüdrətli işlər şərəf sahibi Yehova Allahı ucaldırdı.

6. Nəyə görə Allah xalqından başçılara tabe olmağı tələb edirdi?

6 Bu insanlarda Yehova Allahın ruhunun olduğu açıq-aydın görünürdü. Bəs bunu görən israillilər bu başçılara necə yanaşmalı idilər? Onlar bu insanlara hörmət etməli idilər. Xalq Musa peyğəmbərin əleyhinə danışanda Yehova Allah demişdi: «Nə vaxta qədər bu adamlar Mənə hörmətsizlik edəcək?» (Say. 14:2, 11). Musanı, Yuşəni, Cədunu və Davudu xalqının başçısı, Öz təmsilçisi kimi Yehova Allah təyin etmişdi. Xalq onlara tabe olmaqla başçıları Yehova Allaha tabe olmuş olurdu.

ALLAH ONLARA MƏLƏKLƏR VASİTƏSİLƏ KÖMƏK EDİRDİ

7. Mələklər Musa peyğəmbərə necə kömək edirdi?

7 Allah Öz elçilərinə mələklər vasitəsilə kömək edirdi. (İbranilərə 1:7, 14 ayələrini oxuyun.) Yehova Allah mələkləri vasitəsilə Musa peyğəmbərə buyruq verir, kömək edir və yol göstərirdi. «Musanı Allah kolda ona görünən mələyin vasitəsilə həm başçı, həm də xilaskar kimi Misirə» göndərmişdi (Həv. 7:35). Allah «mələklər vasitəsilə» qanun nazil etmişdi ki, Musa peyğəmbər xalqı idarə edə bilsin (Qal. 3:19). Yehova Musa peyğəmbərə buyurmuşdu: «Xalqı sənə dediyim yerə apar. Göndərdiyim mələk qarşınızda gedəcək» (Çıx. 32:34). İsraillilərin bu mələyi görüb-görmədiyi barədə Müqəddəs Kitabda heç nə yazılmayıb. Amma Musanın xalqı idarə etməyindən aydın görünürdü ki, ona fövqəlbəşər qüvvə kömək edir.

8. Yehovanın mələkləri Yuşəyə və Hizqiyyəyə necə kömək etmişdi?

8 Musa peyğəmbərdən sonra onun xələfi Yuşə «Yehovanın ordusunun əmiri»nin köməyilə kənanilərə qarşı döyüşdə Allahın xalqına başçılıq etmiş və qələbə qazanmışdı (Yuş. 5:13—15; 6:2, 21). Böyük Aşşur ordusu Hizqiyyə padşahı Yerusəlimi dağıtmaqla hədələyəndə «Yehovanın mələyi» bir gecənin içində «aşşurluların ordugahında 185 000 nəfəri» qırmışdı (2 Pad. 19:35).

9. Allahın təyin etdiyi başçıların səhvlər etməsi israillilərə onların sözündən çıxmağa ixtiyar verirdimi? İzah edin.

9 Bildiyimiz kimi mələklər kamil varlıqlardır, amma onların kömək etdiyi insanlar nakamil idilər, səhvlər edirdilər. Məsələn, bir dəfə Musa peyğəmbər Allaha şərəf gətirməli olduğu halda bunu etməmişdi (Say. 20:12). Yuşə Yehova ilə məsləhətləşmədən gibyonlularla sülh bağlamışdı (Yuş. 9:14, 15). Hizqiyyə bir ara qürurlanmışdı (2 Saln. 32:25, 26). Bu insanlar qeyri-kamil olsa da, israillilər onlara tabe olmalı idilər. Yehova Allah Öz qüdrətli mələkləri vasitəsilə onlara dayaq olurdu. Bəli, xalqına rəhbərlik edən Yehova Allahın Özü idi.

ALLAH ONLARA KƏLAMI VASİTƏSİLƏ YOL GÖSTƏRİRDİ

10. Musa peyğəmbər Allahın qanununa necə tabe olurdu?

10 Allah Öz elçilərinə Kəlamı vasitəsilə yol göstərirdi. Allahın israillilərə verdiyi qanun Müqəddəs Kitabda həmçinin Musanın Qanunu adlanır (1 Pad. 2:3). Bu qanun Musanın adını daşısa da, qanunu verən Yehova Allah idi. Musa peyğəmbərin özü də bu qanuna tabe olurdu (2 Saln. 34:14). Məsələn, Allah ona müqəddəs çadırın layihəsini təsvir edəndən sonra «Musa Yehovanın əmr etdiyi bütün şeyləri yerinə yetirdi, necə demişdisə, elə də etdi» (Çıx. 40:1—16).

11, 12. a) Yuşədən və İsrail xalqının padşahlarından nə tələb olunurdu? b) Allahın Kəlamı İsrail xalqının başçılarına necə təsir edirdi?

11 Yuşə hakim olanda Allahın sözləri yazılı şəkildə mövcud idi. Yehova Allah ona demişdi: «Gecə-gündüz onları oxu ki, hər kəlməsinə dəqiqliklə əməl edəsən» (Yuş. 1:8). Allahın xalqına başçılıq edən padşahlar da eyni şeyi etməli idilər. Onlar Tövratı hər gün oxumalı, surətini köçürməli, onun bütün sözlərinə və qaydalarına əməl etməli idilər. (Qanunun təkrarı 17:18—20 ayələrini oxuyun.)

12 Allahın Kəlamı İsrail xalqına başçılıq edən insanlara necə təsir edirdi? Gəlin Yuşiyyə padşahın nümunəsini nəzərdən keçirək. Bir dəfə Yuşiyyənin əyanları məbəddə Tövratı tapır və katibi onu padşahın hüzurunda oxuyur *. Yuşiyyə «Tövratda yazılanları eşidəndə yaxasını» cırır. Allahın sözləri padşaha elə güclü təsir bağışlayır ki, o, ölkədən bütpərəstliyin kökünü kəsmək üçün tədbirlər görür və misilsiz bir Pasxa bayramı təşkil edir (2 Pad. 22:11; 23:1—23). Yuşiyyə və xalqın digər başçıları Allahın Kəlamına tabe olduqları üçün idarəçilik sistemində lazımi dəyişikliklər edirdilər. Bu dəyişikliklər sayəsində xalq Allaha Onun iradəsinə uyğun şəkildə ibadət edirdi.

13. Allahın xalqının başçıları ilə bütpərəst xalqların başçıları arasında hansı fərq var idi?

13 Allaha sədaqət göstərən bu padşahlar digər xalqların insan hikmətinə arxalanan və bəsirətsiz padşahlarından necə də fərqlənirdilər! Kənan padşahlarının tabeliyində olan xalqlar murdar işlərlə məşğul olurdular: yaxın qohumları ilə yaxınlıq edir, homoseksualizmlə məşğul olur, heyvanla əlaqəyə girir, uşaqlarını qurban gətirir və bütlərə sitayiş edirdilər (Lav. 18:6, 21—25). Yehova Allah Öz xalqına gigiyena ilə bağlı qaydalar vermişdi, amma Babil və Misir padşahları bu cür qaydalardan bixəbər idilər (Say. 19:13). Onlardan fərqli olaraq, israillilərin rəhbərləri xalqa ibadətlərini pak saxlamağa, əxlaqi və fiziki cəhətdən təmiz qalmağa kömək edirdi. Bundan aydın görünürdü ki, bu padşahları Yehova Allah hidayət edir.

14. Yehova Allah xalqına başçılıq edən bəzi padşahları nəyə görə töhmət etmişdi?

14 Təəssüf ki, keçmişdə Allahın xalqına rəhbərlik edən padşahların bəzisi Allaha itaət etmirdi. Onlar Allahın müqəddəs ruh, mələklər və Tövrat vasitəsilə verdiyi göstərişlərə boyun əymirdilər. Belə hallarda Yehova onları ya töhmət edirdi, ya da taxtdan salırdı (1 İşm. 13:13, 14). Vaxtı çatanda Yehova Allah elə bir şəxsi başçı təyin etdi ki, o vaxta qədər seçdiyi heç bir başçı ona tay ola bilməz.

ALLAH MÜKƏMMƏL BAŞÇI SEÇİR

15. a) Peyğəmbərlər Allahın təyin etdiyi mükəmməl başçı barədə nə demişdi? b) Zühuru barədə peyğəmbərlərin xəbər verdiyi rəhbər kim idi?

15 Əsrlər boyu Yehova Allah peyğəmbərləri vasitəsilə xəbər vermişdi ki, bir gün xalqına mükəmməl başçı təyin edəcək. Musa peyğəmbər israillilərə demişdi: «Allahınız Yehova sizə soydaşlarınızın arasından mənim kimi bir peyğəmbər yetirəcək» (Qan. 18:15). Əşiya peyğəmbər o şəxsin «öndər və sərdar» olacağını demişdi (Əşy. 55:4). Dənyal peyğəmbər Allahdan vəhy alaraq «Öndər Məsihin» zühuru barədə xəbər vermişdi (Dən. 9:25). Və ən nəhayət İsa Məsih özünün Allahın vəd etdiyi həmin Rəhbər olduğunu demişdi. (Mətta 23:10 ayəsini oxuyun.) İsa Məsihin şagirdləri həvəslə onun ardınca gedirdilər və onun Yehova Allahın təyin etdiyi rəhbər olduğunu bəyan edirdilər (Yəh. 6:68, 69). Bəs onları nə əmin edirdi ki, Yehova Allah xalqına İsa Məsih vasitəsilə bələdçilik edir?

16. Allahın İsa Məsihə müqəddəs ruh verdiyini nə sübut edir?

16 Allah İsa Məsihə müqəddəs ruh vermişdi. İsa vəftiz olanda vəftizçi Yəhya «göylərin açıldığını və müqəddəs ruhun göyərçin kimi üzərinə endiyini gördü». Vəftiz olandan sonra «müqəddəs ruh... İsanı çöllüyə apardı» (Mark 1:10—12). Yer üzündəki xidməti boyu İsa Məsih Allahın müqəddəs ruhunun təsiri ilə möcüzələr göstərir və ixtiyar sahibi kimi danışırdı (Həv. 10:38). Müqəddəs ruh həmçinin İsada mükəmməl keyfiyyətlər, məhəbbət, sevinc və sarsılmaz iman yetişdirmişdi (Yəh. 15:9; İbr. 12:2). Başqa heç bir başçıda bu əlamətləri görmək olmazdı. Gün kimi aydın idi ki, Yehova Allah İsanı başçı seçib.

Vəftiz olandan bir müddət sonra mələklər İsa Məsihə necə kömək etmişdilər? (17-ci abzasa baxın)

17. Mələklər İsa Məsihə necə kömək etmişdilər?

17 Allah İsa Məsihə mələkləri vasitəsilə kömək edirdi. İsa vəftiz olandan bir müddət sonra mələklər gəlib ona xidmət etdilər (Mət. 4:11). Ölümündən bir neçə saat əvvəl «göydən bir mələk peyda olub onu ürəkləndirdi» (Luka 22:43). İsa əmin idi ki, Allahın iradəsini yerinə yetirmək üçün ona nə vaxt kömək lazım olsa, Allah mələklərini göndərəcək (Mət. 26:53).

18, 19. İsanın Allahın Kəlamına itaət etdiyi hərəkətlərindən və təlimlərindən necə görünürdü?

18 Allah İsa Məsihə Kəlamı vasitəsilə yol göstərirdi. Yer üzündə xidmət etməyə başlayandan İsa Məsih Allahın Kəlamında yazılanlara uyğun davranırdı (Mət. 4:4). O, Allahın Kəlamına o dərəcədə itaət edirdi ki, işgəncə dirəyində ölməyə belə razı oldu. Hətta can verəndə onun dediyi son sözlər Məsihlə bağlı peyğəmbərlikdən sitat idi (Mət. 27:46; Luka 23:46). Amma o dövrün din rəhbərləri Allahın Kəlamında yazılanlar onların qoyduğu qayda-qanunlara zidd gedəndə özlərinə sərf edəni edirdilər. İsa Əşiya peyğəmbərin sözlərini sitat gətirərək onlar barədə demişdi: «Bu xalq Mənə dildə hörmət edir, ürəkdə isə Məndən çox uzaqdırlar. Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir» (Mət. 15:7—9). Heç Allah bu insanlardan kimisə Öz xalqına başçı seçərdi?!

19 İsanın Allahın Kəlamına itaət etdiyi yalnız onun hərəkətlərindən deyil, təlimlərindən də görünürdü. Din rəhbərləri onu sözdə tutmaq istəyəndə o, nə öz misilsiz hikmətinə, nə də böyük təcrübəsinə arxalanaraq cavab vermirdi, sözünü həmişə Müqəddəs Yazılara əsaslandırırdı (Mət. 22:33—40). İsa insanlara göydəki həyatı, Kainatın yaranması barədə maraqlı hadisələr danışa bilərdi, amma o, «Müqəddəs Yazıların mənasını anlamaq üçün onların zehnini» açırdı (Luka 24:32, 45). İsa Allahın Kəlamını sevirdi və orada yazılanları insanlara həvəslə danışırdı.

20. a) İsa Məsih Yehova Allahı necə ucaldırdı? b) İsa ilə Hirod arasındakı fərqi nəzərə alsaq, Yehova Allah necə bir insanı rəhbər təyin edərdi?

20 İsa Məsih öz lətif kəlmələrilə insanları heyran qoyurdu, amma o, həmişə şərəfi öz Ustadına, Yehova Allaha verirdi (Luka 4:22). Bir dəfə varlı bir kişi onu «gözəl Ustad» adlandırmışdı. İsa isə təvazökarcasına demişdi: «Məni niyə belə adlandırırsan? Allahdan başqa gözəl Varlıq yoxdur» (Mark 10:17, 18). Görün İsa ilə onun ölümündən təxminən səkkiz il sonra Yəhudiyyənin hakimi təyin olunan I Hirod Aqrippa arasında nə qədər böyük fərq var. Bir gün Hirod şah libasını geyinib xalqın qarşısına çıxır. Hirodun heyranı olan bu insanlar onun şəninə belə sözlər deyirlər: «Bu, insan səsi deyil, bu, allah səsidir!» Şan-şöhrət vurğunu olan Hirod Allahı şərəfləndirmədiyi üçün «Yehovanın mələyi həmin andaca Hirodu vurdu... Hirod xəstələndi, qurdlar onu yedi və o öldü» (Həv. 12:21—23). Aydın məsələdir ki, Yehova Allah Hirod kimi insanı xalqına başçı seçməzdi. İsa Məsihin həyatından isə aydın görünürdü ki, Allah məhz onu rəhbər təyin edib. İsa həmişə Yehova Allahın xalqının Ali Hökmdarı olduğunu vurğulayırdı.

21. Növbəti məqalənin mövzusu nə barədə olacaq?

21 İsa Məsih bir neçə illik rəhbər təyin olunmayıb. O diriləndən sonra demişdi: «Göydə və yerdə bütün hakimiyyət mənə verilib... Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:18—20). İsanın hazırda göydə olduğunu nəzərə alsaq, onda sual yaranır: o, bu gün Allahın yerdə yaşayan xalqına necə rəhbərlik edir? Görəsən, Yehova Allah Məsihi yerdə təmsil etmək üçün kimi təyin edib və xalqına rəhbərlik etməyi kimə tapşırıb? Ortaya bir sual da çıxır: məsihilər kimlərin bu gün Allahın elçisi olduğunu necə müəyyən edə bilərlər? Növbəti məqalədə bu sualların cavabını araşdıracağıq.

^ abz. 12 Ehtimal ki, bu, Musa peyğəmbərin şəxsən yazdığı əlyazma idi.