Kontentə keç

Mündəricatı göstər

Yehovanın hakimiyyətinin tərəfində durun!

Yehovanın hakimiyyətinin tərəfində durun!

«Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı» (VƏHY 4:11).

NƏĞMƏ: 12, 150

1, 2. Hər birimiz nəyə əmin olmalıyıq? (Məqalənin əvvəlindəki şəklə baxın.)

ÖNCƏKİ məqalədə də qeyd olunduğu kimi, İblis Yehovanın dünyanı idarə etməyə layiq olmadığını iddia edir. Onun sözünə görə, insanlar özləri-özlərini idarə etsələr, daha xoşbəxt olarlar. Bəs o, nə dərəcədə haqlıdır? Təsəvvür edək ki, insanların Allahın idarəçiliyi olmadan əbədi yaşamaq imkanı var. Necə düşünürsünüz, onlar daha xoşbəxt olardılar? Bəs əgər sizin Allahdan asılı olmadan əbədi yaşamaq imkanınız olsaydı, özünüzü daha xoşbəxt hiss edərdiniz?

2 Bu suallara sizin yerinizə heç kəs cavab verə bilməz. Bu barədə hər kəs özü yaxşıca düşünməlidir. Belə etməklə görəcəksiniz ki, Allahın hakimiyyəti ən yaxşı hakimiyyətdir və dəstəklənməyə layiqdir. Müqəddəs Kitab bizə bu əminliyi verir. Gəlin görək orada buna dair hansı sübutlar gətirilir.

RƏHBƏRLİK ETMƏYƏ LAYİQ ALLAH

3. Nə üçün yalnız Yehovanın Kainatı idarə etməyə hüququ var?

3 Yehova Külli-İxtiyar Allah və Yaradan olduğu üçün Onun Kainatı idarə etməyə tam hüququ var (1 Saln. 29:11; Həv. 4:24). Bir vəhydə Məsihin 144 000 şəriki Allaha həmd edərək deyir: «Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı» (Vəhy 4:11). Bəli, hər şeyin yaradanı Yehova Allah olduğu üçün Onun bəşəriyyət və bütün ruhani varlıqlar üzərində hakimiyyət sürməyə tam ixtiyarı çatır.

4. Nəyə görə iradə azadlığı Allaha qarşı çıxmağa haqq vermir?

4 Şeytan bir çöp də yaratmayıb. Buna görə onun Kainatı idarə etməyə də haqqı çatmır. Şeytan və ilk insan cütü Yehova Allahın hakimiyyətinə qarşı çıxmaqla dikbaşlıq etdilər (Ərm. 10:23). Düzdür, Allah yaratdığı varlıqlara iradə azadlığı verib. Bəs onların bu azadlıqdan istifadə edərək, Allahın rəhbərliyindən imtina etməyə haqqı çatırdı? Əlbəttə ki, xeyr! Allah insana iradə azadlığını gündəlik həyatda qərarlar qəbul etmək üçün verib. Amma bu, ona Yaradanına qarşı çıxmağa haqq vermir. Bəli, insan Allaha qarşı çıxmaqla iradə azadlığından sui-istifadə etmiş olur. Halbuki hər kəsin Allahın rəhbərliyinə ehtiyacı var.

5. Yehovanın verdiyi qərarların ədalətli olduğunu nəyin əsasında əmin ola bilərik?

5 Yehovanın başqa bir səbəbə görə də Kainatı idarə etməyə haqqı çatır: O, Öz səlahiyyətini haqq-ədalətlə icra edir. Allah bəyan edir: «Mən Yehovayam, məhəbbətlə davranıram, dünyada adil, haqq işlər görürəm. Çünki Mənə bunlar xoşdur» (Ərm. 9:24). Allah nəyin ədalətli olduğuna qərar vermək üçün insanlar tərəfindən yazılan qanunları əsas tutmur. Haqqı və nahaqqı O Özü təyin edir və insanlara bunun əsasında qanunlar verir. «Doğruluq və ədalət taxtının təməlidir» (Zəb. 89:14; 119:128). Buna görə də əmin ola bilərik ki, Yehovanın verdiyi bütün qanunlar, prinsiplər və qərarlar tamamilə ədalətlidir. Şeytan isə Yehovanın hakimiyyətinin qüsurlu olduğunu iddia etsə də, ədalətin hökm sürdüyü bir dünya qura bilmədi.

6. Başqa hansı səbəbə görə Yehovanın dünyanı idarə etməyə haqqı çatır?

6 Bundan əlavə, Yehova Allah sonsuz elm və hikmət sahibidir. Buna görə də Onun Kainatı idarə etməyə tam haqqı çatır. Allahın İsa Məsihə çarəsi tapılmayan xəstəlikləri sağaltmaq bacarığını verməsindən də bunu aydın görə bilərik (Mət. 4:23, 24; Mark 5:25—29). Bu, insanlar üçün möcüzə olsa da, Yehova üçün adi bir şey idi. O, insan orqanizminin necə işlədiyini yaxşı bildiyindən yaranan fəsadları da aradan qaldırmağa qadirdir. Eynilə, Yehova ölüləri necə diriltməyi, təbii fəlakətləri necə dayandırmağı da yaxşı bilir.

7. Yehovanın hikmətinin bu dünyanın hikmətindən üstün olduğu nədən görünür?

7 Şeytanın hakimiyyəti altında olan bu dünya hələ də ölkədaxili silahlı iğtişaşların və dövlətlər arası müharibələrin qarşısını ala bilmir. Dünyada sülhü yalnız Yehovanın hikməti yarada bilər (Əşy. 2:3, 4; 54:13). Yehovanın elmi və hikməti barəsində öyrəndikcə yəqin siz də həvari Bulusun dediyi sözlərlə razılaşacaqsınız. O demişdi: «Allahın nemətləri gör necə boldur, hikməti, biliyi dərin ümmandır! Onun hökmləri ağlasığmazdır, yolları tədqiqolunmazdır!» (Rom. 11:33).

ƏN MÜKƏMMƏL HAKİMİYYƏT

8. Yehovanın idarə etmə tərzində sizi riqqətə gətirən nədir?

8 Gördüyümüz kimi, Müqəddəs Kitab Yehova Allahın Kainatı idarə etməyə haqqı çatdığını aydın şəkildə göstərir. Orada həmçinin Allahın hakimiyyətinin ən mükəmməl hakimiyyət olduğuna dair sübutlar var. Bunlardan biri odur ki, Yehova məhəbbətlə hakimlik edir. Onun «rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan Allah» olması haqda düşünərkən ürəyimiz riqqətə gəlir (Çıx. 34:6). Yehova Allah insanların ləyaqətinə hörmət edir. O, bizim qayğımıza bizdən də yaxşı qalır. Şeytanın iddiasının tam əksi olaraq, Yehova öz sadiq bəndələrindən heç bir yaxşı şeyi gizlətmir. O hətta Onun üçün ən dəyərli varlıq olan İsa Məsihi qurban verdi ki, bizim əbədi yaşamaq ümidimiz olsun! (Zəbur 84:11; Romalılara 8:32 ayələrini oxuyun.)

9. Haradan bilirik ki, Yehova hər bir bəndəsi ilə ayrı-ayrılıqda maraqlanır?

9 Yehova Öz xalqını çox sevir. Bununla belə, O, ayrı-ayrılıqda hər bir xidmətçisi ilə yaxından maraqlanır. Gəlin qədim dövrdə baş vermiş bir hadisəyə nəzər salaq. Üç əsr ərzində Yehova İsrail xalqı üzərində hakimlər təyin edir və onların vasitəsilə xalqı düşmənlərin əlindən xilas edirdi. Belə bir qarmaqarışıq dövrdə israilli olmayan bir qadın Yehovanın diqqətindən yayınmadı. O, Rut adlı bu qadının həqiqi ibadəti dəstəkləmək üçün etdiyi fədakarlığı gördü. Yehova ona yaxşı ər və övlad nəsib etdi. Yehovanın Ruta verdiyi nemətlər bununla bitmədi. Rut diriləndə Məsihin onun şəcərəsindən gəldiyini öyrənəcək. Bir təsəvvür edin, Rut başına gələnlərin Müqəddəs Kitabda yer aldığını və hətta həmin bölmənin onun adını daşıdığını biləndə nə qədər sevinəcək?! (Rut 4:13; Mət. 1:5, 16).

10. Yehovanın zalım Rəhbər olmadığını haradan bilirik?

10 Yehova Allah zalım, qəddar Rəhbər deyil. O, təbəələrinə azadlıq və sevinc bəxş edir (2 Kor. 3:17). Davud peyğəmbər bu barədə yazmışdı: «Əzəmət və calal [Allahın] hüzurunda, qüdrət və sevinc dərgahındadır» (1 Saln. 16:7, 27). Məzmurçu İtan da demişdi: «Şadlıq səsi bilən xalq nə bəxtiyardır! Onlar üzünün nurunda yeriyir, ey Yehova. Adın onlara sevinc bəxş edir gecə-gündüz, ədalətinlə yüksəlirlər» (Zəb. 89:15, 16).

11. Yehovanın ən yaxşı Rəhbər olduğuna əminliyimizi necə artıra bilərik?

11 Yehovanın kəraməti üzərində düşünmək Onun ən yaxşı Rəhbər olduğuna əminliyimizi artıracaq. Beləcə, biz məzmurçunun keçirdiyi hissləri duyacağıq. O deyirdi: «Sənin həyətində keçən bir günü, özgə yerdə keçirdiyim min günə dəyişmərəm» (Zəb. 84:10). Bu, başqa cür ola da bilməz! Yehova Allah bizi yaratdığı üçün nəyin bizə əsl xoşbəxtlik gətirdiyini də bilir və O, bu tələbatımızı artıqlaması ilə ödəyir. Verdiyi qanunların hamısı bizim xeyrimizədir və onlara çətin də olsa, əməl etmək bizə böyük xoşbəxtlik gətirir. (Əşiya 48:17 ayəsini oxuyun.)

12. Hansı başlıca səbəbə görə biz Allahın hakimiyyətinin tərəfini tuturuq?

12 Müqəddəs Kitabda qeyd olunur ki, İsa Məsihin minillik hakimiyyətindən sonra bəzi insanlar Yehovaya qarşı çıxacaqlar (Vəhy 20:7, 8). Onları belə bir addım atmağa nə təhrik edəcək? Şeytan azadlığa buraxılandan sonra bəşəriyyəti azdırmaq məqsədilə həmişəki üsula əl atacaq. O, insanlarda xudbinlik oyatmağa cəhd göstərəcək. Onları inandırmağa çalışacaq ki, Yehovaya tabe olmadan əbədi yaşamağın bir üsulu var. Əlbəttə, bu, mümkün olan bir şey deyil. Amma söhbət ondan gedir ki, biz bu yalana inanacağıq, yoxsa yox. Əgər biz Yehovanı sidqi-ürəkdən sevir, Ona xeyirxahlığına və qanuni Hökmdar olduğuna görə ibadət ediriksə, Şeytanın bu cür iddiaları bizi azdırmayacaq. Biz məhəbbətli Allahımızın rəhbərliyi altında olmayan həyat arzulamayacağıq.

SƏDAQƏTLƏ YEHOVANIN HAKİMİYYƏTİNİN TƏRƏFİNDƏ DURUN

13. Yehovanın hakimiyyətinin tərəfində durduğumuzu necə göstərə bilərik?

13 Öyrəndiyimiz kimi, Yehovanın dünyanı idarə etməyə tam haqqı çatır, O, ən yaxşı Rəhbərdir və biz Onun hakimiyyətini dəstəkləməliyik. Bunu necə edə bilərik? Günahdan qaçmaqla və Yehovaya tam sədaqətlə qulluq etməklə. Bundan əlavə, Yehovanın hakimiyyətinin tərəfini tutduğumuzu hər şeyi Yehovanın istədiyi kimi etməklə də göstərə bilərik. Əgər biz hər şeyə Yehovanın gözü ilə baxsaq, göstərəcəyik ki, Onu sevirik və hakimiyyətini dəstəkləyirik. (Efeslilərə 5:1, 2 ayələrini oxuyun.)

14. Ağsaqqallar və ailə başçıları Yehovadan necə örnək ala bilərlər?

14 Müqəddəs Kitabdan bilirik ki, Yehova Öz səlahiyyətini məhəbbətlə icra edir. Eynilə, Yehovanın hakimiyyətinin tərəfini tutan ailə başçısı və ağsaqqal da çalışacaq ki, hədsiz tələbkar olmasın, özünü kiçik bir dövlətin ağası sanmasın. Əksinə, o, Yehovadan nümunə götürəcək. Həvari Bulus da Yehovadan və İsa Məsihdən örnək alırdı (1 Kor. 11:1). O, insanları pərt eləmirdi, onları Allahın gözündə məqbul olan işləri görməyə məcbur etmirdi, əksinə, onlara xahişlə müraciət edirdi (Rom. 12:1; Efes. 4:1; Flm. 8—10). Həvari Bulus bilirdi ki, Yehova məsələləri məhz bu cür həll edir. Yehovanın hakimiyyətini sevən və onu dəstəkləyən hər bir insan da belə davranacaq.

15. Nə üçün Yehovanın səlahiyyət verdiyi şəxslərə tabe olmaq Onun rəhbərliyini dəstəkləmək deməkdir?

15 Biz həmçinin Yehovanın səlahiyyət verdiyi şəxslərin göstərişlərinə əməl etməklə də Onun hakimiyyətinin tərəfini tutduğumuzu göstəririk. Ola bilsin, bəzən verilən qərarı tam başa düşməyəcəyik və ya onunla razılaşmayacağıq. Bununla belə, qərarı dəstəkləməklə Allahın qoyduğu quruluşa hörmət etdiyimizi göstərə bilərik. Sözsüz ki, dünyadakı insanlar belə vəziyyətlərdə tamamilə başqa cür davranırlar. Yehovanın rəhbərliyi altında yaşamaq istəyənlərdən isə itaətkarlıq göstərmək tələb olunur (Efes. 5:22, 23; 6:1—3; İbr. 13:17). Bu cür davranmaq ilk növbədə bizim özümüzə fayda gətirir, çünki Allah nə deyirsə, bizim xeyrimizə deyir.

16. Yehovanın hakimiyyətinin tərəfini tutan şəxs qərar verərkən nəyi nəzərə alacaq?

16 Gündəlik həyatda verdiyimiz qərarlarla da Yehovanın hakimiyyətinə tabe olduğumuzu göstərə bilərik. Hər xırda şeylə bağlı qanun qoymaq Yehovaya xas deyil. Bunun əvəzinə, O, bizə Öz düşüncə tərzini açıqlayıb. Məsələn, Allah bizə «bunu geyinmək olar, bunu geyinmək olmaz» kimi qanunlar verməyib. Bunun əvəzinə, geyimimiz və xarici görünüşümüzün abır-həyalı, məsihiyə yaraşan tərzdə olmasını buyurur (1 Tim. 2:9, 10). Yehova istəyir ki, qərarımızın başqalarına necə təsir edəcəyini də düşünək, heç kimi büdrətməyək (1 Kor. 10:31—33). Verdiyimiz qərarlarda şəxsi istəklərimizi yox, Yehovanın bu məsələ ilə bağlı nə düşündüyünü nəzərə alsaq, Onun rəhbərliyini sevdiyimizi və dəstəklədiyimizi göstərmiş olacağıq.

Şəxsi qərarlar verəndə və ailə məsələlərində Yehovanın hakimiyyətinin tərəfini tutun (16—18-ci abzaslara baxın)

17, 18. Ər-arvadlar Yehovanın hakimiyyətini dəstəklədiyini necə göstərə bilər?

17 Başqa bir sahəyə nəzər salaq. Gəlin görək məsihi ər-arvad Yehovanın hakimiyyətini dəstəklədiyini necə göstərə bilər. Ola bilsin, ailə həyatının bu qədər çətin olacağını gözləmirdiniz. Bəlkə hətta peşmançılıq çəkməyə başlamısınız. Onda bir anlıq Yehovanın İsrail xalqı ilə rəftarı haqda düşünün. Yehova Özünü İsrail xalqına «sənin ərin» deyə təqdim etmişdi (Əşy. 54:5; 62:4). Doğrudan da, «bu nikah» yaman problemli nikah idi. Bununla belə, Yehova İsraillə münasibətini kəsməyə tələsmədi. Əksinə, O, dəfələrlə xalqını bağışlayır və onlarla bağladığı əhdə sadiq qalırdı. (Zəbur 106:43—45 ayələrini oxuyun.) Məhəbbətinə bu cür sadiq olan Allahı necə sevməyə bilərik?

18 Eynilə, Yehova Allahı sevən ər-arvadlar Ondan örnək alırlar. Problemlər yarananda ailə həyatına son qoymaq üçün bəhanə axtarmırlar. Bu ər-arvadlar başa düşürlər ki, Allah onları bir boyunduruqda birləşdirib və onların bir-birinə bağlı qalmasını istəyir. Müqəddəs Kitaba əsasən, məsihi zinadan başqa heç bir səbəbə görə boşanıb başqası ilə evlənə bilməz (Mət. 19:5, 6, 9). Məsihilər münasibətlərini möhkəmləndirmək üçün əllərindən gələni etməlidirlər. Bununla onlar Yehovanın hakimiyyətini dəstəkləmiş olacaqlar.

19. Səhv iş tutanda nə etməliyik?

19 Günahlı olduğumuza görə bəzən Yehovanı kədərləndirən işlərə yol veririk. Yehova Allah da bunu bildiyi üçün İsa Məsihi günahlarımızın uğrunda fidyə verib. Buna görə də səhv iş tutanda Yehovadan əfv diləməliyik (1 Yəh. 2:1, 2). Özümüzü qınamaqdansa, səhvimizdən nəticə çıxarmalıyıq. Yehovaya bağlı qalsaq, O, bizi bağışlayacaq, bundan əlavə, ruhdan düşməməyə və gələcəkdə oxşar vəziyyətlərdə düzgün davranmağa kömək edəcək (Zəb. 103:3).

20. Nə üçün indi Yehovanın hakimiyyətinin tərəfini tutmağın əsl vaxtıdır?

20 Yeni dünyada hamımız Yehovanın hakimiyyəti altında yaşayacağıq və Onun saleh yolları haqda öyrənəcəyik (Əşy. 11:9). Elə bu günün özündə də çox şey öyrənirik. Tezliklə Yehovanın dünyanı idarə etməyə layiq olduğu sübuta yetiriləcək. Odur ki, indi Yehovanın hakimiyyətinin tərəfini tutmağın tam vaxtıdır. Gəlin nə qədər ki vaxt var əməllərimizlə, xidmətimizlə və Yehovadan örnək almaqla Onun hakimiyyətinin tərəfini tutaq.