Kontentə keç

Mündəricatı göstər

Yehovanın sadiq xidmətçilərindən örnək alın

Yehovanın sadiq xidmətçilərindən örnək alın

«Yehova səndən başqa nə istəyir ki?! İstəyir ki, ədalətlə davranasan, sədaqəti uca tutasan, Allahın önündə təvazökarlıqla yeriyəsən!» (MİK. 6:8).

NƏĞMƏ: 63, 43

1, 2. Davud Allaha sadiq olduğunu necə göstərdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

GECƏNİN bir aləmidir. 3000 nəfərlik qoşun dərin yuxuya qərq olub. Davudla Abşay səssiz-səmirsiz onların arasından keçib ordugahın ortasında bərk yuxuya gedən Talut padşahın yanına gəlir. Talut Yəhudiyyə çöllüyünə Davudu tapıb öldürmək üçün gəlib. Abşay Davuda pıçıldayır: «İcazə ver, bir nizə zərbəsilə onu [Talutu] yerə elə mıxlayım ki, ikinci dəfə vurmaq lazım gəlməsin». Davudun cavabı adamı mat qoyur! «Ona əl dəymə! Heç Allahın məsh olunmuşuna əl qaldıran günahsız qalar?.. Yehovanın məsh edilmişinə əl qaldırmağı ağlıma belə, gətirmərəm! Bu, Yehovaya ağır gedər!» (1 İşm. 26:8—12).

2 Davud çox gözəl bilirdi ki, Allaha sadiq olmaq nə deməkdir. Onun Taluta xətər yetirmək niyyəti yox idi. Talut Yehovanın məsh edilmişi, İsrailin padşahı idi. Yehovanın sadiq bəndələri Onun təyin etdiyi kəslərə hörmətlə yanaşmalıdırlar. Bəli, Yehova bütün xidmətçilərindən sədaqəti uca tutmağı tələb edir. (Mikə 6:8 ayəsini oxuyun.)

3. Abşay Davuda sadiq olduğunu necə göstərmişdi?

3 Abşay Davuda hörmətlə yanaşırdı. Təsəvvür edin, Davud Badsəba ilə zina etmişdi. Sonra əməlini ört-basdır etmək üçün Abşayın qardaşı Yuaba tapşırmışdı ki, Badsəbanın əri Uryayın ölümünü təşkil etsin (2 İşm. 11:2—4, 14, 15; 1 Saln. 2:16). Yəqin ki, Abşayın bundan xəbəri var idi. Buna baxmayaraq, o, Allahın təyin etdiyi padşah kimi Davuda hörmət edirdi. Üstəlik, Abşay heç vaxt ordudakı mövqeyindən istifadə edərək İsrail taxtını ələ keçirməyə çalışmırdı. Əksinə, Davudu xainlərdən və düşmənlərdən qoruyurdu (2 İşm. 10:10; 20:6; 21:15—17).

4. a) Davud Allaha sadiq olmaqda necə nümunə qoyub? b) Başqa hansı nümunələri nəzərdən keçirəcəyik?

4 Davudun Talut padşaha xətər yetirməməsi göstərdi ki, o, Yehovanın sadiq xidmətçisidir. Gənc vaxtı Davud filiştli Calutun var olan Allahın alaylarına çəkinmədən meydan oxuduğunu eşidəndə Yehovanın qeyrəti onu boğmuş və Calutun qarşısına çıxmışdı (1 İşm. 17:23, 26, 48—51). Padşah olandan sonra zina və qətl kimi ağır günahlar törədəndə o, Natan peyğəmbərin töhmətini qəbul etmiş və tövbə etmişdi (2 İşm. 12:1—5, 13). Davud ixtiyar çağında da Allaha sədaqətindən əl çəkməmişdi. Məsələn, Yehovanın məbədinin inşası üçün səxavətlə ianələr etmişdi (1 Saln. 29:1—5). Beləliklə, Davud ciddi günahlar etsə də, Allaha sadiq qalmışdı (Zəb. 51:4, 10; 86:2). Bu məqalədə Davudun və onun müasirlərinin nümunəsinə baxacağıq. Bu nümunələri nəzərdən keçirdikcə, yaxşı olardı ki, növbəti sualların üzərində düşünək: ən birinci kimə sadiq olmalıyıq? Sadiq olmaq üçün hansı xüsusiyyətlər tələb olunur?

ƏN BİRİNCİ KİMƏ SADİQ OLMALIYIQ?

5. Abşayın səhvindən nə öyrənirik?

5 Talutun ordugahında olanda Abşay sədaqət məsələsində düzgün mövqe tutmamışdı. Davuda sədaqətdən irəli gələrək o, Talut padşahı öldürmək istəyirdi. Ancaq Davud buna icazə vermədi. Davud başa düşürdü ki, «Yehovanın məsh edilmişinə» əl qaldırmaq düzgün olmazdı (1 İşm. 26:8—11). Bu əhvalatdan vacib bir dərs öyrənirik: bir neçə şəxsə sadiq olmaq təbii haldır. Amma biz ən birinci kimə sadiq qalmalı olduğumuzu müəyyənləşdirməliyik. Bunun üçünsə Müqəddəs Kitab prinsiplərini rəhbər tutmaq lazımdır.

6. Nəyə görə sədaqət məsələsində diqqətli olmalıyıq?

6 Sədaqət ürəkdən qaynaqlanır. Ürək isə xaindir (Ərm. 17:9). Məsələn, Allaha sadiq insanın yaxın dostu və ya qohumu günah işləyə bilər. Bu zaman onu həmin adama qarşı sədaqət hissi çulğaya bilər. Bizə doğma olan adam həqiqəti tərk edəndə yadda saxlamalıyıq ki, sədaqətə ən birinci Yehova layiqdir. (Mətta 22:37 ayəsini oxuyun.)

7. İki od arasında qalan bir bacı Yehovaya necə sadiq qala bildi?

7 Ailə üzvü yığıncaqdan kənar ediləndə insan iki od arasında qalır. Misal üçün, Anna [1] adlı bacıya yığıncaqdan kənar edilmiş anası zəng edib demişdi ki, onun yanına gəlmək istəyir, ailədən uzaq düşdüyü üçün əzab çəkir. Anasının belə yalvar-yaxar etməsi Annanın ürəyini ağrıtmışdı. O, söz vermişdi ki, ona məktub yazıb cavab verəcək. Məktub yazmazdan öncə Anna Müqəddəs Kitab prinsiplərinə yenidən nəzər salmışdı (1 Kor. 5:11; 2 Yəh. 9—11). Məktubda nəzakətlə anasına bildirmişdi ki, günah edib tövbə etməməsilə o, özü-özünü ailəsindən uzaqlaşdırıb. Anna yazmışdı: «Sənin əzabdan qurtulmağının yalnız bir yolu var. O da Yehovaya qayıtmaqdır» (Yaq. 4:8).

8. Hansı xüsusiyyətlər bizə Yehovaya sadiq qalmağa kömək edə bilər?

8 Davudun dövründə yaşayan sadiq insanlar təvazökar, mülayim və cəsarətli idilər. Bu xüsusiyyətlər bizə də Allaha sadiq qalmağa kömək edə bilər. Gəlin bunları bir-bir nəzərdən keçirək.

TƏVAZÖKARLIQ

9. Nəyə görə Abnur Davudu öldürməyə çalışırdı?

9 Davud əlində Calutun başı Talut padşahın hüzurunda durub onunla danışanda ən azı iki nəfər bunu görürdü. Onlardan biri Talutun oğlu Yonatan idi. O, Davudla əhd-peyman kəsib dost oldu. O biri isə ordu başçısı Abnur idi (1 İşm. 17:57—18:3). Sonralar Abnur Davudu öldürmək istəyən Taluta kömək edirdi. Davud yazmışdı: «Zalımlar canıma qəsd edir» (Zəb. 54:3; 1 İşm. 26:1—5). Bəs nəyə görə Yonatanın Davuda münasibəti Abnurunkundan bu qədər fərqlənirdi? Yonatan kimi, Abnur da bilirdi ki, Yehova Davudu İsrailin padşahı olmaq üçün seçib. Talut öləndən sonra Abnur təvazökarlıq göstərib Davudun tərəfini tuta bilərdi və beləliklə də Allaha sədaqətini sübut edərdi. Lakin o, Talutun oğlu İşboşetin tərəfini tutdu. Sonralar isə, çox güman ki, özü taxt-tacı ələ keçirmək istədi. Görünür, elə buna görə Talut padşahın cariyəsi ilə yaxınlıq etdi (2 İşm. 2:8—10; 3:6—11).

10. Nəyə görə Absalam Allaha sadiq deyildi?

10 Davudun oğlu Absalam təvazökar olmadığı üçün Allaha da sadiq deyildi. O, özü üçün cəng arabası və atlar hazırlamışdı, həmçinin qabağında qaçmağa əlli adam qoymuşdu (2 İşm. 15:1). Üstəlik, o, xalqın ürəyini ovlamışdı. Abnur kimi, Absalam da bilirdi ki, Yehova Davudu İsrailin padşahı təyin edib, buna baxmayaraq, onu öldürmək istəyirdi (2 İşm. 15:13, 14; 17:1—4).

11. Abnur, Absalam və Bərux barədə yazılanlardan özümüz üçün nə götürə bilərik?

11 Abnurun və Absalamın nümunəsi aydın göstərir ki, insan təvazökar olmayanda, yüksək mövqeyə can atanda ona Allaha sadiq qalmaq çətin olur. Sözsüz ki, Yehovanın sadiq xidmətçisi belə xudbin və pis yolu tutmayacaq. Lakin var-dövlət və ya prestijli iş arzusu məsihinin ruhaniliyinə xələl yetirə bilər. Müqəddəs Kitabda təfərrüatı ilə deyilməsə də, Ərəmyanın katibi Bərux bir ara başqa şeylər arzulamağa başlamışdı. Artıq Yehovaya xidmət etmək ona sevinc gətirmirdi. Yehova Bəruxa demişdi: «Mən bütün ölkəni — tikdiyimi dağıdıram, əkdiyimi qopardıram. Sənsə özün üçün böyük şeylər arzulayırsan. Arzulama» (Ərm. 45:4, 5). Bərux bu məsləhəti qəbul etmişdi. Yaxşı olardı ki, biz də Allahın bu sözlərini yadımızda saxlayaq. Axı Allah tezliklə bu şər dünyanı məhv edəcək.

12. Nəyə görə xudbin istəklərin dalınca düşsək, Allaha sadiq qala bilmərik?

12 Meksikada yaşayan Daniel Allahla öz xudbin istəklərinin arasında qalmışdı. O, imanına şərik olmayan bir qızla ailə qurmaq istəyirdi. Daniel deyir: «Mən öncül xidmətinə başlayandan sonra da qızla yazışırdım. Axırda özümü sındırıb məsələni bir təcrübəli ağsaqqala danışdım. O, mənə başa saldı ki, Allaha sadiq olmaq istəyirəmsə, gərək qıza daha yazmayım. Çoxlu dua etdikdən, göz yaşı tökdükdən sonra mən belə də etdim. Çox keçməmiş xidmətdən sevinc duymağa başladım». Sonralar Daniel yaxşı bir bacı ilə ailə qurdu. İndi o, rayon nəzarətçisi kimi xidmət edir.

MÜLAYİMLİK

Həmimanlınızın ciddi günah etdiyini bilsəniz, sədaqətlə onu ruhani kömək almağa təşviq edəcəksiniz? (14-cü abzasa baxın)

13. Davud günah işlədəndə Natan həm Allaha, həm də ona necə sadiq qaldı?

13 Yehovaya sadiq olsaq, başqalarına da sadiq olub onlara kömək edə bilərik. Natan peyğəmbər Allaha sədaqətini qoruya-qoruya Davud padşaha da sadiq qalmışdı. Davud zina edəndən və qadının ərinin qətlini təşkil edəndən sonra Yehova Natan peyğəmbəri göndərmişdi ki, gedib Davudu tənbeh etsin. Peyğəmbər Davuda sadiq olsa da, Yehovaya tabe olub cəsarətlə davrandı. Amma o, eyni zamanda ağılla hərəkət etdi və Davudla mülayim şəkildə danışdı. Davuda günahının nə dərəcədə ağır olduğunu göstərmək üçün bir əhvalat söylədi. Həmin əhvalatda bir kasıbın vur-tut bircə quzusu olur, varlı kişi isə öz heyvanlarına qıymayıb onun quzusunu kəsir. Davud varlının haqsız əməlinə görə qəzəblənəndə Natan ona dedi: «Həmin adam sənsən!» Davud mətləbi anladı! (2 İşm. 12:1—7, 13).

14. Siz həm Yehovaya, həm də dostunuza və ya qohumunuza necə sadiq qala bilərsiniz?

14 İki od arasında qalanda mülayimlik sizə kömək edə bilər. Məsələn, tutaq ki, hansısa həmimanlının ciddi günah işlətdiyini dəqiq bilirsiniz. Sizə elə gələ bilər ki, ona sadiq qalmalısınız. Əgər o, sizin yaxın dostunuz və ya qohumunuzdursa, bu hiss sizdə lap güclü ola bilər. Amma günahı ört-basdır etsəniz, Allaha sədaqətsizlik göstərəcəksiniz. Halbuki siz ən birinci Yehovaya sadiq olmalısınız. Ona görə də Natan peyğəmbər kimi, mülayim, eyni zamanda qəti olun. Dostunuzu, yaxud qohumunuzu ağsaqqallardan kömək istəməyə təşviq edin. Əgər müəyyən vaxt ərzində o, bunu etməsə, onda Allaha sədaqətdən irəli gələrək özünüz məsələni ağsaqqallara danışmalısınız. Belə etməklə siz həm Yehovaya sadiq qalacaqsınız, həm də dostunuza, qohumunuza yaxşılıq edəcəksiniz. Axı məsihi ağsaqqallar onu mülayimcəsinə düzəltməyə çalışacaqlar. (Lavililər 5:1; Qalatiyalılara 6:1 ayələrini oxuyun.)

CƏSARƏT

15, 16. Nəyə görə Xuşay Allaha sadiq qalmaq üçün cəsarətli olmalı idi?

15 Allaha sadiq qalmaq üçün Xuşay cəsarətli olmalı idi. Xuşay Davud padşahın vəfalı dostu idi. Ancaq Davudun oğlu Absalam xalqın ürəyini ələ alanda, Yerusəlimi və taxt-tacı tutmaq istəyəndə onun sədaqəti sınağa çəkildi (2 İşm. 15:13; 16:15). Davud şəhərdən qaçdı. Bəs görəsən Xuşay nə edəcəkdi? İndi Absalamın tərəfinə keçib ona sadiq qalacaqdı, yoxsa başını götürüb qaçan qoca padşahın yanında olacaqdı? Xuşay Allahın təyin etdiyi padşaha sadiq qalmağa əzmli idi. O, Zeytun dağında Davudun qabağına çıxdı (2 İşm. 15:30, 32).

16 Davud Xuşaydan xahiş etdi ki, Yerusəlimə qayıtsın, özünü Absalamın dostu kimi aparsın və Əxtufilin məsləhətini heçə çıxartsın. Xuşay həyatını oda atıb Yehovaya sadiq qaldı və Davudun xahişini yerinə yetirdi. Davud necə dua etmişdisə, elə də oldu, Xuşay Əxtufilin məsləhətini heçə çıxartdı (2 İşm. 15:31; 17:14).

17. Allaha sadiq olmaq üçün nəyə görə cəsarət lazımdır?

17 Biz də Yehovaya sadiq qalmaq üçün cəsarətli olmalıyıq. Çoxlarımız Allaha sadiq qalmaq üçün ailə üzvlərimizin, iş yoldaşlarımızın, hökumət nümayəndələrinin təzyiqi qarşısında mətin qalırıq. Məsələn, Yaponiyada Taro adlı qardaş uşaqlıqdan valideynlərinə qulaq asmış, onlara itaət etmişdi. O, bunu sadəcə borc hissindən irəli gələrək etmirdi. O, həqiqətən də valideynlərini sevindirmək istəyirdi. Ancaq sonralar Taro Yehovanın Şahidləri ilə tanış oldu. Valideynləri Taronun onlarla oturub-durmasına qarşı çıxdılar. Taroya yığıncaqlara getmək qərarına gəldiyini onlara demək çox çətin idi. O deyir: «Onlar elə qəzəblənmişdilər ki, illərlə mənə evə gəlməyi qadağan etdilər. Mən qərarımın üstündə durmaq üçün dua edib Allahdan cəsarət istəyirdim. İndi xeyli yumşalıblar. Mən tez-tez onlara baş çəkirəm». (Məsəllər 29:25 ayəsini oxuyun.)

18. Bu məqalədən nə öyrəndiniz?

18 Gəlin biz də, Davud, Yonatan, Natan və Xuşay kimi, Allaha sadiq olub, bunun gətirdiyi böyük sevinci dadaq. Eyni zamanda Abnur və Absalamın sədaqətsizliyindən özümüzə ibrət dərsi götürək. Sözsüz ki, biz də, Davud kimi, Yehovaya bağlı qalmaq istəyirik. Düzdür, biz qeyri-kamil insanlarıq, buna görə də səhvlərdən tam qaça bilmərik. Ancaq sübut edə bilərik ki, Yehovaya sədaqət ürəyimizdə birinci yerdədir.

^ [1] (7-ci abzas) Bəzi adlar dəyişdirilib.