Kontentə keç

Mündəricatı göstər

Yehova onu «dostum» adlandırdı

Yehova onu «dostum» adlandırdı

«Sən isə, ey İsrail, Mənim qulumsan. Sən, ey Yaqub, ey Mənim seçilmişim, ey dostum İbrahimin övladı» (ƏŞY. 41:8).

NƏĞMƏ: 91, 22

1, 2. a) Haradan bilirik ki, insanlar Allahla dost ola bilər? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?

BEŞİKDƏN məzaradək bizim ən çox ehtiyac duyduğumuz şey məhəbbətdir. İnsanlar məhəbbətə möhtacdırlar. Burada söhbət təkcə romantik məhəbbətdən getmir. Biz həmişə dostluğa, yaxın münasibətə can atırıq. Amma elə bir məhəbbət var ki, ona lap çox ehtiyac duyuruq. Bu, Yehovanın məhəbbətidir. Çoxları təsəvvür edə bilmir ki, göylərdə yaşayan gözəgörünməz, Qadir Allahla yaxın dost olmaq necə mümkündür. Ancaq biz bunun tam əksini düşünürük.

2 Müqəddəs Kitabdan oxuyuruq ki, qeyri-kamil insanlar Allahla dost olub. Onların nümunəsi üzərində düşünmək vacibdir. Çünki Allahla dost olmaq həyatımızın ən ümdə məqsədidir. Bu cür dostluğa nail olan insanların içində ən gözəl nümunə İbrahim peyğəmbərdir. (Yaqub 2:23 ayəsini oxuyun.) Bəs necə olmuşdu ki, İbrahim Yehova ilə yaxın münasibət qura bilmişdi? Onların dostluğunun əsasını iman təşkil edirdi (Rom. 4:11). Gəlin görək İbrahimin imanı onun Allahla dostlaşmağına necə kömək etmişdi. Yaxşı olardı ki, hər birimiz özümüzdən soruşaq: «Mən İbrahim peyğəmbərin imanını necə örnək ala bilərəm və Yehova ilə dostluğumu necə möhkəmləndirə bilərəm?»

İBRAHİM PEYĞƏMBƏR ALLAHLA DOST OLUR

3, 4. a) İbrahim hansı iman sınağı ilə üzləşmişdi? b) Nəyə görə İbrahim İshaqı qurban gətirməyə hazır idi?

3 Qoca bir kişi dağın ətəyi ilə ağır-ağır üzüyuxarı addımlayır. Bu, onun həyatının ən ağır səfəridir. Məsələ onun ahıl yaşda olmağında deyil. Onun təxminən 125 yaşı olsa da, hələ də gümrahdır. Söhbət İbrahim peyğəmbərdən gedir. [1] Arxadan haradasa 25 yaşında, kürəyində odun daşıyan cavan bir oğlan gəlir. Bu, onun oğlu İshaqdır. İbrahim isə özü ilə bıçaq və od qalamaq üçün lazım olan şeyləri götürüb. Yehova ona oğlunu qurban gətirməyi buyurub! (Yar. 22:1—8).

4 Bu, İbrahim üçün ən böyük iman sınağı idi. Bəziləri deyirlər ki, İbrahimə belə bir şeyi buyurmaq Allahın tərəfindən qəddarlıq idi. Başqaları isə deyir ki, İbrahim oğlunu sevmir və Allaha kor-koranə itaət edirdi. Belə fikirləşən insanların əslində imanı yoxdur və onlar imanın nə demək olduğunu başa düşmürlər (1 Kor. 2:14—16). İbrahim Allaha kor-koranə itaət etmirdi. Əksinə, o, iman gözləri ilə görürdü ki, səmavi Atası Yehova heç vaxt sadiq bəndələrindən onlara sağalmaz yara vuracaq bir şey tələb etməz. O, bilirdi ki, əgər Allaha itaət etsə, Allah ona da, oğluna da xeyir-dua verəcək. Bəs bu imanın əsasında nə dururdu? Bilik və təcrübə.

5. İbrahim Yehova haqda haradan öyrənmişdi və öyrəndikləri ona necə təsir etmişdi?

5 Bilik. İbrahim Kəldanın bütpərəstliklə dolu Ur şəhərində böyümüşdü. Bununla belə, o, Yehova Allahı tanıyırdı. Bəs atası Tarixin bütpərəst olduğunu nəzərə alsaq, bu, necə mümkün olmuşdu? (Yuş. 24:2). Müqəddəs Kitabda bu suala konkret cavab olmasa da, göstərilir ki, İbrahim Nuhun oğlu Samın doqquzuncu nəsli idi. Böyük iman sahibi olan Sam İbrahimin təxminən 150 yaşına qədər yaşamışdı. İbrahimin Yehova haqda məhz Samdan öyrəndiyini dəqiq bilmirik. Lakin əminliklə deyə bilərik ki, Sam Yehova haqda bildiklərini öz ailəsinə danışmışdı. Görünür, İbrahim də Yehova haqda bu yolla öyrənmişdi. Öyrəndiyi şeylər onun ürəyinə həkk olunmuş, qəlbində Allaha qarşı məhəbbət oyatmış və iman hasil etmişdi.

6, 7. İbrahimin başına gələnlər onun imanını necə möhkəmləndirmişdi?

6 Təcrübə. İbrahimin qazandığı təcrübə onun Yehovaya imanını möhkəmləndirmişdi. Bəs o, bu təcrübəni necə qazanmışdı? Adətən deyirlər ki, düşüncələrdən hisslər, hisslərdən isə əməllər doğur. İbrahimin Yehova haqqında öyrəndikləri qəlbində «yeri-göyü yaradan Allah-Taala» Yehovaya dərin ehtiram, hörmət hissi yaratmışdı (Yar. 14:22). Müqəddəs Kitabda bu hiss Allah qorxusu adlanır və Onunla dost olmaq üçün bu, mütləqdir (İbr. 5:7; Zəb. 25:14). İbrahimi Yehovaya itaət etməyə məhz bu hiss təşviq etmişdi.

7 Allah yaşlı İbrahim və Saraya Ur şəhərindən çıxıb yad diyara köçməyi buyurmuşdu. Onlar yerdə qalan ömürlərini çadırlarda yaşamalı idilər. İbrahim Allahın bu göstərişinə boyun əydi, beləliklə də Allahın ona mükafat verməsi, onu hifz etməsi üçün yol açdı. Misal üçün, İbrahim qorxurdu ki, gözəl həyat yoldaşı Saranı əlindən alarlar, özünü isə öldürərlər. Bu qorxu əsassız deyildi. Ancaq o, bu cür narahatçılıqlara görə Yehovaya itaət etməkdən boyun qaçırmadı. Yehova da iki dəfə işə qarışıb möcüzəvi şəkildə İbrahimlə Saranı qorudu (Yar. 12:10—20; 20:2—7, 10—12, 17, 18). Bu hadisələr İbrahimin imanını möhkəmləndirdi.

8. Yehova ilə dostluğumuzu möhkəmləndirmək üçün lazım olan bilik və təcrübəni necə qazana bilərik?

8 Biz də Allahla dost ola bilərik. Bunun üçün bizə də bilik və təcrübə lazımdır. Bunu isə asanlıqla əldə etmək mümkündür. Müqəddəs Kitab dərin hikmət xəzinəsidir. Bizdən fərqli olaraq, İbrahimdə bu xəzinənin kiçik bir zərrəsi var idi (Dən. 12:4; Rom. 11:33). Müqəddəs Kitabda yeri-göyü yaradan Allah haqqında çox şey yazılıb. Bu elmə yiyələndikcə ürəyimizdə Yehovaya məhəbbət və ehtiram yaranır. Bu hisslər isə bizi Allaha itaət etməyə təşviq edir. İtaət edəndə Allahın bizi qoruduğunu, bizə mükafat verdiyini görürük. Beləliklə də təcrübə qazanırıq. Başa düşürük ki, Allaha sidqi-ürəkdən xidmət etmək insana məmnunluq, qəlb rahatlığı və sevinc gətirir (Zəb. 34:8; Məs. 10:22). Biliyimiz və təcrübəmiz çoxaldıqca Yehovaya imanımız artır, Onunla dostluğumuz möhkəmlənir.

İBRAHİM PEYĞƏMBƏR ALLAHLA DOSTLUĞUNU QORUYUR

9, 10. a) Dostluğu möhkəmləndirmək üçün nə lazımdır? b) İbrahimin Yehova ilə dostluğunu qiymətləndirdiyini və möhkəmləndirdiyini nə göstərir?

9 Dostluq qiymətli xəzinədir. (Məsəllər 17:17 ayəsini oxuyun.) Lakin bu, elə xəzinə deyil ki, onu pulla əldə edib harasa qoyasan, üstünü toz bassın. Dostluğu bitkiyə bənzətmək olar. Necə ki, bitkinin böyüməsi üçün ona qulluq etmək lazımdır, dostluğun da möhkəmlənməsi üçün zəhmət çəkmək lazımdır. İbrahim Yehova ilə dostluğunu daim möhkəmləndirirdi, onu qoruyurdu. Gəlin görək necə.

10 İbrahim fikirləşmirdi ki, əvvəllər Allahdan qorxması, Allaha itaət etməsi ona bəs edər. Ev əhli ilə birlikdə Kənana köçəndən sonra da o, kiçikdən tutmuş böyüyədək bütün məsələlərdə Yehovanın dediyi kimi qərar verirdi. İshaqın doğulmasından bir il əvvəl, İbrahimin 99 yaşı olanda Yehova ona evindəki bütün kişiləri sünnət etməyi tapşırdı. İbrahim bu əmrə tabe olmağa tərəddüd etmədi, bəhanə axtarmağa başlamadı. O, Allaha etibar etdi və elə «həmin gün» Onun sözünü yerinə yetirdi (Yar. 17:10—14, 23).

11. Nə üçün İbrahim Sədum və Əmurə şəhərlərinə görə narahat olurdu və Yehova ona necə kömək etdi?

11 İbrahim hətta xırda məsələlərdə də Yehovaya itaət etdiyinə görə Onunla dostluğu möhkəmlənirdi. O, çəkinmədən ürəyini Yehovaya açırdı, barışa bilmədiyi məsələlərdə Ondan kömək diləyirdi. Misal üçün, Allahın Sədum və Əmurə şəhərlərini məhv edəcəyini biləndə o narahat oldu ki, birdən saleh insanlar da pislərin güdazına gedər. Ola bilsin, İbrahim Sədumda yaşayan qardaşı oğlu Luta və ailəsinə görə narahat idi. İbrahim «bütün dünyanın Hakimi» olan Yehovaya etibar edirdi. Buna görə də narahatçılığını hörmətcil şəkildə Ona bildirdi. Yehova səbirlə İbrahimə mərhəmətli olduğunu, ürəkləri gördüyünü, hətta hökm vaxtında belə, sadiq bəndələrini axtarıb-tapdığını, onları qoruduğunu başa saldı (Yar. 18:22—33).

12, 13. a) İbrahimin biliyi və təcrübəsi sonralar ona necə kömək etdi? b) İbrahimin Yehovaya etibar etdiyini nə göstərir?

12 Şübhəsiz, öyrəndiyi şeylər və başına gələn hadisələr İbrahim peyğəmbərə Yehova Allahla dostluğunu möhkəm saxlamağa kömək edirdi. Sonralar çətin sınaqla üzləşəndə, Yehova ona oğlu İshaqı qurban gətirməyi buyuranda İbrahim səmavi Dostunun necə Allah olduğu barədə düşündü. Gəlin yenidən İbrahimin Muriyyə torpağında ağır-ağır dağa qalxdığı məqama qayıdaq. Bəlkə, o fikirləşirdi ki, Yehova birdən-birə dəyişib rəhmsiz olub? Əsla! İbrahim bu fikri ağlına belə gətirmirdi. Bunu haradan bilirik?

13 Onunla gələn nökərlərdən ayrılanda İbrahim demişdi: «Siz ulaqla burada qalın, oğlumla mən isə ora gedək, ibadət edib qayıdacağıq» (Yar. 22:5). İbrahim bu sözlərlə nəyi nəzərdə tuturdu? O, İshaqı qurban verəcəyini bildiyi halda, İshaqın qayıdacağını deməklə nökərlərinə yalan danışırdı? Xeyr. Müqəddəs Kitabdan həmin an İbrahimin nə düşündüyünü öyrənə bilərik. (İbranilərə 11:19 ayəsini oxuyun.) İbrahim «belə qənaətə gəldi ki, oğlu ölsə də, Allah onu diriltməyə qadirdir». Bəli, İbrahim dirilməyə inanırdı. O bilirdi ki, Yehova qoca vaxtında onun və Saranın nəsilartırma qabiliyyətini bərpa etmişdi (İbr. 11:11, 12, 18). İbrahim başa düşürdü ki, Yehova üçün mümkün olmayan şey yoxdur. Ona görə də əmin idi ki, həmin o ağır gündə nə baş verirsə-versin, oğlu yenidən həyata qayıdacaq. Axı Yehovanın vədləri həyata keçməyə bilməz. Təəccüblü deyil ki, İbrahim «iman gətirənlərin atası» adlanır.

14. Yehovaya xidmətdə hansı çətinliklərlə üzləşirsiniz və İbrahimin nümunəsi sizə necə kömək edə bilər?

14 Bəs bizim barəmizdə nə demək olar? Düzdür, Yehova bizdən belə şey tələb etmir. Ancaq O istəyir ki, çətin olsa da və ya səbəbini başa düşməsək də, Onun əmrlərinə tabe olaq. Heç elə olubmu ki, Yehovanın dediyi şeyi etmək sizə çətin olsun? Bəzilərinə təbliğ etmək çətindir. Ola bilsin, onlar utancaqdırlar və tanımadıqları adamlara yaxınlaşıb müjdəni çatdırmağa çətinlik çəkirlər. Bir başqaları üçün məktəbdə və ya işdə hamıdan fərqlənmək çətindir (Çıx. 23:2; 1 Salon. 2:2). Nə vaxtsa sizə elə gəlibmi ki, aldığınız tapşırıq gücünüz xaricindədir? Özünüzü İbrahim peyğəmbər kimi hiss etmisiniz, sanki, ağır-ağır Muriyyə torpağında dağa qalxırsınız. Əgər belədirsə, İbrahim haqda, onun imanı barədə düşünün. Bu, sizə cəsarət verəcək. Sadiq kişi və qadınların nümunəsi üzərində düşündükcə siz də onlara bənzəmək və Yehova Allahla dost olmaq istəyəcəksiniz (İbr. 12:1, 2).

BU DOSTLUĞUN MÜKAFATI BÖYÜKDÜR

15. Nəyə görə deyə bilərik ki, İbrahim Yehovaya itaət etdiyinə görə heç vaxt peşman olmamışdı?

15 Sizcə, İbrahim Yehovaya sədaqətlə itaət etdiyi üçün nə vaxtsa peşman olmuşdu? Görün Müqəddəs Kitabda onun həyatının sonu haqda nə yazılıb: «[İbrahim] uzun ömür sürəndən sonra həyatdan doymuş halda dünyadan köçdü» (Yar. 25:8). 175 yaşına çatanda İbrahimin gücü tükəndi. Ancaq o, boylanıb ömrünün səhifələrinə baxanda məmnunluq duyurdu. Onun bütün həyatı Yehova Allahla dostluğun ətrafında cövlan etmişdi. Bir şeyi qeyd etmək lazımdır ki, İbrahimin həyatdan doymuş halda dünyadan köçməsi məcazi məna daşıyır. Bu, o demək deyil ki, o, gələcəkdə yaşamaq istəmirdi.

16. Cənnətdə İbrahim nələrə görə sevinəcək?

16 Müqəddəs Kitabda İbrahim barədə deyilir: «O, memarı və inşaatçısı Allah olan, əsil bünövrə üzərində tikilmiş şəhəri gözləyirdi» (İbr. 11:10). İbrahim inanırdı ki, vaxt gələcək həmin şəhərin, Allahın Padşahlığının bütünlüklə yer üzünü idarə edəcəyi günü görəcək. Bəli, o, bunu mütləq görəcək! Təsəvvür edin, İbrahim Cənnətdə yaşayanda və Allahla dostluğunu daha da möhkəmləndirəndə necə sevinəcək. İmanı ilə qoyduğu nümunənin minilliklər ərzində Yehovanın xidmətçilərinə kömək etdiyini biləndə necə mütəəssir olacaq. Həmçinin o, Cənnətdə biləcək ki, İshaqın ona geri qaytarılması rəmzi məna daşıyıb daha böyük hadisəni təmsil edirdi (İbr. 11:19). Bundan əlavə öyrənəcək ki, oğlu İshaqı qurban gətirməyə hazırlaşarkən onun ata qəlbinin çəkdiyi iztirablar Yehovanın Öz Oğlu İsa Məsihi fidyə qurbanlığı kimi təqdim edərkən çəkdiyi əzabları təsəvvür etməyə milyonlarla insana kömək etmişdi (Yəh. 3:16). İbrahimin nümunəsi bizə fidyəni daha çox dəyərləndirməyə kömək edir. Fidyə bəşər tarixində məhəbbətin ən böyük təzahürüdür.

17. Siz nə etməyə qətiyyətlisiniz və növbəti məqalədə nəyi nəzərdən keçirəcəyik?

17 Gəlin hər birimiz İbrahimin imanından örnək alaq. Biz Yehovanı yaxından tanıdıqca həmişə nöqsansız həyat sürəcəyik və hər dəfə öz təcrübəmizdə görəcəyik ki, Ona sədaqətlə xidmət etməyin mükafatı böyükdür. (İbranilərə 6:10—12 ayələrini oxuyun.) Qoy Yehova əbədiyyən bizim Dostumuz olsun! Növbəti məqalədə Yehova ilə dost olan daha üç sadiq insanın nümunəsini nəzərdən keçirəcəyik.

^ [1] (3-cü abzas) Əvvəllər İbrahimin adı İbram, arvadının adı isə Saray idi. Ancaq bu məqalədə biz onları Yehovanın sonradan verdiyi adlarla — İbrahim və Sara adı ilə adlandıracağıq.