Kontentə keç

Mündəricatı göstər

«Allahımız Yehova tək olan Yehovadır»

«Allahımız Yehova tək olan Yehovadır»

«Dinlə, ey İsrail: Allahımız Yehova tək olan Yehovadır» (QAN. 6:4).

NƏĞMƏ: 138, 2

1, 2. a) Qanunun təkrarı 6:4 ayəsindəki sözləri çoxları haradan bilir? b) Musa peyğəmbər bu sözləri hansı məqsədlə demişdi?

QANUNUN TƏKRARI 6:4 ayəsindəki sözlər yəhudilərin əsrlər boyu söylədiyi duanın bir hissəsidir. Bu dua «Şma» adlanır. «Şma» ayənin ilk sözüdür. Allaha sədaqətlərini sübut etmək üçün mömin yəhudilər gündə iki dəfə, səhər və axşam bu duanı oxuyurlar.

2 Musa peyğəmbər bu sözləri eramızdan əvvəl 1473-cü ildə, Muab çöllüyündə toplaşmış israillilərə demişdi. Xalq İordan çayını keçib Vəd olunmuş diyara daxil olmaq üzrə idi (Qan. 6:1). Xalqa 40 il rəhbərlik edən Musa peyğəmbər onların irəlidəki çətinlikləri cəsarətlə qarşılamasını istəyirdi. Bunun üçün israillilər Yehovaya arxalanmalı və Ona sadiq qalmalı idilər. Sözsüz ki, peyğəmbərin sözləri xalqa güclü təsir bağışlamışdı. O, On əmri və digər qaydaları xatırladandan sonra Qanunun təkrarı 6:4, 5 ayələrində yazılan təsirli sözləri demişdi. (Ayələri oxuyun.)

3. Bu məqalədə hansı sualları araşdıracağıq?

3 Məgər Musa peyğəmbərin bu sözlərini eşidən yəhudilər Yehovanın tək olduğunu bilmirdilər? Əlbəttə bilirdilər. Sadiq yəhudilər yalnız bir Allahı, əcdadları İbrahim, İshaq və Yaqubun Allahını tanıyır və yalnız Ona ibadət edirdilər. Bəs onda nəyə görə Musa onlara demişdi ki, Allahları «Yehova tək olan Yehovadır»? Yehovanın tək olması fikri ilə 5-ci ayədə yazılan «Yehovanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən» sözləri arasında bağlılıq varmı? Qanunun təkrarı 6:4, 5 ayələrində yazılan sözlərin bizə hansı aidiyyəti var?

YEHOVA TƏK OLAN ALLAHDIR

4, 5. a) «Tək» sözünün mənalarından biri hansıdır? b) Yehova Allah digər allahlardan nədə fərqlənir?

4 Tayı-bərabəri olmayan Allah. İbrani dilində və bir çox dillərdə «tək» sözü həm sayı bildirir, həm də başqa mənalarda işlənir. Məsələn, tayı-bərabəri olmayan, bənzərsiz mənasını daşıyır. Musa bu sözləri üçallahlığı təkzib etmək məqsədilə deməmişdi. Yehova yerin-göyün Yaradanıdır, hər şeyin Hökmdarıdır. Onun tayı-bərabəri yoxdur, O tək olan Allahdır (2 İşm. 7:22). Musa bu sözlərlə israillilərə xatırladırdı ki, onlar yalnız və yalnız Yehova Allaha ibadət etməlidirlər. Onlar yalançı allahlara ibadət edən ətraf xalqların ardınca getməməli idilər. Bu xalqlar həmin allahların təbiət qüvvələrini idarə etdiyini düşünürdülər.

5 Misal üçün, misirlilər günəş allahı Raya, səma allahı Nuta, yer allahı Gebə, Nil allahı Hapiyə və müqəddəs saydıqları çoxsaylı heyvanlara ibadət edirdilər. Yehova Allah Misirin üzərinə on bəla göndərməklə bu tanrıların heç olduğunu sübut etdi. Kənanilərin baş allahı Baal məhsuldarlıq allahı, həmçinin səma, yağış və fırtına allahı sayılırdı. Bir çox ərazilərdə isə insanlar Baalın onları qoruduğuna inanırdılar (Say. 25:3). İsraillilər yaddan çıxartmamalı idilər ki, onların Allahı «tək olan Yehovadır» (Qan. 4:35, 39).

6, 7. «Tək» sözünün digər mənası nədir və Yehova bu mənada «tək» olduğunu necə sübut etdi?

6 Dəyişməz və vəfalı Allah. «Tək» sözü həmçinin sözdə və əməldə doğru, dəyişməz olmağı bildirir. Yehova Allah gündə bir fikrə düşən insanlar kimi dəyişkən deyil. O, etibarlı, dəyişməz və vəfalı Allahdır, O, heç vaxt yalan danışmır. Yehova İbrahim peyğəmbərə söz vermişdi ki, onun nəsli Vəd olunmuş diyara sahib olacaq və bu vədini yerinə yetirmək üçün O, çox möhtəşəm işlər gördü. Yehova bu vədi 430 ildən sonra yerinə yetirdi. Bəli, bu illər ərzində Allah fikrini dəyişməmişdi, O, verdiyi sözün üstündə durdu (Yar. 12:1, 2, 7; Çıx. 12:40, 41).

7 Əsrlər sonra Yehova israilliləri şahid seçəndə Özünün «həmişə eyni» olduğunu vurğulayaraq demişdi: «Nə Məndən qabaq, nə də Məndən sonra Allah mövcud olmayıb». Yehova hər zaman sözünün üstündə durduğunu təsdiq etmək üçün əlavə etmişdi: «Mən həmişə eyniyəm» (Əşy. 43:10, 13; 44:6; 48:12). Sadiq və dəyişməz olan Yehova Allahın xidmətçisi olmaq həm israillilər, həm də bizim üçün böyük şərəfdir! (Məl. 3:6; Yaq. 1:17).

8, 9. a) Yehova xidmətçilərindən nə tələb edir? b) İsa Məsih Musa peyğəmbərin dediyi sözləri necə təsdiq etmişdi?

8 Bu sözlərlə Musa israillilərə xatırlatdı ki, Yehovanın onlara bəslədiyi məhəbbət dəyişməyib və O, həmişə onların qayğısına qalacaq. İsraillilər isə, öz növbəsində, Yehovanı bütün qəlbləri, bütün varlıqları və bütün gücləri ilə sevməli və yalnız Ona ibadət etməli idilər. Valideynlər hər fürsətdən istifadə edib övladlarına Allaha məhəbbət aşılamalı idilər ki, onlar da Allaha sadiq qala bilsinlər (Qan. 6:6—9).

9 Yehova Allah sözündə sabit olduğu kimi, tələblərində də sabit və dəyişməzdir. O bu gün də Ona ibadət edənlərdən eyni şeyləri tələb edir. İbadətimizin Allaha məqbul olmasını istəyiriksə, biz də Ona tam sədaqət göstərməli və Onu bütün qəlbimizlə, bütün ağlımızla və var gücümüzlə sevməliyik. İsa Məsih də bunun vacibliyini vurğulamışdı. (Mark 12:28—31 ayələrini oxuyun.) Gəlin görək «Allahımız Yehova tək olan Yehovadır» sözlərinin mənasını, həqiqətən də, dərk etdiyimizi hərəkətlərimizlə necə göstərə bilərik.

YEHOVAYA TAM SƏQADƏT GÖSTƏRİN

10, 11. a) Yehovaya sədaqətli olduğumuzu necə göstərməliyik? b) Dənyal və üç dostu Yehovaya sadiq olduqlarını necə göstərdilər?

10 Yehovanın bizim üçün tək Allah olduğunu sübut etmək üçün Ona tam sədaqət göstərməliyik. Buna görə də biz eyni vaxtda həm Yehovaya, həm də başqa allahlara ibadət etməməliyik, ibadətimizi yalan dinin təlimləri və ayinləri ilə ləkələməməliyik. Unutmayaq ki, Yehova nə çoxsaylı allahlardan biri, nə də onların arasında ən güclüsü, ən alisidir, Yehova yeganə, tək olan Allahdır. Biz yalnız Ona ibadət etməliyik. (Vəhy 4:11 ayəsini oxuyun.)

11 «Dənyal» kitabında Dənyal, Hənaniyyə, Müsail və Əzriya adlı dörd ibrani gənc haqda yazılıb. Onlar Yehovaya sədaqətli olduqlarını təkcə haram buyrulan yeməklərdən imtina etməklə yox, həmçinin Navuxodonosorun düzəltdiyi qızıl heykələ baş əyməməklə də göstərdilər. Yehova bu dörd gənc üçün hər şeydən üstün idi; onlar ibadət məsələsində güzəştə getmək fikrində deyildilər (Dən. 1:1—3:30).

12. Yehovaya sadiq qalmaq üçün özümüzü nədən gözləməliyik?

12 Yehovaya sadiq qalmaq üçün, biz yol verməməliyik ki, nə isə həyatımızda Onun yerini tutsun. Bəs bu nə ola bilər? Yehovanın verdiyi On əmrdə aydın şəkildə deyilirdi ki, israillilər başqa allahlara sitayiş etməməli və bütpərəstliyin heç bir növünə qarışmamalıdırlar (Qan. 5:6—10). Bu gün bütpərəstliyin çoxlu növü var, onlardan bəzilərini dərhal sezmək olmur. Yehovanın tələbləri dəyişməyib. O, bu gün də «tək olan Yehovadır». Gəlin görək bu sözlərin bizə hansı aidiyyəti var.

13. Qəlbimizdə Yehovaya məhəbbətin yerini nə tuta bilər?

13 Koloslulara 3:5 ayəsində məsihilərin Yehova ilə münasibətlərini poza biləcək şeylər haqda yazılıb. (Ayəni oxuyun.) Diqqət yetirin ki, bu ayədə tamahkarlıq bütpərəstliyə bərabər tutulur. Çünki insanın arzuları, məsələn, var-dövlət qazanmaq, dəbdəbəli yaşamaq arzusu ona elə hakim kəsilə bilər ki, bu arzu onun allahına çevrilər. Həmçinin ayəyə bütövlüklə nəzər salanda görmək olar ki, orada adı çəkilən digər günahlı əməllər də, müəyyən mənada, tamahkarlıqla, yəni bütpərəstliklə bağlıdır. Əgər qəlbimizdə bu kimi şeylərə güclü istək varsa, onlara məhəbbət Allaha bəslədiyimiz məhəbbətin yerini tuta bilər. Bu arzuların bizə üstün gəlməsinə yol versək, onda deyə bilməyəcəyik ki, Yehova bizim üçün «tək olan Yehovadır». Məgər bütün bu şeylər bu qurbana dəyər?

14. Həvari Yəhyanın sözləri bizə nəyi başa düşməyə kömək edir?

14 Həvari Yəhya da eyni fikri vurğulamışdı. O demişdi ki, dünyadakı şeyləri sevən, yəni cismin və gözlərin istəyinin əsiri olan, varını nümayişə qoyan insanın «qəlbində Ataya məhəbbət yoxdur» (1 Yəh. 2:15, 16). Buna görə də ürəyimizi müntəzəm olaraq yoxlamalıyıq, görək dünyadakı əyləncə, insanlar, geyim tərzi bizi cəlb eləmir? «Böyük şeylər» əldə etmək üçün ali təhsilə can atmaq da dünyanı sevdiyimizi göstərir (Ərm. 45:4, 5). Biz vəd olunmuş yeni dünyanın astanasındayıq. Buna görə də Musa peyğəmbərin dediyi sözləri qulağımızda sırğa etməliyik! Əgər biz «Allahımız Yehova tək olan Yehovadır» sözlərinin mənasını tam başa düşür və buna sidqi-ürəkdən inanırıqsa, var gücümüzlə çalışacağıq ki, Yehovaya sadiq qalaq və Ona məqbul şəkildə ibadət edək (İbr. 12:28, 29).

ARANIZDAKI BİRLİYİ QORUYUN

15. Nəyə görə həvari Bulus məsihilərə xatırlatmışdı ki, onlar üçün bir Allah var?

15 Yehovanın tək olması həmçinin o deməkdir ki, O, Öz xidmətçilərindən birlik içində yaşamağı və eyni məqsədə can atmağı tələb edir. Birinci əsrdə məsihi yığıncağı yəhudilərdən, yunanlardan, romalılardan və digər xalqlardan ibarət idi. Məsihi olmazdan əvvəl onların hər birinin öz dini, adət-ənənəsi və özünə xas xasiyyəti var idi. Buna görə də bəzilərinə yeni dinin tələblərinə uyğun yaşamaq çətin idi. Bunu bilən həvari Bulus onlara xatırlatdı ki, məsihilər üçün tək bir Allah var, O da Yehovadır. (1 Korinflilərə 8:5, 6 ayələrini oxuyun.)

16, 17. a) Bizim günlərdə hansı peyğəmbərlik yerinə yetir və bu nədən görünür? b) Aramızdakı birliyi nə poza bilər?

16 Bəs bu gün yığıncaqlarda vəziyyət necədir? Əşiya peyğəmbər yazmışdı ki, «zamanın sonunda» bütün xalqlar Yehovanın dağına, yəni həqiqi ibadətə axışacaq. Onlar deyəcəklər: «[Yehova] bizə yolunu öyrətsin, biz də Onun yolu ilə yeriyək» (Əşy. 2:2, 3). Biz çox xoşbəxtik ki, bu peyğəmbərliyin yerinə yetdiyini öz gözlərimizlə görürük! Yığıncaqlarımızın çoxu müxtəlif irqə, mədəniyyətə mənsub, müxtəlif dillərdə danışan insanlardan ibarətdir. Amma bu fərqə baxmayaraq, biz bir Allaha, Yehovaya ibadət edirik. Lakin bu müxtəliflik bir sıra çətinliklər yarada bilər.

Allahın xalqının arasındakı birliyi qorumaq üçün nə edirsiniz? (16—19 abzaslara baxın)

17 Məsələn, başqa mədəniyyətdən olan bacı-qardaşlara münasibətiniz necədir? Təbii ki, onların dili, geyimi, hərəkətləri və yediyi yemək sizinkindən fərqlənir. Bəs siz onlarla necə davranırsınız, onların yanında olmağa utanırsınız? Ancaq öz mədəniyyətinizdən olan insanlarla vaxt keçirirsiniz? Tutaq ki, sizin və ya qonşu yığıncağa sizdən yaşca balaca, yaxud başqa mədəniyyətdən olan nəzarətçi təyin ediblər. Ona necə yanaşardınız? Ehtiyatlı olmasaq, bu bacı-qardaşlara münasibətimiz aramızdakı birliyi poza bilər.

18, 19. a) Efeslilərə 4:1—3 ayələrində hansı məsləhət yazılıb? b) Yığıncaqda birliyin olması üçün biz nə edə bilərik?

18 Bu çətinliklərin qarşısını necə ala bilərik? Həvari Bulus inkişaf edən və müxtəlif mədəniyyətə məxsus insanların yaşadığı Efes şəhərindəki məsihilərə bir neçə faydalı məsləhət vermişdi. (Efeslilərə 4:1—3 ayələrini oxuyun.) Diqqət yetirin ki, Bulus, ilk növbədə, təvazökarlıq, mülayimlik, səbir və məhəbbət kimi xüsusiyyətlərin adını çəkir. Bu xüsusiyyətləri evi saxlayan sütunlara bənzətmək olar. Sütunlar nə qədər möhkəm olsa da, vaxtaşırı təmir olunmasa, ev uçub-dağılacaq. Bulus Efesdəki məsihiləri təşviq edirdi ki, var gücləri ilə «ruhun verdiyi birliyi qorumağa» çalışsınlar.

19 Yığıncaqdakı birliyi qorumaq hər birimizin məsuliyyətidir. Bəs bunun üçün nə etməliyik? İlk növbədə, həvari Bulusun dediyi xüsusiyyətləri — təvazökarlığı, mülayimliyi, səbri və məhəbbəti özümüzdə yetişdirməli və təzahür etdirməliyik. Sonra sülhün birləşdirici tellərini möhkəmləndirməyə çalışmalıyıq. Sülhü pozan «çatları», yəni fikirayrılığını aradan qaldırmalıyıq. Belə etməklə aramızdakı sülhün və birliyin qorunmasına öz töhfəmizi verəcəyik.

20. «Allahımız Yehova tək olan Yehovadır» sözlərinin mənasını dərk etdiyimiz nədən görünəcək?

20 «Allahımız Yehova tək olan Yehovadır». Çox təsirli sözlərdir, elə deyilmi? Bu sözlər Vəd olunmuş diyarın astanasında olan israilliləri qarşıdakı çətinliklərə hazırlamışdı. Bu sözlərin mənasını dərk etsək, biz də qarşıdakı böyük müsibətə hazır olacağıq, eləcə də Cənnətdə sülhü və birliyi qoruya biləcəyik. Gəlin Yehovaya tam sədaqət göstərək: Onu bütün varlığımızla sevək, Ona can-dildən xidmət edək və aramızdakı birliyi qorumağa çalışaq. Əgər bu cür davransaq, onda əmin ola bilərik ki, İsa Məsihin dediyi növbəti sözlərin yerinə yetdiyinə şəxsən şahid olacağıq: «Ey Atamın mübarək bəndələri! Gəlin, bəşərin təməli qoyulandan bəri sizin üçün hazırlanmış Padşahlığı miras alın» (Mət. 25:34).