Kontentə keç

Mündəricatı göstər

Ləl-cavahiratdan qiymətli xüsusiyyət

Ləl-cavahiratdan qiymətli xüsusiyyət

Brilyant qiymətli daşların içində ən bahalısıdır. Bəzi brilyantların milyonlarla dollar qiyməti var. Lakin elə bir şey var ki, Allahın gözündə brilyantdan, hətta dünyanın bütün daş-qaşlarından qat-qat dəyərlidir.

Zalina adlı vəftiz olunmamış təbliğçi qadının başına belə bir əhvalat gəlmişdi. Bir gün o, evinin yanında pasport tapır. Pasportun içində debet kartları və böyük məbləğdə pul olur. O, bu barədə ərinə xəbər verir. Əri də onun kimi vəftiz olunmamış təbliğçi idi.

Onlar çox kasıb yaşayırdılar, üstəlik borcları da var idi. Buna baxmayaraq, pulu pasportun içində göstərilən ünvana çatdırmaq qərarına gəlirlər. Pasportu itirən kişi və onun ailəsi mat-məəttəl qalır. Zalinayla həyat yoldaşı deyirlər ki, onları dürüst davranmağa Müqəddəs Kitabdan öyrəndikləri təşviq edib. Onlar fürsətdən istifadə edib bu ailəyə Yehovanın Şahidləri haqda danışır və bir neçə ədəbiyyat verir.

Bu yaxşılığının əvəzində ailə Zalinaya pul vermək istəyir, amma o götürmür. Növbəti gün pasportu itirən kişinin həyat yoldaşı onlara gəlir və ailəsinin adından minnətdarlıq əlaməti olaraq ona brilyant qaşlı üzük gətirir və təkid edir ki, Zalina bu hədiyyəni qəbul etsin.

Yəqin bu cütlüyün göstərdiyi dürüstlük çoxlarını təəccübləndirir. Bəs Yehova Allahı necə? O bu ər-arvadın dürüstlüyünə nə dərəcədə dəyər verir? Ümumiyyətlə, dürüst olmağa dəyərdi?

DÜNYA MALINDAN DƏYƏRLİ KEYFİYYƏTLƏR

Bu suallara cavab tapmaq çətin deyil. Çünki məsihilər əmindirlər ki, Allah Onun gözəl xüsusiyyətlərini təzahür etdirən insanları brilyantdan, qızıldan və dünyanın bütün ləl-cavahiratından üstün tutur. Yehova Allahın dəyər meyarı ilə əksər insanların dəyər meyarı arasında dağlar qədər fərq var (Əşy. 55:8, 9). Allahın xidmətçiləri üçünsə, Onun xüsusiyyətlərini əks etdirmək xəzinəyə bərabərdir.

Buna sübut kimi Müqəddəs Kitabda bəsirət və hikmət barədə yazılanları gətirmək olar. Məsəllər 3:13—15 ayələrində yazılıb: «Xoşbəxt o kəsdir ki, hikmət tapıb, o kəsdir ki, bəsirətə nail olub. Hikmət qazanmaq gümüş qazanmaqdan yaxşıdır, bu qazanc qızıldan sərfəlidir. O, mərcanlardan qiymətlidir, arzuladığın şeylərdən heç biri ona tay ola bilməz». Göründüyü kimi Yehova Allahın gözündə bu cür xüsusiyyətlər qır-qızıldan, daş-qaşdan dəyərlidir.

Bəs dürüstlük barədə də eyni şeyi demək olar?

Yehova dürüst Allahdır, O, heç vaxt yalan danışmır (Tit. 1:2). Həvari Bulus Allahın ruhunun təsiri ilə birinci əsrdə yaşayan ibrani məsihilərə yazmışdı: «Bizdən ötrü həmişə dua edin, çünki vicdanımızın təmiz olduğuna əminik, axı hər sahədə dürüst olmaq istəyirik» (İbr. 13:18).

İsa Məsih də dürüstlükdə gözəl nümunədir. Məsələn, bir dəfə baş kahin Qayafa ona demişdi: «Səni var olan Allaha and verirəm, söylə, Allahın Oğlu Məsih sənsən?» Baxmayaraq ki, buna görə onu Allaha küfr etməkdə ittiham edib öldürə bilərdilər, İsa dürüst davrandı, Məsih olduğunu inkar etmədi (Mət. 26:63—67).

Bəs bizim haqqımızda nə demək olar? Təsəvvür edin, əlinizə belə bir fürsət düşüb: həqiqətin yarısını gizlətməklə və ya həqiqəti təhrif etməklə gəlir əldə edə bilərsiniz. Bu vəziyyətdə nə edəcəksiniz, dürüst davranacaqsınız?

DÜRÜST OLMAQ ASANDIR?

Düzünü desək, xudbin və pulpərəst insanların yaşadığı bu dünyada dürüst olmaq elə də asan deyil (2 Tim. 3:2). Bir çoxları maddi böhranı və işsizliyi bəhanə gətirərək oğurluğa, kələkbazlığa və sair nadürüst hərəkətlərə əl atır. Bu düşüncə tərzi o dərəcədə geniş yayılıb ki, çoxları başqa cür pul qazanmağın mümkün olmadığını düşünür. Təəssüf ki, hətta bəzi məsihilər belə, haram qazanca əl ataraq bacı-qardaşlar arasında qazandıqları təmiz ada ləkə gətiriblər (1 Tim. 3:8; Tit. 1:7).

Xoşbəxtlikdən, məsihilərin əksəriyyəti, İsa Məsihi örnək alırlar. Onlar üçün Allaha xas xüsusiyyətlər dünyanın bütün var-dövlətindən, naz-nemətindən dəyərlidir. Elə bu səbəbdən gənc məsihilər məktəbdə əla qiymət almaq üçün fırıldaq işlətmirlər (Məs. 20:23). Düzdür, hər dürüst davranan adama Zalinanın vəziyyətində olduğu kimi hədiyyə vermirlər. Amma əsas odur ki, dürüst davranan insan Allahın gözündə ucalır və vicdanı təmiz olur. Bu isə hər şeydən dəyərlidir.

Roman adlı bir məsihinin həyatı buna əyani sübutdur. O deyir: «Məsihi olmazdan əvvəl böyük bir şirkətdə işləyirdim. Şirkətin sahibi dövlətə vergi ödəməmək üçün gəlirin kiçik bir qismi barədə hesabat verirdi. Müdir olduğum üçün vergi auditorunun buna göz yumması üçün onunla danışıb məsələni “yoluna qoymaq” mənim boynuma düşürdü. Buna görə də nadürüst insan kimi tanınırdım. Həqiqəti öyrənəndən sonra bu işi görməkdən imtina etdim, baxmayaraq ki, maaşım çox yüksək idi. Sonra mən öz şirkətimi açdım. Şirkəti dərhal rəsmi qeydiyyatdan keçirdim və ilk gündən bütün vergiləri ödəyirdim» (2 Kor. 8:21).

Roman deyir: «İndi əvvəlkindən ikiqat az qazanıram. Buna görə də ailəmi dolandırmaq bir az çətindir. Buna baxmayaraq, mən xoşbəxtəm. Yehovanın qarşısında vicdanım təmizdir. Oğullarımın hər ikisinə yaxşı nümunə qoya bilirəm. Yığıncaqda müəyyən məsuliyyətlərim var. Həm vergi auditorlarının, həm də iş qurduğum insanların yanında dürüst insan adını qazanmışam».

YEHOVA KÖMƏKSİZ QOYMAZ

Yehova Allah aldığı təlimi dürüstlük kimi gözəl xüsusiyyətlə bəzəyən insanları çox sevir (Tit. 2:10). Davud padşah Allahdan ilham alaraq əminliklə demişdi: «Cavanlığımdan bəri, bu qoca yaşımadək, nə saleh adamın atıldığını, nə də övladlarının çörək diləndiyini görməmişəm» (Zəb. 37:25).

Mömin qadın Rutun əhvalatı bu sözlərin həqiqiliyini təsdiq edir. Qayınanası Naimə yaşlı olsa da, Rut sədaqət göstərib onu atmadı, onunla birgə İsrailə köçdü. Orada Rut Yehova Allaha rahat ibadət edə bilərdi (Rut 1:16, 17). O, dürüst insan idi və zəhmətlə başaq yığaraq Tövratda kasıblar üçün verilən qanuna əməl edirdi. Yehova Rutu və Naiməni korluq çəkməyə qoymadı. Sonralar Davud da Yehovanın bu lütfünü dadmışdı (Rut 2:2—18). Yehova Rutu yalnız maddi cəhətdən təmin etməklə kifayətlənməmişdi, ona böyük şərəf nəsib etmişdi: Davud padşah, hətta vəd olunmuş Məsih onun nəslindən idi (Rut 4:13—17; Mət. 1:5, 16).

Yehovanın bəzi xidmətçiləri hətta ən zəruri ehtiyaclarını ödəmək üçün kifayət qədər pul qazana bilmirlər. Buna baxmayaraq, onlar ağır zəhmətə qatlaşıb vicdanla işləyirlər, asan yolla pul qazanmaq üçün nadürüstlüyə əl atmırlar. Bununla onlar Yehovanın bütün gözəl xüsusiyyətlərini, həmçinin dürüstlüyü puldan, vardan üstün tutduqlarını göstərirlər (Məs. 12:24; Efes. 4:28).

Rut kimi, bütün məsihilər əmindirlər ki, Yehova onlara kömək edəcək. Onlar növbəti vədi Verənə ürəkdən inanırlar: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» (İbr. 13:5). Yehova Allah dəfələrlə sübut edib ki, ehtiyac içində olsa da, hər zaman dürüst davranan xidmətçilərini köməksiz qoymayacaq. O söz verdiyi kimi, xidmətçilərinin zəruri ehtiyaclarını ödəyir (Mət. 6:33).

İnsanlar brilyant və digər bahalı şeylərə dəyər verirlər. Amma səmavi Atamızın gözündə dürüstlük və digər gözəl xüsusiyyətlər dünyanın bütün daş-qaşlarından qat-qat dəyərlidir!