Kontentə keç

Mündəricatı göstər

Yehova bizim Dulusçumuzdur

Yehova bizim Dulusçumuzdur

«Ey Yehova,.. biz gilik, Sənsə dulusçumuz, biz Sənin əllərinin işiyik» (ƏŞY. 64:8).

NƏĞMƏ: 89, 26

1. Nəyə görə Yehovanı ən mahir Dulusçu adlandırmaq olar?

LONDONDA 2010-cu ilin noyabr ayında XVIII əsrə aid saxsı güldan satışa çıxarılır. Çində hazırlanmış bu qab təxminən 70 milyon dollara satılır. Çox maraqlıdır, dulusçu adi, ucuz gil parçasından nəfis, bahalı bir əşya düzəldir. Amma Yehova ən mahir Dulusçudur. Heç bir dulusçu Ona tay ola bilməz. Altıncı yaradılış gününün sonunda Yehova torpaqdan, başqa sözlə, gildən kamil insan yaratdı və ona öz Yaradanının keyfiyyətlərini əks etdirmək bacarığı verdi (Yar. 2:7). Torpaqdan düzələn bu kamil insan, yəni Adəm haqlı olaraq «Allahın oğlu» adlandı (Luka 3:38).

2, 3. Biz tövbə edən israillilərdən nədə nümunə götürə bilərik?

2 Ancaq Adəm Yaradanına üsyan edəndə oğulluq haqqını itirdi. Buna baxmayaraq, Adəmin övladlarından ibarət «böyük şahidlər buludu» Yehovanın hakimiyyətinin tərəfini tutdu (İbr. 12:1). Onlar Yaradanlarına itaət etməklə göstərdilər ki, onların Atası və Dulusçusu Yehovadır, Şeytan yox (Yəh. 8:44). Bu sadiq insanların Yehovaya sədaqəti bizə Əşiya peyğəmbərin tövbə etmiş israillilərlə bağlı dediyi sözləri xatırladır: «Ey Yehova, Atamız Sənsən, biz gilik, Sənsə dulusçumuz, biz Sənin əllərinin işiyik» (Əşy. 64:8).

3 Bu gün də Yehovaya ruha və həqiqətə uyğun ibadət edənlər Onun keçmişdəki xidmətçiləri kimi itaətkar olmağa çalışırlar. Onlar üçün Yehovaya Ata deyə müraciət etmək və Ona Dulusçu kimi itaət etmək böyük şərəfdir. Bəs siz Yehovanın əlində yumşaq gil olmaq, yəni Onun istədiyi şəklə düşməyə yararlı gil olmaq istəyirsiniz? Hər bir bacıya və qardaşa hələ üzərində iş gedən, Allahın hazırda şəkil verdiyi bir qab kimi baxırsınız? Bu sahədə düzgün nöqteyi-nəzərə sahib olmaq üçün gəlin Yehovanın Dulusçu kimi gördüyü işin üç sahəsinə nəzər salaq: O, şəkil vermək, yəni formalaşdırmaq istədiyi insanları nəyə əsasən seçir, onları nəyə görə formalaşdırır və bunu necə edir?

YEHOVA FORMALAŞDIRMAQ İSTƏDİYİ İNSANLARI NƏYƏ ƏSASƏN SEÇİR?

4. Yehova formalaşdırdığı insanları nəyə əsasən seçir? Nümunələr çəkin.

4 Yehova insanlara baxanda diqqətini onların zahirinə yox, daxilinə, ürəyinə cəmləyir. (1 İşmuil 16:7b ayəsini oxuyun.) Allah məsihi yığıncağını təşkil edəndə bunu aydın şəkildə nümayiş etdirdi. O, insan nöqteyi-nəzərindən dəyərsiz sayılan kəsləri Özünə və Oğluna cəlb etdi (Yəh. 6:44). Belə insanlardan biri küfr danışan, Allahın xalqını təqib edən və çox azğın adam olan Şaul adlı fərisi idi (1 Tim. 1:13). Ürəkləri araşdıran Yehova Allah Şaula yararsız gil kimi baxmırdı (Məs. 17:3). Əksinə, Allah görürdü ki, ondan gözəl bir «qab» düzəltmək olar. Görürdü ki, Şaul «xalqlara, o cümlədən hökmdarlara və İsrail oğullarına» şəhadət vermək üçün seçilmiş alət ola bilər (Həv. 9:15). Yehova həmçinin vaxtilə içki düşkünü, oğru və əxlaqsız olan insanlara nəzər salıb onların şərəfli istifadə üçün yararlı «qab» ola biləcəyini görmüşdü (Rom. 9:21; 1 Kor. 6:9—11). Həmin insanlar Allahın Kəlamından bilik aldıqca və öyrəndiklərinə iman etdikcə Yehovanın onları formalaşdırmasına yol vermişdilər.

5, 6. Yehovanın mahir Dulusçu olduğuna əminliyimiz sahəmizdəki insanlara və bacı-qardaşlara münasibətimizə necə təsir etməlidir?

5 Əminik ki, Yehova ürəkləri oxumağa qadirdir və Özünə cəlb etdiyi insanları seçərkən yanılmır. Buna görə də nə sahəmizdə yaşayan insanları, nə də yığıncaqdakı bacı-qardaşları mühakimə etməməliyik. Gəlin Maykl adlı bir kişinin nümunəsinə baxaq. O deyir: «Yehovanın Şahidləri qapımı döyəndə onlara saymazyana yanaşırdım, heç üzlərinə də baxmırdım. Özümü çox kobud aparırdım. Sonralar bir ailə ilə tanış oldum. Onların davranışı məni valeh edirdi. Bir gün öyrəndim ki, sən demə, onlar Yehovanın Şahidiymiş. Yerimdə donub qaldım. Onların davranışı məni təşviq etdi ki, Yehovanın Şahidlərinə nəyə görə qərəzli yanaşdığımı götür-qoy edim. Tezliklə anladım ki, mənim Yehovanın Şahidlərinə münasibətim faktlara yox, eşitdiklərimə əsasən formalaşıb». Yehovanın Şahidlərini yaxından tanımaq üçün Maykl Müqəddəs Kitabı öyrənməyə başlayır. Bir müddət sonra o, Yehovanın Şahidi olur və öncül xidmətinə başlayır.

6 Yehovanı Dulusçumuz kimi qəbul ediriksə, bu, dindaşlarımıza münasibətdə də özünü büruzə verəcək. Allahın gözündə bacı-qardaşlarımız hazır «qab» deyillər, onların üzərində hələ iş gedir. Bəs siz onlara bu cür yanaşırsınız? Allah insanın daxili varlığını və Ustadının əlindən çıxandan sonra nəticədə necə bir «qab» olacağını görür. Beləliklə, Yehova insanlara müsbət tərəfdən yanaşır, diqqətini onların müvəqqəti qüsurlarına cəmləmir (Zəb. 130:3). Biz də Yehovadan nümunə götürərək dindaşlarımıza bu cür yanaşmalıyıq. Bacı-qardaşlara ruhani cəhətdən tərəqqi etməyə kömək etsək, Dulusçumuz olan Allahla əməkdaşlıq etmiş olarıq (1 Salon. 5:14, 15). «İnsan timsalında hədiyyə» olan ağsaqqallar bu sahədə nümunə olmalıdırlar (Efes. 4:8, 11—13).

YEHOVA BİZİ NƏYƏ GÖRƏ FORMALAŞDIRIR?

7. Nəyə görə Yehovanın tərbiyəsini qiymətləndirirsiniz?

7 Yəqin kimdənsə bu cür sözlər eşitmisiniz: «Özüm valideyn olmayınca valideyn tərbiyəsinin qədrini bilmirdim». İllər keçdikcə insan tərbiyəyə başqa tərəfdən baxmağa başlayır, onu məhəbbətin ifadəsi kimi qəbul edir. (İbranilərə 12:5, 6, 11 ayələrini oxuyun.) Yehova da məhəbbətdən irəli gələrək biz övladlarına səbirlə tərbiyə verir, yəni formalaşdırır. O, bizim hikmətli və xoşbəxt olmağımızı, Onu bir Ata kimi sevməyimizi istəyir (Məs. 23:15). Biz əzab çəkəndə O, ürəkağrısı keçirir. Allah istəmir ki, biz Adəmdən miras aldığımız günaha görə, Onun qəzəbinə layiq insanlar kimi məhv olaq (Efes. 2:2, 3).

8, 9. Yehova bu gün bizi necə öyrədir və gələcəkdə necə öyrədəcək?

8 Biz Allahın qəzəbinə layiq insanlar olanda bizdə Ona acıq gedən, hətta, belə desək, heyvani keyfiyyətlər var idi. Ancaq Yehova bizi formalaşdırdı, biz dəyişib quzu kimi olduq (Əşy. 11:6—8; Kol. 3:9, 10). Buna görə də Yehovanın bu gün bizi formalaşdırdığı mühiti ruhani cənnət adlandırmaq olar. Biz şər dünyada yaşasaq da, özümüzü əmin-amanlıqda hiss edirik. Hətta valideyn məhəbbətindən məhrum insanlar da bu mühitdə sevildiklərini hiss edirlər (Yəh. 13:35). Burada hər birimiz sevməyi öyrənmişik. Ən vacibi isə, biz Yehovanı tanımışıq və Onun ata sevgisini öz üzərimizdə hiss edirik (Yaq. 4:8).

9 Yeni dünyada ruhani cənnətin nemətlərini tamlığı ilə dadacağıq. O zaman biz Allahın Padşahlığının idarə etdiyi hərfi cənnətdə yaşayacağıq. Bütün yer üzünün cənnətə çevriləcəyi həmin dövrdə Yehova bizi formalaşdırmağa davam edəcək və elə bir təlim verəcək ki, indi təsəvvürümüzə belə gətirə bilmərik (Əşy. 11:9). Bundan başqa, Yehova bizim zehnimizi, bədənimizi kamil şəklə salacaq və beləcə biz Onun təlimlərini tam qavrayacaq, iradəsini mükəmməl surətdə icra edə biləcəyik. Odur ki gəlin bundan sonra da Yehovaya itaət edək və bununla da göstərək ki, Onun bizi formalaşdırmasına Ata məhəbbətinin təzahürü kimi baxırıq (Məs. 3:11, 12).

YEHOVA BİZİ NECƏ FORMALAŞDIRIR?

10. İsa mahir Dulusçu Yehova kimi səbirli və məharətli olduğunu necə göstərmişdi?

10 Mahir dulusçu kimi, Yehova da qarşısındakı «gilin» növünə, keyfiyyətinə bələddir və O bunu nəzərə alaraq «gilə» şəkil verir. (Zəbur 103:10—14 ayələrini oxuyun.) Yehova bizə fərdi yanaşır, zəif cəhətlərimizi, məhdud imkanlarımızı və ruhani inkişafımızın dərəcəsini nəzərə alır. Allahın qeyri-kamil insanlara münasibətini İsa Məsihin nümunəsindən görmək olar. Məsələn, o, həvarilərinin çatışmayan cəhətlərini görəndə, xüsusilə də onlar mövqe üstündə mübahisə edəndə onlara necə yanaşmışdı? Əgər siz həvarilərin qızğın mübahisələrinin şahidi olsaydınız, onlara həlim, yumşaq gil kimi baxa bilərdiniz? İsa onlara müsbət tərəfdən baxırdı. O əmin idi ki, mülayimliklə, səbirlə verilən məsləhət və özünün qoyduğu həlimlik nümunəsi onları dəyişəcək (Mark 9:33—37; 10:37, 41—45; Luka 22:24—27). İsa diriləndən sonra həvarilər müqəddəs ruh aldılar və artıq diqqətlərini ad-san, mənsəb qazanmağa yox, aldıqları tapşırığa cəmləmişdilər (Həv. 5:42).

11. Davud yumşaq «gil» olduğunu necə göstərmişdi və biz ondan necə nümunə götürə bilərik?

11 Yehova xidmətçilərini, əsas etibarilə, Kəlamı, müqəddəs ruhu və məsihi yığıncağı vasitəsilə formalaşdırır. Müqəddəs Kitabı oxuyanda, üzərində düşünəndə və Yehovadan oxuduqlarımıza əməl etmək üçün kömək istəyəndə Kəlam bizi formalaşdırır. Davud yazmışdı: «Yatağımda Səni yada salıram, gecələr Səni düşünürəm» (Zəb. 63:6). O həmçinin demişdi: «Mənə nəsihət verən Yehovaya şükürlər olsun! Gecələr ürəyim də məni islah edir» (Zəb. 16:7). Davud imkan verirdi ki, Allahın məsləhəti, hətta töhməti belə, varlığının dərinliyinə nüfuz etsin, ən gizli fikirlərini və hisslərini formalaşdırsın (2 İşm. 12:1—13). Həlim və itaətkar olmaq istəyən insanlar üçün Davud gözəl nümunədir. Bəs siz Allahın Kəlamı üzərində düşünürsünüz, onun varlığınızın dərinliyinə nüfuz etməsinə yol verirsiniz? Bəlkə, bu sahədə sizə bir az çalışmaq lazımdır? (Zəb. 1:2, 3).

12, 13. Yehova müqəddəs ruhu və yığıncaq vasitəsilə bizi necə formalaşdırır?

12 Müqəddəs ruh bizi müxtəlif yollarla formalaşdıra bilər. Məsələn, bizə kömək edə bilər ki, Məsihə bənzər şəxsiyyət olaq. Bu şəxsiyyətin səciyyəvi cəhəti isə Allahın ruhunun bəhrəsidir (Qal. 5:22, 23). Ruhun bəhrəsinə daxil olan xüsusiyyətlərdən biri məhəbbətdir. Biz Allahı sevirik və Ona itaət etmək, Onun əlində formalaşmaq istəyirik, çünki Onun əmrlərinin xeyrimizə olduğuna əminik. Müqəddəs ruh bizə həmçinin bu dünya ilə mübarizə aparmağa və onun ruhuna qarşı durmağa güc verir (Efes. 2:2). Həvari Bulus gənc olanda yəhudi din xadimlərinin təkəbbürü ona da sirayət etmişdi. Lakin sonralar o yazmışdı: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filip. 4:13). Gəlin həvari Bulus kimi, həmişə Allahdan müqəddəs ruh diləyək. Yehova həlim insanların səmimi xahişlərini heç vaxt cavabsız qoymur (Zəb. 10:17).

Yehova məsihi ağsaqqallar vasitəsilə bizi formalaşdırır, lakin biz də öz tərəfimizdən nə isə etməliyik (12 və 13-cü abzaslara baxın)

13 Yehova bizi həmçinin məsihi yığıncağı və ağsaqqallar vasitəsilə formalaşdırır. Məsələn, ağsaqqallar bizdə ruhani cəhətdən problem görəndə kömək etməyə çalışırlar və bu zaman onlar insan müdrikliyinə əsaslanmırlar (Qal. 6:1). Onlar təvazökarlıq göstərib duada Allahdan hikmət və dərrakə istəyirlər. Sonra dualarına müvafiq olaraq Allahın Kəlamından və nəşrlərimizdən istifadə edib vəziyyətimizlə bağlı araşdırma aparırlar. Bu araşdırma sayəsində bizə faydalı olan fikirləri tapırlar. Ağsaqqallar sizə müəyyən məsələdə, məsələn, geyimlə bağlı məsləhət verəndə bunu necə qəbul edirsiniz? Bu məsləhətə Allahın məhəbbətinin ifadəsi kimi baxırsınız? Belə etsəniz, yumşaq «gil» olduğunuzu göstərəcəksiniz və Yehovaya sizi formalaşdırmağa imkan vermiş olacaqsınız.

14. Yehovanın bir Dulusçu kimi üzərimizdə səlahiyyəti olsa da, iradə azadlığımıza necə hörmət edir?

14 Allahın insanı necə formalaşdırdığını bilmək bizə dindaşlarımızla yaxşı münasibətdə olmağa kömək edir. Həmçinin bunun sayəsində təbliğ etdiyimiz, eləcə də dərs keçdiyimiz insanlara düzgün yanaşırıq. Qədimdə dulusçu gildən nəsə düzəltməzdən əvvəl müəyyən hazırlıqlar görürdü, gili daş-kəsəkdən, zir-zibildən təmizləyirdi. Yehova da dəyişmək istəyən insanları formalaşdırmaq üçün onları hazırlayır. O, insanların iradə azadlığına hörmətlə yanaşır, onları zorla dəyişdirmir. Bəndələrinə adil qanunlarını açıqlayır ki, özləri özlərini pis vərdişlərdən və keyfiyyətlərdən təmizləsinlər.

15, 16. Müqəddəs Kitabı öyrənənlər necə göstərə bilərlər ki, Yehovanın onları formalaşdırmasını istəyirlər? Nümunə çəkin.

15 Gəlin Avstraliyada yaşayan Tessi adlı bacının nümunəsinə baxaq. Onunla dərs keçən bacı deyir: «Tessi Müqəddəs Kitabı yaxşı qavrayırdı. Ancaq o, ruhani cəhətdən elə də inkişaf etmirdi. Heç yığıncağa da gəlmirdi. Buna görə də çoxlu dua etdikdən sonra dərsi dayandırmaq qərarına gəldim. Növbəti dəfə dərs keçəndə ona bu qərarım barədə demək istəyirdim, lakin gözləmədiyim bir şey baş verdi, Tessi ürəyini mənə açdı. Dedi ki, özünü riyakar hesab edir, çünki qumar oynayır. Amma bunu tərgitmək qərarına gəlib».

16 Bundan qısa müddət sonra, yoldaşlarının onu ələ salmağına baxmayaraq, Tessi yığıncağa gəlməyə, özündə məsihi keyfiyyətləri yetişdirməyə başladı. Bacı deyir: «Bir qədər sonra Tessi vəftiz oldu, sonra isə uşaqları balaca olsa da, öncül kimi xidmət etməyə başladı». Göründüyü kimi, Müqəddəs Kitabı öyrənən insanlar Yehovanı razı salmaq üçün həyat tərzlərini dəyişəndə Yehova onlara yaxınlaşır və onlardan qiymətli qablar düzəldir.

17. a) Yehovanın bir Dulusçu kimi hansı xüsusiyyəti xoşunuza gəlir? b) Növbəti məqalədə hansı sualları müzakirə edəcəyik?

17 Günü bu gün də bəzi saxsı qabları əllə düzəldirlər. Bizim Dulusçumuz da şəxsən Öz əlləri ilə üzərimizdə səbirlə işləyir, məsləhətlərilə bizi formalaşdırır və buna necə münasibət göstərəcəyimizi izləyir. (Zəbur 32:8 ayəsini oxuyun.) Yehovanın şəxsən sizinlə maraqlandığını görürsünüz? Onun qayğıkeş əllərinin sizə şəkil verdiyini hiss edirsiniz? Əgər elədirsə, onda növbəti suallar ortaya çıxır: hansı xüsusiyyətlər sizə bir gil kimi yumşaq qalmağa kömək edə bilər? Bərk gil olmamaq üçün hansı keyfiyyətləri özünüzdən kənar etməlisiniz? Uşaqların düzgün formalaşmasında valideynlər Yehova ilə necə əməkdaşlıq edə bilər? Növbəti məqalədə bu suallar araşdırılacaq.