Kontentə keç

Mündəricatı göstər

Gənclər, vəftiz olunmağa necə hazırlaşa bilərsiniz?

Gənclər, vəftiz olunmağa necə hazırlaşa bilərsiniz?

«Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram» (ZƏB. 40:8).

NƏĞMƏ: 51, 58

1, 2. a) Nəyə görə vəftiz ciddi addımdır? b) İnsan vəftiz olunmamışdan qabaq nəyə əmin olmalıdır və nəyə görə?

GƏNCLƏR, əgər siz vəftiz olunmaq barədə düşünürsünüzsə, afərin sizə! Vəftiz olunmaq insan üçün dünyada ən böyük şərəfdir. Lakin ötən məqalədə qeyd olunduğu kimi, vəftiz çox ciddi addımdır. Belə ki, siz əvvəlcə özünüzü Yehovaya həsr edirsiniz, yəni Yehovaya söz verirsiniz ki, əbədiyyən Ona xidmət edəcəksiniz, Onun iradəsini həyatınızda hər şeydən üstün tutacaqsınız. Vəftiz olunmaqla isə özünüzü Yehovaya həsr etdiyinizi hamıya bəyan edirsiniz. Aydındır ki, siz həsr olunmaq qərarını vermək üçün kifayət qədər yetkin olanda, yəni vəftiz olunmağı ürəkdən arzulayanda və həsr olunmağın mənasını başa düşəndə vəftiz olunmalısınız.

2 Ancaq elə ola bilər ki, siz özünüzü vəftiz olunmağa hazır hiss etmirsiniz. Yaxud siz vəftiz olunmaq istəyirsiniz, ancaq valideynləriniz fikirləşir ki, hələ tezdir, bir az böyüyüb yetkinləşməlisiniz. Hər necə olsa da, ruhdan düşməyin. Bu vaxtdan ağılla istifadə edib inkişaf edin ki, tezliklə vəftiz olunmağa yararlı olasınız. Bunu yadda saxlayaraq, qarşınıza iman, əməllər və minnətdarlıqla bağlı məqsədlər qoya bilərsiniz.

İMAN

3, 4. Gənclər Timutinin nümunəsindən nə öyrənə bilər?

3 Bu suallara necə cavab verərdiniz: nəyə görə Allahın varlığına inanıram? Müqəddəs Kitabın Allahdan olduğuna məni nə əmin edib? Nəyə görə bu dünyanın əxlaq normaları ilə yox, Allahın qanunları ilə yaşamağın düzgün olduğunu düşünürəm? Bu sualların məqsədi ürəyinizə şübhə toxumu səpmək deyil. Bunlar sizə həvari Bulusun məsləhətinə əməl etməyə kömək edəcək. O, Allahın yaxşı, xoş və kamil iradəsini dərk etməyi məsləhət görmüşdü (Rom. 12:2). Bu, nəyə görə vacibdir?

4 Gəlin Müqəddəs Kitabdan Timutinin nümunəsinə baxaq. O, Müqəddəs Yazılara yaxşı bələd idi. Anası ilə nənəsi körpəlikdən ona həqiqəti öyrətmişdi. Buna baxmayaraq, həvari Bulus Timutini təşviq edirdi: «Öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə bağlı qal» (2 Tim. 3:14, 15). Timuti həqiqəti mənimsəmişdi. O, anasının, nənəsinin sözünə görə yox, öyrəndiklərinin üzərində düşünüb doğruluğuna əmin olduğuna görə həqiqəti qəbul etmişdi. (Romalılara 12:1 ayəsini oxuyun.)

5, 6. Nəyə görə ağlınızı işlətməyi tez öyrənmək vacibdir?

5 Bəs sizin barənizdə nə demək olar? Ola bilsin, Müqəddəs Kitab həqiqətlərini artıq uzun müddətdir bilirsiniz. Əgər belədirsə, etiqadınızı əsaslandırmaq üçün araşdırıb dəlillər tapmağı qarşınıza məqsəd qoya bilərsiniz. Bu, sizin imanınızı möhkəmləndirəcək, siz həmyaşıdlarınızın, dünyanın propoqandasının, hətta öz hisslərinizin əlində oyuncağa çevrilməyəcəksiniz.

6 Ağlınızı işlətməyi nə qədər tez öyrənsəniz, yaşıdlarınızın suallarına tutarlı cavab verməyə hazır olacaqsınız. Onlar belə suallar verə bilərlər: «Haradan bilirsən ki, Allah var? Nəyə görə Allah zülmə göz yumur? Necə ola bilər ki, Allah həmişə mövcud olsun?» Hazırlıqlı olsanız, bu kimi suallar imanınızı sarsıtmayacaq, əksinə, sizi daha dərindən mütaliə etməyə təşviq edəcək.

7—9. «Müqəddəs Kitab nə öyrədir?» rubrikası imanınızı artırmağa necə kömək edə bilər?

7 Dərindən mütaliə etsəniz, suallara cavab tapacaqsınız, ürəyinizdəki şübhələri aradan qaldıracaqsınız və imanınız möhkəmlənəcək (Həv. 17:11). Biz sizə bunun üçün çoxlu vəsait təqdim etmişik. Çox gənclər Ulu Yaradanımız və Onun yaratdıqlarından bəhs edən nəşrlərdən çox faydalanırlar. Bundan başqa, «Müqəddəs Kitab nə öyrədir?» rubrikasının bir çox yeniyetmələrə böyük köməyi dəyib. Bu çalışma vərəqələri jw.org saytında MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ bölməsində yerləşir. Bu rubrikadakı çalışma vərəqələrinin hər biri elə tərtib olunub ki, onlarla məşğul olduqda sizin Müqəddəs Kitab mövzuları ilə bağlı əminliyiniz artacaq.

8 Siz artıq Müqəddəs Kitabla tanışsınız, ona görə də çalışma vərəqələrindəki suallardan bəzilərinə dərhal cavab verə bilərsiniz. Bəs verdiyiniz cavabların doğruluğuna nəyə görə əminsiniz? Çalışma vərəqələrindəki sualları oxuyub ayələrin üzərində düşünün, sonra isə fikrinizi oraya yazın. Bu suallar sizə kömək edəcək ki, Müqəddəs Kitaba əsaslanan etiqadınızı başqalarına izah etməyə hazır olasınız. «Müqəddəs Kitab nə öyrədir?» rubrikası bir çox gənclərə imanını möhkəmləndirməyə kömək edir. Əgər sayta daxil olmaq imkanınız varsa, şəxsi mütaliə zamanı bu rubrikadan istifadə edə bilərsiniz.

9 İmanınızı möhkəmləndirməklə siz vəftizə doğru vacib addım atırsınız. Bir yeniyetmə bacı demişdi: «Vəftiz olunmağı qərarlaşdırmazdan əvvəl Müqəddəs Kitabı araşdırdım, bunun həqiqi din olduğunu gördüm. O vaxtdan hər gün buna daha çox əmin oluram».

ƏMƏLLƏR

10. Vəftiz olunmuş məsihi nəyə görə imanını əməllərdə göstərməlidir?

10 Müqəddəs Kitabda deyilir: «İman da əməlsiz ölüdür» (Yaq. 2:17). Əgər imanınız möhkəmdirsə, bu, əməllərinizdən görünməlidir. Söhbət hansı əməllərdən gedir? Müqəddəs Kitabın dili ilə desək, müqəddəs yaşayışdan və möminlikdən. (2 Butrus 3:11 ayəsini oxuyun.)

11. «Müqəddəs yaşayış» ifadəsini izah edin.

11 «Müqəddəs yaşayış» əxlaqi cəhətdən təmiz yaşamaq deməkdir. Son altı aya nəzər salın. Bu müddət ərzində seçim qarşısında qalanda ağlınızı yaxşını pisdən ayırmağa öyrəşdirdiyinizi göstərmisiniz? (İbr. 5:14). Elə olubmu ki, yaşıdlarınız nə qədər çalışsalar da, onların təsiri altına düşməyəsiniz, yaxud özünüzə hakim olub xoşagəlməz əməldən uzaq durasınız? Məktəbdəki davranışınızla başqalarına yaxşı nümunə qoyursunuz? Yehovaya sadiq qalırsınız, yoxsa sizi ələ salmasınlar deyə, sinif yoldaşlarınız kimi olmağa çalışırsınız? (1 But. 4:3, 4). Düzdür, heç kim kamil deyil. Hətta uzun müddət Yehovaya xidmət edən adam da hərdən camaatın içində imanı barədə danışmağa çəkinə bilər. Lakin özünü Yehovaya həsr edən insan Onun adını daşımaqdan qürur duyacaq və bunu əməlləri ilə göstərəcək.

12. Möminlik özünü hansı işlərdə büruzə verir və bu işlərə necə yanaşmalısınız?

12 Bəs möminlik nə deməkdir? Bu, özünə sizin ruhani fəaliyyətinizi, məsələn, yığıncağa gəlməyi, təbliğ etməyi, həmçinin başqalarının görmədiyi işləri — duanı, mütaliəni daxil edir. Həyatını Yehovaya həsr edən kəs bu işlərə yük kimi baxmır. O da Davud padşah kimi deyir: «Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram, qanunun qəlbimdədir» (Zəb. 40:8).

13, 14. Möminliklə bağlı işlər görməyə sizə nə kömək edə bilər və bəzi gənclər bundan necə faydalanmışlar?

13 Bu sahədə qarşınıza məqsədlər qoymaq üçün növbəti sualların sizə köməyi dəyə bilər: dualarınız nə dərəcədə konkretdir? Dualarınız Yehovaya olan münasibətiniz barədə nə deyir? Şəxsi mütaliə zamanı nələri araşdırırsınız? Valideynləriniz xidmət etməsələr də, siz təbliğ edirsiniz? [1] Bu sualların cavabını vərəqə yazın. Bu, sizə dualarınızı, mütaliənizi və xidmətinizi yaxşılaşdırmaq üçün məqsədlər qoymağa kömək edəcək.

14 Vəftiz barədə düşünən bir çox gənclər öz təcrübələrindən görmüşlər ki, bu kimi sualların cavabını yazmaq adama çox kömək edir. Tilda adlı gənc bacı deyir ki, bu sualların cavabını yazmaq ona qarşısına məqsədlər qoymağa kömək etmişdi. O, bir-bir həmin məqsədlərə nail olmuşdu. Təxminən bir ilə vəftizə hazır olmuşdu. Patrik adlı gənc qardaş da bunun xeyrini görmüşdü. O deyir: «Mənim məqsədlərim var idi. Ancaq məqsədlərimi yazanda onlara nail olmaq üçün daha çox çalışmağa başladım».

Valideynləriniz Yehovaya ibadət etməsə də, siz ibadət edəcəksiniz? (15-ci abzasa baxın)

15. Nəyə görə Yehovaya həsr olunmaq şəxsi qərar olmalıdır?

15 Vacib suallardan biri budur: valideynləriniz və ya dostlarınız daha Yehovaya xidmət etməsələr, siz yenə də xidmət edəcəksiniz? Unutmayın, özünüzü Yehovaya həsr edib vəftiz olunandan sonra sizin Yehova ilə öz münasibətiniz olacaq. Buna görə də Ona xidmət etməyiniz başqalarından, heç valideynlərinizdən də asılı olmamalıdır. Sizin müqəddəs yaşayışınız və möminliyiniz göstərir ki, artıq həqiqəti mənimsəmisiniz və vəftizə doğru irəliləyirsiniz.

MİNNƏTDARLIQ

16, 17. a) İnsanı məsihi olmağa nə təşviq etməlidir? b) Nümunə əsasında izah edin ki, fidyə bizdə hansı hissləri doğurmalıdır?

16 Tövratın bilicisi olan bir nəfər İsa Məsihdən soruşmuşdu: «Ustad, Tövratda ən böyük əmr hansıdır?» İsa ona cavab vermişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev» (Mət. 22:35—37). İsa bu sözlərlə göstərmişdi ki, insanı Yehovaya ibadət etməyə, o cümlədən vəftiz olunmağa Ona sidqi-ürəkdən bəslədiyi məhəbbət təşviq etməlidir. Bəs Yehovaya məhəbbətinizi necə artıra bilərsiniz? Bunun ən yaxşı yolu Onun verdiyi ən böyük bəxşiş barədə, Oğlunun fidyə qurbanlığı barədə düşünməkdir. (2 Korinflilərə 5:14, 15; 1 Yəhya 4:9, 19 ayələrini oxuyun.) Fidyə, eləcə də onun sizin üçün nə məna daşıdığı haqda fikirləşsəniz, ürəyiniz minnətdarlıqla dolacaq və bunun müqabilində Allah üçün nə isə etmək istəyəcəksiniz.

17 Bunu belə bir nümunə əsasında izah etmək olar: tutaq ki, siz suda batırsınız, ancaq kimsə gəlib sizi xilas edir. Siz nə edərdiniz? Evə gedib qurulanar və nə baş verdiyini unudardınız? Sözsüz ki, yox. Sizi xilas edən insana özünüzü borclu hiss edərdiniz. Əslində, etdiyi yaxşılığa görə siz həyatınızı ona borclu olardınız. Biz Yehova Allaha və İsa Məsihə lap çox borcluyuq. Fidyə olmasaydı, hər birimiz günahın və ölümün girdabında batıb qalardıq. Ancaq onların böyük məhəbbəti sayəsində biz yer üzündə əbədi yaşaya bilərik. Bunu heç nə ilə müqayisə etmək olmaz.

18, 19. a) Yehovaya məxsus olmaqdan nəyə görə qorxmaq lazım deyil? b) Yehovaya xidmət etmək nəyə görə sizi xoşbəxt edəcək?

18 Yehovanın sizin üçün etdiklərini dəyərləndirirsiniz? O zaman həyatınızı Yehovaya həsr edib vəftiz olunmaq ən düzgün addımdır. Unutmayın, özünüzü Yehovaya həsr etməklə Ona söz verirsiniz ki, nə olursa-olsun, əbədiyyən Onun iradəsini yerinə yetirəcəksiniz. Allahla belə əhd kəsməkdən qorxmaq lazım deyil. Yadda saxlayın ki, Yehova sizin yaxşılığınızı istəyir və Onu cidd-cəhdlə axtaranlara mükafat verir (İbr. 11:6). Özünüzü Yehovaya həsr edib vəftiz olunsanız, həyatınız pisləşməyəcək. Əksinə, Yehovaya xidmət etmək sizi xoşbəxt edəcək. Uşaqlıqda vəftiz olunan 24 yaşlı qardaş deyir: «Düzdür, yaşım bir az çox olsaydı, ola bilsin, həqiqəti daha yaxşı başa düşərdim. Ancaq özümü Yehovaya həsr etməyim məni dünyəvi məqsədlərdən qorudu».

19 Yehovadan fərqli olaraq, Şeytan məkrlidir, O, sizin pisliyinizi istəyir. Şeytan onun yolu ilə gedənlərə yaxşı heç nə vermir. Axı haradan versin? Onun taleyi qara gələcək, sizə necə işıqlı günlər nəsib etsin? Etsə-etsə sizi öz acı aqibətinə düçar edər! (Vəhy 20:10).

20. Ruhən tərəqqi edib vəftiz olunmaq istəyən gənc nə edə bilər? («Ruhən tərəqqi etmək üçün kömək» adlı çərçivəyə də baxın.)

20 Bəli, həyatınızı Yehovaya həsr etmək ən düzgün addımdır. Bu addımı atmağa hazırsınız? O zaman irəli! Yox əgər sizə vaxt lazımdırsa, onda ruhən tərəqqi etmək üçün bu məqalədəki məsləhətlərə əməl edin. Həvari Bulus filippililərə yazmışdı: «Hansı səviyyəyə çatmışıqsa çataq, gəlin bundan sonra da eyni cür irəliləyək» (Filip. 3:16). Bu məsləhətə riayət etsəniz, tezliklə həyatınızı Yehovaya həsr edib vəftiz olunmaq istəyəcəksiniz.

^ [1] (13-cü abzas) «Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 2» kitabının 308 və 309-cu səhifəsindəki (rus.) çalışmanın bir çox gənclərə faydası dəyib.