Kontentə keç

Mündəricatı göstər

Qərarlarınızı necə verirsiniz?

Qərarlarınızı necə verirsiniz?

«Yehovanın iradəsini daima qavrayın» (EFES. 5:17).

NƏĞMƏ: 69, 57

1. Müqəddəs Kitabda hansı qanunlar var və nəyə görə onlara itaət etməyin bizə xeyri dəyir?

YEHOVA ALLAH Öz Kəlamı vasitəsilə bizə qayda-qanunlar verib. Məsələn, O, əxlaqsızlığı, bütpərəstliyi, oğurluğu və sərxoşluğu qadağan edib (1 Kor. 6:9, 10). Üstəlik, Allahın Oğlu İsa Məsih öz davamçılarına məsuliyyətli, eyni zamanda maraqlı iş tapşırıb: «Gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:19, 20). Allahın qanunları və əmrləri insanı hifz edir. Onlara itaət edəndə insanın özünə hörməti artır, səhhəti yaxşılaşır və ailəsində firavanlıq hökm sürür. Ən vacibi isə Yehovanın əmrlərinə sədaqətlə riayət edəndə, o cümlədən, buyurduğu təbliğ işində iştirak edəndə Onun rəğbətini və lütfünü qazanırıq.

2, 3. a) Nəyə görə Müqəddəs Kitabda bütün vəziyyətlər üçün qayda-qanunlar yazılmayıb? b) Bu məqalədə hansı sualları nəzərdən keçirəcəyik? (Məqalənin əvvəlindəki şəklə baxın.)

2 Ancaq Müqəddəs Kitabda hər vəziyyət üçün konkret qanun yoxdur. Məsələn, məsihilər üçün hansı geyimin münasib olduğuna dair Müqəddəs Kitabda uzun-uzadı qayda-qanunlar qoyulmayıb. Bu, Yehovanın hikmətindən xəbər verir. Geyim tərzi və adətlər yalnız ərazidən-əraziyə yox, həm də ildən-ilə dəyişir. Əgər Müqəddəs Kitabda geyim-kecimlə bağlı qaydalar siyahısı yazılsaydı, onda o, indiki zəmanəyə uyğun gəlməzdi. Eyni səbəbdən, Allahın Kəlamında məsihilər üçün iş, müalicə və əyləncə ilə bağlı çoxlu qayda-qanunlar yoxdur. Buna görə də hər kəs, eləcə də ailə başçıları bu məsələlərdə özləri qərar verə bilərlər.

3 Beləliklə, bəzən vacib, hətta bütün həyatımıza təsir edəcək qərarlar verməli oluruq. Bu, o deməkdirmi ki, belə vəziyyətdə hansı qərarı verməyimizin Yehova üçün heç bir fərqi yoxdur? O, Müqəddəs Kitabın qanununa zidd getməyən hər qərardan razı qalır? Necə müəyyən edə bilərik ki, hansı qərar Yehovaya xoş gedər?

ŞƏXSİ QƏRARLARIN TƏSİRİ

4, 5. Qərarlarımız bizə və başqalarına necə təsir edə bilər?

4 Bəzi adamlar fikirləşir ki, verdikləri qərarların heç kimə dəxli yoxdur. Ancaq müdrik qərarlar verib Yehovanı razı salmaq istəyiriksə, Onun Kəlamındakı qanun və prinsipləri nəzərə almalı və onlara uyğun davranmalıyıq. Məsələn, Allahın rəğbətini qazanmaq üçün Onun qanla bağlı verdiyi qanuna tabe olmalıyıq (Yar. 9:4; Həv. 15:28, 29). Dua bizə Müqəddəs Yazılardakı qanun və prinsiplərə uyğun qərarlar verməyə kömək edəcək.

5 Mühüm qərarların bizim ruhani rifahımıza da böyük təsiri ola bilər. Verdiyimiz qərarlar Yehova ilə münasibətimizə təsirsiz ötüşmür. Hər bir qərar Onunla münasibətimizə ya yaxşı, ya da pis təsir göstərir. Yaxşı qərar Allahla dostluğumuzu möhkəmləndirir, pis qərar isə dostluğumuza xələl yetirir. Üstəlik, pis qərar başqalarını kədərləndirə bilər, imanını zəiflədə bilər və yığıncaqda birliyi poza bilər. Doğrudan da, verdiyimiz qərarlar böyük əhəmiyyət kəsb edir. (Romalılara 14:19; Qalatiyalılara 6:7 ayələrini oxuyun.)

6. Qərarları nəyin əsasında qəbul etməliyik?

6 Müqəddəs Kitabda bilavasitə göstəriş olmayan vəziyyətlərdə nə etməliyik? Belə vəziyyətdə bizim üzərimizə məsuliyyət düşür ki, hər şeyi ətraflı araşdıraq və öz istəyimizi yox, Yehovanın iradəsini rəhbər tutaraq qərar qəbul edək. Onda O, mütləq bu qərara xeyir-dua verəcək. (Zəbur 37:5 ayəsini oxuyun.)

YEHOVANIN İRADƏSİNİ QAVRAYIN

7. Müqəddəs Kitabda məsələyə dair qanun olmadıqda Yehovanın bizdən nə gözlədiyini necə müəyyən edə bilərik?

7 Siz düşünə bilərsiniz: «Əgər məsələyə dair Allahın Kəlamında konkret göstəriş yoxdursa, Yehovaya nəyin məqbul olduğunu necə bilə bilərik?» Efeslilərə 5:17 ayəsində deyilir: «Yehovanın iradəsini daima qavrayın». Müqəddəs Kitabda konkret qanun olmadıqda Yehovanın iradəsini necə başa düşə bilərik. Ona dua etməklə və müqəddəs ruhun verdiyi rəhbərliyə tabe olmaqla.

8. İsa Məsih haradan bilirdi ki, Yehova onun necə davranmasını istəyir? Nümunə çəkin.

8 İsa Məsih həmişə bilirdi ki, Atası ondan necə davranmağı gözləyir. İki dəfə camaat ac olanda o dua edib onlara möcüzəvi şəkildə yemək vermişdi (Mət. 14:17—20; 15:34—37). Ancaq özünün ac vaxtında İblis onu daşları çörəyə çevirməyə təhrik edəndə o, bunu etmədi. (Mətta 4:2—4 ayələrini oxuyun.) O, Atasının düşüncə tərzinə yaxşı bələd idi, bilirdi ki, daşları çörəyə çevirməsi düzgün hərəkət olmaz. İsa başa düşürdü ki, Allah onun müqəddəs ruhdan öz xeyri üçün istifadə etməsini istəmir. Daşı çörəyə çevirməməklə İsa göstərdi ki, Yehovanın ona rəhbərlik edəcəyinə və lazım olanda yeməyini yetirəcəyinə arxayındır.

9, 10. Müdrik qərarlar verməyə bizə nə kömək edəcək? Nümunə çəkin.

9 Əgər biz İsa kimi, müdrik qərarlar vermək istəyiriksə, onda Yehovaya güvənməliyik. Bizə bu hikmətli sözlərə uyğun davranmaq lazımdır: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər. Öz gözündə ağıllı olma, Yehovadan qorx, pislikdən çəkin» (Məs. 3:5—7). Müqəddəs Kitabın vasitəsilə Yehovanın düşüncəsinə bələd olanda başa düşəcəyik ki, O, müəyyən vəziyyətdə bizdən necə davranmağımızı gözləyir. Yehovanın düşüncə tərzi barədə daha çox öyrəndikcə ürəyimiz də Onun rəhbərliyinə qarşı həssas olacaq (Hizq. 11:19).

10 Belə bir nümunəyə baxaq. Tutaq ki, ərli qadın alış-veriş edir. Bir ayaqqabıdan xoşu gəlir, amma görür ki, çox bahadır. Öz-özünə fikirləşir: «Bu qədər pul verib ayaqqabını alsam, ərim nə deyər?» Əri yanında olmasa da, onun nə deyəcəyini bilir. Onlar artıq müəyyən vaxtdır ki, evlidirlər. O, artıq ərinin pulu necə xərcləməyə dair fikrini bilir. Buna görə də başa düşür ki, ayaqqabını alsa, əri nə deyəcək. Buna bənzər tərzdə biz də Yehovanın düşüncəsi və işləri ilə tanış olduqca Onun müxtəlif vəziyyətlərdə bizdən necə davranmağı gözlədiyini daha yaxşı başa düşəcəyik.

YEHOVANIN NƏ DÜŞÜNDÜYÜNÜ NECƏ MÜƏYYƏN EDƏ BİLƏRİK?

11. Müqəddəs Kitabı oxuyarkən və araşdırarkən özümüzə hansı sualları verə bilərik? (« Allahın Kəlamını mütaliə edərkən düşünün» adlı çərçivəyə baxın.)

11 Yehovanın düşüncə tərzi ilə tanış olmaq üçün mütaliəyə son dərəcə ciddi yanaşmalıyıq. Allahın Kəlamını oxuyub araşdıranda özümüzdən soruşa bilərik: «Bu materialdan Yehova, Onun adil yolları və düşüncəsi haqda nə öyrəndim?» Davud kimi, biz də Yehovadan xahiş etməliyik ki, Onu yaxından tanımağa bizə kömək etsin. Davud yazmışdı: «Mənə yollarını göstər, ey Yehova, mənə yollarını öyrət. Məni haqq yolunda yerit, mənə təlim ver, ey Allahım, Sənsən xilaskarım. Əlim hər zaman Sənin ətəyindədir» (Zəb. 25:4, 5). Müqəddəs Kitabdan oxuduğunuz parçanın üzərində düşünəndə özünüzə bu kimi sualları verin: «Bu oxuduqlarımı ailədə necə tətbiq edə bilərəm? Başqa harada bunları tətbiq edə bilərəm? Evdə? İşdə? Məktəbdə? Xidmətdə?» Oxuduğumuzu harada tətbiq edəcəyimizi müəyyən etdikdən sonra onu necə tətbiq edəcəyimizi başa düşmək asan olacaq.

12. Nəşrlərimiz və yığıncaq görüşləri Yehovanın müxtəlif məsələlərə dair fikrini öyrənməyə necə kömək edir?

12 Yehovanın düşüncəsinə yaxından bələd olmağın bir yolu təşkilatın Müqəddəs Kitaba əsaslanan rəhbərliyinə diqqət yetirməkdir. Məsələn, qərar verməli olanda «Gözətçi Qülləsi nəşrlərinin indeksi» və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitlərinin köməyilə Yehovanın nə fikirləşdiyini anlaya bilərik. Biz həmçinin yığıncaq görüşlərinə diqqətlə qulaq asıb, orada iştirak etməklə də böyük fayda əldə edirik. Öyrəndiklərimiz barədə fikirləşsək, Yehovanın düşüncəsini daha yaxşı anlayacaq və Onun düşüncə tərzini mənimsəyəcəyik. Ruhən qidalanmağımız üçün Yehovanın təqdim etdiyi vasitələrdən tam yararlansaq, Onun yollarına getdikcə daha yaxşı bələd olacağıq. Bunun sayəsində, səmavi Atamızın razı qalıb xeyir-dua verəcəyi qərarlar qəbul edəcəyik.

QOY QƏRARLARINIZDA YEHOVANIN DÜŞÜNCƏSİ ƏKS OLUNSUN!

13. Yehovanın nə düşündüyünü götür-qoy edəndə necə müdrik qərar verə bilərik? Nümunə çəkin.

13 Gəlin bir nümunəyə baxaq və görək Yehovanın düşüncəsinə bələd olmaq bizə müdrik qərarlar verməyə necə kömək edə bilər. Padşahlığın müjdəçisi kimi, ola bilsin, siz öncüllərin sırasına qoşulmaq istəyirsiniz. Bu arzunuzu həyata keçirmək üçün həyatınızı sadələşdirməyə başlayırsınız. Eyni zamanda narahat olursunuz ki, görəsən, qənaət edə-edə yaşamaq sizi sevincdən məhrum etməyəcək. Sözsüz ki, Müqəddəs Kitabda belə bir əmr yoxdur ki, hamı öncül olmalıdır. Biz adi təbliğçi kimi Yehovaya sədaqətlə xidmətimizi davam etdirə bilərik. Lakin İsa Məsih vəd etmişdi ki, Padşahlıq uğrunda qurbanlar verənlər bunun əvəzini artıqlamasıyla alacaqlar. (Luka 18:29, 30 ayələrini oxuyun.) Bundan əlavə, Müqəddəs Yazılardan öyrənirik ki, Yehovaya mədhlərdən könüllü təqdimələr gətirəndə və həqiqi ibadətin irəliləməsi üçün könül xoşluğu ilə əlimizdən gələni edəndə bu, Ona xoş gedir (Zəb. 119:108; 2 Kor. 9:7). Məsələyə bu tərəfdən baxanda və dua edib Yehovadan rəhbərlik istəyəndə Onun düşüncəsini qavraya bilərik. Bu fikirlərin üzərində düşünəndə biz öz vəziyyətimiz üçün əlverişli qərar qəbul edəcəyik. Səmavi Atamız da işimizi avand edəcək.

14. Müəyyən geyim tərzinin Yehovaya məqbul olub-olmadığını necə bilə bilərik?

14 Başqa bir nümunəyə baxaq. Tutaq ki, sizin hansısa geyim tərzindən xoşunuz gəlir. Amma bilirsiniz ki, elə geyinsəniz, yığıncaqda bəzi bacı-qardaşların vicdanına pis təsir edəcək. Digər tərəfdən, Müqəddəs Kitabda bu cür geyinməyi qadağan edən heç bir qanun yoxdur. Bəs Yehova bu vəziyyət barədə nə fikirləşir? Həvari Bulus belə bir məsləhət vermişdi: «Eynilə qadınlar da özlərini cürbəcür saç düzümü, qızıl, mirvari, yaxud bahalı libaslarla yox, ləyaqətli geyimlə, abır-həya ilə, ağıl-kamalla bəzəsinlər, mömin olduqlarını iddia edən qadınlara yaraşan tərzdə, yaxşı işlərlə özlərinə zinət versinlər» (1 Tim. 2:9, 10). Sözsüz ki, bu məsləhət məsihi kişilərə də aiddir. Yehovanın sadiq xidmətçisi kimi, biz yalnız öz istəklərimizi düşünməməliyik, geyim-kecimimizin başqalarına necə təsir edəcəyini də fikirləşməliyik. Abır-həyadan irəli gələrək biz başqalarının geyimimiz barədə nə düşünəcəyini nəzərə almalıyıq. İman bacı-qardaşlarımıza məhəbbət isə bizi təşviq etməlidir ki, geyimimizlə onları incitməyək (1 Kor. 10:23, 24; Filip. 3:17). Müqəddəs Yazılarda deyilənləri yadımızda saxlasaq, Yehovanın bu məsələyə baxışını dərk edəcəyik və Onu razı salan qərarlar verəcəyik.

15, 16. a) Əxlaqsız şeylər barədə düşünməyə davam etsək, Yehova nə hiss edər? b) Əyləncə seçərkən Yehovaya nəyin məqbul olduğunu necə müəyyən edə bilərik? c) Mühüm qərarları necə vermək lazımdır?

15 Müqəddəs Kitabda deyilir ki, insanlar pis işlər görəndə və ürəklərindəki fikirlər və niyyətlər ancaq pisliyə meyilli olanda Yehova çox kədərlənir. (Yaradılış 6:5, 6 ayələrini oxuyun.) Bundan başa düşürük ki, əxlaqsız səhnələri fikrində canlandırmaq düzgün deyil, çünki bu, Müqəddəs Yazılarda mühakimə olunan ağır günaha aparıb çıxara bilər. Həmçinin bu cür fikirlər Yehovanın düşüncəsi ilə qətiyyən uzlaşmır. Müqəddəs Kitabda yazılıb: «Yuxarıdan nazil olan hikmət ilk növbədə safdır, sonra sülhpərvər, mülayim, itaətkardır, mərhəmətli və faydalı bəhrələrlə doludur. Ayrı-seçkilikdən, riyakarlıqdan uzaqdır» (Yaq. 3:17). Bunu bilərək biz natəmiz fikirlər və arzular oyadan əyləncələri rədd etməliyik. Yehovanın düşüncəsini dərk edən məsihi hər dəfə başqalarından soruşmayacaq ki, Onun bəyənmədiyi əməllər təsvir olunan kitabları oxumaq, filmlərə baxmaq, oyunları oynamaq olar, ya olmaz. Allahın belə məsələlərə dair fikri Onun Kəlamında açıq-aydın qeyd olunub.

16 Bir çox məsələlərlə bağlı müxtəlif cür qərar qəbul etmək olar və bu qərarların hamısı Yehovanı razı salar. Lakin ciddi qərarlar verərkən bəzən ağsaqqallarla və ya yetkin məsihilərlə məsləhətləşmək yaxşı olardı (Tit. 2:3—5; Yaq. 5:13—15). Sözsüz ki, başqalarından bizim yerimizə qərar verməyi xahiş etmək düzgün olmaz. Məsihi ağlını işlətməyi öyrənməlidir (İbr. 5:14). Hər birimiz həvari Bulusun sözlərinə uyğun davranmalıyıq: «Hər kəs öz məsuliyyət yükünü daşıyacaq» (Qal. 6:5).

17. Yehova Allaha məqbul qərarlar verməyin bizə hansı faydası olacaq?

17 Yehovanın düşüncəsinə uyğun qərarlar qəbul edəndə Ona yaxınlaşırıq (Yaq. 4:8). Onun rəğbətini və xeyir-duasını qazanırıq. Bu isə bizim səmavi Atamıza imanımızı möhkəmləndirir. Buna görə də gəlin Müqəddəs Kitabın qanun və prinsiplərini rəhbər tutaq, axı onlarda Yehovanın baxışı əks olunub. Sözsüz ki, biz Yehova haqqında həmişə yeni nəsə öyrənəcəyik (Əyy. 26:14). Ancaq çalışsaq, artıq indidən hikmətə, dərrakəyə, bəsirətə yiyələnib müdrik qərarlar verə bilərik (Məs. 2:1—5). Qeyri-kamil insanın fikirləri və planları gəldi-gedərdir, ancaq məzmurçu demişkən, «Yehovanın qərarları... əbədi durar, qəlbinin düşüncələri nəsildən-nəslə yaşar» (Zəb. 33:11). Bəli, fikirlərimiz və əməllərimiz hikmət sahibi Yehova Allahın düşüncəsinə uyğun gələndə biz ən yaxşı qərarları verəcəyik.