Kontentə keç

Mündəricatı göstər

Allahın Kəlamına uyğun təşkil olunmuş xalq

Allahın Kəlamına uyğun təşkil olunmuş xalq

«Yehova yerin təməlini hikmətlə qurub, göyləri zəkası ilə bərqərar edib» (MƏS. 3:19).

NƏĞMƏ: 15, 107

1, 2. a) Bəzi insanlar Allaha ibadətlə bağlı hansı fikrin tərəfdarıdırlar? b) Bu məqalədə nəyi müzakirə edəcəyik?

BƏZİ insanlar deyir: «Hər kəsin Allahla şəxsi münasibəti olsa, kifayətdir. Hansısa dini təşkilatın insana yol göstərməsinə ehtiyac yoxdur». Demək olarmı ki, bu, düzgün fikirdir? Bəs faktlar nə deyir?

2 Bu məqalədə Yehova Allahın nizam-intizamı sevdiyinə, hər bir şeyi mükəmməl şəkildə təşkil etdiyinə dair sübutları nəzərdən keçirəcəyik. Həmçinin Yehovanın təşkilatı vasitəsilə aldığımız rəhbərliyə necə yanaşmalı olduğumuz barədə danışacağıq (1 Kor. 14:33, 40). Ta birinci əsrdən bizim dövrə qədər Allahın Kəlamı Yehovanın yerdəki təşkilatına müjdəni bütün dünyaya yaymağa kömək edir. Allahın Kəlamındakı rəhbərliyə və təşkilatdan gələn göstərişlərə tabe olduğumuz üçün yığıncaqdakı təmizliyi, sülhü və birliyi qoruya bilirik.

YEHOVA ALLAH NİZAM-İNTİZAMI SEVİR

3. Yehova Allahın nizam-intizamı sevdiyinə sizi nə əmin edir?

3 Xilqət Yehovanın nizam-intizamı sevdiyini, hər şeyi mükəmməl şəkildə təşkil etdiyini sübut edir. Müqəddəs Kitabda deyilir: «Yehova yerin təməlini hikmətlə qurub, göyləri zəkası ilə bərqərar edib» (Məs. 3:19). Hazırda Allah haqqında bildiyimiz şeylər «Onun işlərinin bir zərrəsidir, Onun haqqında eşitdiyimiz zəif bir pıçıltıdır» (Əyy. 26:14). Planetlər, ulduzlar, qalaktikalar haqqında məlumatımız çox az olsa da, bu biliklərin sayəsində Allahın bu göy cisimlərini heyrətamiz şəkildə təşkil etdiyini görürük (Zəb. 8:3, 4). Qalaktikalar milyonlarla ulduzlardan ibarətdir və bu ulduzların hər biri fəzada nizamla hərəkət edir. Günəş sistemindəki planetlərin hərəkətinə fikir verəndə insan heyran qalır. Onlar günəş ətrafında elə qayda-qanunla dövr edirlər ki, sanki, kimsə onlar üçün yol hərəkəti qaydaları təsis edib. Sözsüz ki, Kainatdakı bu nizam-intizam göyləri və yeri hikmətlə yaradan Yehova Allahın həmd-sənaya, sədaqətə və ibadətə layiq olduğunu sübut edir (Zəb. 136:1, 5—9).

4. Nəyə görə alimlər bir çox suallara cavab verə bilmir?

4 Alimlər Kainat və Yer kürəsi haqqında xeyli kəşflər ediblər və bu kəşflərin insanlara çoxlu faydası dəyib. Amma alimlər insanlarda yaranan bir çox suallara cavab verməyə qadir deyil. Məsələn, astronomlar Kainatın necə yarandığını dəqiqliklə deyə bilmirlər, yaxud insanın və canlı aləmin nəyə görə yarandığını izah edə bilmirlər. Həmçinin insanlar nəyə görə heç kəsin ölmək istəmədiyini izah edə bilmirlər (Vaiz 3:11). Nə üçün bu qədər vacib suallar cavabsız qalır? Çünki alimlər və bir sıra insanlar Allahsız fikirləri və təkamül nəzəriyyəsini təbliğ edirlər. Ancaq Allahın Kəlamında hər bir insanı narahat edən bu sualların cavabı var.

5. Hansı mənada biz təbiət qanunlarından asılıyıq?

5 Biz insanlar Yehova Allahın təsis etdiyi dəyişməz təbiət qanunlarından asılıyıq. Elektrik, mühəndis, pilot, cərrah öz işini uğurla həyata keçirmək üçün bu qanunlara tabe olmalıdır. Həmçinin insanın anatomik quruluşu dəyişilməz olduğu üçün cərrah hər dəfə ürək əməliyyatı edəndə xəstənin ürəyini axtarmır. Biz təbiət qanunlarına tabe oluruq. Bu qanuna itaətsizlik həyatımız bahasına başa gələ bilər.

ALLAHIN TƏŞKİL ETDİYİ XALQ

6. Nəyə görə demək olar ki, Yehova xidmətçilərinin nizam-intizamlı olmasını istəyir?

6 Artıq yuxarıda qeyd olunduğu kimi, Kainatda nizam-intizam hökm sürür. Bundan belə qənaətə gəlirik ki, Yehova Allah xidmətçilərinin də nizam-intizamlı olmasını istəyir. Məhz bu məqsədlə Allah həyat yolunda insanlara bələdçi olan Kəlamını bəxş edib. Yalnız Allahın təşkilatının və Kəlamının göstərdiyi yolla getsək, xoşbəxt və mənalı həyat yaşaya bilərik.

7. Müqəddəs Kitabın mükəmməl şəkildə tərtib olunduğunu nə sübut edir?

7 Müqəddəs Kitab Yəhudi və xristian ədəbiyyatına aid ədəbi əsərlər toplusu deyil. Bu kitab mükəmməl şəkildə tərtib olunmuş, Allahın qələmindən çıxmış şah əsərdir. Onun hər bölməsi bir-bir ilə sıx bağlıdır. Burada «Yaradılış»dan tutmuş «Vəhy»ə qədər bir mövzu işıqlanır — vəd olunmuş övladın, Məsihin idarə etdiyi Padşahlıq vasitəsilə Yehova Allahın hakimiyyətinin haqq olduğunun sübuta yetirməsi və Onun yer üzü ilə bağlı niyyətinin həyata keçməsi. (Yaradılış 3:15; Mətta 6:10; Vəhy 11:15 ayələrini oxuyun.)

8. Nəyə görə demək olar ki, İsrail xalqı arasında nizam-intizam var idi?

8 İsrail xalqı arasında da nizam-intizam var idi. Məsələn, Musanın qanununa əsasən, hüzur çadırının girişində xidmət etmək üçün qadınlar təyin olunmuşdu (Çıx. 38:8). Həmçinin israillilər düşərgənin və müqəddəs çadırın yerini mütəşəkkil şəkildə dəyişirdilər. Sonralar Davud padşah da lavililəri və kahinləri bölüklərə bölmüşdü (1 Saln. 23:1—6; 24:1—3). İsraillilər Yehovanın göstərişlərinə boyun əyəndə onların arasında nizam-intizam, sülh və birlik hökm sürürdü (Qan. 11:26, 27; 28:1—14).

9. Birinci əsrdəki məsihi yığıncağının nizam-intizamla fəaliyyət göstərdiyini nə sübut edir?

9 Birinci əsrdəki məsihilər arasında da nizam-intizam var idi. Onlar həvarilərdən ibarət rəhbərlik şurasının idarəsi altında fəaliyyət göstərirdilər (Həv. 6:1—6). Sonralar bu şuraya başqa qardaşlar da üzv oldu (Həv. 15:6). Rəhbərlik şurasının üzvləri və onlarla sıx əməkdaşlıq edən qardaşlar tərəfindən Allahın ilhamı ilə yazılmış məktublar vasitəsilə yığıncağa məsləhət və göstərişlər verilirdi (1 Tim. 3:1—13; Tit. 1:5—9). Rəhbərlik şurasının göstərişlərinə boyun əyməyin yığıncaqlara hansı xeyri olurdu?

10. Birinci əsrdəki yığıncaqların rəhbərlik şurasının qərarlarına tabe olması hansı bəhrəni gətirirdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

10 Həvarilərin işləri 16:4, 5 ayələrini oxuyun. Birinci əsrdə bəzi qardaşlar yığıncaqları ziyarət edib onlara rəhbərlik şurasının, «Yerusəlimdəki həvarilərin və ağsaqqalların qərarlarını çatdırır»dılar. Yığıncaqlar bu qərarlara tabe olduqları üçün «imanda möhkəmlənir və günü-gündən böyüyürdü». Bəs biz onlardan necə nümunə götürə bilərik?

SİZ GÖSTƏRİŞLƏRƏ TABE OLURSUNUZ?

11. Məsul qardaşlar təşkilatdan gələn rəhbərliyə necə münasibət göstərməlidirlər?

11 Bizim dövrdə də filial komitəsinin və ölkə komitəsinin üzvləri, rayon nəzarətçiləri və yığıncaq ağsaqqalları təşkilatdan aldıqları göstərişlərə tabe olmalıdırlar. Çünki Yehova Allahın Kitabında bizə rəhbərlik edənlərə itaət etmək və tabe olmaq buyrulur (Qan. 30:16; İbr. 13:7, 17). Allahın təşkilatında tənqidi münasibətə və üsyankarlığa yer yoxdur. Çünki bu cür münasibət yığıncaqdakı məhəbbətə, sülhə və birliyə zərər vura bilər. Sözsüz ki, heç bir sadiq məsihi məsul qardaşlara hörmətsiz yanaşan və sədaqətsizlik göstərən Diotrefə bənzəmək istəməz. (3 Yəhya 9, 10 ayələrini oxuyun.) Gəlin növbəti suallarla özümüzü yoxlayaq: «Ətrafımdakı insanların ruhani cəhətdən möhkəmlənməyinə kömək edirəm? Məsul qardaşların göstərişlərinə dərhal əməl edirəm?»

12. Ağsaqqalların və yığıncaq xidmətçilərinin təyin olunması ilə bağlı hansı dəyişiklik olmuşdu?

12 Gəlin Rəhbərlik Şurasının təzəlikcə verdiyi bir qərarı nəzərdən keçirək. «Gözətçi qülləsi» jurnalının 2014-cü il 15 noyabr sayının «Oxucuların sualları» rubrikasında ağsaqqalların və yığıncaq xidmətçilərinin təyin olunması ilə bağlı yenilik barədə məqalə dərc olunmuşdu. Həmin məqalədə qeyd olunurdu ki, birinci əsrdəki rəhbərlik şurası yığıncaqda qardaşlara təyinat vermək məsuliyyətini səyyar nəzarətçilərə həvalə etmişdi. Bu nümunəyə uyğun olaraq, 2014-cü il sentyabr ayının 1-dən etibarən ağsaqqalları və yığıncaq xidmətçilərini rayon nəzarətçisi təyin edir. Rayon nəzarətçisi təyinatı irəli sürülən qardaşı yaxından tanımağa və mümkündürsə, onunla təbliğə çıxmağa çalışır. Həmçinin onun ailəsi ilə də tanış olur (1 Tim. 3:4, 5). Sonra ağsaqqallar şurası və rayon nəzarətçisi yığıncaq xidmətçiləri və ağsaqqallar üçün tələbləri diqqətlə nəzərdən keçirirlər (1 Tim. 3:1—10, 12, 13; 1 But. 5:1—3).

13. Ağsaqqallara dəstək olduğumuzu necə göstərə bilərik?

13 Biz ağsaqqalların Müqəddəs Kitaba əsaslanan göstərişlərinə riayət etməliyik, çünki onlar Allahın Kəlamındakı sağlam nəsihətə əsasən davranırlar (1 Tim. 6:3). Gəlin həvari Bulusun yığıncaqda nizam-intizamı pozanlara dair verdiyi göstərişə nəzər salaq. Bəziləri «işləmək istəmir, onlara aid olmayan işlərə qarışır»dı. Ağsaqqallar onlara məsləhət versə də, onlar bu məsləhəti qulaqardına vururdular. Bəs bacı-qardaşlar bu cür hərəkətə yol verən insanla necə rəftar etməli idilər? Bulus aydın şəkildə demişdi: «Onu nəzərdə saxlayın və onunla yoldaşlıq etməyin». Eyni zamanda məsihilər bu məsləhətə tarazlı yanaşmalı idilər: onunla düşmən kimi davranmamalı idilər (2 Salon. 3:11—15). Bu gün də kimsə davranışı ilə yığıncağa pis nümunə qoyanda, məsələn, imanda olmayan insanla görüşəndə ağsaqqallar yığıncağı xəbərdar etmək üçün məruzə söyləyirlər (1 Kor. 7:39). Belə bir məruzə eşidəndə necə davranırsınız? Əgər məruzədə söylənilən vəziyyətdən xəbəriniz varsa, həmin insanla ünsiyyəti azaldırsınız? Bu cür davransanız, o insan hərəkətinin onun zərərinə olduğunu və Yehovanı narazı saldığını başa düşüb müəyyən dəyişikliklər edə bilər [1].

YIĞINCAQDAKI TƏMİZLİYİ, SÜLHÜ VƏ BİRLİYİ QORUYUN

14. Yığıncağın təmizliyini necə qoruya bilərik?

14 Allahın Kəlamındakı məsləhətlərə riayət etməklə yığıncaqdakı təmizliyi qoruya bilərik. Gəlin Korinf yığıncağındakı vəziyyətə diqqət yetirək. Həvari Bulus burada təbliğ işinə can qoyurdu və oradakı iman bacı-qardaşlarını çox sevirdi (1 Kor. 1:1, 2). Təsəvvür edin, Bulus həmin yığıncaqda bir nəfərin əxlaqsızlığa yol verdiyini və qardaşların da buna göz yumduğunu biləndə hansı hissləri keçirmişdi. Həvari göstəriş vermişdi ki, həmin insan Şeytana təslim edilsin, yəni yığıncaqdan kənar edilsin. Yığıncaqdakı təmizliyi qorumaq üçün ağsaqqallar yığıncağı «mayadan», yəni günahdan təmizləməli idi (1 Kor. 5:1, 5—7, 12). Bu gün ağsaqqallar tövbə etməyən günahkarı yığıncaqdan kənar edəndə onların qərarını dəstəkləsək, yığıncağın təmizliyini qoruyar, hətta, ola bilsin, günahkarı tövbə etməyə, Yehovanın əfvini diləməyə təşviq edə bilərik.

15. Yığıncaqdakı sülhü necə qoruya bilərik?

15 Korinf yığıncağında başqa bir problem də var idi: bəzi qardaşlar bir-birini məhkəməyə verirdilər. Həvari Bulus onları düşündürmək üçün belə bir sual vermişdi: «Niyə də haqsızlığa qatlaşmayasınız?» (1 Kor. 6:1—8). Eyni vəziyyət bizim günlərdə də baş verir. Hərdən bacı-qardaşlar arasındakı sülh pozulur: səbəb biznesin iflasa uğraması və qarşı tərəfin fırıldaqçılıqda ittiham edilməsi olur. Bu cür hallarda bəziləri dindaşlarını məhkəməyə verir. Ancaq Allahın Kəlamı göstərir ki, Yehovanın adına ləkə gətirməkdən və yığıncaqdakı sülhü pozmaqdansa, ziyan çəkmək daha yaxşıdır [2]. Ciddi narazılıqları və anlaşılmazlıqları aradan qaldırmaq üçün İsanın məsləhətinə əməl etməliyik. (Mətta 5:23, 24; 18:15—17 ayələrini oxuyun.) Belə etsək, yığıncaqda sülhü qorumuş olacağıq.

16. Nəyə görə Allahın xalqı arasında birlik var?

16 Müqəddəs Kitaba əsasən, Allahın xalqı arasında birlik olmalıdır. Orada yazılıb: «Nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» (Zəb. 133:1). İsraillilər Yehovanın qayda-qanunlarına riayət edəndə aralarında nizam-intizam və birlik hökm sürürdü. Xalqının gələcəyini təsvir edərək Yehova demişdi ki, onları «ağıldakı qoyun-quzu kimi» bir yerə yığacaq (Mik. 2:12). Həmçinin Səfənya peyğəmbər vasitəsilə Yehova Allah demişdi: «Mən xalqların dilini dəyişib onlara saf dil [yəni Müqəddəs Kitabdakı həqiqəti] verəcəyəm ki, hamısı Yehovanın adını çağırsın, çiyin-çiyinə Ona qulluq etsin» (Səf. 3:9). Nə xoşdur ki, Yehovaya birlik içində xidmət edə bilirik!

Ağsaqqallar günah işlədən hər məsihiyə ruhani cəhətdən kömək etməyə çalışırlar (17-ci abzasa baxın)

17. Yığıncağın təmizliyini və birliyi qorumaq üçün ağsaqqallar nə etməlidirlər?

17 Yığıncaqdakı təmizliyin və birliyin qorunması üçün ağsaqqallar intizam məsələlərini dərhal və məhəbbətlə həll etməlidirlər. Həvari Bulus bilirdi ki, insandan fərqli olaraq, Allah hisslərə qapılaraq hərəkət etmir, eyni zamanda günahkarın əməllərinə də göz yummur (Məs. 15:3). Bu səbəbdən Bulus Korinfdəki məsihilərə məhəbbətindən irəli gələrək onlara yazdığı birinci məktubda müəyyən göstərişlər vermişdi. Onun korinflilərə bir neçə ay sonra yazdığı ikinci məktubdan görünür ki, ağsaqqallar həvarinin göstərişinə əməl etmişdilər. Əgər məsihi bilmədən səhv bir iş görərsə, ağsaqqallar ona mülayimcəsinə məsləhət verməlidirlər (Qal. 6:1).

18. a) Müqəddəs Kitabdakı məsləhətlər birinci əsrdəki yığıncaqlara necə kömək etmişdi? b) Növbəti məqalədə nəyi araşdıracağıq?

18 Allahın Kəlamındakı məsləhətlər həm Korinf, həm də digər şəhərlərdəki yığıncaqlara təmizliyi, sülhü və birliyi qorumağa kömək etmişdi (1 Kor. 1:10; Efes. 4:11—13; 1 But. 3:8). Nəticədə, birinci əsrdə yaşayan bacı-qardaşlarımız xidmətdə çoxlu nailiyyətlər əldə etmişdilər; Bulusun da yazdığı kimi «müjdə səma altında yaşayanların hamısına» təbliğ edilmişdi (Kol. 1:23). Bu gün də Allahın xalqı nizam-intizamla və birlik içində xidmət etdiyi üçün müjdə dünyanın dörd bir tərəfində təbliğ edilir. Növbəti məqalədə Allahın xalqının Müqəddəs Kitabı uca tutduğuna və Yaradanlarına şərəf gətirmək istədiklərinə dair başqa sübutları araşdıracağıq (Zəb. 71:15, 16).

^ [1] (13-cü abzas) «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabının 134 və 135-ci səhifələrinə baxın.

^ [2] (15-ci abzas) Bir məsihinin digərini hansı hallarda məhkəməyə vermək ixtiyarı olduğunu «Allahın məhəbbətindən ayrılmayın» kitabının 223-cü səhifəsində yerləşən haşiyədən oxuya bilərsiniz.