Kontentə keç

Mündəricatı göstər

Valideynlər, övladlarınıza möhkəm imana sahib olmağa kömək edin

Valideynlər, övladlarınıza möhkəm imana sahib olmağa kömək edin

«Ey oğlanlar, ey qızlar,.. hamınız Yehovanın adına alqış edin!» (ZƏB. 148:12, 13).

NƏĞMƏ: 88, 115

1, 2. a) Valideynlər hansı çətinliklə üzləşir və bunun öhdəsindən necə gələ bilərlər? b) Bu məqalədə valideynlərə kömək olacaq hansı dörd üsulu nəzərdən keçirəcəyik?

«VALİDEYNİN Yehova Allaha iman etməsi o demək deyil ki, övladında da mütləq bu iman olacaq. İman miras deyil ki, uşağa ötürəsən. İman uşağın ürəyində yavaş-yavaş yetişir». Bu sözləri Fransadan olan bir cütlük demişdi. Avstraliyadan olan bir qardaş yazır: «Mən deyərdim, uşaqların ürəyində iman yetişdirmək ən çətin işdir. Bunun üçün mümkün olan bütün üsullardan istifadə etmək lazımdır. Sənə elə gəlir ki, uşağın sualına cavab verib onu qane eləmisən. Amma bir müddət sonra o, eyni sualı yenə verir. Bu gün uşağınızı qane edən cavab, sabah onu razı salmaya bilər. Bəzi mövzuları onlarla ara-sıra yenidən müzakirə etmək lazımdır».

2 Yəqin bir valideyn kimi hərdən narahat olursunuz ki, görəsən, övladınızı imanlı bir insan kimi böyüdə biləcəksiniz? Təbii ki, tək özünüzə qalsa, bunu bacarmazsınız! (Ərm. 10:23). Ancaq Allahın köməyilə bu yolda uğur qazana bilərsiniz. Gəlin uşaqlarınızın ürəyində iman yetişdirməyə kömək edən dörd üsulu nəzərdən keçirək: 1) Uşağınızı yaxından tanıyın; 2) onlara ürəkdən təlim verin; 3) əyani vəsaitlərdən istifadə edin; 4) səbirli olun və duaya önəm verin.

ÖVLADINIZI YAXINDAN TANIYIN

3. Valideynlər uşaqlarına təlim verəndə İsadan necə nümunə götürə bilərlər?

3 İsa Məsih öz davamçılarına onların imanı ilə bağlı suallar verirdi (Mət. 16:13—15). Ondan nümunə götürün. Uşaqlarınızla vaxt keçirəndə onları öz hisslərini bölüşməyə, nəyə əmin olmadıqlarını, hansı şübhələrinin olduğunu danışmağa təşviq edin. Avstraliyadan olan 15 yaşlı bir qardaş yazır: «Atam tez-tez mənimlə imanım barədə söhbət edirdi və məni düşünməyə təşviq edirdi. O, məndən soruşurdu: “Müqəddəs Kitabda nə yazılıb? Orda yazılanlara inanırsan? Nəyə görə inanırsan?” O çalışırdı ki, mən öz sözlərimlə cavab verim, onun və anamın sözlərini təkrarlamayım. Böyüdükcə atam məni dolğun cavablar verməyə təşviq edirdi».

4. Nəyə görə uşaqların suallarına ciddi yanaşmaq lazımdır? Nümunə çəkin.

4 Uşağınız hansısa təlimlə razılaşmayanda sərt cavab verməyin, dərhal müdafiəyə qalxmayın. Səbir göstərib onu düşünməyə təşviq edin. Bir ata deyir: «Uşağınızın suallarına ciddi yanaşın. Onun verdiyi sualları əhəmiyyətsiz hesab etməyin və həssas mövzularla bağlı suallarına cavab verməyə çəkinməyin». Əslində, uşağın sual verməyi yaxşıdır, çünki bu, onun təlimi başa düşmək istədiyini göstərir. Hətta İsa da uşaq vaxtı suallar verirdi. (Luka 2:46 ayəsini oxuyun.) Danimarkadan olan 15 yaşlı bir oğlan deyir: «Mən valideynlərimə deyəndə ki, bu yolun həqiqət olduğuna əmin deyiləm onlar narahat olsalar da, bunu sakit qarşıladılar. Mənim bütün suallarıma Müqəddəs Kitabdan cavab verdilər».

5. Uşağı ruhani işlərlə məşğul olsa da, valideyn nə etməlidir?

5 Uşağınızı yaxından tanıyın: onun fikirlərini, hisslərini və maraq dairəsini öyrənməyə çalışın. Heç vaxt arxayın olmayın ki, övladınız sizinlə bir yerdə yığıncağa və təbliğə gedirsə, deməli, imanı var. Gündəlik işlərlə məşğul olanda onunla ruhani mövzularda söhbət edin. Onunla birlikdə və onun üçün dua edin. İmanına görə üzləşdiyi bütün sınaqlardan agah olmağa çalışın və ona möhkəm qalmağa kömək edin.

UŞAĞINIZA ÜRƏKDƏN TƏLİM VERİN

6. Müqəddəs Kitab təlimlərini dərindən bilmək valideynə nədə kömək edəcək?

6 İsa insanların ürəyinə çox gözəl yol tapa bilirdi, çünki Yehovanı da, insanları da çox sevirdi və Müqəddəs Kitabı yaxşı bilirdi (Luka 24:32; Yəh. 7:46). Uşaqlar valideynlərinin Yehovanı sevdiyini görəndə onların da qəlbində Allaha məhəbbət yaranacaq. (Qanunun təkrarı 6:5—8; Luka 6:45 ayələrini oxuyun.) Odur ki, əziz valideynlər, Müqəddəs Kitabı və nəşrlərimizi dərindən öyrənin. Allahın yaratdıqları ilə maraqlanın, nəşrlərimizdə bununla bağlı çıxan məqalələri oxuyun (Mət. 6:26, 28). Bunun sayəsində biliyiniz dərinləşəcək, Yehovaya minnətdarlığınız artacaq və övladınıza yaxşı təlim verə biləcəksiniz (Luka 6:40).

7, 8. Müqəddəs Kitabdan yeni fikirlər öyrənəndə nə edə bilərsiniz? Bəzi valideynlər bunu necə edir?

7 Müqəddəs Kitabdan öyrəndiyiniz yeni fikirləri ailənizə danışın. Bunu yalnız yığıncağa hazırlaşanda və ya ailəvi ibadət axşamı keçirəndə yox, hər zaman edin. Çalışın müzakirəniz rəsmi olmasın, təbii, rahat və adi söhbət şəklində keçsin. Birləşmiş Ştatlardan olan bir cütlük təbiətdə gözəl bir şey görəndə və süfrə arxasında uşaqları ilə oturanda Yehova barədə danışır. Onlar deyir: «Uşaqlarımıza başa salırıq ki, Yehovanın bizim üçün yaratdığı hər bir şey Onun bizi sevdiyini və bizi düşündüyünü göstərir». Cənubi Afrikadan olan bir ər-arvad qızları ilə bağda işləyəndə toxumun cücərib böyüməsinin bir möcüzə olduğunu vurğulayırlar. Onlar deyir: «Biz qızlarımızı həyatı qiymətləndirməyə və canlı aləmin necə mürəkkəb olduğu barədə düşünməyə təşviq edirik».

8 Avstraliyadan olan bir ata oğlunun on yaşı olanda onun Yehovaya və yaradılışa imanını gücləndirmək üçün onu muzeyə aparır. O deyir: «Muzeydə ammonit və trilobit adlanan nəsli kəsilmiş dəniz canlıları sərgilənirdi. Bu heyvanlar çox qəşəng idilər, onların bu gün gördüyümüz canlılarınkı qədər mürəkkəb və mükəmməl quruluşu var idi. Onda mən düşündüm: əgər sadə həyat növü sonradan mürəkkəb növə təkamül edibsə, onda nəyə görə bu qədim canlılar hələ o vaxt mürəkkəb quruluşlu olublar? Bu fikir mənə çox maraqlı gəldi və mən bunu oğlumla bölüşdüm».

ƏYANİ VƏSAİTLƏRDƏN İSTİFADƏ EDİN

9. Nəyə görə əyani vəsaitlərin köməyilə öyrətmək təsirli vasitədir və bir ana hansı əyani vəsaitdən istifadə etmişdi?

9 İsa təlim verərkən çox vaxt nümunələr çəkirdi, əyani vəsaitlərdən istifadə edirdi. Onlar insanları düşündürür, onlara dərin təsir bağışlayır və yaddaşlarına həkk olurdu (Mət. 13:34, 35). Uşaqların təxəyyülü çox geniş olur. Buna görə də valideynləri təşviq edirik ki, uşaqlarına nə isə öyrədəndə nümunələrdən, əyani vəsaitlərdən bacardıqları qədər çox istifadə etsinlər. Yaponiyadan olan bir ana oğullarının səkkiz və on yaşı olanda onlara Yerin atmosfer qatı barədə öyrətmək və Yehovanın onu bizi düşünərək yaratmasını başa salmaq üçün məhz bu üsuldan istifadə etmişdi. O, uşaqların hər ikisinə süd, şəkər tozu və kofe verir ki, onun üçün kofe hazırlasınlar. O deyir: «Onlar bunu çox həvəslə, ürəkdən edirdilər. Onlardan soruşanda ki, niyə belə ürəkdən çalışırdılar dedilər: “İstəyirdik, sənin xoşladığın kimi alınsın”. Onda mən onlara başa saldım ki, Yehova da atmosferin tərkibini elə yaradıb ki, biz yerdə rahat yaşaya bilək». İstifadə olunan bu əyani vəsait onların yaşına uyğun idi və əgər anaları sadəcə sözlə başa salsaydı bu cür təsirli olmazdı. Sözsüz ki, bu, uzun müddət onların yaddaşından silinməyəcək!

Sadə şeylər vasitəsilə uşaqlarınıza Yaradana iman aşılayın (10-cu abzasa baxın)

10, 11. a) Uşağınızın ürəyində Allaha iman yetişdirmək üçün hansı əyani vəsaitdən istifadə edə bilərsiniz? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Siz hansı əyani vəsaitdən istifadə etmisiniz?

10 Uşaqlarınızın ürəyində iman yetişdirmək üçün əyani vəsait kimi reseptlərdən də istifadə edə bilərsiniz. Məsələn, piroq bişirəndən sonra reseptin nə qədər vacib olduğunu izah edin. Sonra uşağa alma və ya başqa bir meyvə verib soruşun: «Sən bilirdin ki, almanın da resepti var?» Sonra almanı ortadan bölün, tumunu çıxarıb uşağa verin. Deyin ki, almanın resepti tumun içində «yazılıb», amma bu, adi reseptlər kimi deyil, onu oxumaq çox çətindir. Ondan soruşun: «Bilirik ki, piroqun reseptini kimsə yazıb, bəs görəsən, almanın bu cür çətin reseptini kim yazıb?» Bir az böyük uşaqlara isə almanın, eləcə də alma ağacının reseptinin DNT-də yazıldığını demək olar. Həmçinin uşaqla birlikdə «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» adlı broşürün 10—20 səhifələrindəki (türk.) bəzi şəkilləri nəzərdən keçirmək olar.

11 Bir çox valideynlər uşaqları ilə «Oyanın!» jurnalının «Təkamül, yoxsa yaradılış möcüzəsi?» rubrikasında çıxan məqalələri müzakirə edirlər. Uşaqları çox balaca olan valideynlər bu məqalələrdəki məlumatı onlara sadə dillə izah edirlər. Məsələn, Danimarkadan olan bir cütlük təyyarəni quşla müqayisə edib uşağından soruşmuşdu: «Gör təyyarə ilə quş bir-birinə necə oxşayır. Bəs, səncə, təyyarə yumurtlaya və balaca təyyarələr çıxarda bilir? Quşlara enmək üçün xüsusi yer lazımdır? Görürsən, təyyarə necə səs çıxar və quş necə oxuyur? Necə fikirləşirsən: kim daha ağıllıdır, təyyarəni düzəldən, yoxsa quşu Yaradan?» Bu cür mülahizə yürütməklə və maraqlı suallar verməklə uşağa düşüncəsini işə salmağa kömək edə və onun körpə ürəyində Allaha iman yetişdirə bilərsiniz (Məs. 2:10—12).

12. Əyani vəsaitlər uşaqları Müqəddəs Kitabın Allahdan olduğuna necə inandıra bilər?

12 Əyani vəsaitlərdən həmçinin uşaqları Müqəddəs Kitabın dəqiq olduğuna inandırmaq üçün də istifadə etmək olar. Məsələn, götürək Əyyub 26:7 ayəsini. (Ayəni oxuyun.) Bu ayənin Allahdan olduğunu necə izah etmək olar? Sadəcə faktlar gətirməyin. Uşağınızın təxəyyülünü işə salın. Onun nəzərinə çatdırın ki, teleskop və kosmik gəmi Əyyub yaşayan dövrdən əsrlər sonra düzəldilib. Qoyun uşaq göstərsin ki, ağır şeylərin, məsələn, Yer kürəsinin heç nəyin üstündə dayanmadığına inanmaq necə çətindir. Fikrini çatdırmaq, yəni ağır şeylərin, adətən, nəyinsə üstündə dayandığını göstərmək üçün o, top və ya daş götürə bilər. Bu, uşağa dərin təsir bağışlaya bilər, o başa düşəcək ki, insanların sübut etdiyi bu faktları Yehova uzun illər əvvəl Müqəddəs Kitabda yazdırıb (Nəh. 9:6).

MÜQƏDDƏS KİTABDAKI MƏSLƏHƏTLƏRİN DƏYƏRİNİ BAŞA SALIN

13, 14. Valideynlər Müqəddəs Kitabdakı prinsiplərin dəyərini uşaqlarına necə aşılaya bilərlər?

13 Uşağa Müqəddəs Kitabdakı prinsiplərin dəyərini aşılamaq olduqda vacibdir. (Zəbur 1:1—3 ayələrini oxuyun.) Bunu müxtəlif üsullarla edə bilərsiniz. Məsələn, uşağa belə demək olar: «Təsəvvür elə ki, sən kimsəsiz bir adaya köçməyə hazırlaşırsan və ora özünlə bir necə adam götürə bilərsən. Özünlə necə insanları aparardın ki, adada hamı mehriban yaşaya bilsin?» Sonra Qalatiyalılara 5:19—23 ayələrini oxuyub göstərə bilərsiniz ki, Yehova cənnətdə necə insanların yaşamasını istəyir.

14 Bu misal uşağa iki mühüm fikri başa düşməyə kömək edəcək. Birincisi, Allahın qanunları əsl sülh və mehribançılıq yaradır. İkincisi, Yehova Allah bu gün bizə təlim verməklə bizi yeni dünyada yaşamağa hazırlayır (Əşy. 54:13; Yəh. 17:3). Buna misal olaraq nəşrlərimizdən bacı-qardaşlarımızın həyatı barədə oxuya bilərsiniz. Məsələn, «Gözətçi qülləsi» jurnalında çıxan «Müqəddəs Kitab həyatları dəyişir» rubrikasındakı bioqrafiyaları nəzərdən keçirmək olar. Ya da yığıncağınızda Yehovanı razı salmaq üçün həyatında köklü dəyişiklik edən bacı və ya qardaş varsa, onu qonaq dəvət edə bilərsiniz ki, özü barədə danışsın. Bu cür nümunələr Müqəddəs Kitabın prinsiplərini canlandırır (İbr. 4:12).

15. Uşaqlarınıza yaxşı təlim vermək üçün nə edə bilərsiniz?

15 Xülasə, yerinizdə saymayın, əlinizdən gələni edin ki, təlim prosesinə rəng qatasınız. Təxəyyülünüzü işlədin. Uşaqları düşündürün, onların yaşını nəzərə alın. Çalışın bu dəqiqələr maraqlı keçsin, onların imanını möhkəmləndirsin. Bir ata məsləhət görür: «Tənbəllik etməyin, tanış mövzuları yeni şəkildə öyrədin».

MÖHKƏM İMANLI, SƏBİRLİ OLUN VƏ DUAYA ÖNƏM VERİN

16. Uşaqları öyrədərkən səbirli olmaq nəyə görə vacibdir? Nümunə çəkin.

16 İnsanın qəlbində möhkəm imanın olması Allahın müqəddəs ruhundan asılıdır (Qal. 5:22, 23). Meyvə bir günün içində yetişmədiyi kimi, imanın da möhkəmlənməsi üçün vaxt lazımdır. Buna görə də uşaqlarınızı öyrədərkən səbirli və əzmli olun. Yaponiyadan olan iki uşaq atası deyir: «Arvadımla mən uşaqlarımıza kifayət qədər vaxt ayırırdıq. Ta uşaq vaxtlarından onlarla hər gün, yığıncaq günlərini çıxmaq şərtilə, gündə 15 dəqiqə dərs keçirdim. On beş dəqiqə həm bizim üçün yaxşı idi, həm də onları yormurdu». Bir rayon nəzarətçisi yazır: «Yeniyetmə olanda həqiqətlə bağlı çoxlu suallarım və şübhələrim olurdu, amma onların hamısını dilə gətirmirdim. Vaxt keçdikcə bu suallarıma yığıncaq görüşlərində, ailəvi ibadətdə və şəxsi mütaliə vaxtı cavab tapırdım. Buna görə də valideynlərin uşaqları ilə müntəzəm dərs keçməsi çox vacibdir».

Uşaqlarınıza aşılamaq istədiyiniz şeyləri birinci öz ürəyinizə həkk edin (17-ci abzasa baxın)

17. Nəyə görə valideyn yaxşı nümunə qoymalıdır və bir ər-arvad bunun necə edir?

17 Valideynin özünün imanının möhkəm olması olduqca vacibdir. Uşaqlarınız sizi müşahidə edir və sizin nümunəniz onlara güclü təsir edə bilər. Buna görə də, əziz valideynlər, imanınızı möhkəmləndirin. Qoyun uşaqlarınız Yehova Allahın sizin üçün nə dərəcədə real olduğunu aydın görsün. Bermud adalarından olan bir ər-arvad çətin vaxtlarda uşaqları ilə bir yerdə dua edib Yehovadan kömək istəyirlər və uşaqlarını ayrıca dua etməyə təşviq edirlər. Onlar deyir: «Böyük qızımıza deyirik ki, həmişə Yehovaya güvənsin, həmişə Yehovanın işində fəal olsun və çox narahat olmasın. O, bunun nəticəsini görəndə başa düşür ki, Yehova, doğrudan da, bizə kömək edir. Bu, onun Yehovaya imanını gücləndir və Müqəddəs Kitaba etibarını artırır».

18. Valideynlər nəyi yadda saxlamalıdırlar?

18 Təbii ki, valideyn uşağın ürəyində zorla iman yetişdirə bilməz, uşağın özündən çox şey asılıdır. Bir valideyn kimi sizin işiniz əkmək və sulamaqdır. Yalnız Allah uşağın qəlbində əkdiyiniz iman toxumunu böyüdə bilər (1 Kor. 3:6). Odur ki, Ondan müqəddəs ruh istəyin, əziz balalarınıza Allaha məhəbbət aşılamaq üçün can qoyun. Bununla siz çox əkib, Yehovanın xeyir-duası ilə, çox da nemət biçəcəksiniz (Efes. 6:4).