Kontentə keç

Mündəricatı göstər

Gənclər, imanınızı möhkəmləndirin

Gənclər, imanınızı möhkəmləndirin

«İman... gözlə görünməyən gerçəkliklərin sübutunu açıq-aşkar görməkdir» (İBR. 11:1).

NƏĞMƏ: 41, 69

1, 2. Gənclər hansı təsirə məruz qalır və möhkəm dayanmağa onlara nə kömək edə bilər?

«İNANMAZDIM Kİ, sənin kimi ağıllı bir qız Allaha inanar!» Bu sözləri Britaniyadan olan bir gənc bacımızın sinif yoldaşı ona demişdi. Almaniyadan olan bir qardaş yazır: «Müəllimlərim Müqəddəs Kitabda yazılanlara əfsanə kimi baxırlar. Amma şagirdlərin təkamülə inanmasına normal yanaşırlar». Fransada yaşayan gənc bacımız deyir: «Məktəbimizdəki müəllimlər hələ də Müqəddəs Kitaba inanan şagirdlərin olduğunu eşidəndə təəccüblənirlər».

2 Ola bilsin, siz Yehovanın xidmətçisisiniz, ya da Yehova Allah haqqında öyrənirsiniz. Yəqin sizə də təsir göstərirlər ki, Allaha yox, son vaxtlar geniş yayılmış inanclara, məsələn, təkamülə inanasınız. Onda siz imanınızı möhkəmləndirmək və qorumaq üçün müəyyən addımlar atmalısınız. Addımlardan biri, insanı qorumağa qadir olan düşüncəni işə salmaqdır. Bu, sizi imanı sarsıda biləcək fəlsəfi fikirlərdən qoruyacaq. (Məsəllər 2:10—12 ayələrini oxuyun.)

3. Bu məqalədə nəyi müzakirə edəcəyik?

3 Əsl iman Allah haqqında dəqiq biliyə əsaslanır (1 Tim. 2:4). Buna görə də Müqəddəs Kitabı və ona əsaslanan ədəbiyyatları tələsik, üzdən oxumayın. Düşüncənizi işə salaraq oxuduqlarınızın mənasını dərk etməyə çalışın (Mət. 13:23). Gəlin görək, bu, sizə yetərincə sübutu olan inanclara, Yaradana və Müqəddəs Kitaba imanınızı necə möhkəmləndirə bilər (İbr. 11:1).

İMANINIZI NECƏ MÖHKƏMLƏNDİRƏ BİLƏRSİNİZ?

4. Nəyə görə həm Allaha, həm də təkamülə inanmaq üçün iman lazımdır və buna görə də nə etməliyik?

4 Kimsə deyə bilər ki, təkamülü elm sübut edir, amma Allaha inanmaq üçün iman lazımdır. Lakin bir şeyi yaxşı-yaxşı yadda saxlayın: təkamülə də, Allaha da inanmaq üçün iman gərəkdir. Yəqin sizdə sual yaranır, bu nə deməkdir? Gəlin bir az fikirləşək: heç kim nə Allahı görməyib, nə də O, nə isə yaradanda şahidi olmayıb (Yəh. 1:18). Eynilə bir həyat növünün başqa həyat növünə çevrildiyini, məsələn, meymunun insana çevrildiyini heç kəs, hətta alimlər belə görməyib (Əyy. 38:1, 4). Bu səbəbdən, hər kəs sübutları araşdırmalı və düşüncəsini işə salaraq məntiqli nəticə çıxarmalıdır. Xilqətlə bağlı həvari Bulus yazmışdı: «[Allahın] gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər vasitəsilə dərk edilir. Buna görə də onlar üzrsüzdürlər» (Rom. 1:20).

İnsanlarla inanclarınız barədə danışmaq üçün təşkilatın təqdim etdiyi vəsaitlərdən istifadə edin (5-ci abzasa baxın)

5. Yehovanın təşkilatı dərrakəmizi işlətmək üçün bizə hansı vəsaitlər təqdim edir?

5 «Dərk etmək» əvvəl-əvvəl görünməyən və aydın olmayan bir şeyin varlığını qəbul etmək, başa düşməkdir (İbr. 11:3). Dərrakəli insan sadəcə gözü ilə gördüyünə, qulağı ilə eşitdiyinə inanmır, o, həm də düşüncəsini işə salır. Yehovanın təşkilatı bu sahədə bizə kömək olacaq çoxlu axtarış vəsaitləri təqdim edib. Bu vəsaitlərin köməyilə Yaradanımızı iman gözləri ilə görə bilərik (İbr. 11:27). Misal kimi bu vəsaitlərin adını çəkmək olar: «Yaradılış möcüzələri Allahın əzəmətini bəyan edir» videosu (türk.), «Həyat necə yaranıb?» və «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» (türk.) adlı broşürlər, «Qayğıkeş Yaradan mövcuddurmu?» kitabı (türk.). Biz həmçinin jurnallarımız vasitəsilə də zehnimizi qidalandıran faydalı məlumatlar alırıq. «Oyanın!» jurnalında tez-tez alimlərin və başqa insanların müsahibəsi çap olunur. Onlar nəyə görə Allaha inandıqları barədə danışırlar. Eləcə də bu jurnalda çıxan «Təkamül, yoxsa yaradılış möcüzəsi?» adlı rubrika canlı aləmdə gördüyümüz şeylərin heyrətamiz quruluşu barədə bizə məlumat verir. Alimlər çox vaxt onların quruluşundakı müəyyən cəhətləri təkrarlamağa çalışırlar.

6. Təşkilatın təqdim etdiyi vəsaitlərin bacı-qardaşlarımıza necə təsir etdiyinə dair nümunə çəkin. Bəs siz onlardan necə faydalanmısınız?

6 Yuxarıda adı çəkilən iki broşür barədə Birləşmiş Ştatlardan olan 19 yaşlı bir qardaş deyir: «Bu broşürləri çox xoşlayıram. Onları dəfələrlə oxumuşam». Fransadan olan bir bacı yazır: «“Təkamül, yoxsa yaradılış möcüzəsi?” rubrikası çox xoşuma gəlir! Bu məqalələr göstərir ki, peşəkar mühəndislər təbiətdəki mürəkkəb quruluşların müəyyən cəhətlərini təkrarlaya bilərlər, amma eynisini yarada bilməzlər». Cənubi Afrikadan olan 15 yaşlı bir qızın valideynləri deyir: «“Oyanın!” jurnalını alan kimi qızımız birinci «Müsahibələr» rubrikasını oxuyur». Bəs siz necə? Bu vəsaitlərdən tam şəkildə faydalanırsınız? Onlar sizi dərinə kök atmış ağac kimi imanda möhkəm edə bilər. Bunun sayəsində siz, güclü fırtınaya bənzər yalan təlimlərin qarşısında möhkəm qala bilərsiniz (Ərm. 17:5—8).

MÜQƏDDƏS KİTABA İNAM

7. Nəyə görə Yehova Allah istəyir ki, siz ağlınızı işlədəsiniz?

7 Sizcə, Müqəddəs Kitabın Allahdan olduğu ilə bağlı sual vermək düzgündür? Təbii ki! Yehova Allah istəyir ki, siz bu yolun həqiqət olduğuna əmin olmaq üçün ağlınızı işlədəsiniz. O istəmir ki, siz sadəcə, kimsə inanır deyə müəyyən şeyə inanasınız. Buna görə də düşüncənizi işlədərək dəqiq bilik əldə edin. Onda imanınız möhkəm təməl üzərində qurulacaq. (İbranilərə 5:14; 1 Timutiyə 2:4 ayələrini oxuyun.) Bu cür biliyə sahib olmağın bir yolu dərindən bilmək istədiyiniz mövzuları araşdırmaqdır.

8, 9. a) Bir çox bacı-qardaşımız hansı mövzuları araşdırır? b) Oxuduqları üzərində düşünmək bəzilərinə nədə kömək etmişdi?

8 Bəzi bacı-qardaşlarımız Müqəddəs Kitabdakı peyğəmbərlikləri araşdırır, Müqəddəs Kitabın tarixi, arxeoloji və elmi cəhətdən dəqiq olduğunu sübut edən məlumatları tədqiq edirlər. Məsələn, götürək Yaradılış 3:15 ayəsində yazılmış maraq doğuran peyğəmbərliyi. Bu ayədə Müqəddəs Kitabın ana mövzusundan, Səmavi Padşahlıq vasitəsilə Allahın hakimiyyət hüququnun sübuta yetirilməsindən və Onun adının müqəddəs tutulmasından danışılır. Bu ayədə Yehova Allahın Ədən bağındakı üsyandan sonra insanların çəkdiyi bütün əzabları aradan necə qaldıracağı obrazlı dillə təsvir olunub. Bu ayəni necə araşdırmaq olar? Məsələn, bu peyğəmbərliyin tədricən necə yerinə yetdiyini göstərən ayələrin siyahısını tutmaq olar. Sonra onların nə vaxt yazıldığını araşdırıb tarixinə görə sıralaya bilərsiniz. Onda görəcəksiniz ki, Müqəddəs Kitabı yazanlar bu peyğəmbərliyi get-gedə aydınlaşdıran məlumatlar yazmışdılar. Bu, sizi Müqəddəs Kitabı yazan insanların «müqəddəs ruh tərəfindən» yönəldildiyinə əmin edəcək (2 But. 1:21).

9 Almaniyadan olan bir qardaş yazır: «Müqəddəs Kitabı təxminən 40 kişi yazsa da, əksəriyyəti müxtəlif dövrlərdə yaşasa da və bir-birini şəxsən tanımasa da, bütün Kitab boyu Padşahlıq mövzusu işıqlanır». Avstraliyadan olan bir bacı «Gözətçi qülləsi» jurnalının 2013-cü il 15 dekabr sayında Pasxa bayramının mənasını açıqlayan məqaləni oxuyanda bu bayramın Yaradılış 3:15 ayəsi ilə və Məsihin gəlişi ilə sıx bağlı olduğunu başa düşmüşdü. O deyir: «Bu məqalədən Yehovanın necə gözəl Allah olduğunu gördüm. Mənə təsir bağışlayan israillilər üçün verilən bu bayramın Məsihin üzərində necə yerinə yetməsi idi. Pasxa yeməyinin peyğəmbərlik olduğunu biləndə heyran qaldım!» Nəyə görə bacıda bu cür hisslər yaranmışdı? Çünki o, oxuduqlarının üzərində dərindən düşünmüş və mənasını dərk etmişdi. Bu, ona imanını möhkəmləndirməyə və Yehovaya yaxınlaşmağa kömək etmişdi (Mət. 13:23).

10. Müqəddəs Kitabı yazan insanların dürüstlüyü bu kitaba münasibətinizə necə təsir edir?

10 Araşdırma aparmaq üçün daha bir maraqlı mövzu Müqəddəs Kitabı yazanların cəsarət və dürüstlüyüdür. Qədimdə əksər yazıçılar padşahlarını həddən artıq tərifləyir və onların hakimiyyətini ucaldırdılar. Yehovanın peyğəmbərləri isə həmişə həqiqəti danışıblar. Onlar həm xalqın, həm də öz padşahlarının günahlarını gizlətmirdilər (2 Saln. 16:9, 10; 24:18—22). Onlar özlərinin və Allahın digər peyğəmbərlərinin səhvləri barədə yazmışdılar (2 İşm. 12:1—14; Mark 14:50). Britaniyadan olan bir gənc qardaş deyir: «Bu cür dürüstlüyə çox nadir hallarda rast gəlmək olar. Bu sübut edir ki, Müqəddəs Kitab Allahdan nazil olub».

11. Müqəddəs Kitabdakı məsləhət və prinsiplər onun Allahın Kəlamı olduğunu necə sübut edir?

11 Müqəddəs Kitabdakı prinsiplər çoxlarını əmin edir ki, o, Allahın Kəlamıdır. (Zəbur 19:7—11 ayələrini oxuyun.) Yaponiyadan olan gənc bacı yazır: «Biz Müqəddəs Kitabdakı məsləhətlərə əməl edəndən sonra ailəmizdə xoşbəxtlik, mehribançılıq, birlik və məhəbbət hökm sürür». Müqəddəs Kitab prinsipləri bizi saxta dindən və insanları qula çevirən mövhumatçılıqdan qoruyur (Zəb. 115:3—8). Amma Allahın olmadığını iddia edən fəlsəfi fikirlər insanlara güclü təsir edir. Təkamül kimi təlimlər təbiəti allaha tay tutur, əslində Yehovaya məxsus olan qüdrəti təbiətə şamil edir. Allahın varlığını inkar edən insanlar gələcəyin yalnız öz əlimizdə olduğunu deyirlər. Amma eyni zamanda bu insanlar işıqlı gələcəyə zəmanət vermirlər (Zəb. 146:3, 4).

MÜLAHİZƏ YÜRÜDÜN

12, 13. Sinif yoldanışınızla, müəlliminizlə və digər insanlarla yaradılış, yaxud Müqəddəs Kitab barədə necə danışsanız yaxşı olar?

12 İnsanlarla Müqəddəs Kitab və yaradılış barədə danışarkən söhbətinizin təsirli olması üçün nə edə bilərsiniz? Birincisi, insanın nəyə inandığına dərhal qərar verməyin. Bəzi insanlar həm təkamülə, həm də Allaha inanır. Onların fikrincə Allah təkamül vasitəsilə müxtəlif həyat növlərini yaradıb. Bəziləri isə məktəbdə tədris olunduğu üçün təkamülə inanır. Onlar deyir ki, əgər təkamül fakt olmasaydı, məktəbdə bu barədə keçməzdilər. Digərləri isə dindən məyus olduqları üçün Allaha inamı itiriblər. Buna görə də kiminləsə həyatın necə yarandığı barədə danışanda ilk növbədə onun nəyə inandığını soruşmaq yaxşı olardı. Siz onu diqqətlə dinləsəniz, ola bilsin, o da sizi dinləyəcək (Tit. 3:2).

13 Kimsə sizi Allahın varlığına inandığınız üçün tənqid edərsə, nəzakətlə suallar verin, onun fikrincə həyatın necə yarandığını soruşun. Soruşmaq olar ki, əgər Yaradan yoxdursa, həyat necə əmələ gəlib. Çünki ilk həyat növünün davam etməsi üçün onda öz-özünün surətini çıxarmaq qabiliyyəti olmalı idi. Kimya üzrə bir professor demişdi ki, bunun üçün həm də 1) qoruyucu pərdə, 2) enerji əldə etmək və emal etmək qabiliyyəti, 3) gendə məlumat daşımaq və 4) bu məlumatın surətini çıxarmaq qabiliyyəti lazımdır. O həmçinin demişdi: «Hətta ən sadə həyat növünün mürəkkəbliyi insanı heyran edir».

14. Yaradılış və ya təkamül barədə dərindən mülahizə yürütməyə çətinlik çəkəndə nə edə bilərsiniz?

14 Əgər özünüzü yaradılış və ya təkamül barədə dərindən mülahizə yürütməyə hazır hiss etmirsinizsə, Bulus kimi sadə dəlillərdən istifadə edin. O yazmışdı: «Hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır» (İbr. 3:4). Bu, çox təsirli və məntiqli fikirdir! Doğrudan da, mürəkkəb quruluşlu layihələri yaratmaq üçün ağıl lazımdır. Siz həmçinin bu mövzularla bağlı dərc olunan nəşrlərimizdən istifadə edə bilərsiniz. Bir bacı təkamülə inanan bir oğlana yuxarıda adı çəkilən iki broşürü vermişdi. Bir-iki həftədən sonra oğlan demişdi: «İndi inanıram ki, Allah var». Nəticədə, o, Müqəddəs Kitabı öyrənməyə başladı və bizim qardaşımız oldu.

15, 16. Kiməsə Müqəddəs Kitabın Allahdan olduğuna dəlil gətirməzdən əvvəl nə etmək lazımdır və nəyi yadda saxlamalıyıq?

15 Müqəddəs Kitaba inanmayan insanla söhbət edəndə də eyni üsuldan istifadə etmək olar. İlk öncə, onun nəyə inandığını və nə ilə maraqlandığını müəyyən edin (Məs. 18:13). Əgər o, elmlə maraqlanırsa, Müqəddəs Kitabın elmi cəhətdən dəqiq olduğu barədə danışsanız, ehtimal ki, onun marağını cəlb edə bilərsiniz. Ola bilsin, kiməsə, Müqəddəs Kitabdakı peyğəmbərliklərin yerinə yetdiyini və onun tarixi cəhətdən doğru olduğunu sübut edən dəlillər maraqlı olar. Bəzilərinə isə Müqəddəs Kitabdakı, məsələn, İsanın Dağüstü vəzindəki müdrik məsləhətlərdən misal gətirmək olar.

16 Yadda saxlayın ki, sizin məqsədiniz sözdə qalib gəlmək yox, insanı həqiqətə cəlb etməkdir. Buna görə də, insanları dinləyin, yerində olan suallar verin, mehribancasına və hörmətlə danışın, xüsusən də, özünüzdən böyük adamlarla. Bu cür münasibət onları sizin inanclarınıza hörmətlə yanaşmağa təşviq edə bilər. Həmçinin onlar görəcək ki, gənc olsanız da, sizin öz əqidəniz barədə dəqiq biliyiniz var. Bugünkü gənclərin çoxu barədə bunu demək olmaz. Bir şeyi də yaddan saxlayın, mübahisə etmək və dininizi məsxərəyə qoymaq məqsədilə verilən suallara cavab verməyə ehtiyac yoxdur (Məs. 26:4).

HƏQİQƏTİ MƏNİMSƏYİN

17, 18. a) Həqiqəti mənimsəməyə sizə nə kömək edə bilər? b) Növbəti məqalədə hansı mövzu araşdırılacaq?

17 İmanın güclü olması üçün təkcə Müqəddəs Kitabın ibtidai təlimlərini bilmək azdır. Allahın Kəlamını dərindən araşdırın, sanki, dəfinə axtarırsınız (Məs. 2:3—6). Növbəti vəsaitlərin hansı sizin dilinizdə varsa, onların köməyilə araşdırma aparın: «Gözətçi qülləsinin kitabxanası», «Gözətçi qülləsinin ONLAYN KİTABXANASI», «Gözətçi qülləsi nəşrlərinin indeksi», «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaiti. Müqəddəs Kitabı başdan-ayağa oxumaq da yaxşı məqsəddir. Bir ilə bu məqsədə çata bilərsiniz. Çox az şey Müqəddəs Kitabı oxumaq qədər imanımızı möhkəmləndirə bilər. Bir rayon nəzarətçisi öz yeniyetməlik dövrünü yadına salaraq deyir: «Mənə Müqəddəs Kitabın Allahın Kəlamı olduğunu başa düşməyə kömək edən amillərdən biri onu başdan-ayağa oxumağım oldu. Və bunun sayəsində uşaq vaxtı Müqəddəs Kitabdan oxuduğum hadisələri başa düşdüm. Bu, mənim ruhani cəhətdən tərəqqi etməyimə təkan oldu».

18 Əziz valideynlər, uşaqlarınızın ruhani cəhətdən yetişməsi bir növ sizdən asılıdır. Onların möhkəm imana sahib olması üçün nə edə bilərsiniz? Növbəti məqalə bu mövzuya həsr olunub.