İradə azadlığından düzgün istifadə edin
«Yehovanın ruhu haradadırsa, orada azadlıq var» (2 KOR. 3:17).
NƏĞMƏ: 62, 65
1, 2. a) İradə azadlığı ilə bağlı hansı fikirlər söylənilir? b) Müqəddəs Kitabda iradə azadlığı ilə bağlı nə yazılıb və bu məqalədə hansı suallara cavab veriləcək?
SEÇİM qarşısında olan bir qadın dostuna belə demişdi: «Sən mənə de necə davranım. Mənə belə daha rahatdır, beynimi yormaq istəmirəm». Bu qadın Allahın ona bəxş etdiyi iradə azadlığından istifadə etmək istəmirdi, kiminsə ona diqtə etməsinə üstünlük verirdi. Bəs siz bu məsələyə necə yanaşırsınız? Özünüz qərar verməyi sevirsiniz, yoxsa başqalarının sizin əvəzinizə qərar verməsini istəyirsiniz? Bəs iradə azadlığı deyəndə nə başa düşürsünüz?
2 Əsrlərdir ki, bu mövzu mübahisə doğurur. Kimsə iradə azadlığı deyilən bir şeyin olmadığını, hər şeyin Allah tərəfindən əvvəlcədən müəyyən edildiyini iddia edir. Bəzilərininsə fikrincə əsl iradə azadlığı odur ki, insan tam sərbəst olsun, istədiyini etsin. Bu məsələ ilə bağlı dəqiq məlumat almaq üçün Müqəddəs Kitaba müraciət etmək lazımdır. Çünki Yehova Allahın insanı yaradanda ona iradə azadlığı, yəni qərar vermək bacarığı və ixtiyarı bəxş etdiyi məhz orada yazılıb. (Yuşə 24:15 ayəsini oxuyun.) Müqəddəs Kitabda həmçinin növbəti sualların cavabını tapmaq olar: iradə azadlığından necə istifadə etməliyik? Qərar vermək məsələsində Allah bizə nə dərəcədə sərbəstlik verib? Qərarlarımızla Yehovanı sevdiyimizi necə göstərə bilərik? Başqalarının qərarlarına hörmətlə yanaşdığımızı necə göstərə bilərik?
YEHOVA ALLAHDAN VƏ İSA MƏSİHDƏN NÜMUNƏ GÖTÜRÜN
3. Yehova Allah iradə azadlığından necə istifadə edir?
3 Mütləq iradə azadlığı yalnız Yehova Allaha məxsusdur və O, bu azadlıqdan çox mükəmməl şəkildə istifadə edərək bizə nümunə qoyur. Məsələn, Yehova israilliləri Özünə xalq seçmişdi, onları Özünün «xüsusi mülkü» etmişdi (Qan. 7:6—8). Bu, təsadüfi seçim deyildi. Yehova dostu İbrahim peyğəmbərə əsrlər əvvəl verdiyi sözün üstündə durub onun nəslini özünə xalq etmişdi (Yar. 22:15—18). Həmçinin Yehova Allah iradə azadlığından hər zaman məhəbbətlə və ədalətlə istifadə edir. Onun dönə-dönə bütpərəstliyə qurşanan israilliləri necə tərbiyə etdiyini buna sübut kimi gətirmək olar. İsraillilər ürəkdən tövbə edəndə Yehova onlara məhəbbət və mərhəmət göstərib demişdi: «Mən onları xəyanət azarından sağaldacağam. Könlüm onları sevəcək» (Huşə 14:4). Yehova iradə azadlığından başqalarının rifahı üçün istifadə etməklə bizə gözəl nümunə qoyur!
4, 5. a) Yehovanın iradə azadlığı bəxş etdiyi ilk varlıq kim olub və o, bu azadlıqdan necə istifadə edib? b) Hər birimiz özümüzə hansı sualı verməliyik?
4 Yehova Allah yaratdığı şüurlu varlıqlara da iradə azadlığı bəxş edib. Bu ənamı alan ilk varlıq Allahın ilkin Oğlu, «gözəgörünməz Allahın bənzəri» olan İsa Məsih olmuşdu (Kol. 1:15). İsa hələ göydə ikən bu azadlıqdan düzgün istifadə edərək Atasına sadiq qalmış və Şeytanın üsyanına qoşulmamışdı. O, yerdə yaşayanda da düzgün seçim etmiş, Allahın qatı düşməninin sınağından üzüağ çıxmışdı (Mət. 4:10). Ölümündən əvvəlki gecə İsa öz hərarətli duasında Atasının iradəsini yerinə yetirməyə qəti qərarlı olduğunu bildirərək demişdi: «Ata, əgər istəyirsənsə, bu camı məndən uzaqlaşdır. Fəqət qoy mənim yox, Sənin istədiyin kimi olsun» (Luka 22:42). Gəlin biz də İsadan nümunə götürərək iradə azadlığından Yehova Allahın adını ucaltmaq və Onun iradəsini yetirə yetirmək üçün istifadə edək. Doğrudanmı bu, mümkündür?
5 Təbii ki! Biz İsa Məsih kimi davrana bilərik, çünki biz də Allahın bənzərində yaranmışıq (Yar. 1:26). Lakin bir şeyi nəzərə almalıyıq ki, Yehovadan fərqli olaraq bizim iradə azadlığımız nisbidir. Allahın Kəlamında qeyd olunur ki, insanın azadlığı məhduddur və o, Yehovanın müəyyən etdiyi çərçivə daxilində hərəkət etməlidir. Üstəlik, Allah qadını ərinin, uşaqları isə valideynlərinin tabeçiliyinə verib (Efes. 5:22; 6:1). Bəs bu çərçivə daxilində iradə azadlığından necə istifadə edəcəyik? Bu suala verdiyimiz cavabdan əbədi həyatımız asılıdır.
İRADƏ AZADLIĞINDAN DÜZGÜN İSTİFADƏ VƏ SUİ-İSTİFADƏ
6. Nəyə görə iradə azadlığının məhdud olması mütləqdir? Nümunə çəkin.
6 Bəs çərçivəyə salınmış iradə azadlığını azadlıq adlandırmaq olarmı? Bəli! Belə düşünməyə əsas var. Əslində, bu çərçivələr insanı qoruyur. Misal üçün, təsəvvür edin ki, maşınla uzaq bir şəhərə getməyi planlaşdırmısınız. Bilsəydiniz ki, o şəhərə aparan yolda yol hərəkəti qaydaları yoxdur, kim hansı sürətlə, hansı istiqamətdə istəyir maşını idarə edir, həmin yolda maşın sürərdiniz? Çətin ki! İradə azadlığının hamıya fayda gətirməsi üçün məhdudiyyətlərin olması mütləqdir. Gəlin Müqəddəs Kitabdan bir neçə insanın nümunəsini nəzərdən keçirək. Bu nümunələr iradə azadlığından Yehova Allahın qoyduğu çərçivə daxilində istifadə etməyin nə qədər hikmətli olduğunu sübut edir.
7. a) Adəmi heyvanlardan fərqləndirən cəhətlərdən biri hansıdır? b) Adəm iradə azadlığından necə istifadə etmişdi?
7 Yehova Allah ilk insan olan Adəmə də göydəki şüurlu varlıqlara bəxş etdiyi neməti, iradə azadlığı bəxş etmişdi. Bu bəxşiş Adəmin instinktlə hərəkət edən heyvanlardan ali varlıq olduğunu sübut edirdi. Gəlin görək Adəm iradə azadlığından düzgün şəkildə necə istifadə etmişdi. Allah heyvanları Adəmdən əvvəl yaratmışdı. Amma maraqlıdır ki, Yehova heyvanlara ad qoymaq kimi şərəfli bir işi Adəmə tapşırmışdı. Allah «onları insanın yanına gətirməyə başladı ki, görsün onları necə adlandıracaq». Adəm heyvanları müşahidə edəndən sonra onlara münasib ad verirdi. Diqqət yetirin ki, Yehova bu işə müdaxilə etmədi və Adəmin qoyduğu adları dəyişmədi. Müqəddəs Kitabda deyilir ki, «insan canlılara nə ad verirdisə, onlar elə də adlanırdı» (8. Adəm iradə azadlığından necə sui-istifadə etdi və bu, nə ilə nəticələndi?
8 Allah Adəmə yer üzündəki cənnətin sərhədlərini genişləndirmək və oranı abadlaşdırmaq tapşırığı vermişdi. Allah ona buyurmuşdu: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun... Qanadlı məxluqların və yerdəki digər canlıların üzərində hökmranlıq edin» (Yar. 1:28). Əfsuslar olsun ki, bu şərəfli iş və bu azadlıq Adəmi qane etmədi. O, Allahın qoyduğu sərhədi aşdı, Onun qadağan etdiyi meyvəni yedi. Adəm iradə azadlığından sui-istifadə etdiyi üçün onun nəsli minilliklərdir ki, əzab çəkir (Rom. 5:12). Adəmin səhv qərarının hansı nəticəni gətirdiyi göz qabağındadır. Odur ki, gəlin iradə azadlığından məsuliyyətlə istifadə edək və Yehovanın qoyduğu çərçivədən kənara çıxmayaq.
9. Yehova Allah israillilərə hansı təklifi etmişdi və onlar bu təklifə necə hay verdilər?
9 Adəmlə Həvvanın itaətsizliyi ucbatından onların nəsli kamilliyi və əbədi həyatı itirsə də, gözəl nemət olan iradə azadlığından məhrum olmadı. Bunu Allahın İsrail xalqı ilə rəftarından görmək olar. Yehova Allah israillilərə böyük şərəf nəsib etmişdi, qulu Musa peyğəmbər vasitəsilə onlara Onun məxsusi xalqı olmağı təklif etmişdi (Çıx. 19:3—6). İsraillilər bu təklifə necə hay verdilər? Onlar Yehova Allahın şərtlərini qəbul edib Onun xalqı olmağa razı oldular və bütün xalq bir ağızdan dedi: «Yehovanın bütün dediklərinə əməl edəcəyik» (Çıx. 19:8). Təəssüf ki, bir müddət sonra israillilər iradə azadlığından sui-istifadə edib verdikləri vədə naxələf çıxdılar. Gəlin onlar kimi olmayaq, həmişə iradə azadlığından düzgün istifadə edərək Allaha bağlı qalaq və Onun müqəddəs əmrlərinə itaət edək (1 Kor. 10:11).
10. Kimlərin nümunəsi göstərir ki, hətta qeyri-kamil insan belə, iradə azadlığından Allahı ucaldan tərzdə istifadə edə bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)
10 «İbranilərə məktub»un 11-ci fəslində Allaha sədaqətlə xidmət edən 16 nəfərin adı çəkilir. Onlar iradə azadlığından düzgün istifadə etmiş və Allahın qoyduğu çərçivədən kənara çıxmamışdılar. Bu itaətkarlıq onlara bol nemətlər və gələcəyə sarsılmaz ümid bəxş etmişdi. Məsələn, Nuh peyğəmbər güclü iman sahibi olduğunu sübut etmiş, Allaha itaət edərək ailəsinin və gələcək nəslin xilası üçün gəmi tikmişdi (İbr. 11:7). İbrahim peyğəmbər və zövcəsi Sara Allahın buyruğuna boyun əyərək Onun vəd etdiyi diyara yollanmışdılar. Bu səfərə çıxandan sonra onların çiçəklənən Ur şəhərinə qayıtmaq imkanı olsa da, bunu etməmişdilər. Onlar iman gözlərini Allahın vəd etdiyi şeylərə cəmləmişdilər və «daha yaxşı bir yerə» can atırdılar (İbr. 11:8, 13, 15, 16). Musa peyğəmbər Misirin cah-calalından imtina etdi, «günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu» (İbr. 11:24—26). Gəlin biz də Allahın bu sadiq bəndələri kimi Onun iradəsini yerinə yetirərək iradə azadlığından düzgün istifadə edək.
11. a) İradə azadlığının bəxş etdiyi imkanlardan biri hansıdır? b) İradə azadlığından düzgün istifadə etdiyinizi necə göstərə bilərsiniz?
11 Düzdür, insan düşünə bilər ki, kiminsə onun əvəzinə qərar verməsi can rahatlığıdır. Amma bu, onu iradə azadlığının bəxş etdiyi bir imkandan məhrum edir. Bu barədə Qanunun təkrarı 30:19, 20 ayələrində yazılıb. (Ayələri oxuyun.) 19-cu ayədə Allahın israillilərin qarşısında qoyduğu seçim barədə söz açılır. 20-ci ayədən görünür ki, Yehova onlara Onu nə dərəcədə möhkəm sevdiklərini göstərmək imkanı verir. Bizim də qarşımızda seçim var, biz də Allaha ibadəti seçə bilərik. İradə azadlığı bizə Yehovaya məhəbbətimizi sübut etmək və Ona şərəf gətirmək imkanı verir. Bununla biz iradə azadlığından ən gözəl şəkildə istifadə etmiş olarıq!
İRADƏ AZADLIĞINDAN SUİ-İSTİFADƏ ETMƏYİN
12. İradə azadlığından hansı şəkildə istifadə etməməliyik?
12 Təsəvvür edin ki, dostunuza bahalı hədiyyə vermisiniz. Sonra xəbər tutursunuz ki, o, hədiyyəni zibilliyə atıb, ya da daha betəri ondan kiməsə pislik etmək üçün istifadə edib. Onda özünüzü necə hiss edərdiniz? İndi təsəvvür edin, Yehova Allah insanların iradə azadlığından sui-istifadə edərək özlərinə və başqalarına ziyan vurduğunu görəndə nə hisslər keçirir! Müqəddəs Kitabda deyilmişdi ki, axırzamanda insanlar nankor olacaq (2 Tim. 3:1, 2). Gəlin heç vaxt Yehova Allahın verdiyi bu gözəl nemətdən, iradə azadlığından sui-istifadə etməyək, əksinə, həmişə bu ənama görə Ona minnətdar olaq. Bəs bizə iradə azadlığından düzgün istifadə etməyə nə kömək edə bilər?
13. Hansı hallar məsihinin iradə azadlığından sui-istifadə etdiyini göstərir?
13 Hər bir məsihinin dostluq, geyim-kecim və əyləncə məsələsində seçim etmək azadlığı var. Amma cismani arzuların ardınca qaçarıqsa və bu dünyanın ədəbsiz dəbi ilə geyinəriksə, bu azadlıqdan «pis əməllər üçün pərdə kimi» istifadə etmiş olarıq. (1 Butrus 2:16 ayəsini oxuyun.) Təbii ki, biz iradə azadlığına «cismani istəklərin dalınca düşmək üçün fürsət» kimi baxmaq istəmirik. Əksinə, verdiyimiz qərarların «hər şeyi elə edin ki, Allah şərəflənsin» məsləhətinə uyğun gəlməsini istəyirik (Qal. 5:13; 1 Kor. 10:31).
14. Yehovaya etibarla iradə-azadlığı arasında hansı əlaqə var?
14 İradə azadlığından düzgün istifadə etdiyimizi başqa necə göstərə bilərik? Yehovaya güvənməklə və Onun rəhbərliyinə tabe olmaqla. Çünki yalnız O, bizim xeyrimizə bizi öyrədə və getməli olduğumuz yolla apara bilər (Əşy. 48:17). Biz Ərəmya 10:23 ayəsində yazılan növbəti sözlərin həqiqət olduğunu etiraf etməliyik: «İnsanın yolu öz əlində deyil, addımlarını yönəltmək insanın ixtiyarında deyil». Gəlin heç vaxt Adəm və üsyankar israillilər kimi özümüzə arxayın olmayaq, öz ağlımıza güvənməyək, əksinə, bütün qəlbimizlə Yehovaya etibar edək (Məs. 3:5).
BAŞQALARININ İRADƏ AZADLIĞINA HÖRMƏT EDİN
15. Qalatiyalılara 6:5 ayəsindəki prinsip bizə nədə kömək edir?
15 Azadlığımızı məhdudlaşdıran daha bir məqam odur ki, bizim heç kimin qərarına müdaxilə etmək ixtiyarımız yoxdur. Biz hamının iradə azadlığına hörmətlə yanaşmalıyıq. İradə azadlığı hər bir insana bəxş edildiyi üçün iki məsihinin həmişə eyni qərarı verməsi mümkün deyil. Bu məqam bizim davranış və ibadətlə bağlı verdiyimiz qərarlara da aiddir. Qalatiyalılara 6:5 ayəsindəki prinsipi heç vaxt yaddan çıxarmamalıyıq. (Ayəni oxuyun.) Hər kəsin öz məsuliyyət yükünü daşıdığını dərk edən məsihi başqalarının iradə azadlığına hörmətlə yanaşacaq.
16, 17. a) Korinfdəki məsihilər arasında hansı problem yaranmışdı? b) Həvari Bulus məsələni necə yoluna qoydu və bundan hansı nəticəyə gəlirik?
16 Bacı-qardaşların vicdan məsələsində seçim etmək ixtiyarı var. Gəlin Müqəddəs Kitabdan olan bir hadisənin əsasında görək nəyə görə onların bu ixtiyarına hörmətlə yanaşmalıyıq. Korinfdəki məsihilər arasında bütlərə qurban gətiriləndən sonra ət bazarında satılan əti almaqla bağlı mübahisə yaranmışdı. Bəziləri belə düşünürdü: «Əslində, büt heç nədir, ona görə də bu əti təmiz vicdanla yemək olar». Amma əvvəllər bu bütlərə ibadət edənlər üçün bu əti yemək bütlərə ibadət etmək kimi bir şey idi (1 Kor. 8:4, 7). Bu çox ciddi məsələ idi, çünki yığıncaqda parçalanma yarada bilərdi. Həvari Bulus bu məsihilərə məsələyə Allahın nöqteyi-nəzəri ilə baxmağa kömək etdi. Gəlin görək o, bunu necə etdi.
17 Əvvəla Bulus hər iki tərəfin nəzərinə çatdırdı ki, qida insanı Allaha yaxınlaşdırmır (1 Kor. 8:8). Sonra onları zəifləri yıxmamaq üçün hüquqlarından ehtiyatla istifadə etməyə səslədi (1 Kor. 8:9). Vicdanı həssas olanlara isə bu cür əti yeyən dindaşlarını mühakimə etməməyi məsləhət gördü (1 Kor. 10:25, 29, 30). Əgər ibadətlə bağlı olan bu cür ciddi məsələlərdə hər bir məsihi öz vicdanına əsasən qərar verə bilərsə, məgər bacı-qardaşların xırda məsələlərdə verdiyi qərarları hörmətlə qarşılamalı deyilik? (1 Kor. 10:32, 33).
18. İradə azadlığını qiymətləndirdiyimizi necə göstərə bilərik?
18 Yehova insanlara iradə azadlığı bəxş edib. Bu ənam bizə əsl azadlığı dadmağa kömək edir (2 Kor. 3:17). Biz Allahın bu nemətini çox qiymətləndiririk, çünki onun sayəsində Allahı dərin məhəbbətlə sevdiyimizi sübut edən qərarlar veririk. Gəlin həmişə iradə azadlığından Allaha şərəf gətirən tərzdə istifadə edək və başqalarının seçim ixtiyarına hörmətlə yanaşaq, bununla da Allahın bəxş etdiyi bu ənamı qiymətləndirdiyimizi göstərək.