Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 40

Əsl tövbə nədir?

Əsl tövbə nədir?

«Mən... günahlıları tövbəyə çağırmağa gəlmişəm» (LUKA 5:32).

NƏĞMƏ 36 Ürəyimizi qoruyaq

İCMAL *

1, 2. İki padşah arasında hansı fərq var idi və hansı sualların cavabını tapacağıq?

QƏDİM dövrdə iki padşah var idi. Biri onqəbiləli İsrail padşahlığında, digəri ikiqəbiləli Yəhuda padşahlığında hakimiyyət sürürdü. Onlar fərqli dövrlərdə yaşasa da, çoxlu ortaq cəhətləri var idi. Hər ikisi Yehovaya asi çıxmış və xalqı günaha sürükləmişdi. İkisi də bütpərəstlik və qatillik edərək günaha batmışdı. Amma onların arasında bir fərq var idi. Biri ömrünün axırına kimi şər əməllərindən əl çəkmədi, o biri isə etdiyi dəhşətli əməllərdən tövbə etdi və əfv olundu. Kim idi onlar?

2 Biri İsrail padşahı Əhəb, o biri isə Yəhuda padşahı Mənəssə idi. Onların arasındakı fərqdən vacib bir məsələ ilə, tövbə ilə bağlı çox şey öyrənə bilərik (Həv. 17:30; Rom. 3:23). Tövbə nədir və insanın tövbə etdiyi nədən görünür? Bu sualların cavabını bilməliyik, çünki Yehovanın günahlarımızı bağışlamasını istəyirik. Gəlin bu iki padşahın həyatına nəzər salaq və görək onlardan hansı dərsi götürə bilərik. Həmçinin araşdıracağıq ki, İsa Məsih tövbə ilə bağlı nə öyrətmişdi.

ƏHƏB PADŞAHDAN DƏRS GÖTÜRƏK

3. Əhəb necə padşah idi?

3 Əhəb onqəbiləli İsrail padşahlığının yeddinci padşahı idi. O, varlı Sidon şəhərinin padşahının qızı İzəbillə evlənmişdi. Ola bilsin, bu izdivac İsrail məmləkətinin maddi cəhətdən rifahına idi. Amma bundan sonra xalqın Yehova ilə münasibəti daha da korlandı. İzəbil Baala ibadət edirdi və Əhəbi də buna vadar etmişdi. Bu iyrənc ibadətə məbəd fahişəliyi və uşaqları qurban gətirmək daxil idi. İzəbil məlikə olduğu müddətdə Yehovanın bütün peyğəmbərləri təhlükə altında idi. O, bu peyğəmbərlərdən çoxunu qətlə yetirmişdi (1 Pad. 18:13). Əhəbə gəldikdə isə o, «Yehovanın gözündə öz sələflərindən də betər idi» (1 Pad. 16:30). Yehova onların hər ikisinin hərəkətindən agah idi, onların törətdiyi bütün əməlləri görürdü. Bununla belə, Yehova mərhəmət göstərib, İlyas peyğəmbəri göndərdi ki, xalqı, hələ ki gec deyil, öz pis əməllərindən dönməyə səsləsin. Amma Əhəblə İzəbil bu xəbərdarlıqları rədd etdi.

4. Yehova Əhəbi necə cəzalandıracağını bildirdi və Əhəb nə etdi?

4 Axırda Yehovanın səbri sona çatdı. Yehova İlyas peyğəmbər vasitəsilə bildirdi ki, Əhəblə İzəbili cəzalandıracaq, onların nəslinin kökünü kəsəcək. İlyasın sözləri Əhəbi qəm-qüssəyə qərq etdi! Maraqlıdır ki, belə təkəbbürlü insan qürurunu sındırdı (1 Pad. 21:19—29).

Əhəb padşah Allahın peyğəmbərini zindana atdı, bu, onun tövbəsinin ürəkdən olmadığını göstərdi (5 və 6-cı abzaslara baxın) *

5, 6. Əhəbin tövbəsinin həqiqi olmadığı nədən görünür?

5 Əhəb qürurunu sındırsa da, sonrakı hərəkətlərindən aydın göründü ki, tövbəsi həqiqi deyil. O, ölkədə Baala ibadətə son qoymağa cəhd etmədi. Heç xalqı Yehovaya ibadətə də təşviq etmədi. Əhəbin tövbə etmədiyi başqa şeylərdən də göründü.

6 Sonralar Əhəb Yəhuda padşahı Yəhuşafata təklif etdi ki, onunla birgə aramilərə qarşı vuruşmağa getsin. Amma yaxşı padşah olan Yəhuşafat ona təklif etdi ki, əvvəlcə Yehovanın peyğəmbəri ilə məsləhətləşsinlər. Əhəb razılaşmayıb belə dedi: «Yehovaya müraciət etmək üçün bir nəfər də var... Amma ondan zəhləm gedir. O, heç vaxt mənim xeyrimə peyğəmbərlik etmir, ancaq pisliyimə edir». Buna rəğmən, onlar Mikay peyğəmbərlə məsləhətləşirlər. Aydındır ki, o, Əhəbin xeyrinə peyğəmbərlik etmir! Əhəb tövbə edib, Yehovadan əfv diləmək əvəzinə, peyğəmbəri zindana atdırır (1 Pad. 22:7—9, 23, 27). Düzdür, o, peyğəmbəri həbsə atmağa müvəffəq oldu, amma peyğəmbərliyin icrasının qarşısını almaq mümkün deyildi. Növbəti döyüşdə Əhəb öldü (1 Pad. 22:34—38).

7. Əhəbin ölümündən sonra Yehova onun haqda nə demişdi?

7 Əhəb öləndən sonra Yehova onun haqqında nə düşündüyünü açıqladı. Yəhuşafat padşah sağ-salamat evinə qayıdandan sonra Yehova Yəhu peyğəmbəri onun yanına göndərdi və Əhəblə ittifaq bağladığına görə onu məzəmmət etdi. Peyğəmbər ona dedi: «Pis adama kömək etməklə, Yehovaya nifrət edənləri sevməklə düzgün iş görürsən?» (2 Saln. 19:1, 2). Məgər Əhəbin tövbəsi əsl tövbə olsa idi, peyğəmbər onu pis, Yehovaya nifrət edən adam adlandırardı? Göründüyü kimi, Əhəb müəyyən dərəcədə peşmançılıq keçirsə də, tam şəkildə tövbə etməmişdi.

8. Əhəbin hadisəsindən tövbə ilə bağlı nə öyrənirik?

8 Əhəbin hadisəsindən nə öyrənirik? İlyas peyğəmbər Əhəbə nəslinin başına bəla gələcəyini deyəndə Əhəb qürurunu sındırdı. Bu, yaxşı başlanğıc idi. Amma onun sonrakı hərəkətlərindən bəlli oldu ki, o, ürəkdən tövbə etməyib. Deməli, insanın etdiyi hərəkətə görə peşman olması tövbə üçün kifayət deyil. Gəlin Mənəssə padşahın nümunəsinə baxaq, görək əsl tövbəyə nə daxildir.

MƏNƏSSƏ PADŞAHDAN DƏRS GÖTÜRƏK

9. Mənəssə necə padşah idi?

9 Təxminən iki əsr sonra Mənəssə Yəhuda padşahı oldu. Ola bilsin, o, Əhəbdən də betər işlər görmüşdü. Onun haqda belə yazılıb: «Yehovanın bəyənmədiyi mənfur işlər görüb Onu təhqir etdi» (2 Saln. 33:1—9). Mənəssə yalan allahlara qurbangahlar tikdi, hətta Yehovanın müqəddəs məbədinə oyma büt (ehtimal ki, məhsuldarlıq ilahəsinin bütünü) qoydu! Həmçinin sehrbazlıq, rəmmallıq və cadugərlik edirdi. O həmçinin «çoxlu günahsız qan tökdü», onların arasında oğulları da var idi. Oğullarını yalan allahlara qurban gətirmək üçün odda yandırmışdı (2 Pad. 21:6, 7, 10, 11, 16).

10. Yehova Mənəssəni necə cəzalandırdı və o, buna necə yanaşdı?

10 Əhəb kimi, Mənəssə də Yehovanın peyğəmbərləri vasitəsilə dediyi xəbərdarlıqları qulaqardına vururdu. Lakin sonra «Yehova Aşşur padşahının sərkərdələrini [Yəhudanın] üstünə göndərdi. Aşşurlular Mənəssəni tutdular, onu qarmaqlayıb mis qandalla qandalladılar və Babilə apardılar». Qürbət eldə, zindanda olduğu vaxt, görünür, Mənəssə tutduğu əməllər barədə ciddi düşündü. O, «ata-babalarının Allahı qarşısında özünü çox alçaltdı». Üstəlik, «Allahı Yehovaya yalvarıb rəhm dilədi». Belə ki, «durmadan Allaha yalvarıb-yaxardı». Bu cür pis insan dəyişməyə başladı. Artıq o, Yehovaya öz Allahı kimi baxırdı və daima Ona dua edirdi (2 Saln. 33:10—13).

Mənəssə padşah yalan ibadətə qarşı mübarizə apardı, bu, onun ürəkdən tövbə etdiyini göstərdi (11-ci abzasa baxın) *

11. 2 Salnamələr 33:15, 16 ayələrinə əsasən, Mənəssə həqiqətən tövbə etdiyini necə göstərdi?

11 Bir müddət sonra Yehova Mənəssənin dualarına cavab verdi. Yehova Mənəssənin ürəyindəki dəyişikliyi görürdü, onun duaları bunu aydın göstərirdi. Yehova onun əfv duasını qəbul etdi və taxta qaytardı. Onun tövbəsinin ürəkdən olduğunu göstərmək fürsəti yarandı və o, bunun üçün əlindən gələni etdi. Əhəbdən fərqli olaraq, o, davranışını dəyişdi, yalan ibadətə qarşı mübarizə apardı və xalqı pak ibadətə səslədi. (2 Salnamələr 33:15, 16 ayələrini oxuyun.) Şübhəsiz, bunun üçün cəsarət və iman lazım idi. Axı bundan əvvəl o, uzun illər ərzində ailəsi, əsilzadələri və xalqı üçün pis nümunə idi. Amma indi ömrünün son illərində çalışırdı ki, törətdiyi pislikləri mümkün qədər aradan qaldırsın. Həmçinin, görünür, o, kiçik yaşda olan nəvəsi Yuşiyyəyə gözəl örnək olmuşdu. Çünki sonralar Yuşiyyə çox yaxşı padşah oldu (2 Pad. 22:1, 2).

12. Mənəssənin hadisəsindən tövbə ilə bağlı nə öyrənirik?

12 Mənəssənin hadisəsindən nə öyrənirik? O, Yehovanın qarşısında özünü alçaltdı, amma təkcə bunu etmədi. O, Yehovaya yalvarıb rəhm dilədi. Əvvəlki əməllərindən əl çəkdi. Törətdiyi pisliklərin nəticəsini aradan qaldırmaq üçün əlindən gələni etdi, Yehovaya ibadət etmək və başqalarını da buna təşviq etmək üçün var gücü ilə çalışdı. Mənəssənin hadisəsi ən betər günahkarlara da ümid verir. Bu hadisə Yehovanın kəramətli və bağışlayan olduğuna güclü sübutdur (Zəb. 86:5). Ürəkdən tövbə edən adam üçün əfv qapısı açıqdır.

13. Tövbə ilə bağlı hansı vacib dərsi öyrənirik? Nümunə çəkin.

13 Mənəssə işlədiyi günahlara görə sadəcə peşmançılıq hissi keçirmədi, o, daha çox şey etdi. Buradan tövbə ilə bağlı vacib dərs öyrənirik. Belə bir nümunəyə baxaq. Siz şirniyyat mağazasına gedirsiniz, tort almaq istəyirsiniz. Amma satıcı sizə tort əvəzinə yumurta verir. Buna qane olardınız? Əlbəttə ki, yox! Bəs satıcı sizə desə ki, yumurta tortun əsas inqrediyentidir? Siz yenə də razı olmazdınız! Yehova da günahkarın tövbə etməsini istəyir. O, işlədiyi günaha görə peşmandırsa, bu, yaxşıdır. Bu, tövbə üçün vacib amildir, amma kifayət deyil. Bəs daha nə lazımdır? Bunu İsanın çəkdiyi bir məsəldən öyrənə bilərik.

ƏSL TÖVBƏ

Avara oğulun ağlı başına gəldi və evinə qayıtmaq üçün uzun yol qət etdi (14 və 15-ci abzaslara baxın) *

14. İsanın məsəlindəki avara oğulun tövbəsinin ilk əlaməti nə idi?

14 İsa avara oğul haqda ruhlandırıcı bir məsəl danışmışdı. Bu haqda Luka 15:11—32 ayələrində yazılıb. Bir oğlan atasına qarşı çıxır və evi tərk edib «uzaq ölkəyə» yollanır. Orada o, əxlaqsız həyat sürür, eyş-işrətə qurşanır. Amma sonra korluq çəkməyə başlayır və bu zaman etdikləri haqda düşünür. O başa düşür ki, atasının evində güzəranı bundan qat-qat yaxşı idi. İsanın təbirincə desək, ağlı başına gəlir. O, qərara gəlir ki, evə qayıtsın və atasından üzr istəsin. Oğlanın nə qədər ciddi səhvlər etdiyini dərk etməsi vacib amil idi. Bəs bu, kifayət idi? Xeyr. O, əməllərini düzəltməli idi.

15. İsanın məsəlindəki itmiş oğul həqiqətən tövbə etdiyini necə göstərdi?

15 İtmiş oğul günahlı əməllərindən tövbə etdiyini göstərdi. O, evinə qayıtmaq üçün uzun yol qət etdi. Atasının yanına gələndə ona dedi: «Ata, mən göydəki Allaha və sənə qarşı günah eləmişəm. Artıq sənin oğlun adlanmağa layiq deyiləm» (Luka 15:21). Bu oğlanın günahını etiraf etməsi göstərirdi ki, Yehova ilə münasibətlərini bərpa etmək istəyir. O, atasının da qəlbini yaraladığını boynuna aldı. Atasının rəğbətini yenidən qazanmaq üçün nə lazımdırsa, etməyə hazır idi, hətta onun muzdlu işçisi olmağa razı idi! (Luka 15:19). Bu, sadəcə gözəl bir hekayə deyil. Bu məsəldəki prinsiplər ağsaqqallara kömək edə bilər ki, ciddi günah işləyən insanın həqiqətən tövbə edib-etmədiyini müəyyən edə bilsinlər.

16. Ağsaqqallara insanın həqiqətən tövbə etdiyi müəyyən etmək nəyə görə çətin ola bilər?

16 Ağsaqqallar üçün ciddi günah işləyən insanın həqiqətən tövbə etdiyini müəyyən etmək asan iş deyil. Nəyə görə? Çünki ağsaqqallar ürəyi görə bilmir. Onlar məsihinin işlədiyi günaha qarşı münasibətinin dəyişib-dəyişmədiyini zahiri sübutlar əsasında müəyyən edirlər. Ola bilər, insan elə biyabırçı hərəkətə yol verib ki, ağsaqqallar onun həqiqətən də tövbə etdiyinə əmin deyillər.

17. a) İnsanın sadəcə olaraq peşman olduğunu deməsi onun həqiqətən də tövbə etdiyini göstərir? Nümunə çəkin. b) 2 Korinflilərə 7:11 ayəsinə əsasən, həqiqətən tövbə edən insandan nə gözlənilir?

17 Gəlin bir nümunəyə baxaq. Bir qardaş illər ərzində zina edir, amma kömək istəmək əvəzinə, bunu arvadından, dostlarından və ağsaqqallardan gizlədir. Əvvəl-axır bu işin üstü açılır. Ağsaqqallar onun zina etdiyinə dair sübutların olduğunu deyəndə o, günahını boynuna alır, hətta peşman olduğu da görünür. Bəs bu, kifayətdir? Əlbəttə ki, insanın sadəcə kədərlənməsi bu məsələni araşdıran ağsaqqallar üçün kifayət deyil. Çünki bu, insanın ani olaraq hisslərə qapılıb etdiyi günah deyil, o, bu əməli uzun illərdir edir. Üstəlik, günahını özü gəlib etiraf etməyib, işin üstü açılıb. Buna görə də ağsaqqallara sübutlar lazımdır ki, insan doğrudan da düşüncəsini, davranışını dəyişib və ürəkdən peşmandır. (2 Korinflilərə 7:11 ayəsini oxuyun.) Bu cür dəyişikliklər etmək üçün isə insana xeyli vaxt lazım gələ bilər. Buna görə də çox yəqin ki, həmin insan yığıncaqdan kənar ediləcək (1 Kor. 5:11—13; 6:9, 10).

18. Yığıncaqdan kənar edilən şəxs həqiqətən də tövbə etdiyini necə göstərə bilər və bunun nəticəsi nə olacaq?

18 Yığıncaqdan kənar edilən şəxs ürəkdən tövbə etdiyini göstərmək üçün daima yığıncaqlarda iştirak etməli və ağsaqqalların məsləhətinə riayət edərək duaya və mütaliəyə müntəzəm vaxt ayırmalıdır. O, var gücü ilə çalışmalıdır ki, günah etməsinə səbəb olan vəziyyətlərdən uzaq dursun. Əgər o, Yehova ilə münasibətini bərpa etmək üçün əlindən gələni etsə, əmin ola bilər ki, Yehova onu tamamilə bağışlayacaq və ağsaqqallar onu yığıncağa bərpa edəcək. Əlbəttə ki, hər vəziyyət fərqlidir, buna görə də ağsaqqallar günah işləyən adamın işinə baxarkən məsələyə fərdi yanaşır və sərtliklə mühakimə etmir.

19. Əsl tövbə üçün nə lazımdır? (Hizqiyal 33:14—16).

19 Biz öyrəndik ki, insanın günahına görə peşman olduğunu deməsi əsl tövbə üçün kifayət deyil. O, düşüncəsini dəyişməlidir və bu, əməllərində əks olunmalıdır. Yəni o, günahlı davranışına son qoymalı və dönüb yenidən Yehovanın yolu ilə getməlidir. (Hizqiyal 33:14—16 ayələrini oxuyun.) Onun əsas məqsədi Yehova ilə korlanmış münasibətini bərpa etmək olmalıdır.

GÜNAHKARI TÖVBƏYƏ ÇAĞIRIN

20, 21. Ciddi günah işləyən insana necə kömək edə bilərik?

20 İsa Məsih xidmətinin bir mühüm məqsədi barədə demişdi: «Mən... günahlıları tövbəyə çağırmağa gəlmişəm» (Luka 5:32). Bizim də istəyimiz bu olmalıdır. Təsəvvür edin ki, yaxın dostunuz ciddi günah edib. Bu zaman nə etməlisiniz?

21 Dostumuzun günahını gizlətməklə ona zərər vurmaqdan başqa bir şey etmirik. Nə qədər çalışsaq da, bunu gizlədə bilməyəcəyik, çünki Yehova hər şeyi görür (Məs. 5:21, 22; 28:13). Dostunuza ağsaqqalların ona kömək etmək istədiyini xatırlatsanız, böyük yaxşılıq etmiş olarsınız. Əgər o, ağsaqqallara günahını deməkdən boyun qaçırırsa, bu barədə ağsaqqallara siz deməlisiniz. Onda siz göstərəcəksiniz ki, dostunuza həqiqətən də kömək etmək istəyirsiniz. Axı onun Yehova ilə münasibətləri təhlükə altındadır!

22. Növbəti məqalədə nə haqda danışacağıq?

22 Amma ola bilər ki, insan çox ağır günah işləyib və uzun müddətdir günahlı əməllərinə davam edir və buna görə də ağsaqqallar onu yığıncaqdan kənar etmək qərarına gələ bilər. Bəs bu, o deməkdirmi ki, ağsaqqallar onunla rəhmsizcəsinə davranıblar? Növbəti məqalədə görəcəyik ki, Yehova günahlı insanı cəzalandıraraq ona necə mərhəmət göstərir və biz Ondan necə örnək götürə bilərik.

NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr

^ abz. 5 Günah işləyən kəsin sadəcə olaraq peşman olduğunu deməsi əsl tövbə deyil. Bu məqalədə Əhəb padşahın, Mənəssə padşahın və İsanın məsəlindəki avara oğulun hadisəsindən əsl tövbənin nə olduğunu öyrənəcəyik. Həmçinin araşdıracağıq ki, ağsaqqallar ciddi günah işləyən insanın tövbəsinin ürəkdən olub-olmadığını müəyyən edərkən nələri nəzərə almalıdır.

^ abz. 60 ŞƏKLİN İZAHI. Əhəb padşah qəzəblə keşikçilərinə əmr edir ki, Yehovanın peyğəmbəri olan Mikayı zindana atsınlar.

^ abz. 62 ŞƏKLİN İZAHI. Mənəssə padşah xidmətçilərinə əmr edir ki, məbəddə qoyduğu bütləri məhv etsinlər.

^ abz. 64 ŞƏKLİN İZAHI. Uzun yol qət edib taqətdən düşən avara oğul uzaqdan evini görüb, rahatlıq tapır.