Kontentə keç

Mündəricatı göstər

1921. Yüz il əvvəl

1921. Yüz il əvvəl

«BU İL biz hansı işi görməliyik?» Bu sual «Gözətçi qülləsi»nin 1921-ci il 1 yanvar sayında Müqəddəs Kitab Tədqiqatçılarına ünvanlanmışdı. Cavab olaraq Əşiya 61:1—3 ayələri gətirilmişdi. Bu ayələr onlara təbliğ etmək tapşırığını xatırladırdı: «Yehova məni həlimlərə müjdə vermək üçün məsh etdi... Yehovanın iltifat ilini, Allahımızın intiqam gününü bəyan etməyə... göndərdi».

QORXMAZ MÜJDƏÇİLƏR

Bu tapşırığı yerinə yetirmək üçün Müqəddəs Kitab Tədqiqatçıları cəsur olmalı idi. Çünki onlar həlimlərə «müjdə vermək»lə yanaşı, pis adamlara «intiqam gününü» bəyan etməli idilər.

Kanadada yaşayan Con Hoskin qardaş təqiblərə baxmayaraq, cəsarətlə şahidlik verirdi. 1921-ci ilin yazında o, təbliğ zamanı metodist kilsəsinin keşişi ilə qarşılaşdı. Hoskin qardaş söhbətə belə başladı: «Biz Müqəddəs Kitab haqqında danışdığımız üçün söhbətimiz xoş keçməlidir. Ola bilsin, nədəsə bir-birimizlə razılaşmayacağıq. Belə halda, qoy hərə öz fikrində qalsın və mehribanlıqla ayrılaq». Amma belə olmadı. Hoskin qardaş sözünə davam edir: «Biz heç bir-iki dəqiqə danışmadıq ki, keşiş qəzəbləndi; qapıya elə bərk vurdu ki, elə bildim, indi şüşəsi yerə düşüb çilik-çilik olacaq».

Keşiş qışqıraraq dedi: «Gedin Allahı tanımayan insanlarla danışın!» Hoskin qardaş ona heç nə demədi. Oradan gedə-gedə düşündü: «Məncə, elə eləsi ilə danışırdım!»

Amma hər şey bununla bitmədi. Hoskin qardaş deyir: «Səhərisi gün keşiş kilsədə moizə söyləyərkən mənim əleyhimə danışmağa başladı. O, camaata xəbərdarlıq etdi ki, məndən uzaq gəzsinlər və dedi ki, mən indiyə kimi bu şəhərdə yaşamış ən böyük yalançıyam, məni öldürmək lazımdır». Hoskin qardaş bundan qorxmadı. O, təbliğinə davam etdi və gözəl nəticələr əldə etdi. O deyir: «Hələ indiyə qədər xidmət mənə bu qədər zövq verməmişdi. Hətta bəziləri mənə deyirdi ki, “sən Allah adamısan” və bildirirdi ki, nəyəsə ehtiyacım varsa, kömək etməyə hazırdırlar».

AİLƏLİKCƏ VƏ FƏRDİ KEÇİRİLƏN DƏRSLƏR

Müqəddəs Kitab Tədqiqatçıları insanlara ruhani cəhətdən inkişaf etməyə kömək etmək üçün «Qızıl əsr» * jurnalında sual-cavablar dərc edirdi. Oradakı suallar valideynlər üçün idi. Onlar «uşaqlarına bu sualları verməli, sonra isə Müqəddəs Kitabdan cavab tapmağa kömək etməli» idilər. «Müqəddəs Kitab neçə bölmədən ibarətdir?» kimi suallar Müqəddəs Kitab barədə ümumi təsəvvürün yaranmasına kömək edirdi, «Səncə, bütün məsihiləri qarşıda təqiblər gözləyir?» kimi suallar isə uşaqları cəsarətlə təbliğ etməyə hazırlayırdı.

Yehova haqqında biliyi olan kəslər üçün isə daha dərin suallar dərc olunurdu. Cavablar «Müqəddəs Yazıların tədqiqi» kitabının birinci cildinə əsaslanırdı. Minlərlə oxucu bu rubrikalardan çox şey öyrəndi. Amma «Qızıl əsr» jurnalının 1921-ci il 21 dekabr sayında elan olundu ki, daha bu rubrikaların heç biri olmayacaq. Görəsən, səbəb nə idi?

YENİ KİTAB!

«Allahın arfası» kitabı

Oxumaq üçün tapşırığın yazıldığı vərəqə

Sualların yazıldığı vərəqələr

Rəhbərlik edən qardaşlar başa düşdülər ki, Müqəddəs Kitabı yeni öyrənənlər əsas həqiqətləri nizamlı şəkildə öyrənməlidir. Buna görə də 1921-ci il noyabr ayında «Allahın arfası» adlı kitab dərc olundu. Bu kitabı alanlar həmçinin Müqəddəs Kitab dərslərinə abunə olurdu. Bu dərslər vasitəsilə onlar öyrəndi ki, «Allah bəşəriyyətə əbədi həyat mükafatı verməyi vəd edir». Bəs dərslər necə keçirilirdi?

Bu kitabı alan adama həmçinin bir vərəqə verilirdi. Vərəqədə göstərilirdi ki, o, neçə səhifə oxumalıdır. Növbəti həftə isə o başqa bir vərəqə alırdı. Orada isə oxuduğu hissə ilə bağlı suallar yazılırdı. Vərəqənin axırında isə növbəti həftənin tapşırığı yazılırdı.

On iki həftə ərzində hər həftə yaxınlıqdakı yığıncaq tərəfindən şagirdlərə yeni vərəqələr göndərilirdi. Adətən vərəqələri göndərmək yaşlı və ya fiziki məhdudiyyəti olan məsihilərə həvalə olunurdu. Amerikada yaşayan Anna Qardner bacı o illəri xatırlayaraq deyir: «“Allahın arfası” kitabı çıxandan sonra əlil olan bacım Teylin daha çox xidmət etmək imkanı oldu. O, hər həftə maraqlananlara poçt vasitəsilə sualların yazıldığı vərəqələri göndərirdi». İnsan bu dərsləri bitirəndən sonra bir təbliğçi onu ziyarət edib Müqəddəs Kitab haqqında daha çox öyrənməyə kömək edirdi.

Teyl Qardner əlil arabasında

İŞ HƏLƏ QABAQDADIR

İlin sonunda Cozef Ruterford qardaş bütün yığıncaqlara məktub göndərdi. Məktubda o qeyd etmişdi ki, «biçin işinin getdiyi bütün bu illər ərzində hələ təbliğ işi bu ilki qədər böyük miqyasda görülməmişdi. Amma işin çoxu hələ qabaqdadır. Başqalarını da bu mübarək işdə iştirak etməyə təşviq edin». Görünür, Müqəddəs Kitab Tədqiqatçıları bu məsləhətə əməl etdilər və 1922-ci ildə daha geniş şəkildə Padşahlıq haqqında müjdəni cəsarətlə bəyan etdilər.

^ abz. 9 «Qızıl əsr» jurnalı 1937-ci ildən «Təsəlli», 1946-cı ildən isə «Oyanın!» adlanır.