Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 42

Həqiqətdən əminliklə yapışın

Həqiqətdən əminliklə yapışın

«Hər şeyin doğru olub-olmadığını yoxlayın, yaxşı şeydən ikiəlli yapışın» (1 SALON. 5:21).

NƏĞMƏ 142 Ümidimizdən bərk yapışaq

İCMAL *

1. Nəyə görə çoxları çaşqınlıq içindədir?

BU GÜN çoxlu dinlər və onların saysız-hesabsız qolları var. Hamısı da Allaha düzgün ibadət etdiyini düşünür. Elə buna görə də çoxları çaşqınlıq içindədir. Onlarda belə sual yaranır: «Allah bütün dinlərdən razıdır, yoxsa bir həqiqi din var?» Bəs bir Yehovanın Şahidi kimi, özümüz şəxsən əminik ki, öyrətdiklərimiz həqiqətdir və ibadətimiz Allaha məqbuldur? Buna necə əmin ola bilərik? Gəlin bəzi sübutları araşdıraq.

2. Həvari Bulusun həqiqətə əminliyi nəyə əsaslanırdı? (1 Salonikililərə 1:5).

2 Həvari Bulusun həqiqətə güclü əminliyi var idi. (1 Salonikililərə 1:5 ayəsini oxuyun.) Onun bu əminliyi hisslərə əsaslanmırdı. O, Allahın Kəlamını dərindən mütaliə edirdi. «Müqəddəs Yazılardakı hər kəlmə»nin Allahdan olduğuna inanırdı (2 Tim. 3:16). Bəs Bulus mütaliənin sayəsində nələr öyrəndi? O, İsanın Məsih olduğuna dair danılmaz sübutlar tapdı. Amma yəhudi din xadimləri bu sübutlara məhəl qoymurdu. Onlar Allaha ibadət etdiklərini desələr də, Allahın nifrət etdiyi işlər görürdülər (Tit. 1:16). Onlar Allahın Kəlamından özlərinə sərf edəni seçirdilər. Onlardan fərqli olaraq, Bulus Allahın Kəlamına «bütünlüklə» əməl edirdi və onu insanlara öyrədirdi (Həv. 20:27).

3. Həqiqətdə olduğumuza əmin olmaq üçün bütün sualların cavabını bilməliyik? (« Yehovanın sayagəlməz möhtəşəm işləri və fikirləri» adlı çərçivəyə baxın.)

3 Bəzilərinin fikrincə, həqiqi din bütün suallara cavab verməlidir, hətta Müqəddəs Kitabla əlaqəsi olmayan suallara da. Məgər bu, mümkündür? Məsələn, götürək Bulusun nümunəsini. O, məsihiləri təşviq etmişdi ki, «hər şeyin doğru olub-olmadığını» yoxlasınlar. Bununla yanaşı, demişdi ki, o özü də çox şeyi anlamır (1 Salon. 5:21). Bunu onun sözlərindən görmək olar. O demişdi ki, indi biliyimiz məhduddur, «çünki hal-hazırda biz, sanki, metal güzgüyə baxıb orada dumanlı surətlər görürük» (1 Kor. 13:9, 12). Bizim kimi, Bulusun da başa düşmədiyi şeylər var idi. Amma o, Yehova haqqında əsas həqiqətləri bilirdi və bu, onun həqiqətdə olduğuna əmin olması üçün kifayət idi.

4. Həqiqəti tapdığımıza əminliyimizi necə gücləndirə bilərik və bu məqalədə nə haqda danışacağıq?

4 Həqiqəti tapdığımıza əminliyimizi necə gücləndirə bilərik? Bunun üçün bilməliyik ki, İsa hansı ibadət tərzini öyrətmişdi və Yehovanın Şahidlərinin ibadəti buna uyğundur, ya yox. Bu məqalədən öyrənəcəyik ki, Allaha düzgün ibadət edən insanlar 1) bütpərəstlik etmir, 2) Yehovanın adına ehtiramla yanaşır, 3) Allahın Kəlamındakı həqiqəti sevir və 4) bir-birini hərarətlə sevir.

BÜTPƏRƏSTLİK ETMİRİK

5. Allaha düzgün ibadətlə bağlı İsa Məsih hansı nümunəni qoymuşdu və onun öyrətdiklərinə necə əməl edə bilərik?

5 İsa Məsih Allahı çox sevirdi. Göydə olanda da, yerdə olanda da yalnız və yalnız Ona ibadət edirdi (Luka 4:8). İsa şagirdlərinə də bunu öyrətmişdi. Nə İsa, nə də onun şagirdləri ibadətdə surətlərdən istifadə etmirdi. Allah gözəgörünməzdir, buna görə də insanların düzəltdiyi heç bir şey Onun calalına tay ola bilməz! (Əşy. 46:5). Bəs insanların müqəddəs saydıqları kəslərin ikonalarını düzəldib, onlara dua etməsi haqqında nə demək olar? Allahın Tövratda verdiyi on əmrdən ikincisi bu idi: «Özünüz üçün nə yuxarıda — səmada, nə aşağıda — yerdə, nə də yerdəki sularda olan şeylərin heç birinin bütünü və ya surətini düzəltməyin. Onlara səcdə qılıb sitayiş etməyin» (Çıx. 20:4, 5). Allahı razı salmaq istəyən insan bu sözləri aydın başa düşür.

6. Bu gün Yehovanın Şahidləri Allaha ibadətdə kimlərin nümunəsini izləyir?

6 Bu gün tarixçilər də təsdiq edir ki, ilk məsihilər yalnız və yalnız Allaha ibadət edirdi. Məsələn, «Xristian kilsəsinin tarixi» kitabında deyilir ki, «həmin məsihilərə ibadətdə ikonalardan istifadə etmək təklif olunsa idi, onlar bunu qəti şəkildə rədd edərdilər» («History of the Christian Church»). Bu gün də Yehovanın Şahidləri ilk məsihilərin qoyduğu nümunəni izləyir. Onlar müqəddəslərin, yaxud mələklərin ikonasına sitayiş etmirlər, heç İsaya da dua etmirlər. Həmçinin onlar dövlət rəmzlərinə də təzim etmirlər. Kim nə deyirsə, desin Yehovanın Şahidləri İsanın növbəti sözlərinə əməl etməyə qəti qərarlıdır: «Allahın Yehovaya səcdə qıl» (Mət. 4:10).

7. Yehovanın Şahidləri ilə digər dinlər arasında hansı kəskin fərq var?

7 Bu gün insanlar xarizmatik kilsə xadimlərinin ardınca gedir. Onlara o qədər vurğundurlar ki, az qala, sitayiş etsinlər. Onların məxsus olduqları kilsəyə gedirlər, kitablarını alırlar. Onların özlərinə və ya dəstəklədiyi təşkilatlara külli miqdarda ianə edirlər. Bəziləri onların hər sözünü qanun kimi qəbul edir. Bəlkə də, İsanı görsəydilər, heç belə canfəşanlıq etməzdilər. Onlardan fərqli olaraq, Allahın həqiqi xidmətçiləri heç bir insanın ardınca getmir. Düzdür, biz rəhbərlik edən qardaşlara hörmətlə yanaşırıq. Amma İsanın da dediyi kimi, biz bir-birimizə qardaş olduğumuzu unutmuruq (Mət. 23:8—10). Biz heç kimi, nə dini, nə də siyasi liderləri ilahiləşdirmirik. Həmçinin onların məqsədlərini də dəstəkləmirik. Əksinə, bitərəf qalırıq və dünyanın işlərinə qarışmırıq. Bununla da biz digər dinlərdən kəskin şəkildə fərqlənirik (Yəh. 18:36).

YEHOVANIN ADINA EHTİRAMLA YANAŞIRIQ

Əsl məsihilər Yehovanın adını bəyan etməkdən qürur duyur (8—10 abzaslara baxın) *

8. Haradan bilirik ki, Yehova Onun adını ucaltmağımızı və hamıya bəyan etməyimizi istəyir?

8 Dualarının birində İsa demişdi: «Ata, Öz adını ucalt». Yehova da göylərdən belə cavab vermişdi: «Ucaltmışam, yenə də ucaldacağam» (Yəh. 12:28). İsa yer üzündəki xidməti boyunca Allahın adını ucaltmışdı (Yəh. 17:26). Deməli, davamçıları da Yehovanın adını böyük fəxrlə çəkməli və bu adı insanlara bəyan etməlidirlər.

9. Birinci əsrdəki məsihilər Allahın adına ehtiramla yanaşdıqlarını necə göstərirdi?

9 Birinci əsrdə məsihi yığıncağı yaranandan çox keçməmiş Allah digər xalqlara nəzər saldı və «Öz adını daşıyan bir xalq təşkil» etdi (Həv. 15:14). İlk məsihilər Allahın adını böyük fəxr hissi ilə çəkirdilər və onu başqalarına da bəyan edirdilər. Onlar Müqəddəs Yazıları qələmə alanda, eləcə də təbliğ edəndə Allahın adını geniş istifadə edirdilər *. Bununla da sübut edirdilər ki, Allahın adını daşıyan yeganə xalqdırlar (Həv. 2:14, 21).

10. Yehovanın Şahidlərinin Allahın adını daşıyan xalq olduğunu nə sübut edir?

10 Bəs Yehovanın Şahidləri necə? Onların Allahın adını daşıyan xalq olduğunu demək olar? Gəlin bunun sübutlarını araşdıraq. Bir çox din xadimi Allahın adını gizlətmək üçün əllərindən gələni edib. Onlar Müqəddəs Kitab tərcümələrindən Allahın adını çıxarıb, bəziləri dini görüşlərdə Allahın adını çəkməyi qadağan edib *. Göz qabağındadır ki, yalnız Yehovanın Şahidləri Allahın adına lazımınca ehtiram bəsləyir. Digər dinlərdən fərqli olaraq, biz əlimizdən gələni edirik ki, hamı Allahın adını bilsin. Bununla da daşıdığımız ada — Yehovanın Şahidləri adına layiq davranırıq (Əşy. 43:10—12). Müqəddəs Kitabın digər tərcümələrindən Allahın adı çıxarıldığı halda, biz «Yeni Dünya Tərcüməsi»ndə bu adı həmin yerlərdə bərpa etmişik və 240 milyondan çox nüsxəsini nəşr etmişik. Bundan əlavə, mindən çox dildə Müqəddəs Kitaba əsaslanan nəşrlər dərc edirik və onların hamısında Yehovanın adı geniş istifadə olunur!

HƏQİQƏTİ SEVİRİK

11. İlk məsihilər həqiqəti sevdiklərini necə göstərirdilər?

11 İsa Məsih Allah haqqında və Onun niyyəti barədə həqiqəti sevirdi. O, bu həqiqətə uyğun yaşayırdı və insanlara da onu bəyan edirdi (Yəh. 18:37). İsanın birinci əsrdəki davamçıları da həqiqəti ürəkdən sevirdi (Yəh. 4:23, 24). Hətta həvari Butrus məsihi imanını «həqiqət yolu» adlandırmışdı (2 But. 2:2). Həqiqəti sevdiklərinə görə onlar həqiqətə zidd olan dini inancları, insan adət-ənənələrini və fikirlərini qəbul etmirdilər (Kol. 2:8). Eynilə bu gün də Yehovanın əsl xidmətçiləri «həqiqət yolunda» yeriməyə çalışır. Bunun üçün bütün inanclarını və həyat tərzlərini Allahın Kəlamına uyğunlaşdırırlar (3 Yəh. 3, 4).

12. Rəhbərlik Şurası görəndə ki, hansısa izahata düzəliş etmək lazımdır nə edir və bunu etməkdə məqsəd nədir?

12 Bu gün Yehovanın Şahidləri Müqəddəs Kitabı tam başa düşdüklərini iddia etmirlər. Olub ki, onlar təlimlərin izahatında, yaxud yığıncağın təşkilində hansısa yanlışlığa yol veriblər. Bu, təəccüblü deyil, çünki Müqəddəs Kitabda da deyildiyi kimi, Allahın xalqı həqiqəti vaxt keçdikcə daha yaxşı anlayır (Kol. 1:9, 10). Yehova həqiqəti tədricən açıqlayır, ona görə də həqiqəti başa düşənə qədər səbir göstərməliyik (Məs. 4:18). Rəhbərlik Şurası görəndə ki, bəzi təlimlərin izahatına və ya təşkilati məsələlərə düzəliş etmək lazımdır, bunu ləngimədən edir. Bir çox xristian məzhəbləri nələrisə dəyişəndə bunu öz üzvlərini razı salmaq və ya dünya ilə ayaqlaşmaqdan ötrü edirlər. Yehovanın Şahidlərinin etdiyi dəyişikliklərin məqsədi isə bizi Yehovaya daha da yaxınlaşdırmaq və İsa Məsihin öyrətdiyi kimi ibadət etməkdir (Yaq. 4:4). Bu dəyişiklikləri ona görə etmirik ki, insanların fikri dəyişib və ona uyğunlaşmaq istəyirik. Bu dəyişiklikləri Allahın Kəlamını daha yaxşı başa düşdüyümüz üçün edirik. Biz həqiqəti sevirik! (1 Salon. 2:3, 4).

BİR-BİRİMİZİ HƏRARƏTLƏ SEVİRİK

13. Həqiqi məsihilərdə əsas hansı xüsusiyyət var idi və Yehovanın Şahidləri bu xüsusiyyəti necə təzahür etdirir?

13 Birinci əsrdəki məsihilərin çoxlu gözəl xüsusiyyəti var idi. Amma onları fərqləndirən əsas xüsusiyyət məhəbbət idi. İsa Məsih demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35). Dünyanın harasında yaşamalarından asılı olmayaraq bu gün də Yehovanın Şahidləri arasında məhəbbət və birlik var və digər dinlərdən fərqli olaraq, onların bir-birinə məhəbbəti milli, irqi və sosial sərhədləri aşır. Biz bu cür məhəbbəti yığıncaqlarda və böyük toplantılarda görürük. Bu isə bizi bir daha əmin edir ki, Yehovaya Onun bəyəndiyi şəkildə ibadət edirik.

14. Koloslulara 3:12—14 ayələrinə əsasən, bir-birimizi hərarətlə sevdiyimizi necə göstərə bilərik?

14 Allahın Kəlamı bizi təşviq edir ki, bir-birimizi hərarətlə sevək (1 But. 4:8). Biz də bir-birimizi bağışlamaqla və bir-birimizin səhvlərinə qarşı səbirli olmaqla bu cür məhəbbət göstəririk. Həmçinin biz yığıncaqda hər kəsə, hətta xətrimizə dəyən insana qarşı da qonaqpərvərlik göstərməyə və əliaçıq olmağa çalışırıq. (Koloslulara 3:12—14 ayələrini oxuyun.) Doğrudan da, bu cür məhəbbət əsl məsihiləri fərqləndirən başlıca cəhətdir.

İMANIMIZ BİRDİR

15. Biz hansı sahələrdə birinci əsrdəki məsihilərin ibadətlə bağlı qoyduğu nümunəni izləyirik?

15 Biz ibadətimizin digər sahələrində də birinci əsrdəki məsihilərin nümunəsini izləyirik. Məsələn, təşkilatımızın strukturu məsələsində. O vaxt olduğu kimi, bu gün də səyyar nəzarətçilər, ağsaqqallar və yığıncaq xidmətçiləri var (Filip. 1:1; Tit. 1:5). Həmçinin cinsi münasibət, nikah, qanın müqəddəsliyi və tövbə etməyən günahkarın yığıncaqdan kənar edilməsi məsələlərinə də münasibətimiz məhz birinci əsrdə qoyulan nümunəyə əsaslanır (Həv. 15:28, 29; 1 Kor. 5:11—13; 6:9, 10; İbr. 13:4).

16. Efeslilərə 4:4—6 ayələrindən hansı nəticəyə gəlirik?

16 İsa Məsih demişdi ki, çox adam onun davamçısı olduğunu deyəcək, amma heç də hamısı onun əsl davamçısı olmayacaq (Mət. 7:21—23). Həmçinin Allahın Kəlamında yazılıb ki, axırzamanda bir çoxları «üzdən özlərini mömin göstərəcək» (2 Tim. 3:1, 5). Amma Allahın razı qaldığı yalnız bir iman, bir din var. Allahın Kəlamında bu, açıq-aydın yazılıb. (Efeslilərə 4:4—6 ayələrini oxuyun.)

17. Bu gün kimlər İsanın ardınca gedir və həqiqi dindədir?

17 Bu gün kimlərin doğru yolda olduğunu demək olar? Biz sizinlə sübutları araşdırdıq. İsa Məsihin və ilk məsihilərin Allaha necə ibadət etdiyinə nəzər saldıq. Buna görə də cavab aydındır: Yehovanın Şahidləri. Biz çox xoşbəxtik ki, Yehovanın xalqının arasındayıq. Yehova haqqında və Onun niyyəti barəsində həqiqəti bilirik. Odur ki, gəlin belə bir güclü əminliklə həqiqətdən bərk-bərk yapışaq.

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

^ abz. 5 Bu məqalədən öyrənəcəyik ki, İsa Məsih Allaha hansı ibadətin məqbul olduğunu öyrətmişdi və ilk şagirdləri onun nümunəsini necə izləyirdi. Həmçinin Yehovanın Şahidlərinin də bu cür ibadət etdiyinə dair sübutları araşdıracağıq.

^ abz. 9 «Gözətçi qülləsi»nin 2010-cu il 1 iyul sayının 6-cı səhifəsində (rus.) yerləşən «İlk məsihilər Allahın adını çəkirdi?» adlı çərçivəyə baxın.

^ abz. 10 Məsələn, 2008-ci ildə Roma Papası XVI Benedikt göstəriş vermişdi ki, Allahın adı kilsədə dini xidmətlərin icrasında, oxunan mahnılarda və dualarda çəkilməsin.

^ abz. 63 ŞƏKLİN İZAHI. Yehovanın təşkilatı 200-dən çox dildə Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni dərc edib. Bunun sayəsində insanlar öz ana dilində Allahın adının da yazıldığı Müqəddəs Kitabı oxuya bilər.