Kontentə keç

Mündəricatı göstər

Yehova ilə dostluğunuzu bərpa edin

Yehova ilə dostluğunuzu bərpa edin

HƏR il Yehovaya dəyərli olan çoxlu sayda xidmətçisi Yehovanın Şahidi kimi yenidən bərpa olunur. Bir təsəvvür edin, onların hər biri üçün göydə necə böyük sevinc yaşanır (Luka 15:7, 10). Əgər siz yığıncağa bərpa olunmusunuzsa, əmin olun ki, İsa Məsih, mələklər və Yehova sizi yenidən yığıncaqda görməyə çox şaddır. Amma Yehova ilə dostluğunuzu bərpa edərkən, ola bilsin, müəyyən çətinlikləriniz olsun. Bu nə kimi çətinliklərdir və onları necə aşa bilərsiniz?

YARANAN ÇƏTİNLİKLƏR

Bəziləri bərpa olunandan sonra da bədbin hisslərlə mübarizə aparır. Davud padşah da bu cür hisslər keçirmişdi. Yehova onun günahlarını bağışlasa da, o belə demişdi: «Təqsirlərim başımdan aşır» (Zəb. 40:12; 65:3). İnsan yığıncağa qayıdandan uzun illər sonra da, ola bilər ki, özünü günahkar hiss etsin və xəcalət çəksin. İzabella adlı bacı 20 ildən çox idi ki, yığıncaqdan kənar edilmişdi *. O deyir: «Yehovanın məni bağışladığına inanmaq çox çətin idi». Əgər ruh düşkünlüyünə qapılsanız, Yehova ilə münasibətləriniz yenidən zəifləyər (Məs. 24:10). Buna qətiyyən imkan verməyin.

Bəziləri isə qorxur ki, Yehova ilə dostluqlarını bərpa etmək üçün lazım olan hər bir şeyi edə bilməyəcəklər. Antuan bərpa olunandan sonra demişdi: «Elə bil məsihi kimi yaşamaqla bağlı hər şeyi unutmuşdum». Bu kimi hisslərə görə bəziləri ruhani işlərdə tam iştirak etməyə çəkinə bilər.

Belə bir nümunəyə baxaq. Qasırğa nəticəsində bir nəfərin evinə güclü zərər dəyib. Evə baxanda görür ki, onu bərpa etmək xeyli vaxt aparacaq, çoxlu iş görülməlidir və bu, onun gözünü qorxudur. Eynilə ciddi günah ucbatından Yehova ilə münasibətləriniz zədələnibsə, bəlkə, düşünürsünüz ki, ruhani cəhətdən bərpa olunmaq üçün dəridən-qabıqdan çıxmalısınız. Amma əslində, siz köməksiz deyilsiniz.

Yehova deyir: «Gəlin aramızdakı məsələləri həll edək» (Əşy. 1:18). Siz Yehova ilə aranızdakı məsələləri həll etmək üçün artıq çox şey etmisiniz, Yehova da buna görə sizi sevir. Bir düşünün, bununla siz Yehovaya Şeytanın ittihamlarına cavab vermək üçün əsas vermisiniz! (Məs. 27:11).

Yehovaya geri dönməklə siz artıq Ona yaxınlaşmısınız. Yehova söz verir ki, O da Öz növbəsində, sizə yaxınlaşacaq (Yaq. 4:8). Siz artıq yenidən yığıncaqdasınız və bacı-qardaşlara bunu görmək çox xoşdur. Amma bu, kifayət deyil. Yehovaya Atanız və Dostunuz kimi yanaşmalı, Ona sevginizi gücləndirməlisiniz. Bəs bunu necə edə bilərsiniz?

GÜCÜNÜZ ÇATAN MƏQSƏDLƏR QOYUN

Qarşınıza nail ola biləcəyiniz məqsədlər qoyun. Şübhəsiz ki, Yehova və Onun gələcəklə bağlı vədləri barədə əsas biliklər yadınızdadır. İndi sizə lazımdır ki, məsihi kimi fəaliyyətinizi bərpa edəsiniz, məsələn, müntəzəm təbliğ edəsiniz, yığıncaqlara qatılasınız və dindaşlarınızla vaxt keçirəsiniz. Qarşınıza növbəti məqsədləri qoya bilərsiniz.

Tez-tez Yehova ilə söhbət edin. Yehova bilir ki, insan özünü günahkar hiss edəndə dua etmək ona çətindir (Rom. 8:26). Buna baxmayaraq, «daima dua edin» və Yehovaya deyin ki, Onunla dost olmaq istəyirsiniz (Rom. 12:12). Andrey adlı bir qardaş deyir: «Mən dəhşətli dərəcədə özümü günahkar hiss edirdim, xəcalət çəkirdim. Amma hər dəfə Yehovaya dua etdikcə bu hisslər səngiyirdi, qəlb rahatlığı tapırdım». Əgər dua etməyə söz tapa bilmirsinizsə, onda günahlarından tövbə edən Davudun Zəbur 51 və 65-ci məzmurlarda yazılan dualarına nəzər sala bilərsiniz.

Allahın Kəlamını müntəzəm mütaliə edin. Bunun sayəsində ruhən möhkəmlənəcəksiniz və Yehovaya məhəbbətiniz getdikcə artacaq (Zəb. 19:7—11). Felipe adlı bir qardaş deyir: «Mənim ruhani cəhətdən zəifləməyimə və Yehovanı məyus etməyimə səbəb müntəzəm mütaliə etməməyim olmuşdu. Eyni səhvi təkrarlamaq istəmirdim. Buna görə qərara gəldim ki, özümü ruhani cəhətdən qorumaq üçün müntəzəm fərdi mütaliə edim». Siz də qarşınıza bu məqsədi qoya bilərsiniz. Əgər mütaliə üçün mövzu tapmaq sizə çətindirsə, yetkin dostunuzdan kömək istəyə bilərsiniz.

Dindaşlarınızla dostluğunuzu bərpa edin. Bəziləri narahat olur ki, bacı-qardaşlar onlara xoş münasibət göstərməyəcək. Larisa hisslərini bölüşür: «Çox utanırdım. Özümü elə hiss edirdim ki, sanki yığıncağa xəyanət etmişəm. Bu fikirlər uzun müddət məni rahat buraxmırdı». Əmin olun ki, ağsaqqallar və yetkin məsihilər sizə ruhən dirçəlməyə kömək etmək istəyir. (« Ağsaqqalların köməyi» adlı çərçivəyə baxın.) Sizi yenidən yığıncaqda görmək onlar üçün çox xoşdur, onlar sizin xoşbəxtliyinizi arzulayır! (Məs. 17:17).

Bacı-qardaşlarla necə yaxın ola bilərsiniz? Onlarla birgə bütün yığıncaq görüşlərində iştirak edin, təbliğdə müntəzəm əməkdaşlıq edin. Bunun sizə hansı faydası olacaq? Feliks deyir: «Yığıncaq mənim qayıdışımı səbirsizliklə gözləyirdi. Sevildiyimi hiss etdim. Onların hamısı mənə kömək etdi ki, yığıncağa yenidən qaynayıb-qarışım, Yehovanın əfvini hiss edim və irəli gedim». (« Siz nə edə bilərsiniz?» adlı çərçivəyə baxın.)

TƏSLİM OLMAYIN!

Yehova ilə münasibətlərinizi bərpa edərkən Şeytan yenə də «qasırğalar» vasitəsilə sizi zəiflətməyə çalışacaq (Luka 4:13). Buna hazır olmaq üçün indidən ruhani evinizi möhkəmləndirin.

Yehova quzuları barəsində belə vəd verib: «İtəni axtarıb tapacağam, azanı geri qaytaracağam, yaralının yarasını sarıyacağam, zəif düşəni qüvvətləndirəcəyəm» (Hizq. 34:16). Yehova artıq çoxlu sayda insana Onunla münasibətini bərpa etməyə kömək edib. Yehova sizə də kömək etmək istəyir ki, Onunla əvvəlkindən də möhkəm münasibətiniz olsun.

^ abz. 4 Bu məqalədə adlar şərtidir.