Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | UŞAQLARIN TƏRBİYƏSİ

Uşağın tutması tutanda

Uşağın tutması tutanda

PROBLEM

İkiyaşlı uşağınızın tutması tutanda başlayır çığır-bağır salmağa, ayağını yerə çırpmağa və özünü ora-bura vurmağa. Bu an siz: «Görəsən, uşağım normaldır? Bəlkə, təqsir məndədir? Nə vaxtsa düzələcək?» — deyə narahat olursunuz.

Uşağınızdakı bu vərdişi tərgitmək sizin əlinizdədir. Amma əvvəlcə bunun səbəblərini bilməlisiniz.

SƏBƏBLƏR

Balaca uşaqlar öz hisslərini tam idarə etməyi bacarmırlar. Elə bunun özü bəs edir ki, uşaq vaxtaşırı olaraq özündən çıxıb zar-zar ağlasın. Ancaq bu, yeganə səbəb deyil.

Təxminən iki yaşında olan uşaqda baş verən dəyişikliyi də nəzərə almaq lazımdır. Dünyaya göz açdığı andan valideynlər körpə balalarının hər nazı ilə oynayırdılar. Ağlayanda dərhal yanına qaçır və: «Nə olub görəsən? Bəlkə, balam xəstədir? Bəlkə, acıb? Altını dəyişdirmək lazımdır?» — deyə narahat olurdular. Uşağın rahatlığı üçün onlar əllərindən gələni əsirgəmirdilər, lazım gələndə gecə yuxularına haram qatırdılar. Bu, başqa cür ola da bilməzdi, axı körpə tamamilə ata-anasından asılı idi.

Ancaq iki yaşına çatanda uşaq fikir verir ki, valideynləri onun nazı ilə getdikcə daha az oynayırlar. İndi vəziyyət başqa cürdür: artıq valideynlər onun yox, o, valideynlərinin dediyini etməlidir. İki yaşında olan bir çox uşaqlar bu dəyişikliyi səssiz-səmirsiz qəbul edə bilmirlər, buna görə başlayırlar ərkəsöyünlük etməyə, özlərindən çıxmağa.

Adətən, uşaq vaxt keçdikcə valideynlərinin yalnız onun qulluğunda duran insanlar yox, tərbiyəçiləri olduğu faktı ilə barışır. Xoşbəxtlikdən, o həmçinin dərk edir ki, vəzifəsi ata-anasının sözünə baxmaqdır (Koloslulara 3:20). Amma nə qədər ki o vaxt gəlməyib, uşaq hər dəfə isterika qaldırmaqla valideynlərinin əsəblərini tarıma çəkir.

SİZİN ÖHDƏNİZƏ DÜŞƏNLƏR

Uşağınızı başa düşün. Yaddan çıxarmayın ki, qarşınızdakı böyük adam deyil, balaca uşaqdır. Hisslərini idarə etmək bacarığı formalaşmadığı üçün nə isə onun xoşuna gəlməyəndə o, buna həddən artıq kəskin reaksiya göstərə bilər. Yaranmış vəziyyətə onun gözü ilə baxmağa çalışın. (Müqəddəs Kitab prinsipi: 1 Korinflilərə 13:11.)

Əsəbiləşməyin. Uşağınız durduğu yerdə çığırmağa, tərslik eləməyə başlayırsa, sizin özünüzdən çıxmağınızın heç bir xeyri olmayacaq. Çalışın ki, mümkün qədər onun davranışına fikir verməyəsiniz və hövsələdən çıxmayasınız. Onun nəyə görə bu cür davrandığını bilmək sizə əsəblərinizi cilovlamağa kömək edəcək. (Müqəddəs Kitab prinsipi: Süleymanın məsəlləri 19:11.)

Sözünüzün üstündə durun. Əgər uşağınıza inadkarlıqla istədiyi hər şeyi versəniz, başqa vaxt istədiyi nəyisə verməyəndə o çığır-bağır salacaq. Fikrinizdə qəti olduğunuzu təmkinlə ona bildirin. (Müqəddəs Kitab prinsipi: Matta 5:37.)

Uşağınızın nəyə görə çığır-bağır saldığını bilmək sizə əsəblərinizi cilovlamağa kömək edəcək

Səbirli olun. Düşünməyin ki, uşağınız dərhal bu xasiyyətindən əl çəkəcək, xüsusilə də əgər siz onun hay-küy salmaqla istədiyinə nail ola biləcəyini fikirləşməsinə əsas vermisinizsə. Düzgün və həmişə eyni cür davransanız, ehtimal ki, xoşagəlməz hallar azalacaq. Bir vaxtdan sonra isə tamamilə keçib gedəcək. Müqəddəs Kitabda deyilir: «Məhəbbət [səbirlidir]» (1 Korinflilərə 13:4).

Növbəti məsləhətləri də tətbiq etməyə çalışın.

  • Uşağınız tərslik edib ağlayanda onu (əgər mümkünsə) qucağınıza götürün və incitmədən hərəkətlərinə son qoymağı tələb edin, amma üstünə qışqırmayın. Sadəcə sakitləşməsini gözləyin. Hər halda uşağınız anlayacaq ki, bu cür davranmaq əbəsdir.

  • Bu kimi hallarda uşağınızı hara salacağınızı qabaqcadan fikirləşin. Yalnız sakitləşdiyi təqdirdə oradan çıxa biləcəyini deyib, onu orada tək qoyun.

  • Əgər ictimai yerdə uşaq isterika qaldırırsa, onu başqaların gözü qabağından uzaqlaşdırın. Uşaq sadəcə «artistlik» etdiyi üçün təslim olub dediyini etməyin. Əks halda, o, elə düşünəcək ki, hər dəfə belə etsə, istədiyini əldə edə bilər.