MÜQƏDDƏS KİTABIN BAXIŞI
Depressiya
Depressiya nədir?
«Mənim qəddim əyilib, ikiqat bükülmüşəm, gün boyu yaslı gəzirəm» (Məzmur 38:6).
MÜTƏXƏSSİSLƏR NƏ DEYİR
? Vaxtaşırı hamımızın kefsiz olduğumuz anlar olur. Amma depressiya insanın gündəlik həyatına pis təsir göstərən üzücü və davamlı xəstəlikdir. Qeyd etmək lazımdır ki, mütəxəssislər arasında nəyi adi kefsizlik, nəyi isə depressiya adlandırmaq barədə ortaq fikir yoxdur. Amma bir şeyi əminliklə demək olar ki, bəzi insanlar güclü neqativ hisslər keçirirlər. Onlar bəzən özlərini lazımsız hiss edirlər və həddən artıq vicdan əzabı çəkirlər.
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
Müqəddəs Kitabda mənfi hisslər keçirən bir çox kişi və qadınlardan bəhs edilir. Məsələn, Müqəddəs Kitabda deyilir ki, Xanna «ürək yanğısı» ilə dua edirdi. Bəzi Müqəddəs Kitab tərcümələrində bu ifadə «qəlbisınıq halda» və «dərin qəm-kədərlə» kimi tərcümə olunub (1 Şamuel 1:10). Bir dəfə İlyas peyğəmbər elə ruhdan düşmüşdü ki, duada Allahdan canını almasını istədi (1 Padşahlar 19:4).
Birinci əsrdə yaşayan Allahın xidmətçilərinə «qəmginlərə təskinlik [vermək]» buyurulmuşdu (1 Salonikililərə 5:14). Bir kitaba əsasən, «qəmginlər» ifadəsini «həyat qayğıları ucbatından müvəqqəti olaraq sıxıntı keçirənlərə» aid etmək olar. Gördüyümüz kimi, qədim dövrlərdə yaşayan Allahın sadiq xidmətçiləri də bəzən depressiyaya düşürdülər.
İnsanın depressiyada olması onun öz günahıdır?
«Bütün xilqət indiyə kimi inildəyib əzab çəkir» (Romalılara 8:22).
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
Müqəddəs Kitab öyrədir ki, xəstəliklər ilk insan cütlüyünün qaldırdığı üsyanın əlavə təsiridir. Misal üçün, Məzmur 51:5 ayəsində deyilir: «Mən doğulandan bəri günahkaram, ana bətnindən belə, təqsirkaram». Romalılara 5:12 ayəsində izah edilir: «Günah bir adam [ilk insan Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdiyi kimi, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib». Adəmdən qeyri-kamilliyi miras aldığımız üçün hamımız həm fiziki xəstəliklərə, həm də emosional pozuntulara meyilliyik. Buna görə də, Müqəddəs Kitabda deyildiyi kimi, «bütün xilqət indiyə kimi inildəyib əzab çəkir» (Romalılara 8:22). Lakin Müqəddəs Kitabda heç bir həkimin verə bilmədiyi bir ümiddən bəhs edilir. Orada vəd edilir ki, Allah yer üzündə Cənnət şəraiti quracaq. Cənnətdə əmin-amanlıq hökm sürəcək, bütün xəstəliklər, o cümlədən depressiya həmişəlik aradan qaldırılacaq (Vəhy 21:4).
Depressiyanın öhdəsindən necə gələ bilərsiniz?
«Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır» (Məzmur 34:18).
NƏYƏ GÖRƏ BU VACİBDİR?
Siz hər şeyi həmişə nəzarət altında saxlaya bilməzsiniz, vaxtaşırı olaraq pis şeylər sizə öz təsirini göstərəcək (Vaiz 9:11, 12). Amma bədbin hisslər həyatınıza hakim kəsilməsin deyə müəyyən addımlar ata bilərsiniz.
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
Müqəddəs Kitabda xəstənin həkimə ehtiyacı olduğu deyilir (Luka 5:31). Əgər siz üzücü emosional xəstəlikdən əziyyət çəkirsinizsə, tibbi yardım almaqda səhv heç nə yoxdur. Müqəddəs Kitab duanın dəyərini xüsusilə vurğulayır. Misal üçün, Məzmur 55:22 ayəsində qeyd olunur: «Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz». Dua psixoterapiya üsulu deyil, o, «qəlbisınıqlara [yaxın]» olan Yehova Allahla gerçək ünsiyyətdir (Məzmur 34:18).
Həmçinin ürəyinizi yaxın bir dostunuza boşaltmaq da faydalı ola bilər (Süleymanın məsəlləri 17:17). Yehovanın Şahidi olan Daniela deyir: «Bir həmimanlım nəzakətli şəkildə məni dilə tutdu ki, onunla danışım. Baxmayaraq ki illərdir depressiyada olduğum haqda danışmaqdan çəkinirdim, amma başa düşdüm ki, mənə elə bu lazım imiş. Bu söhbətdən sonra xeyli yüngülləşdiyimə özüm də məəttəl qaldım».