Kontentə keç

Mündəricatı göstər

ÖLKƏLƏR VƏ XALQLAR | İTALİYA

İtaliyaya səyahət

İtaliyaya səyahət

İTALİYA təzadlı təbiəti olan bir ölkədir. Bir tərəfdə sahilboyu uzanan çimərliklər, o biri tərəfdə enişli-yoxuşlu sıra dağlar; cənubda qızmar yay, şimalda qılınc kimi kəsən qış. İtaliyanın vulkanik ölkə olmasına baxmayaraq, onlardan yalnız bir neçəsi aktivdir, məsələn, Stromboli və Etna.

İtaliya Avropada əhalinin ən sıx məskunlaşdığı ölkələrdəndir. Bu ölkəyə, ərəblər, bizanslılar, yunanlar, normanlar, finikiyalılar və başqa xalqlar axın etmişlər.

Turistlər Venesiyadakı kanallarda qondolalarla gəzintiyə çıxırlar

İtaliya tarix və incəsənət xəzinələri ilə zəngindir. Qədim yunan və Roma qalıqları, yaxud da barokko və Renessans (İntibah dövrü) memarlığı bir çox İtaliya şəhərlərinin qürur mənbəyidir. Rəsm əsərləri, mərmər heykəllər və fəvvarələr Bernini, Mikelancelo və Rafael kimi sənətkarların adı ilə bağlıdır.

Yemək italyanların gündəlik həyatında əsas yeri tutur. Milli mətbəxlərində çoxlu ənənələr var. Çox vaxt süfrəyə əvvəlcə spagetti, sonra isə tərəvəzlə birgə ət və ya balıq verilir. Zeytun yağı çox istehsal olunduğundan ondan bol-bol istifadə olunur. Pizza və rizotto italyanların məşhur yeməkləridir.

Spagetti italyan mətbəxinin şahıdır

İtalyanlar istiqanlı olmaları, insanlara qaynayıb-qarışmaları və qonaqpərvərlikləri ilə tanınırlar. Onlar ünsiyyət etməyi və başqalarını da bu ünsiyyətə cəlb etməyi sevirlər, buna görə də insanların meydanlarda yığılıb şirin-şirin söhbət etmələrini və ya yolboyu gəzişərkən canlı ünsiyyətlərini tez-tez görmək olar.

Əhalinin əksəriyyəti katolik dininə mənsubdur, amma kilsəyə müntəzəm olaraq gedənlər çox azdır. Demək olar ki, son onilliklər ərzində kilsənin təsiri zəifləyib. Cəmiyyət abort və boşanmaya dair uzun illər mövcud olan ənənələrə artıq əməl etmir.

İtaliyada Yehovanın Şahidləri fəaldır. Onlar Allahın Kəlamının müəllimləri, eləcə də Müqəddəs Kitabdakı qayda-qanunlara uyğun yaşayan insanlar kimi tanınırlar. Bütün ölkədə Yehovanın Şahidlərinin 3000-dən çox yığıncağı var və bu yığıncaqların bir çoxu əcnəbilərə təbliğ edir. Son on il ərzində İtaliyada əcnəbilərin sayı 3 dəfə artdığından Müqəddəs Kitabın əcnəbi dillərdə təbliğ olunmasına ehtiyac yaranıb.

BİLİRSİNİZMİ?

1929-cu ildən bəri müstəqil dövlət olan Vatikan Romada yerləşsə də, İtaliya vətəndaşları üçün ora xarici ərazidir.

İtaliyanın şimal-şərqindəki Dolomit Alp dağları