Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTABIN BAXIŞI

Din

Din

Nəyə görə bu qədər din var?

«Siz Allahın əmrini kənara qoyub insan ənənələrinə riayət edirsiniz» (Mark 7:8).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

İnsanların anadangəlmə «ruhani ehtiyacları» var və bu ehtiyacları Allaha ibadət etməklə təmin etmək mümkündür (Matta 5:3, haşiyə). Lakin insanlar bu tələbatı ödəmək üçün Allahın yox, insanın düşüncələrinə əsaslanan saysız-hesabsız din yaratmışlar.

Müqəddəs Kitabda birinci əsrdə mövcud olan bir dini icma haqqında deyilir: «[Onlar] Allahın qeyrətini [çəkirlər]... ancaq bunu dəqiq biliyə əsaslanaraq etmirlər. Onlar Allahın salehlik yollarına tabe olmadılar, çünki Onun salehlik yollarını dərk etmədilər, əvəzində öz salehlik normalarını təsis etmək istədilər» (Romalılara 10:2, 3). Bizim günlərdə də «adi insan [əmrlərini]» Allahın təlimləri kimi qələmə verib öyrədən xeyli din mövcuddur (Mark 7:7).

Şərtdir ki, hansına dinin üzvü olasan?

«Gəlin bir-birimizə qarşı diqqətcil olub bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq edək... yığıncaqlarımızdan qalmayaq» (İbranilərə 10:24, 25).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

İbranilərə 10:25 ayəsində «yığıncaqlarımızdan qalmayaq» ifadəsi işlənir. Başqa sözlə, Allah istəyir ki, insanlar Ona mütəşəkkil qrup şəklində ibadət etsinlər. Bəs Allahın hər xidmətçisi öz aləmində Onu tanıdığı və bildiyi kimi ibadət etməli idi? Xeyr. Müqəddəs Kitabda deyilir ki, Allaha məqbul tərzdə ibadət edənlər arasında fikir birliyi və yekdillik hökm sürəcəkdi (1 Korinflilərə 1:10). Onlar yığıncaq şəklində təşkil ediləcəkdi və bütün dünyadakı qardaşlarını sevəcəkdilər (1 Peter 2:17; 1 Korinflilərə 11:16). Birlikdə və mütəşəkkil şəkildə ibadət etmək Allahı razı salmağın şərtidir.

Həqiqi dini müəyyən etmək mümkündür?

«Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:35).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Müqəddəs Kitabda əyani bir nümunə əsasında həqiqi dində olanları tapmağın üsulu göstərilir: «Onları bəhrələrindən tanıyacaqsınız. Heç tikan kolundan üzüm, qanqal kolundan əncir yığılar?» (Matta 7:16). Əncir ağacını qanqal kolundan seçmək üçün botanik olmağa gərək yoxdur; eynilə, həqiqi dini yalan dinlərdən seçmək üçün də bütün dinlər üzrə mütəxəssis olmağa ehtiyac yoxdur. Həqiqi dinin bəhrələri, yəni səciyyəvi cəhətlərinin bəziləri hansılardır?

  • Həqiqi din Allahın Kəlamı olan Müqəddəs Kitabda yazılan həqiqətləri öyrədir (Yəhya 4:24; 17:17). Onun təlimləri insan fəlsəfəsinə əsaslanmır.

  • Həqiqi din insanlara Allahı tanımağa kömək edir, o cümlədən Onun şəxsi adı olan Yehova adını açıqlayır (Yəhya 17:3, 6).

  • Həqiqi din bəşəriyyət üçün yeganə ümid yeri kimi insan hökumətlərindən yox, Allahın Padşahlığından danışır (Matta 10:7; 24:14).

  • Həqiqi din fədakar məhəbbət göstərməyə təşviq edir (Yəhya 13:35). Həmçinin insanlara bütün millətlərə hörmətlə yanaşmağı, vaxt və vəsaitlərini başqalarına kömək etmək üçün sərf etməyi və müharibələrdə iştirak etməməyi öyrədir (Mikeya 4:1—4).

  • Həqiqi din həyat tərzidir, formal xarakter daşıyan dini ayinlər toplusu deyil. Onun üzvləri təbliğ etdikləri təlim və qanunlara özləri riayət edirlər (Romalılara 2:21; 1 Yəhya 3:18).

Bu jurnalın naşirləri olan Yehovanın Şahidləri həm sözdə, həm də əməldə Yehova Allaha izzət gətirməyə çalışırlar. Bunu öz gözlərinizlə görmək üçün sizi onların Padşahlıq zallarında keçirilən ibadət görüşlərində iştirak etməyə dəvət edirik.