Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | Faciə...

Ev-eşik əldən gedəndə

Ev-eşik əldən gedəndə

2011-ci il martın 11-i, cümə günü 9 bal gücündə baş verən zəlzələ nəticəsində Yaponiyada 15 000 insan həyatını itirmiş və 200 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Sunami olacağından qabaqcadan xəbərdar olan 32 yaşlı Key yüksək bir yeri özünə təhlükəsiz sığınacaq etmişdi. O xatırlayır: «Səhəri günü evə qayıtdım ki, gücüm nəyə çatır, nə götürə bilərəm götürüm. Amma mənzilim də daxil olmaqla, nə var idisə, sunami hamısını yerli-dibli yuyub aparmışdı.

Bir qədər vaxtdan sonra mənə çatdı ki, sadəcə şəxsi əşyalarımı itirməmişəm, dünyam dağılıb. Hər şey əldən getmişdi — maşınım, iş kompüterlərim, stollarım, stullarım, qonaqlar üçün olan divanım... gitaram, ukulelem, fleytam, sulu və yağlı boyalarla, eləcə də pastel karandaşlarla işləmək üçün avadanlıqlarım, bütün rəsm və eskizlərim».

FACİƏYƏ NECƏ TAB GƏTİRMƏLİ?

Çalışın fikrinizi əlinizdən gedənlərə yox, əlinizdə qalanlara cəmləyin. Allahın Kəlamında deyilir: «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15). Key xatırlayır: «Əvvəlcə istədiyim əşyaların siyahısını tutdum, amma gördüm ki, bunlar mənə sulara qərq olan əşyalarımı xatırladır. Ona görə qərara gəldim ki, ancaq, həqiqətən də, ehtiyacım olan şeyləri yazım. Lazım olan şeyləri əldə etdikcə siyahını təzələyirdim. Bu, mənə özümə gəlməyə və həyata davam etməyə kömək etdi».

Təkcə özünüzü fikirləşməyin, başqalarına da dəstək olun. Başınıza gələnlərin ucbatından artıq təcrübə qazanmısınız. Key deyir: «Dövlət və dostlarım tərəfindən mənə çox kömək edilmişdi. Amma almağa öyrəşdiyimdən özümə hörmətim azalmışdı. Sonra Müqəddəs Kitabda olan bir kəlam yadıma düşdü: “Vermək almaqdan daha çox xoşbəxtlik gətirir” (Həvarilərin işləri 20:35). Fəlakətin qurbanlarına maddi cəhətdən əl tutmaq üçün elə də imkanım yox idi, buna görə onlara sözlərimlə ürək-dirək verirdim. Elə bunun özü məni ayaqda saxlayırdı».

Vəziyyətinizə tab gətirməyiniz üçün Allaha dua edin və müdriklik diləyin. Key bütün ürəyi ilə inanırdı ki, Müqəddəs Kitabda yazıldığı kimi, Allah «yoxsulların duasına qulaq asacaq» (Məzmur 102:17). Sizdə də bu cür iman ola bilər.

Bilirsinizmi? Müqəddəs Kitabda peyğəmbərlik edilir ki, vaxt gələcək, heç kim təbii fəlakətdə nəsə itirmək qorxusu ilə yaşamayacaq * (Yeşaya 65:21—23).

^ abz. 9 Allahın yerə dair nə niyyəti olduğunu bilmək üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3-cü fəslini oxuya bilərsiniz. Yehovanın Şahidləri tərəfindən dərc edilən bu kitabı www.pr418.com/az-latn saytından da tapmaq olar.