Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | Faciə...

Sağlamlıq əldən gedəndə

Sağlamlıq əldən gedəndə

Argentinadan olan Meybl həyatda çox qıvraq insan olub. O, fizioterapevt işləyirdi. 2007-ci ildə Meybl özündə nəsə qəribə bir yorğunluq hiss etməyə başladı, onda hər gün şiddətli başağrıları olurdu. O deyir: «Neçə həkimə getdim, nə qədər müalicə qəbul elədim, amma heç nəyin xeyri dəymədi». Axırda o, MRT etdirdi və beynində şiş tapıldı. Meybl deyir: «Bunu biləndə dünya başıma fırlandı! İnana bilmirdim ki, mən indiyə kimi içimdə məskən salan düşmənlə yaşayırammış.

Vəziyyətimin nə qədər ağır olduğu mənə o qədər də çatmırdı, ta ki cərrahiyyə əməliyyatı olana kimi. İntensiv terapiya şöbəsində gözümü açanda tərpənə bilmirdim. Gözümü tavana zilləməkdən başqa heç nə bacarmırdım. Əməliyyatdan qabaq aktiv şəkildə, sərbəst hərəkət edirdim. Qəfil əlim-ayağım tutmaz oldu. İntensiv terapiya şöbəsində günlərim qatma-qarışıqlıq, tibbi avadanlıqların səs-küyü və digər xəstələrin iniltisi içində keçirdi. Daxilimdə elə bir hiss var idi ki, sanki, ağrı və işgəncə məni öz ağuşuna alıb.

Demək olar ki, bu gün hardasa bir az özümü toxtamışam. Təkcanıma gəzə bilirəm, arada harasa çıxıram. Amma gözümdə ikiləşmə olur və hələ də əzələ koordinasiyam zəifdir».

FACİƏYƏ NECƏ TAB GƏTİRMƏLİ?

Nikbin olun. Süleymanın məsəlləri 17:22 ayəsində deyilir ki, «ürək sevinci can üçün ən yaxşı məlhəmdir, könlün sınması sümükləri qurudar». Görün Meybl nə deyir: «Sağalma ərəfəsində xəstələrimin çəkdiyi ağrıları çəkirdim. Fizioterapiya çox ağrı verirdi, elə vaxtlar olurdu ki, hər şeyi atıb qaçmaq istəyirdim. Bədbin şeylərdən fikrimi yayındırmaq üçün özümü məcbur edirdim, çünki bilirdim ki, bu cür səy göstərməyim yaxşı nəticə verəcək».

Fikrinizi gerçək ümidə cəmləmək başınıza gələnlərə qatlaşmağa kömək edəcək. Meybl deyir: «Müqəddəs Kitabı oxuduğuma görə faciələrin niyə baş verdiyini bilirdim, həmçinin bir şeyi də bilirdim ki, hər ötən gün bizi ağrı-acının bir daha olmayacağı vaxta yaxınlaşdırır» *.

Unutmayın ki, Allah şəxsən sizin qayğınıza qalır (1 Peter 5:7). Bunu bilmək Meyblı çox ürəkləndirmişdi. O xatırlayır: «Məni əməliyyata aparanda Allahın Öz Kəlamı vasitəsilə dediyi “qorxma, çünki Mən səninləyəm” sözlərinin həqiqətən olduğunu gördüm (Yeşaya 41:10). Başıma gələnlərə Allahın biganə qalmadığını bilmək içimə dərin bir aramlıq gətirmişdi».

Bilirsinizmi? Allahın Kəlamında deyilir ki, vaxt gələcək, insanların canı daha ağrı görməyəcək (Yeşaya 33:24; 35:5, 6).

^ abz. 8 Əlavə məlumat üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 11-ci fəslinə baxa bilərsiniz. Bu kitabı www.pr418.com/az-latnsaytından da tapmaq olar.