Kontentə keç

Mündəricatı göstər

MÜSAHİBƏ | VENLONQ Hİ

Eksperimentçi fizik imanı barədə danışır

Eksperimentçi fizik imanı barədə danışır

VENLONQ Hİ fizika elminə Suçjou şəhərində yiyələnməyə başlayıb (Çin, Szyansu əyaləti). O, texnologiyalar üzrə beynəlxalq jurnalın redaktorlarından biridir. Onun elmi nəşrlərdə çoxlu məqalələri dərc edilib. Hal-hazırda Venlonq Hi Şotlandiyanın Stradklayd Universiteti üçün işləyir. Gəncliyində o, təkamülə inanırdı, lakin sonradan belə bir nəticəyə gəldi ki, həyat yaradılıb. «Oyanın!» jurnalının müxbiri ondan imanı barədə müsahibə götürdü.

Bir az özünüzdən danışın.

Mən 1963-cü ildə Çində dünyaya göz açmışam. Uşaqlığım Yanszı çayından cənubda yerləşən bir kənddə keçib (Szyansu əyaləti). Subtropik iqlimi olan bu ərazi ərzaq istehsalatı ilə məşhurdur, bu səbəbdən buralar çox vaxt düyü və balığın məskəni adlandırılır. Uşaqlıqda həmişə soruşardım: «Nəyə görə təbiət bu qədər dadlı qida yetirir? Onlar təsadüfən yaranıb? Birinci nə əmələ gəlib: toyuq, yoxsa yumurta?» Ateizm Çində üstünlük təşkil etdiyi üçün məktəbdə ateizm təhsili aldım.

Ailəniz barədə nə deyə bilərsiniz?

Valideynlərim ateist olub. Anam fermada işləyirdi, atam isə baş memar idi və öz tikinti şirkətini təsis etmişdi. Mən onların beş oğlundan ən böyüyüyəm. İki qardaşımı cavan yaşında itirdim. Onların ölümü mənə çox pis təsir etmişdi. Elə hey düşünürdüm: «İnsanlar niyə ölür? Qardaşlarımı nə vaxtsa görəcəyəm?»

Elmə necə maraq saldınız?

Təbiət mənə maraqlı gəlirdi, buna görə fizikanı öyrənmək istədim. Düşünürdüm ki, fizika mənə uşaqlıqdan içimdə qalan sualların cavabını tapmağa kömək edəcək.

Sizin tədqiqatlarınız hansı sahə ilə bağlıdır?

Mən yüklü zərrəciklərin surətini işıq surətinə yaxınlaşdırmağın yollarını tədqiq edirəm. Məqsəd atomların strukturunu öyrənməkdir. Mən həmçinin mikrodalğalarla infraqırmızı dalğalar arasındakı tezliyə bərabər tezlikli yüksək güclü şüalanmanı əmələ gətirməyin üsullarını araşdırıram. Apardığım tədqiqatlar kommersiya xarakterli olsa da, Kainatın necə yarandığının öyrənilməsinə də xidmət edir.

Müqəddəs Kitaba marağınız necə yarandı?

1998-ci ildə iki Yehovanın Şahidi qapımızı döydü. Onlar mənə suallarımın cavabını Müqəddəs Kitabdan göstərməyi təklif etdilər. Həyat yoldaşım Huabi də bizə qoşuldu. O da, mənim kimi, elmi tədqiqatlarla məşğul olan alimdir. Əvvəllər heç vaxt Müqəddəs Kitab görməmişdik, ancaq onun faydalı məsləhətləri bizi heyran etmişdi. Fikir verdik ki, bizə baş çəkən cütlük də bu məsləhətlərin xeyrini görüb. Onlar xoşbəxt idilər və sadə həyat sürməkdən zövq alırdılar. Ancaq Müqəddəs Kitabda Allah barədə deyilənlər yenidən məni Kainatın başlanğıcı barədə düşünməyə vadar etmişdi. Bir fizik kimi, işimin məğzi təbiəti başa düşməkdir. Ona görə bəzi faktların üzərində dərindən düşündüm.

Bir fizik kimi, işimin məğzi təbiəti başa düşməkdir. Ona görə bəzi faktların üzərində dərindən düşündüm

əm ki, xaricdən müdaxilə olmasa, heç bir qapalı sistem olduğundan daha mütəşəkkil ola və ya mütəşəkkil qala bilməz. Buna termodinamikanın ikinci qanunu deyilir. Kainat və Yer kürəsində həyat olduqca yüksək şəkildə təşkil olunub. Bundan belə nəticəyə gəldim ki, kənardan müdaxilə edilmədən, yəni Yaradan olmadan bu, mümkün ola bilməzdi. İkincisi, Kainat və Yer kürəsi elə qurulub ki, burada yaşamaq mümkün olsun.

Buna dair hansı sübutları gördünüz?

Yer üzündəki həyat günəşdən gələn enerjidən asılıdır. Bu enerji fəzanı şüa kimi yarıb keçərək Yer kürəsinə müxtəlif uzunluqda olan spektr qismində gəlib çatır. Onların ən qısası ölümcül qamma şüalarıdır. Sonra rentgen şüaları, ültrabənövşəyi şüalar, görünən işıq, infraqırmızı şüa, mikrodalğalar və ən uzun radiodalğalar gəlir. Maraqlısı odur ki, atmosfer zərərli şüaların böyük qisminin qarşısını alır, bizə lazım olan şüaların isə yer üzünə gəlib çatmasını təmin edir.

Nəyə görə bu fakt sizi heyrətləndirir?

Müqəddəs Kitabın əvvəlində yaradılış, eləcə də işıq barədə yazılanlar mənə maraqlı gəldi. Orada deyilir: «Qoy işıq olsun. İşıq oldu»1. Günəş şüalarının yalnız təxminən yarısı görünən işıqdır, işıq həyat üçün olduqca vacibdir. Onun sayəsində bitkilər bizim üçün qida yetirir. İşıq görməyimiz üçün də zəruridir. Atmosferin xüsusi işıq keçirmə qabiliyyəti təsadüf ola bilməz. Ültrabənövşəyi şüaların yer üzünə çox kiçik miqdarda gəlib çatması da adamı heyrətləndirir.

Bunun səbəbini açıqlaya bilərsiniz?

Ültrabənövşəyi şüaların müəyyən qismi çox zəruridir. O, dərimizin D vitamini hasil etməsində çox vacib rol oynayır. Bu vitamin sümüklərimizi sağlam saxlayır, o cümlədən xərçəng və digər xəstəliklərdən qoruyur. Lakin böyük miqdarda ültrabənövşəyi şüa dəri xərçənginə və katarakta xəstəliyinin əmələ gəlməsinə gətirib çıxara bilər. Atmosfer elə qurulub ki, ültrabənövşəyi şüanı çox az miqdarda buraxır və bu məhz bizə lazım olan miqdardır. Mənə görə, bu fakt Yer kürəsinin məqsədyönlü şəkildə həyat üçün yaradıldığının sübutudur.

Yavaş-yavaş yoldaşım Huabi və mən əmin olduq ki, hər şeyi yaradan və Müqəddəs Kitabın yazılmasını ilhamlandıran Allah var. 2005-ci ildə Yehovanın Şahidi olduq və indi biz başqalarına Allahın Kəlamını öyrənməyə kömək edirik.