Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | ƏSİL UĞUR NƏDİR?

Əsil uğura aparan yol

Əsil uğura aparan yol

Əsil uğurun nə olduğunu bizə Müqəddəs Kitab göstərir. Ancaq Müqəddəs Kitab sehrli nağılların aşıladığı «xəyalların bir göz qırpımında gerçəkləşər, təki sən istə» fikrini dəstəkləmir. İnsanlar böyüdükcə başa düşürlər ki, həyat nağıllardakı kimi deyil və çox vaxt məyus olurlar. Digər tərəfdən, biz düşünə bilərik ki, uğur təkcə barmaqla saya biləcəyimiz bəxtəvərlərə nəsib olur.

Əslində isə hər kəs əsil uğura nail ola bilər. Amma bunun üçün zəhmət çəkmək lazımdır. Gəlin Allahın Kəlamında yazılan nəsihətlərə nəzər salaq.

  • MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «Pul sevən puldan doymaz, var-dövlət sevən də qazancdan» (Vaiz 5:10).

    BU, NƏ DEMƏKDİR? Var-dövlətə köklənmiş həyat tərzi insana məmnunluq gətirmir. Əslində, bu, əks nəticə verir. Doktor Cin Tvenqi «“Mən” nəsli» kitabında yazır: «Gözəl insani münasibətlərə dəyər verənlərlə müqayisədə, aldıqları nəfəsi də var-dövlət üçün alan insanlar daha çox narahatçılıq keçirir və depressiyaya daha çox meyilli olurlar. Araşdırmalar hər dəfə sübut edir ki, xoşbəxtliyi pulla almaq olmur, çünki insan özünü təmin edəcək qədər pul qazanandan sonra qazandığı artıq pul xoşbəxtliyini elə də artırmır» («Generation Me»).

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Puldan və mal-mülkdən daha dəyərli olan məqsədlərə can atın. Allahın Kəlamında deyilir: «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15).

  • MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «Əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr» (Süleymanın məsəlləri 16:18).

    BU, NƏ DEMƏKDİR? Xudbin məqsədlərə can atmaqla və lovğalanmaqla əsil uğura nail olmaq mümkün deyil. Bir kitabda deyilir ki, uğurlu şirkət başçıları «təvazökar, adi insanlardan seçilməyən, özlərini başqalarından yuxarı tutmayan insanlardır. Analoji şirkətlərin üçdə ikisi başçılarının çox xudbin olması ucbatından iflasa uğramış və ya ortabab şirkətlər sırasına düşmüşlər» («Good to Great»). Hansı qənaətə gəlmək olar? İnsanın özü haqda həddindən çox düşünməsi uğura yox, uğursuzluğa aparır.

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Öz nüfuzunuzu yüksəltməkdənsə, təvazökar olmağı öyrənin. Allahın Kəlamında deyilir: «Özü bir şey olmaya-olmaya, özü haqqında yüksək fikirdə olan insan özünü aldadır». Heç belə insana uğurlu demək olar?! (Qalatiyalılara 6:3).

  • MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «İnsan üçün... gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24).

    BU, NƏ DEMƏKDİR? İşinə düzgün yanaşan insan ondan daha çox sevinc duyur. Doktor Madlen Levayn kitablarının birində yazıb: «Uğur qismən hansısa işin ustası olmaqdan asılıdır, hansısa işin ustası olmaq üçün isə, adətən, səy və əzmkarlıq tələb olunur» («Teach Your ChildrenWell»). Bunun üçün də gərək insan vaxtaşırı baş verən uğursuzluqların qarşısında diz çökməsin.

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Mütəxəssis səviyyəsinə gəlib çatmaq üçün səylə çalışın və qarşınıza əngəl çıxanda geri çəkilməyin. Uşaqlarınız varsa, onlara problemlərinin öhdəsindən özlərinin gəlməsinə imkan verin, ancaq yaş və qabiliyyətlərini də nəzərə alın. Dərhal müdaxilə edib hər şeyi yoluna qoymağa çalışmayın. Gənclər həyatın çətinlikləri qarşısında sınmamağı öyrənəndə məmnunluq duyurlar və gələcəkləri üçün təcrübə yığırlar.

  • MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «Diri it ölü şirdən yaxşıdır» (Vaiz 9:4).

    BU, NƏ DEMƏKDİR? İnsan yaşamaq üçün işləməlidir, işləmək üçün yaşamamalıdır. Həqiqətən də, əgər siz işinizdə zirvələri fəth edib, amma sağlamlığınızı və ailənizin hörmətini itirmisinizsə, heç buna uğur demək olar? Əsil uğura nail olmuş insanlar işin və ailənin yerini bilən, sağlamlıqlarının qeydinə qalan insanlardır.

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Canınızın qədrini bilin. Doyunca istirahət edin. Sağlamlığı, ailəni, dostları unudub saxta uğur üçün gecə-gündüz tər töküb işləmək mənasızdır.

  • MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «Ruhani ehtiyaclarını dərk edənlər nə xoşbəxtdirlər» (Matta 5:3, haşiyə).

    BU, NƏ DEMƏKDİR? Əsil uğura aparan yol Müqəddəs Kitabı araşdırıb oradakı məsləhətlərə əməl etməkdən keçir. Milyonlarla Yehovanın Şahidləri öz təcrübələrindən bilirlər ki, Allaha ibadəti hər şeydən üstün tutanda əvvəlki kimi pul dərdi çəkmirsən (Matta 6:31—33).

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Müqəddəs Kitabı oxuyub öyrənsəniz, əsil uğura gedən yolu tapacaqsınız. Əlavə məlumat üçün yerli Yehovanın Şahidləri ilə əlaqə saxlayın və ya rəsmi www.pr418.com/az-latn saytımıza daxil olun.