Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | HƏYAT NECƏ ƏMƏLƏ GƏLIB?

İki vacib sual

İki vacib sual

1 Həyat necə əmələ gəlməyə başlayıb?

BƏZİLƏRİNİN FİKRİNCƏ: həyat təsadüf nəticəsində cansız maddədən əmələ gəlib.

NƏYƏ GÖRƏ BU FİKİR ÇOXLARINI QANE ETMİR? İndiki zəmanədə alimlərin kimya sahəsində və həyatın molekulyar quruluşu barədə biliyi daha çoxdur. Amma onlar hələ də həyatın tərifini verə bilmirlər. Çünki cansız maddə ilə ən sadə canlı hüceyrə arasında yerlə göy qədər fərq var.

Alimlər milyardlarla il bundan əvvəl yer üzündəki şəraitin necə olduğunu yalnız ehtimal edə bilirlər. Onlar həyatın harada əmələ gəlməsi ilə bağlı müxtəlif fərziyyələr irəli sürürlər. Məsələn, bəziləri düşünür ki, həyat vulkanda və ya okeanda meydana gəlib. Digərləri isə hesab edir ki, həyatı əmələ gətirən ilk elementlər kosmosda formalaşıb meteoritlə daşınaraq yer üzünə çatıb. Amma bütün bunlar həyatın necə yox, harada yarandığı sualına cavab verir.

Alimlərin irəli sürdüyü tezisə görə, bu gün elmə məlum olan genetik materiala çevrilən hansısa molekullar əzəldən mövcud olub. Həmin molekullar təsadüf nəticəsində cansız maddədən yaranıb və özünübərpaetmə qabiliyyətinə malik olub. Amma belə bir molekulların nə vaxtsa mövcud olduğuna dair onların əlində heç bir sübut yoxdur. Üstəlik, alimlər laborator şəraitdə bir dənə də olsun, bu cür molekul yarada bilməyiblər.

Yalnız canlı orqanizmlər məlumatı saxlaya və onu sintez edə bilir. Hüceyrə genetik kodundakı göstərişləri daşıyır, oradakı məlumatı şərh edir və realizə edir. Bəzi alimlər genetik kodu kompüterin proqram təminatına, hüceyrənin kimyəvi tərkibini isə aparat təminatına bənzədirlər. Lakin təkamül genetik koddakı məlumatın haradan qaynaqlandığını izah edə bilmir.

Hüceyrənin fəaliyyəti üçün zülal molekullarının olması mütləqdir. Sadə zülal molekulunun tərkibində bir-birinə müəyyən ardıcıllıqla birləşən yüzlərlə amin turşuları var. Bundan əlavə, zülal molekulunun fəaliyyəti üçün o, üçölçülü forma şəklində bükülməlidir, əks halda, tamamilə yararsız vəziyyətə düşər. Bəzi alimlər zülal molekulundan hətta birinin belə, öz-özünə yaranma ehtimalının qətiyyən mümkün olmadığı qənaətinə gəlmişlər. Fizik Pol Davis yazır: «Nəzərə alsaq ki, bir hüceyrənin fəaliyyəti üçün son dərəcə müxtəlif olan minlərlə zülal tələb olunur, zülalların təsadüf nəticəsində əmələ gəlməsi ağlabatan deyil».

NƏTİCƏ. Elmin demək olar ki, bütün sahələrində uzun illər ərzində aparılan tədqiqatlar göstərir ki, «həyat yalnız həyatdan gəlir» faktı fakt olaraq qalır.

2 Canlı varlıqlar necə inkişaf edib?

BƏZİLƏRİNİN FİKRİNCƏ: ilk canlı orqanizm mutasiyalar və təbii seçmə nəticəsində tədricən müxtəlif canlı varlıqlara, habelə insanlara çevrilib.

NƏYƏ GÖRƏ BU FİKİR ÇOXLARINI QANE ETMİR? Bəzi hüceyrələr digərlərindən daha mürəkkəbdir. Bir elmi mənbəyə əsasən, sadə hüceyrənin mürəkkəb hüceyrəyə necə çevrilməsi həyatın necə əmələ gəlməsindən sonra təkamülün izah edə bilmədiyi ikinci ən böyük sirdir.

Alimlər hər hüceyrənin daxilində mürəkkəb molekulyar mexanizmlər aşkar edib. Bu mexanizmlər zülal molekullarından ibarətdir və onlar birgə çalışaraq kompleks işlər həyata keçirir: qida maddələrini daşıyıb enerjiyə çevirir, hüceyrə hissələrini bərpa edir və hüceyrə daxilində siqnallar ötürür. Bəs mutasiyalar və təbii seçmə nəticəsində bu cür mürəkkəb komponentlərin bir araya gəlib fəaliyyət göstərməsi mümkün ola bilərmi? Çoxları bunun mümkün olmadığını düşünür.

Heyvanlar da, insanlar da adi bir mayalanmış yumurtadan inkişaf edir. Rüşeymin içində hüceyrələr artır və müəyyən olunaraq fərqli quruluş və funksiyalar alıb bədənin hansısa hissəsini əmələ gətirir. Ortaya sual çıxır. Hüceyrə hansı funksiyanı yerinə yetirməli olduğunu və orqanizmdə hansı istiqamətdə hərəkət etməli olduğunu haradan bilir? Təkamül bu sualın qarşısında acizdir.

Alimlər qəbul edir ki, bir növ heyvanın başqa növ heyvana çevrilməsi üçün dəyişikliklər hüceyrənin tərkibində baş verməlidir, yəni molekulyar səviyyədə olmalıdır. Amma alimlərin «ən sadə» hüceyrənin necə təkamül etdiyini göstərə bilmədikləri halda, planetimizdə cürbəcür heyvanların təsadüfi mutasiyalar və təbii seçmə sayəsində yarandığını düşünmək nə dərəcədə məntiqə uyğundur?! Biologiya elmi üzrə professor Mikel Bihi deyir ki, heyvanların quruluşunu araşdırarkən alimlər düşünmədikləri dərəcədə, heyrətamiz kompleksin şahidi olublar. Amma onlar bunun şüursuz proseslər nəticəsində necə əmələ gəldiyini hələ də izah edə bilmirlər.

İnsanın şüuru və zehni olduğu üçün o düşünüb nəticə çıxara bilir. Ona səxavət və fədakarlıq kimi xüsusiyyətlər xasdır. Eləcə də onun yaxşını pisdən ayırmaq bacarığı var. Mutasiyalar və təbii seçmə isə insanda bu cür ülvi xüsusiyyətlərin haradan olduğunu açıqlamaq iqtidarında deyil.

NƏTİCƏ. Çoxları həyatın mənşəyini təkamül olduğunu israr etsələr də, digərləri həyatın necə əmələ gəlməsi və inkişaf etməsinə dair təkamülün gətirdiyi əsasları tutarlı saymır.