Kontentə keç

Mündəricatı göstər

Əziz adam xəstə düşərsə

Əziz adam xəstə düşərsə

«Atam xəstəxanadan çıxanda həkimdən xahiş etdik ki, qan analizinin cavabına yenidən, amma bizimlə birgə baxsın. O, narahatçılığa heç bir səbəb olmadığını desə də, sağ olsun, sözümüzü yerə salmadı. Amma görəndə ki, analizin iki nəticəsi normadan yüksəkdir, çox təəccübləndi. Həkim üzr istəyib mütəxəssisi çağırdı. İndi atam yaxşıdır. Nə yaxşı ki, analizləri bir də yoxlatdırdıq» (Meribel).

Müayinədən əvvəl xəstəliyin simptomlarının və dərmanların siyahısını tutun

Həkim müayinəsi və xəstəxanada qalmaq insanda gərginlik yaradır. Meribelin hadisəsindən görünür ki, dostun və ya qohumun böyük köməyi dəyir, hətta həyatı qurtara bilir. Bəs siz yaxınlarınıza necə kömək edə bilərsiniz?

Müayinədən əvvəl. Yaxınınıza xəstəliyinin simptomlarını, həmçinin qəbul etdiyi dərmanların və ya bioloji aktiv əlavələrin siyahısını tutmağa kömək edin. Bundan əlavə, həkimə vermək istədiyiniz sualları əvvəlcədən yazın. Dostunuza kömək edin ki, səhhəti ilə bağlı müəyyən məqamları və ya irsi xəstəliyi olub-olmadığını yadına salsın. Fikirləşməyin ki, həkim artıq bütün bunları bilir və ya onlar haqqında özü soruşacaq.

Diqqətcil olun, sualları hörmətlə verin və qeydlər aparın

Müayinə zamanı. Həkimin dediklərini xəstə ilə bərabər siz də başa düşməyə çalışın. Suallar verin, amma öz sözünüzü yeritməyin. Yaxşı olar ki, xəstə özü də suallar versin və öz yerinə danışsın. Diqqətli olun və qeydlər aparın. Müalicə üsulları barədə soruşun. Başqa həkimin də fikrini öyrənmək pis olmaz.

Həkimin göstərişlərini nəzərdən keçirin və resepti yoxlayın

Müayinədən sonra. Həkimin yazdıqlarına xəstə ilə birgə baxın. Yoxlayın görün düzgün dərmanlar alınıb, ya yox. Xəstəyə başa salın ki, dərmanları reseptə uyğun atsın. Əgər onlar əks təsir göstərərsə, dərhal həkimə xəbər verin. Yaxınınızı ürəkləndirin ki, müsbət əhval-ruhiyyəsini qorusun və əlavə müalicə lazım gələrsə, dəqiqliklə yerinə yetirsin. Ona xəstəliyi barədə ətraflı məlumat toplamağa kömək edin.

Xəstəxanada

Sənədlərin düzgün şəkildə doldurulduğuna diqqət yetirin

Sakit və gözüaçıq olun. Xəstəxanada yatmağa gələn xəstə özünü narahat və çarəsiz hiss edə bilər. Siz sakit və ayıq olsanız, həm başqalarına sakitləşməyə kömək edəcəksiniz, həm də səhvlərə yol verməyəcəksiniz. Baxın görün bütün sənədlər düzgün şəkildə doldurulub, ya yox. Xəstənin müalicə seçmək hüququ var və siz buna hörmətlə yanaşmalısınız. Əgər o qərar verə biləcək vəziyyətdə deyilsə, onun qabaqcadan yazdığı mövqeyinə, eləcə də yaxın qohumlarının və ya nümayəndəsinin fikrinə hörmət göstərin *.

Müşahidələrinizi tibb işçiləri ilə hörmətcil şəkildə bölüşün

Təşəbbüs göstərin. Danışmaqdan çəkinməyin. Sizin müvafiq geyiminiz və gözəl davranışınız tibb işçilərinin xəstə ilə daha çox maraqlanmasına və ona daha yaxşı baxmasına təsir edə bilər. Bir çox xəstəxanalarda xəstələr bir neçə həkim tərəfindən müayinə olunur. Bir həkimin dediyini digərinə çatdırmaqla onların işini asanlaşdıra bilərsiniz. Xəstədə hər hansı bir fiziki və ya emosional dəyişiklik görən kimi həkimlərə bildirin.

Əlinizdən gələni edin, amma maneçilik törətməyin

Hörmətcil davranın və minnətdar olun. Xəstəxana işçiləri, adətən, stress altında işləyirlər. Sizinlə necə rəftar etmələrini istəyirsinizsə, siz də onlarla elə rəftar edin (Mətta 7:12). Onların biliyinə və təcrübəsinə hörmət göstərin, qabiliyyətlərinə güvənin və zəhmətlərinə görə minnətdar olun. Bu cür münasibət onları əllərindən gələnin ən yaxşısını etməyə təşviq edir.

Heç kim xəstəliklərdən sığortalanmayıb. Lakin ehtiyatlı davranmağınız və praktiki köməyiniz sayəsində dostunuzun və ya qohumunuzun vəziyyəti xeyli yüngülləşə bilər (Məsəllər 17:17).

^ abz. 8 Xəstənin hüquqları barədə qanunlar ərazidən asılı olaraq dəyişir. Əmin olun ki, xəstənin sənədlərində onun müalicə seçimi aydın şəkildə yazılıb və oradakı məlumatlar son məlumatlardır.