Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 47

NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr

Əziz qardaşlar, ağsaqqal olmağa can atırsınız?

Əziz qardaşlar, ağsaqqal olmağa can atırsınız?

«Nəzarətçi olmağa can atan yaxşı şey arzulayır» (1 TİM. 3:1).

ƏSAS FİKİR

Bu məqalədə görəcəyik ki, ağsaqqal olmaq istəyən qardaş Müqəddəs Kitaba əsasən hansı tələblərə cavab verməlidir.

1, 2. Ağsaqqalların gördüyü işlərə nələr daxildir?

 ƏGƏR siz artıq bir müddətdir yığıncaq xidmətçisi kimi xidmət edirsinizsə, onda qarşınıza ağsaqqal olmağı məqsəd qoya bilərsiniz. Bəs ağsaqqal kimi bacı-qardaşlarınıza daha çox xidmət etmək istəyərsiniz? (1 Tim. 3:1).

2 Ağsaqqallar hansı işləri görürlər? Onlar təbliğ işində fəaldırlar, bacı-qardaşları ruhlandırırlar, təlim verirlər, yığıncağı sözdə və əməldə möhkəmləndirirlər. Buna görə də Müqəddəs Kitab çalışqan ağsaqqalları «insan timsalında hədiyyələr» adlandırır (Efes. 4:8).

3. Qardaşlar ağsaqqal olmaq üçün hansı tələblərə cavab verməlidir? (1 Timutiyə 3:1—7; Titusa 1:5—9).

3 Ağsaqqal kimi xidmət etmək üçün nə edə bilərsiniz? Ağsaqqal təyinatını almaq hansısa işə düzəlməyə bənzəmir. İş üçün tələb olunan müəyyən bacarıqlara sahibsinizsə, onda böyük ehtimal, sizi işə götürəcəklər. Amma ağsaqqal olmaq istəyirsinizsə, təkcə təbliğ etmək və təlim vermək bacarığının olması kifayət deyil. Siz 1 Timutiyə 3:1—7 Titusa 1:5—9 ayələrindəki tələblərə uyğun gəlməlisiniz. (Ayələri oxuyun.) Bu məqalədə ağsaqqal ola bilməyiniz üçün hansı üç vacib sahədə tələblərə cavab verməli olduğunuzu müzakirə edəcəyik: həm yığıncaqda, həm də yığıncaqdan kənarda yaxşı ada sahib olmaq, ailə başçısı kimi yaxşı nümunə qoymaq və bacı-qardaşlara xidmət etməkdən sevinc duymaq.

YAXŞI ADA SAHİB OLUN

4. «Qüsursuz olmaq» nə deməkdir?

4 Ağsaqqal olmaq üçün siz «qüsursuz» olmalısınız. Yəni yığıncaqda yaxşı ada sahib olmalısınız. Kiminsə sizi ittiham etməsi üçün əsaslı səbəbi olmamalıdır. Bundan əlavə, kənar adamlar da sizin haqqınızda yaxşı fikirdə olmalıdırlar. Yehovanın Şahidi olmayan kəslər sizin əqidənizi tənqid edə bilərlər. Amma sizin dürüstlüyünüzə və yaxşı insan olduğunuza şübhə etmək üçün tutarlı səbəbləri olmamalıdır (Dən. 6:4, 5). Özünüzdən soruşun: «Həm bacı-qardaşlar, həm də digər insanlar arasında yaxşı ada sahibəm?»

5. Yaxşılığı sevdiyinizi necə göstərə bilərsiniz?

5 Yaxşılığı sevirsinizsə, deməli, diqqətinizi başqalarının yaxşı xüsusiyyətlərinə cəmləyir və buna görə onları tərifləyirsiniz. Həmçinin xeyirxah işlər görmək və sizdən tələb olunandan da artığını etmək sizə sevinc gətirir (1 Salon. 2:8). Nəyə görə ağsaqqalın yaxşılığı sevməsi vacibdir? Çünki onlar öz dəyərli vaxtlarının çoxunu yığıncağın qayğısına qalmağa və tapşırıqlarını yerinə yetirməyə sərf edirlər (1 But. 5:1—3). Ağsaqqallar çox iş görürlər, amma başqalarına xidmət etmək onlara sevinc gətirir (Həv. 20:35).

6. «Qonaqpərvər olmaq» nə deməkdir? (İbranilərə 13:2, 16; həmçinin şəklə baxın.)

6 Təkcə dostlarınıza deyil, başqa insanlara da yaxşılıq etməklə siz «qonaqpərvər» olduğunuzu göstərirsiniz (1 But. 4:9). Bir mənbədə qonaqpərvər insan belə təsvir olunur: «Onun evinin və ürəyinin qapısı qəriblər üçün açıq olmalıdır». Özünüzdən soruşun: «Bacı-qardaşlar məni yığıncağa yeni gələnləri və qonaqları həmişə salamlayan biri kimi tanıyırlar?» (İbranilərə 13:2, 16 ayələrini oxuyun.) Qonaqpərvər insan hamıya qarşı əliaçıqdır. Məsələn, o, kasıblara, eləcə də rayon nəzarətçilərinə, qonaq gələn natiqlərə və Rəbbin işində çox çalışan digər qardaşlara yaxşılıq edir (Yar. 18:2—8; Məs. 3:27; Luka 14:13, 14; Həv. 16:15; Rom. 12:13).

Qonaqpərvər ailə rayon nəzarətçisini və onun həyat yoldaşını qarşılayır (6-cı abzasa baxın)


7. «Pulpərəst olmamaq» nə deməkdir?

7 Pulpərəst olmamalısınız. Bu o deməkdir ki, siz diqqətinizi maddi şeylərə cəmləməməlisiniz. Varlı və ya kasıb olmağınızdan asılı olmayaraq, siz Padşahlığın maraqlarını həyatınızın bütün sahələrində birinci yerə qoymalısınız (Mət. 6:33). Vaxtınızı, gücünüzü, maddi vəsaitlərinizi Yehovaya ibadət etməyə, ailənizin qayğısına qalmağa və yığıncağa xidmət etməyə sərf etməlisiniz (Mət. 6:24; 1 Yəh. 2:15—17). Özünüzdən soruşun: «Mən pula necə yanaşıram? Həyat üçün zəruri olan şeylərlə kifayətlənirəm? Yoxsa diqqətimi pul qazanmağa və daha çox var-dövlətə sahib olmağa yönəldirəm?» (1 Tim. 6:6, 17—19).

8. «Hər şeydə həddi bilən» və «özünə hakim olan» biri olduğunuzu hansı sahələrdə göstərə bilərsiniz?

8 Əgər siz hər şeydə həddi bilirsinizsəözünüzə hakim olursunuzsa , deməli, həyatın hər bir sahəsində tarazlığı qorumağı bacarırsınız. Həmçinin yemək, içmək, geyim, xarici görünüş, istirahət məsələlərində ifrata varmırsınız və bu dünyanın dəbinin qulu deyilsiniz (Luka 21:34; Yaq. 4:4). Kimsə sizi özünüzdən çıxarmağa çalışanda təmkininizi qoruyursunuz. Eyni zamanda siz sərxoşluq etməməlisiniz və ya həddən artıq çox içən biri kimi tanınmamalısınız. Özünüzdən soruşun: «Həyat tərzimdən hər şeydə həddi bilən və özünə hakim olan biri olduğum görünür?»

9. «Sağlam düşüncəli» və «nizam-intizamlı» olmaq nə deməkdir?

9 Əgər siz sağlam düşüncəlisinizsə, həyatın müxtəlif sahələrində Müqəddəs Kitab prinsiplərini rəhbər tutaraq nəticə çıxarırsınız. Siz Müqəddəs Kitab prinsipləri üzərində dərindən düşünür və bunun sayəsində anlayış və hikmətlə davranırsınız. Tez-tələsik nəticə çıxarmırsınız. Əksinə, bütün vacib faktları bildiyinizə əmin olmağa çalışırsınız (Məs. 18:13). Beləcə, siz Yehovanın düşüncəsini əks etdirən qərarlar qəbul edirsiniz. Əgər nizam-intizamlısınızsa, deməli, punktual insansınız və bütün işləriniz yerli-yerindədir. İnsanlar sizi etibarlı və bütün göstərişlərə əməl edən biri kimi tanıyırlar. Bu keyfiyyətlər sizə yaxşı ad qazanmağa kömək edəcək. İndi isə gəlin görək ağsaqqal olmaq istəyən ailə başçıları Müqəddəs Kitabda yazılmış hansı tələblərə cavab verməlidirlər.

AİLƏ BAŞÇISI KİMİ YAXŞI NÜMUNƏ QOYUN

10. Ailə başçısı öz ailəsini yaxşı idarə etdiyini necə göstərə bilər?

10 Əgər siz ailə başçısısınızsa və ağsaqqal olmaq istəyirsinizsə, ailəniz də nümunəvi olmalıdır. Siz ailənizi yaxşı idarə etməlisiniz. Sevən və məsuliyyətli ailə başçısı kimi tanınmalısınız. Bütün ruhani işlərdə məsuliyyəti öz üzərinizə götürməlisiniz. Bu nəyə görə vacibdir? Həvari Bulus demişdi: «Axı insan öz ailəsini idarə edə bilmirsə, Allahın yığıncağının qayğısına necə qalacaq?» (1 Tim. 3:5).

11, 12. Ağsaqqal olmaq istəyən qardaşın övladlarının davranışı onun təyinatına necə təsir edə bilər? (Həmçinin şəklə baxın.)

11 Əgər yetkinlik yaşına çatmamış övladlarınız varsa, onlar itaətkar və tərbiyəli olmalıdırlar. Siz övladlarınıza məhəbbətlə təlim verməlisiniz, onları öyrətməlisiniz. Əlbəttə, siz istəyirsiniz ki, onlar da digər uşaqlar kimi xoşbəxt olsunlar, deyib-gülsünlər, oynasınlar. Verdiyiniz yaxşı tərbiyə sayəsində isə onlar itaətkar və hörmətcil olacaqlar. Həmçinin çalışmalısınız ki, övladlarınızın Yehova ilə yaxşı münasibətləri olsun, Müqəddəs Kitab prinsiplərini sevsinlər və vəftizə doğru addımlar atsınlar.

12 «Uşaqları pozğun həyat sürməkdə və itaətsizlikdə ittiham olunmamalı»dır. Yetkinlik yaşına çatmayan uşaq ciddi günaha yol verərsə, bu, atanın təyinatına necə təsir edəcək? Əgər ata övladının təlim-tərbiyəsində səhlənkarlığa yol veribsə, çox güman ki, o, ağsaqqal kimi xidmət edə bilməz. («Gözətçi qülləsi»nin 1996-cı il 15 oktyabr sayında 21-ci səhifə 6 və 7-ci abzaslara (türk.) baxın.)

Ailə başçıları övladlarını Yehova və yığıncaq üçün müxtəlif işləri görməyi öyrədirlər (11-ci abzasa baxın)


YIĞINCAĞA XİDMƏT EDİN

13. «Dərrakəli» olduğunuzu və «inadkar» olmadığınızı necə göstərə bilərsiniz?

13 Gözəl məsihi xüsusiyyətləri təzahür etdirən qardaşlar yığıncaq üçün çox dəyərlidir. «Dərrakəli» insan sülhə can atır. Əgər hamının sizi dərrakəli biri kimi tanımasını istəyirsinizsə, yaxşı dinləyici olun və başqalarının fikirlərini, hisslərini başa düşməyə çalışın. Ağsaqqal olandan sonra Müqəddəs Kitab prinsipi və ya qanunu pozulmursa, ağsaqqallar şurasında çoxluğun verdiyi qərarı dəstəkləyəcəksiniz? «İnadkar olmamaq» o deməkdir ki, hər şeyin siz deyən kimi olmasına israr etmirsiniz. Siz başa düşürsünüz ki, başqalarının fikrini öyrənmək vacibdir (Yar. 13:8, 9; Məs. 15:22). Siz «davakar» və ya «tez özündən çıxan» insan deyilsiniz. Bu o deməkdir ki, siz insanlarla sərt davranmırsınız, mübahisə etmirsiniz, əksinə, onlara qarşı mülayim, nəzakətlisiniz. Əgər sülhpərvər insansınızsa, deməli, gərgin vəziyyətlərdə belə təşəbbüs göstərib sülhü qoruyursunuz (Yaq. 3:17, 18). Unutmursunuz ki, xoş sözlərinizlə odun üstünə su tökə və hətta imanımıza qarşı çıxanların belə ürəyini yumşalda bilərsiniz (Hak. 8:1—3; Məs. 20:3; 25:15; Mət. 5:23, 24).

14. «İmana təzə gələnlərdən olmamalıdır» və «sədaqətli» olmalıdır nə deməkdir?

14 Ağsaqqal olmaq istəyən qardaş «imana təzə gələnlərdən olmamalıdır». Uzun illərdir vəftiz olunmuş Yehovanın Şahidi olmağınız tələb olunmasa da, yetkin məsihi olmağınız üçün müəyyən vaxt tələb olunur. Ağsaqqal təyin olunmazdan əvvəl siz göstərməlisiniz ki, İsa Məsih kimi təvazökarsınız və Yehovanın bu təyinatı sizə nə vaxt verəcəyindən asılı olmayaraq, səbirlə gözləməyə hazırsınız (Mət. 20:23; Filip. 2:5—8). Siz Yehovanın qoyduğu normalara uyğun yaşamaqla və Onun təşkilatı vasitəsilə verdiyi göstərişlərə əməl etməklə «sədaqətli» olduğunuzu göstərirsiniz (1 Tim. 4:15).

15. Ağsaqqal mükəmməl natiq olmalıdır? İzah edin.

15 Müqəddəs Kitabda aydın yazılıb ki, nəzarətçilər «təlim verməkdə səriştəli» olmalıdırlar. Bu o deməkdir ki, siz mükəmməl natiq olmalısınız? Xeyr. Bir çox səriştəli ağsaqqallar ən yaxşı natiqlər olmasalar da, təbliğdə və bacı-qardaşları ziyarət edərkən Müqəddəs Kitab vasitəsilə yaxşı təlim verir və dindaşlarını ruhlandırırlar (1 Tim. 3:2; 1 Korinflilərə 12:28, 29 və Efeslilərə 4:11 ayələri ilə əlaqələndirin). Buna görə də siz yaxşı müəllim olmaq üçün daima üzərinizdə işləməlisiniz. Buna necə nail ola bilərsiniz?

16. Bir müəllim kimi daha səriştəli olmaq üçün nə edə bilərsiniz? (Həmçinin şəklə baxın.)

16 «Allahın etibara layiq sözünə» bağlı qalmalısınız. Daha yaxşı müəllim olmaq üçün əmin olun ki, təlim və məsləhət verəndə dedikləriniz Müqəddəs Kitaba əsaslanır. Müqəddəs Kitabı və nəşrlərimizi dərindən araşdırın (Məs. 15:28; 16:23). Mütaliə zamanı nəşrlərimizdə Müqəddəs Kitab ayələrinin necə izah olunduğuna fikir verin. Bu sizə ayələri düzgün tətbiq etməyə kömək edəcək. Təlim verəndə isə çalışın dinləyicilərin ürəyinə yol tapasınız. Təcrübəli ağsaqqallardan məsləhət alsanız, bu sizə bir müəllim kimi püxtələşməyə kömək edəcək (1 Tim. 5:17). Ağsaqqallar bacı-qardaşları ürəkləndirməlidirlər. Bununla belə, lazım gələndə tənbeh etməyi də bacarmalıdırlar. İstənilən halda ağsaqqallar həmişə mehriban davranmalıdırlar. Əgər siz mülayim, sevgi dolu olsanız və təlimlərinizi Allahın Kəlamına əsaslandırsanız, böyük müəllimimiz İsadan örnək götürdüyünüz üçün səriştəli olacaqsınız (Mət. 11:28—30; 2 Tim. 2:24).

Yığıncaq xidmətçisi təcrübəli ağsaqqaldan Müqəddəs Kitab vasitəsilə başqalarını ruhlandırmağı öyrənir. Həmin yığıncaq xidmətçisi güzgünün qabağında nitqini məşq edir (16-cı abzasa baxın)


MƏQSƏDİNİZƏ DOĞRU İRƏLİLƏYİN

17. a) Yığıncaq xidmətçilərinə məqsədlərinə doğru irəliləməyə nə kömək edə bilər? b) Ağsaqqallar qardaşların tələblərə cavab verib-vermədiyini müəyyən edəndə nələri nəzərə almalıdırlar? (« Tələbləri nəzərdən keçirərkən təvazökar olun» adlı çərçivəyə baxın.)

17 Ağsaqqallar üçün olan tələbləri nəzərdən keçirəndən sonra bəzi yığıncaq xidmətçiləri düşünə bilərlər ki, bu tələblərə heç vaxt cavab verməyəcəklər. Amma unutmayın ki, nə Yehova, nə də Onun təşkilatı sizdən bu keyfiyyətləri mükəmməl şəkildə təzahür etdirməyinizi gözləmir (Yaq. 3:2). Bundan əlavə, bu keyfiyyətləri özünüzdə inkişaf etdirməyə kömək edən Yehovanın müqəddəs ruhudur (Filip. 2:13). Hansısa konkret keyfiyyətləri özünüzdə inkişaf etdirmək istəyirsiniz? Bu barədə Yehovaya dua edin. Mövzu ilə bağlı araşdırma aparın, təcrübəli ağsaqqallardan məsləhət alın.

18. Bütün yığıncaq xidmətçiləri nəyə can atmalıdırlar?

18 Bütün qardaşlar, o cümlədən artıq ağsaqqal kimi xidmət edənlər də bu məqalədə müzakirə olunan keyfiyyətləri yetişdirməyə davam etməlidirlər (Filip. 3:16). Yığıncaq xidmətçisisiniz? Ağsaqqal olmağa can atın! Yehovadan diləyin ki, Ona və yığıncağa xidmətdə səriştəli olmağınız üçün sizə təlim versin (Əşy. 64:8). Qoy Yehova sizə ağsaqqal olmaq məqsədinizə çatmağa kömək etsin!

NƏĞMƏ 101 Birlik içində yaşayaq