Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 46

NƏĞMƏ 49 Yehovanın ürəyini sevindirək

Əziz qardaşlar, yığıncaq xidmətçisi olmağa can atırsınız?

Əziz qardaşlar, yığıncaq xidmətçisi olmağa can atırsınız?

«Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (HƏV. 20:35).

ƏSAS FİKİR

Bu məqalənin məqsədi vəftiz olunmuş qardaşları yığıncaq xidmətçisi olmağa təşviq etməkdir.

1. Həvari Bulus yığıncaq xidmətçilərinə necə yanaşırdı?

 YIĞINCAQ xidmətçiləri yığıncaqda çox vacib işləri görürlər. Həvari Bulus bu sadiq qardaşların gördüyü işləri çox qiymətləndirirdi. Məsələn, Filippi yığıncağına yazdığı məktubda o, ağsaqqallarla yanaşı yığıncaq xidmətçilərini də xüsusi salamlamışdı (Filip. 1:1).

2. Yığıncaq xidmətçisi olan Luis qardaş öz xidməti barədə nə deyir?

2 Gənc və ya yaşlı olmasından asılı olmayaraq, vəftiz olunmuş qardaşlar yığıncaq xidmətçisi kimi xidmət etməkdən sevinc duyurlar. Məsələn, Devan qardaş yığıncaq xidmətçisi təyin olunanda 18 yaşı var idi. Luis qardaş isə 50 yaşlarında idi. Luis qardaş deyir: «Yığıncaqdakı bacı-qardaşlarıma xidmət etməkdən böyük sevinc duyuram. Onlar həmişə mənə məhəbbətlə yanaşıblar. İndi mən də xidmətimlə onlara məhəbbətimi göstərə bilərəm». Onun bu sözləri bir çoxlarının hisslərini əks etdirir.

3. Bu məqalədə hansı sualları müzakirə edəcəyik?

3 Əgər siz də vəftiz olunmuş qardaşsınızsa, yığıncaq xidmətçisi olmağı qarşınıza məqsəd qoya bilərsiniz? Sizi buna nə təşviq etməlidir? Müqəddəs Kitabdakı hansı tələblərə cavab verməlisiniz? Məqalədə bu sualları müzakirə edəcəyik. Amma ilk öncə, gəlin görək yığıncaq xidmətçisinin məsuliyyətinə nələr daxildir.

YIĞINCAQ XİDMƏTÇİSİNİN MƏSULİYYƏTLƏRİNƏ NƏLƏR DAXİLDİR?

4. Yığıncaq xidmətçilərinin hansı məsuliyyətləri var? (Həmçinin şəklə baxın.)

4 Yığıncaq xidmətçiləri ağsaqqallara yığıncaqda görülən bir çox işlərdə kömək etmək üçün müqəddəs ruh vasitəsi ilə təyin olunmuş qardaşlardır. Bəzi yığıncaq xidmətçiləri təbliğçilər üçün kifayət qədər sahələrin və nəşrlərin olmasını təmin edirlər. Bəziləri ibadət evinin təmizliyinə və qulluq göstərilməsinə cavabdehdir, digərləri isə yığıncağa gələnlərə xidmət edirlər, audio-video avadanlıqları idarə edirlər və digər vacib işləri görürlər. Ən əsası isə odur ki, yığıncaq xidmətçiləri ruhən yetkin insanlardır. Onlar Yehovanı sevirlər və Onun salehlik normalarına uyğun yaşayırlar. Həmçinin onlar dindaşlarına dərin məhəbbət bəsləyirlər (Mət. 22:37—39). Vəftiz olunmuş qardaş yığıncaq xidmətçisi olmaq üçün nə edə bilər?

Yığıncaq xidmətçiləri İsadan örnək alaraq başqalarına xidmət edirlər (4-cü abzasa baxın)


5. Qardaş yığıncaq xidmətçisi olmaq üçün nə etməlidir?

5 Müqəddəs Kitabda yığıncaq xidmətçisi olmaq istəyənlər üçün tələblər yazılıb (1 Tim. 3:8—10, 12, 13). Əgər siz yığıncaq xidmətçisi olmaq istəyirsinizsə, Müqəddəs Kitabdakı bu tələbləri araşdırın və onlara uyğun gəlmək üçün əlinizdən gələni edin. Amma əvvəlcə siz özünüzdən soruşmalısınız: «Mən nə üçün yığıncaq xidmətçisi olmaq istəyirəm?»

NƏ ÜÇÜN YIĞINCAQ XİDMƏTÇİSİ OLMAQ İSTƏYİRSİNİZ?

6. Bacı-qardaşlarınıza xidmət etməyə sizi nə təşviq etməlidir? (Mətta 20:28; həmçinin şəklə baxın.)

6 Bizim üçün ən mükəmməl örnək olan İsa Məsihin gördüyü işlərin arxasında Atasına və insanlara bəslədiyi məhəbbət dururdu. Bu məhəbbət onu çoxlu işlər görməyə və başqalarına təvazökarlıqla xidmət etməyə təşviq edirdi. (Mətta 20:28 ayəsini oxuyun; Yəh. 13:5, 14, 15.) Əgər sizi də yığıncaq xidmətçisi olmağa təşviq edən məhəbbətdirsə, onda Yehova sizə bol nemətlər verəcək və bu məqsədinizə çatmaq üçün kömək edəcək (1 Kor. 16:14; 1 But. 5:5).

İsa nümunəsi ilə şagirdlərinə öyrədir ki, şöhrət axtarmaq əvəzinə, təvazökarlıqla başqalarına xidmət etsinlər (6-cı abzasa baxın)


7. Nəyə görə məsuliyyətlərə can atmağın arxasında xudbin niyyət durmamalıdır?

7 Bu dünyada insanlar diqqəti özlərinə cəmləyirlər və göz önündə olmağa çalışırlar ki, onlara pərəstiş etsinlər. Yehovanın təşkilatında isə belə deyil. İsanın məhəbbətini örnək götürən qardaş başqaları üzərində ağalıq etməyə can atmır və ya özün başqalarından üstün tutmur. Əgər bu cür əhvali-ruhiyyədə olan biri yığıncaq xidmətçisi təyin olunsaydı, Yehovanın xalqının qayğısına qalmaq üçün görülən bəzi işləri yerinə yetirməzdi. Çünki bu cür işləri görməyi özünə sığışdırmazdı (Yəh. 10:12). Yehova təkəbbürlü və xudbin insanların gördüyü işlərə xeyir-bərəkət vermir (1 Kor. 10:24, 33; 13:4, 5).

8. İsa həvarilərinə hansı məsləhəti vermişdi?

8 Bəzən İsanın dostları da məsuliyyətlərə düzgün niyyətdən irəli gəlməyərək can atırdılar. Nümunə üçün Yaqubla Yəhyanın hadisəsini yadımıza sala bilərik. Onlar İsaya demişdilər ki, Padşahlıqda onlar üçün xüsusi yer ayırsın. İsa onların düzgün düşüncədə olmadığını qeyd etdi. O, 12 həvarisinə belə dedi: «Aranızda böyük olmaq istəyən qulluğunuzda durmalıdır, birinci olmaq istəyən hamınıza nökərçilik etməlidir» (Mark 10:35—37, 43, 44). Düzgün niyyətdən irəli gələrək məsuliyyətlərə can atan qardaşlar yığıncaq üçün əsl hədiyyələrdir (1 Salon. 2:8).

DİNDAŞLARINIZA XİDMƏT ETMƏK İSTƏYİNİZİ NƏ ARTIRA BİLƏR?

9. Başqalarına xidmət etmək istəyinizi necə artıra bilərsiniz?

9 Sözsüz ki, siz Yehovanı sevirsiniz və dindaşlarınıza xidmət etmək istəyirsiniz. Amma, ola bilsin, yığıncaq xidmətçilərindən tələb olunan əlavə məsuliyyətləri üzərinizə götürmək istəmirsiniz. Məsuliyyətlərə can atmaq istəyinizi necə artıra bilərsiniz? Bacı-qardaşlara xidmət etməyin gətirdiyi sevinc barədə düşünün. İsa demişdi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35). O bu prinsipə əsasən yaşayırdı. İsa başqalarına xidmət etməkdən sevinc duyurdu. Eyni sevinci siz də yaşaya bilərsiniz.

10. İsa başqalarına xidmət etməyin ona sevinc gətirdiyini necə göstərdi? (Mark 6:31—34).

10 Gəlin İsanın başqalarına xidmət etməkdən sevinc duyduğunu göstərən bir hadisəyə baxaq. (Mark 6:31—34 ayələrini oxuyun.) Bir dəfə İsa və həvariləri çox yorulmuşdular. Onlar dincəlmək üçün sakit bir yerə yollandılar, amma camaat qaçıb İsagili qabaqladı. Onlar istəyirdilər ki, İsa onlara təlim versin. İsa camaata «yox» deyə bilərdi. Çünki o və həvariləri «hətta yemək yeməyə də» macal tapmamışdılar. Yaxud İsa bir-iki təlimi onlara izah edib yola sala bilərdi. Amma insanları sevdiyi üçün «İsa onlara çox şey öyrətməyə başladı». O, gün batanadək camaatı öyrətdi (Mark 6:35). İsa bunu borc hissindən irəli gələrək yox, camaata yazığı gəldiyi üçün etdi. O, insanları öyrətmək istəyirdi, çünki onları sevirdi. Başqalarına xidmət etmək İsaya böyük sevinc gətirirdi.

11. İsa ona qulaq asanlara hansı əməli köməyi göstərdi? (Həmçinin şəklə baxın.)

11 İsa camaata təlim verməklə kifayətlənmədi. O, həm də onların fiziki ehtiyaclarının qayğısına qaldı. İsa camaatı möcüzəvi şəkildə qida ilə təmin etdi və yeməyi paylamağı şagirdlərinə tapşırdı (Mark 6:41). Beləcə o, şagirdlərinə başqalarına xidmət etməyi öyrətdi. Həmçinin İsa göstərdi ki, bu cür praktiki işlər görmək çox vacibdir. Bu gün yığıncaq xidmətçiləri də buna bənzər işlər görürlər. Bir təsəvvür edin, İsanın möcüzəvi şəkildə təqdim etdiyi yeməyi paylayandan sonra camaatın yeyib doyduğunu görən həvarilər necə sevinmişdilər (Mark 6:42). Bu, İsanın başqalarının rifahını özünkündən üstün tutduğunu göstərən yeganə hadisə deyil. O bütün yer üzü həyatı boyu insanlara xidmət etmişdi (Mət. 4:23; 8:16). İnsanlara təlim vermək və onların ehtiyaclarının qayğısına qalmaq İsaya sevinc gətirirdi. Sizin də yığıncaq xidmətçisi olmaqda məqsədiniz başqalarına xidmət etmək olsa, bu sizə böyük sevinc gətirəcək.

Yehovaya və başqalarına məhəbbət sizi təşviq edəcək ki, bacı-qardaşlara xidmət etmək üçün əlinizdən gələni edəsiniz (11-ci abzasa baxın) a


12. Nəyə görə düşünməməliyik ki, yığıncağa xidmət etmək üçün lazımi qabiliyyətlərimiz yoxdur?

12 Əgər heç bir qabiliyyətinizin olmadığını düşünürsünüzsə, ruhdan düşməyin. Şübhəsiz, sizin yığıncağa fayda gətirəcək xüsusiyyətləriniz var. Dua edib Bulusun 1 Korinflilərə 12:12—30 ayələrində yazdığı sözlər üzərində düşünmək sizə fayda gətirə bilər. Bulusun sözləri aydın göstərir ki, Yehovanın hər bir xidmətçisi kimi sizin də yığıncaqda vacib və dəyərli yeriniz var. Əgər hal-hazırda yığıncaq xidmətçisi olmaq üçün tələblərə cavab vermirsinizsə, ruhdan düşməyin. Əksinə, Yehovaya və bacı-qardaşlara xidmət etmək üçün əlinizdən gələni edin. Əmin olun ki, ağsaqqallar sizə hər hansı bir tapşırıq verəndə qabiliyyətlərinizi nəzərə alacaqlar (Rom. 12:4—8).

13. Yığıncaq xidmətçiləri üçün tələblərə cavab vermək nəyə görə çətin deyil?

13 Gəlin yığıncaq xidmətçisi olmağa can atmağa sizə kömək edəcək daha bir səbəbə baxaq. Tələblərin əksəriyyətinə bütün məsihilər cavab verməlidir. Əslində, bütün məsihilər Yehovaya yaxınlaşmalı, verməyin gətirdiyi sevinci duymalı və öz həyat tərzləri ilə başqalarına nümunə qoymalıdırlar. Bəs qardaş başqalarına xidmət etmək üçün konkret nə edə bilər?

NƏLƏR EDƏ BİLƏRSİNİZ?

14. «Ciddi olmaq» nə deməkdir? (1 Timutiyə 3:8—10, 12).

14 Gəlin 1 Timutiyə 3:8—10, 12 ayələrində yazılan bəzi tələbləri nəzərdən keçirək. (Ayələri oxuyun.) Yığıncaq xidmətçisi ciddi olmalıdır. Bu ifadəni həmçinin «hörmətə layiq» və ya «ləyaqətli» kimi də tərcümə etmək olar. Bu o demək deyil ki, siz heç vaxt gülməməlisiniz və ya zarafat etməməlisiniz (Vaiz 3:1, 4) Siz məsuliyyətlərinizə ciddi yanaşmalısınız. Əgər etibarlı insan kimi tanınsanız, yığıncaqdakı bacı-qardaşların hörmətini qazanacaqsınız.

15. «İkiüzlü» və «haram qazanc hərisi olmamaq» nə deməkdir?

15 «İkiüzlü olmamaq» o deməkdir ki, səmimi, dürüst və etibara layiq olmalısınız. Siz sözünüzün üstündə durmalısınız və başqalarını aldatmamalısınız (Məs. 3:32). «Haram qazanc hərisi olmamaq» o deməkdir ki, siz iş və pul məsələlərində dürüst olmalısınız. Dindaşlarınızla yaxın münasibətlərinizdən hərisliklə pul qazanmaq üçün istifadə etməməlisiniz.

16. a) «Şərab düşkünü olmamaq» nə deməkdir? b) «Təmiz vicdanlı olmaq» nə deməkdir?

16 «Şərab düşkünü olmamaq» o deməkdir ki, siz spirtli içkilərdə həddi aşmamalı və həddən artıq çox içən biri kimi tanınmamalısınız. «Təmiz vicdanlı olmaq» o deməkdir ki, siz Yehovanın normalarına uyğun yaşamalısınız. Onda kamil olmasanız da, Yehova ilə yaxın münasibətləriniz sizə sülh bəxş edəcək.

17. Yararlı olub-olmadığı sınanan qardaş etibara layiq olduğunu necə göstərə bilər? (1 Timutiyə 3:10; həmçinin şəklə baxın.)

17 «Yararlı olub-olmadığı sınanmış» o deməkdir ki, siz işlərinizə qarşı məsuliyyətli və etibara layiq olduğunuzu sübut etməlisiniz. Buna görə də ağsaqqallar sizə tapşırıq verəndə onların dediklərinə və təşkilatdan gələn göstərişlərə dəqiqliklə əməl edin. Əmin olun ki, tapşırığınızın nədən ibarət olduğunu və onu nə vaxt bitirməli olduğunuzu dəqiq bilirsiniz. Əgər hər tapşırığınızın öhdəsindən layiqincə gəlsəniz, bacı-qardaşlar sizin inkişafınızı açıq-aydın görəcəklər. Əziz ağsaqqallar, vəftiz olunmuş qardaşlara təlim keçin. (1 Timutiyə 3:10 ayəsini oxuyun.) Yığıncağınızda 10—14 və ya daha kiçik yaşlarda olan vəftiz olunmuş qardaşlar var? Onlar şəxsi mütaliəyə və yığıncağa hazırlaşmağa vaxt ayırırlar? Yığıncaqlarda mütəmadi şərh verirlər? Təbliğdə iştirak edirlər? Onda onlara yaşlarına və vəziyyətlərinə uyğun tapşırıqlar verin. Beləcə, bu gənc qardaşların «yararlı olub-olmadığını» sınaya biləcəksiniz. Yaşları çatanda isə çox yəqin ki, onlar yığıncaq xidmətçisi olmağa hazır olacaqlar.

Ağsaqqallar vəftiz olunmuş qardaşlara tapşırıqlar verərək onların «yararlı olub-olmadığını» sınaya bilər (17-ci abzasa baxın)


18. «Qüsursuz olmaq» nə deməkdir?

18 «Qüsursuz olmaq» o deməkdir ki, sizə qarşı əsaslı ciddi ittiham irəli sürülməməlidir. Əlbəttə, bəzən məsihilər haqsız yerə ittiham olunurlar. İsa Məsihi də haqsız yerə ittiham etmişdilər və o demişdi ki, onun şagirdləri də belə vəziyyətlərlə üzləşəcəklər (Yəh. 15:20). Amma siz də İsa kimi düzgün davransanız, onda yığıncaqda yaxşı ad qazanacaqsınız (Mət. 11:19).

19. «Tək bir qadınla evli olmaq» nə deməkdir?

19 «Tək bir qadınla evli» olmalısınız. Əgər evlisinizsə, nikahınız Yehovanın əzəli niyyətinə uyğun olmalıdır. Yəni bir kişi bir qadınla evli olmalıdır (Mət. 19:3—9). Məsihi kişi heç vaxt cinsi əxlaqsızlığa yol verməməlidir (İbr. 13:4). Amma ondan başqa şey də tələb olunur. Siz həyat yoldaşınıza sadiq olmalısınız və başqa qadınlara yersiz diqqət göstərməməlisiniz (Əyy. 31:1).

20. Kişi ailəsini yaxşı idarə etdiyini necə göstərə bilər?

20 Uşaqlarınızı və ev əhlinizi yaxşı idarə etməlisiniz. Əgər siz ailə başçısısınızsa, məsuliyyətlərinizə ciddi yanaşın. Müntəzəm ailəvi ibadət keçirin. Ailə üzvlərinizin hər biri ilə xidmətə çıxın. Övladlarınıza Yehova ilə yaxın münasibət qurmağa kömək edin (Efes. 6:4). Ailəsini yaxşı idarə edən kişi göstərir ki, o, yığıncağın da qayğısına qala biləcək. (1 Timutiyə 3:5 ayəsi ilə əlaqələndirin.)

21. Yığıncaq xidmətçisi olmaq üçün nə edə bilərsiniz?

21 Əziz qardaşlar, əgər hələ də yığıncaq xidmətçisi deyilsinizsə, xahiş edirik, dua edin və bu məqaləni diqqətlə oxuyun. Yığıncaq xidmətçiləri üçün tələbləri araşdırın və onlara uyğun gəlmək üçün əlinizdən gələni edin. Yehovanı və bacı-qardaşları nə qədər çox sevdiyiniz barədə düşünün. Dindaşlarınıza xidmət etmək istəyinizi artırın (1 But. 4:8, 10). Ruhani ailənizə xidmət etməyin sevincini dadın. Qoy Yehova sizə yığıncaq xidmətçisi olmaq məqsədinizə çatmağa kömək etsin! (Filip. 2:13).

NƏĞMƏ 17 «İstəyirəm»

a ŞƏKLİN İZAHI. Solda, İsa təvazökarlıqla şagirdlərinə xidmət edir. Sağda, yığıncaq xidmətçisi ibadət evində yaşlı qardaşa kömək edir.