Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 44

NƏĞMƏ 33 Qayğı yükünü Yehovaya ver

Haqsızlığa tab gətirək

Haqsızlığa tab gətirək

«Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl» (ROM. 12:21).

ƏSAS FİKİR

Görək haqsızlığa necə yanaşmalıyıq və məsələnin daha da qəlizləşməməsi üçün nə etməliyik.

1, 2. Kimlər tərəfindən haqsızlıqla üzləşə bilərik? İzah edin.

 İSA MƏSİH dul qadın haqda bir məsəl danışmışdı. Bu qadın dəfələrlə hakimin yanına gedib onun üçün ədaləti bərqərar etməsini istəyirdi. İsanın şagirdləri üçün bu qadının vəziyyətini başa düşmək çətin deyildi. Çünki o dövrdə sadə xalq tez-tez haqsızlığın qurbanı olurdu (Luka 18:1—5). Bizim də haqsızlıqla üzləşdiyimiz anlar olur. Buna görə də bu qadının hissləri bizə də tanışdır.

2 Yaşadığımız dünyada qərəz, bərabərsizlik, zülmkarlıq adi hal alıb. Buna görə də kimsə bizimlə ədalətsiz davrananda təəccüblənmirik (Vaiz 5:8). Amma dindaşlarımız tərəfindən bu cür rəftar görəndə bu bizə çox pis təsir edir. Sözsüz, həqiqətə qarşı çıxan insanlardan fərqli olaraq, bacı-qardaşlar bizimlə bilərəkdən ədalətsiz davranmırlar. Onlar sadəcə qeyri-kamildirlər. Əleyhdarlarının haqsızlığına İsanın necə yanaşmasından çox şey öyrənə bilərik. Əgər bizə haqsızlıq edən əleyhdarlarımıza səbirlə davrana biliriksə, məgər dindaşlarımıza qarşı daha səbirli olmalı deyilik? Biz istər yığıncaqda, istərsə də yığıncaqdan kənarda haqsızlıqla üzləşəndə Yehova buna necə yanaşır? Başımıza gələnlərə nəzər yetirir?

3. Ədalətsizliklə üzləşməyimiz Yehovanı narahat edir? Nəyə görə belə demək olar?

3 İnsanların bizimlə rəftarı Yehova üçün vacib məsələdir. O, «ədaləti sevir» (Zəb. 37:28). İsa bizi əmin edir ki, Yehova «tez bir zamanda... ədaləti bərpa edəcək» (Luka 18:7, 8). Üstəlik, Allah tezliklə bütün əzablarımıza son qoyacaq və daha heç vaxt ədalətsizliklə üzləşməyəcəyik (Zəb. 72:1, 2).

4. Yehova bu gün bizə necə kömək edir?

4 Salehliyin hökm sürəcəyi günü gözlədiyimiz müddətdə Yehova bizə haqsızlığa tab gətirməyə kömək edir (2 But. 3:13). Məsələn, O bizə ədalətsizliyə məruz qalanda başımıza problem açmamaq üçün nə etməli olduğumuzu öyrədir. Oğlunun mükəmməl nümunəsi vasitəsilə pis rəftara tab gətirməyin yolunu göstərir. Həmçinin belə anlarda köməyimizə çatacaq faydalı məsləhətlər verir.

HAQSIZLIQLA ÜZLƏŞƏNDƏ DAVRANIŞINIZA DİQQƏT YETİRİN

5. Haqsızlıqla üzləşəndə davranışımıza nəyə görə diqqət yetirməliyik?

5 Haqsızlıqla üzləşəndə insan məyus olur, qəlb rahatlığını itirir (Vaiz 7:7). Yehovanın Əyyub və Həbquq kimi sadiq xidmətçiləri də bu cür hisslər yaşamışdılar (Əyy. 6:2, 3; Həb. 1:1—3). Belə hisslər keçirmək təbiidir. Amma haqsızlıqla üzləşəndə davranışımıza fikir verməliyik, hisslərə qapılıb ağılsızlıq etməməliyik.

6. Absalamın hərəkətindən hansı ibrəti götürürük? (Həmçinin şəklə baxın.)

6 Haqsızlıqla üzləşəndə bəzən yanlış olaraq məsələni özümüz həll etməyə çalışırıq. Amma belə edəndə qaş düzəldən yerdə göz çıxara bilərik. Davudun oğlu Absalamı yadımıza salaq. Onun atabir qardaşı Əmnun bacısı Tamarı zorlamışdı və Absalam buna bərk qəzəblənmişdi. Musanın qanununa əsasən Əmnun bu əməlinə görə ölümə layiq idi (Lav. 20:17). Düzdür, Absalamın qəzəblənməsi başa düşüləndir, amma məsələni özünün həll etməsinə ixtiyarı yox idi (2 İşm. 13:20—23, 28, 29).

Absalam bacısı Tamara edilən haqsızlığın qarşısında qəzəbini cilovlaya bilmədi (6-cı abzasa baxın)


7. Haqsızlıqla üzləşməsi məzmurçuya əvvəl-əvvəl necə təsir etmişdi?

7 Haqsızlıq törədənlərin cəzasız qaldığını görəndə bizdə belə bir fikir yarana bilər: «Düzgün davranmağımın nə xeyri var?» Bir məzmurçu müşahidə etmişdi ki, şər əməl sahibləri salehlərə zülm verir, özləri isə şad-xürrəm yaşayırlar. O demişdi: «Pis adamlar belədir, hər işləri avand olur» (Zəb. 73:12). Məzmurçu gördüyü haqsızlıqlara görə o qədər fikir çəkirdi ki, hətta Yehovaya ibadət etməyin bir xeyri olduğuna az qala inamını itirmişdi. O demişdi: «Bunu dərk etməyə çalışanda bərk narahat oldum» (Zəb. 73:14, 16). O hətta belə bir şeyi etiraf etmişdi: «Fəqət mənim ayaqlarım az qala sapmışdı, ayaqlarım az qalmışdı sürüşsün» (Zəb. 73:2). Buna bənzər bir şey Alberto a qardaşla da baş vermişdi.

8. Üzləşdiyi haqsızlıq bir qardaşa necə təsir etmişdi?

8 Bəzi qardaşlar yanlış olaraq Albertonu yığıncağın hesabından pul oğurlamaqda ittiham etmişdilər. Nəticədə, Alberto məsuliyyətlərini, üstəlik, yığıncaqda bu məsələ barədə eşidənlərin yanında hörmətini itirdi. O deyir: «Qəzəbli, acıqlı, hirsli idim». Keçirdiyi iztirab onun Yehova ilə münasibətlərini də zəiflətdi. O hətta beş il qeyri-fəal oldu. Bu hadisə göstərir ki, haqsızlıqla üzləşəndə qəzəbli qalmaq nələrə gətirib çıxara bilər.

HAQSIZLIQLA ÜZLƏŞƏNDƏ İSADAN NÜMUNƏ GÖTÜRÜN

9. İsa hansı haqsızlıqlarla üzləşmişdi? (Həmçinin şəklə baxın.)

9 Haqsızlığa dözməkdə İsa Məsih bizə kamil nümunə qoyub. Həm ailəsi, həm də kənardakılar onunla haqsız rəftar edirdi. İmanına şərik olmayan doğmaları İsanı dəli adlandırdı, din xadimləri onu cinlərlə əlbir olmaqda ittiham etdi, Roma əsgərləri onu ələ saldı, işgəncə verdi və axırda öldürdü (Mark 3:21, 22; 14: 55; 15:16—20, 35—37). Amma o bütün bu haqsızlıqlara dözdü, heç vaxt əvəz çıxmadı. Onun nümunəsini necə izləyə bilərik?

İsa haqsızlığa dözməklə bağlı mükəmməl nümunə qoyub (9 və 10-cu abzaslara baxın)


10. İsa Məsih haqsızlıqlara necə tab gətirirdi? (1 Butrus 2:21—23).

10 1 Butrus 2:21—23 ayələrini oxuyun b. İsanın qoyduğu kamil nümunə haqsızlıqla qarşılaşanda düzgün davranmağımıza kömək edə bilər. İsa susmağın da, danışmağın da vaxtını bilirdi (Mət. 26:62—64). Barəsində deyilən hər saxta ittihama cavab vermirdi (Mət. 11:19). Cavab vermək lazım gələndə isə onun əleyhinə çıxanları heç vaxt təhqir etmirdi və ya hədələmirdi. O, təmkinini qoruyurdu, çünki «özünü adil Hakimə tapşırırdı». İsa əmin idi ki, Yehova hər şeyi görür və məsləhət bildiyi vaxtda bütün haqsızlıqlara son qoyacaq.

11. Danışığımızı nəzarətdə saxlamağın hansı yolları var? (Həmçinin şəkillərə baxın.)

11 Kimsə bizimlə pis rəftar edəndə İsa Məsihdən nümunə götürərək nə dediyimizə fikir verməliyik. Bəzən məsələ elə xırda olur ki, ona sadəcə göz yummaq olar. Bəzən isə ən yaxşısı, susmaqdır, çünki danışsaq, vəziyyəti daha da ağırlaşdıra bilərik (Vaiz 3:7; Yaq. 1:19, 20). Elə də olur ki, kiminsə haqsızlıqla üzləşdiyini görəndə, yaxud imanımızı müdafiə etməli olanda danışmaq lazım gəlir (Həv. 6:1, 2). Bu zaman sözümüzü mümkün qədər sakit və hörmətcil tərzdə deməliyik (1 But. 3:15) c.

Ədalətsizliklə üzləşəndə nə vaxt və necə danışacağımızı götür-qoy etməklə İsanın nümunəsini izləmiş oluruq (11 və 12-ci abzaslara baxın)


12. Özümüzü «adil Hakimə» necə tapşıra bilərik?

12 Bundan əlavə, İsadan nümunə götürərək özümüzü «adil Hakimə» tapşırmalıyıq. Kimsə bizi nədəsə ittiham edəndə, yaxud bizimlə pis davrananda əminik ki, Allah hər şeyi görür və əvvəl-axır hər şeyi yoluna qoyacaq. Bu əminlik haqsız rəftara dözməyə kömək edir. Məsələni Yehovanın öhdəsinə buraxdığımız üçün ürəyimizdə kinə, qəzəbə də yer qalmır. Əks halda, məsələyə kəskin reaksiya verərik, sevincimizi itirərik və Yehova ilə münasibətlərimizə xələl gələr (Zəb. 37:8).

13. Haqsızlığa səbirlə tab gətirməyə bizə nə kömək edə bilər?

13 Nə qədər ki qeyri-kamilik, İsanın nümunəsini mükəmməl şəkildə izləməyimiz mümkün deyil. Hərdən sözdə və əməldə səhvlərə yol veririk, sonra da bunun peşmançılığını çəkirik (Yaq. 3:2). Bundan əlavə, bəzi haqsızlıqlar bizə emosional və ya fiziki cəhətdən elə yara vurur ki, bütün ömrümüz boyu bunun əziyyətini çəkməli oluruq. Əgər siz də bu cür vəziyyətlə üzləşmisinizsə, əmin olun ki, Yehova nələr yaşadığınızı görür. İsa da sizin hisslərinizi başa düşür, çünki haqsızlığa məruz qalmağın nə demək olduğunu yaxşı bilir (İbr. 4:15, 16). Yehova İsanın kamil nümunəsi ilə yanaşı, bizə haqsızlığa qatlaşmağa kömək edən faydalı məsləhətlər də verib. Gəlin «Romalılara» kitabından bizə köməyi dəyəcək iki ayəyə nəzər yetirək.

«ALLAHIN QƏZƏBİNƏ YER VERİN»

14. «Allahın qəzəbinə yer verin» deyiləndə nə nəzərdə tutulur? (Romalılara 12:19).

14 Romalılara 12:19 ayəsini oxuyun. Həvari Bulus məsihiləri «Allahın qəzəbinə yer ver»məyə səsləmişdi. Bunu necə edə bilərik? Yehovanın məsələni məsləhət bildiyi vaxtda və tərzdə həll etməsini gözləməklə. Haqsız rəftara məruz qalmış Con adlı bir qardaş deyir: «Məsələni öz bildiyim kimi həll etməmək üçün özümü güclə saxlayırdım. Romalılara 12:19 ayəsi Yehovanı səbirlə gözləməyimə kömək etdi».

15. Məsələni Yehovanın öhdəsinə buraxmaq nəyə görə ən yaxşı həll yoludur?

15 Məsələni Yehovanın həll etməsini gözləmək bizim xeyrimizədir. Belə etsək, problemi özümüz həll etməyə çalışarkən yaranan stres və məyusluqdan azad olacağıq. Yehova bizə kömək əli uzadır. O, bir növ bizə belə deyir: «Bu işi Mənim öhdəmə burax, Mən Özüm bununla məşğul olacağam». Əgər biz Yehovanın «əvəzini Özüm verəcəyəm» vədinə etibar ediriksə, onda məsələnin üstündən keçə biləcəyik. Çünki Yehovanın bu məsələni ən yaxşı tərzdə həll edəcəyinə əminik. Bayaq adı çəkilən Con qardaşa da məhz bu kömək etmişdi. O deyir: «Əgər Yehovanı gözləsəm, O, problemimi məndən qat-qat yaxşı həll edəcək».

«PİSLİYƏ YAXŞILIQLA QALİB GƏL»

16, 17. Dua «pisliyə yaxşılıqla» qalib gəlməyə necə kömək edir? (Romalılara 12:21).

16 Romalılara 12:21 ayəsini oxuyun. Bulus məsihiləri həm də pisliyə yaxşılıqla qalib gəlməyə səsləyirdi. İsa da Dağüstü vəzində demişdi: «Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin» (Mət. 5:44). O, məhz belə davranırdı. Yəqin, İsanın Roma əsgərləri tərəfindən dirəyə mıxlanarkən çəkdiyi əzab barədə düşünmüsünüz. Amma onun həmin vaxt nə qədər ağrı çəkdiyini, həmçinin necə alçaldıcı rəftara, haqsızlığa dözdüyünü heç birimiz axıra qədər dərk edə bilmərik.

17 İsa haqsızlığa yenilmədi. O, əsgərləri lənətləmədi, əksinə, onlar üçün dua edib dedi: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər» (Luka 23:34). Bizimlə pis davrananlar üçün dua edəndə bu, hirsimizi, qəzəbimizi soyuda və hətta onlara münasibətimizi dəyişə bilər.

18. Dua Albertoya və Cona üzləşdikləri haqsızlığa tab gətirməyə necə kömək etdi?

18 Məqalədə adı çəkilən iki qardaş duanın sayəsində haqsızlığa tab gətirə bildilər. Alberto deyir: «Mənə qarşı haqsızlıq edən qardaşlar üçün dua etdim. Dəfələrlə Yehovadan xahiş etdim ki, mənə edilən haqsızlığa görə qəzəbli qalmamağıma kömək etsin». Nə xoş ki, Alberto qardaş yenidən Yehovaya sədaqətlə xidmət edir. Con deyir: «Məni incidən qardaşa görə dəfələrlə dua etmişəm. Bunun sayəsində ona mühakimə etmədən obyektiv yanaşa bildim. Bu dualar mənə qəlb rahatlığı da tapmağa kömək etdi».

19. Bu dünyanın sonu gələnədək nə etməliyik? (1 Butrus 3:8, 9).

19 Hələ bilmirik, bu dünyanın sonu gələnə qədər hansı haqsızlıqlarla üzləşəcəyik. Başımıza nə gəlirsə gəlsin, gəlin dua edib Yehovadan kömək istəməyə heç vaxt son qoymayaq. Həmçinin pis rəftarla üzləşəndə İsa kimi davranaq və Müqəddəs Kitab prinsiplərinə əməl etməyə davam edək. Əgər belə etsək, Yehovadan nemətlər alacağımıza əmin ola bilərik. (1 Butrus 3:8, 9 ayələrini oxuyun.)

NƏĞMƏ 38 Allah səni güclü edəcək

a Bəzi adlar şərtidir.

b Butrusun birinci məktubunun 2 və 3-cü fəsillərində birinci əsrdə yaşayan bir sıra məsihilərin üzləşdiyi vəziyyətlər təsvir olunub. Onlar rəhmsiz ağaları, yaxud imanlarına şəriki olmayan ərləri tərəfindən haqsız rəftara məruz qalırdılar (1 But. 2:18—20; 3:1—6, 8, 9).

c jw.org saytından «Məhəbbət əsl sülh gətirir» adlı videoya baxın.