Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 45

NƏĞMƏ 138 Ağaran saçlar gözəllik tacıdır

Sadiq insanların son nəsihətinə əməl edin

Sadiq insanların son nəsihətinə əməl edin

«Məgər hikmət ahıllarda deyil? Dərrakə uzun ömürlə gəlmir?» (ƏYY. 12:12).

ƏSAS FİKİR

Yehovaya itaət etsək, həm indi nemətlər alacağıq, həm də gələcəkdə əbədi yaşayacağıq.

1. Nəyə görə yaşlı insanlardan çox şey öyrənə bilərik?

 HƏYATDA vacib qərarlar vermək üçün hər birimizin nəsihətə ehtiyacı var və bu nəsihətlərin çoxunu ağsaqqallardan, yetkin məsihilərdən ala bilərik. Əgər onlar bizdən yaşca çox böyükdürlərsə, onların köhnə fikirli olduqlarını düşünüb verdikləri məsləhəti qulaqardına vurmamalıyıq. Yehova istəyir ki, biz böyüklərdən nələrsə öyrənək. Onlar yaşca bizdən böyük olduqlarına görə həyatda təcrübə, dərrakə, hikmət qazanmaq üçün daha çox imkanları olub (Əyy. 12:12).

2. Bu məqalədə nəyi araşdıracağıq?

2 Müqəddəs Kitabın yazıldığı dövrdə Yehova yaşa dolmuş mömin insanlar vasitəsilə xalqını ruhlandırırdı və onlara yol göstərirdi. Bu mömin insanların sırasında Musa peyğəmbər, Davud padşah və həvari Yəhya da var idi. Onlar fərqli dövrlərdə, fərqli mühitlərdə yaşamışdılar. Həyatlarının sonlarına yaxın bu mömin kişilər gənclərə müdrik məsləhətlər vermişdi. Onların hamısı Allaha itaət etməyin dəyərini vurğulamışdı. Yehova bu müdrik məsləhətləri bizim üçün qoruyub saxlayıb. Gənc və ya yaşlı olmağımızdan asılı olmayaraq bu məsləhətlərə nəzər yetirmək hər birimizə fayda gətirə bilər (Rom. 15:4; 2 Tim. 3:16). Gəlin bu üç mömin kişinin son nəsihətlərini nəzərdən keçirək və görək onların sözlərindən nə öyrənə bilərik.

«UZUN ZAMAN YAŞAMAĞINIZ MƏHZ ONDAN ASILIDIR»

3. Musa peyğəmbər Yehovanın yolunda hansı işləri görmüşdü?

3 Musa peyğəmbər bütün ömrünü Yehovaya xidmətə həsr etmişdi. O, peyğəmbər, hakim, başçı və tarixçi olmuşdu. Musa peyğəmbər həyatda zəngin təcrübə qazanmışdı. O, israilliləri Misir əsarətindən çıxarmışdı. Yehovanın bir çox möcüzəsinə şəxsən şahid olmuşdu. Yehova Musaya Müqəddəs Kitabın ilk 5 bölməsini, 90-cı məzmuru və ehtimal ki, 91-ci məzmuru yazdırmışdı. Görünür, «Əyyub» kitabını da Musa peyğəmbər yazmışdı.

4. Musa peyğəmbər kimləri ruhlandırmışdı və nəyə görə?

4 Musa peyğəmbər ölümündən əvvəl, 120 yaşında olanda bütün İsrail xalqını toplayıb, onlara öz gözləri ilə gördüyü şeyləri xatırladır. Peyğəmbəri dinləyənlərdən bəziləri gənc yaşlarında Yehovanın göstərdiyi bir çox əlamətin, möcüzənin, o cümlədən Misirə qarşı çıxardığı hökmlərin şahidi olmuşdu (Çıx. 7:3, 4). İsraillilər iki yerə ayrılmış Qırmızı dənizin arası ilə keçmişdilər və fironun ordusunun məhvini gözləri ilə görmüşdülər (Çıx. 14:29—31). Səhrada olarkən Yehovanın qayğısını, müdafiəsini duymuşdular (Qan. 8:3, 4). İndi isə bu xalq Vəd edilmiş diyara daxil olmaq üzrə idi. Musa peyğəmbər ölümündən əvvəl son imkandan istifadə edib onları ruhlandırdı a.

5. Qanunun təkrarı 30:19, 20 ayələrində Musa peyğəmbərin xalqa son sözü nə olmuşdu?

5 Musa peyğəmbər nə demişdi? (Qanunun təkrarı 30:19, 20 ayələrini oxuyun.) İsrail xalqını gözəl gələcək gözləyirdi. Onlar Yehovanın vəd etdiyi diyarda uzun ömür sürə bilərdilər. O əraziyə söz ola bilməzdi! Ora çox gözəl, barlı-bəhərli diyar idi. Musa həmin diyarı təsvir edərək demişdi: «Yehova... özünüzün inşa etmədiyiniz böyük, gözəl şəhərləri, zəhmətini çəkmədiyiniz hər cür naz-nemətlə dolu evləri, qazmadığınız hovuzları, salmadığınız üzümlükləri, zeytunluqları» sizə bəxş edəcək (Qan. 6:10, 11).

6. Nəyə görə Allah digər xalqların İsraili işğal etməsinə izin verdi?

6 Həmçinin Musa israillilərə xəbərdarlıq da vermişdi. Demişdi ki, bu gözəl diyarda həmişə yaşamaq istəyirlərsə, onda Allahın qanunlarına itaət etməlidirlər. Onları həyatı seçməyə təşviq etmişdi. Bunu Yehovaya qulaq asmaqla, Ona bağlı qalmaqla edə bilərdilər. Amma israillilər Yehovanın itaətindən çıxdılar. Nəticədə, Yehova aşşurlulara, sonralar isə babillilərə onları işğal edib əsir aparmağa izin verdi (2 Pad. 17:6—8, 13, 14; 2 Saln. 36:15—17, 20).

7. Musa peyğəmbərin nəsihətindən nə öyrənirik? (Həmçinin şəklə baxın.)

7 Nə öyrənirik? İtaətkarlıq həyat qazandırır. Vəd edilmiş diyarın astanasında olan israillilər kimi biz də Yehovanın vəd etdiyi yeni dünyanın astanasındayıq. Çox tezliklə bütün dünya cənnətə çevriləcək (Əşy. 35:1; Luka 23:43). Orada nə İblis, nə də onun cinləri olacaq (Vəhy 20:2, 3). İnsanları Yehovadan uzaqlaşdıran yalan dinlər də olmayacaq (Vəhy 17:16). Tabeliyində olan insanlara zülm verən insan hökumətlərinin izi-tozu qalmayacaq (Vəhy 19:19, 20). Yehova Cənnətdə heç bir insanın üsyan etməsinə izin verməyəcək (Zəb. 37:10, 11). Dünyanın hər guşəsində yaşayan insanlar Yehovanın adil qanunlarına itaət edəcək. Buna görə də hər yerdə sülh və birlik olacaq. Hər kəs bir-birini sevəcək, bir-birinə etibar edəcək (Əşy. 11:9). O günün yetişməsini böyük həsrətlə gözləyirik. Yehovanın itaətində qalsaq, biz cənnətdə nəinki yüzilliklər, əbədiyyən yaşayacağıq (Zəb. 37:29; Yəh. 3:16).

Yehovaya itaət etsək, yerüzü cənnətdə nəinki yüzilliklər, əbədiyyən yaşayacağıq (7-ci abzasa baxın)


8. Əbədi həyat vədi xüsusi təyinatlı müjdəçi olan bir qardaşa necə kömək etmişdi? (Yəhuda 20, 21).

8 Əgər Yehovanın əbədi həyatla bağlı vədini ağlımızda möhkəm saxlasaq, hansı sınaqla üzləşiriksə üzləşək, Yehovaya bağlı qala biləcəyik. (Yəhuda 20, 21 ayələrini oxuyun.) Həmçinin bu vəd bizə zəifliklərimizlə mübarizə aparmağa güc verə bilər. Afrikada uzun müddət xüsusi təyinatlı müjdəçi kimi xidmət edən bir qardaşın cismani zəifliyi var idi. O deyir: «Əbədi yaşamaq imkanımın təhlükə altında olduğunu başa düşəndə öz zəifliyimlə mübarizə aparmağa daha əzmli oldum və Yehovaya bu barədə hərarətlə dua elədim. Bundan sonra Ona təmiz vicdanla qulluq edə bildim».

«UĞUR QAZANARSAN»

9. Davudun həyatda hansı çətinlikləri olmuşdu?

9 Davud böyük padşah idi. O həm də musiqiçi, şair, döyüşçü və peyğəmbər idi. Onun çoxlu çətinlikləri olmuşdu. Davud ona paxıllıq edən Talut padşahın ucbatından bir neçə il qaçaq həyatı yaşamışdı. Padşah olandan sonra isə oğlu Absalam hakimiyyəti ələ keçirmək istədiyi üçün o, yenə qaçmalı olmuşdu. Çətinliklərinə və zəifliklərinə baxmayaraq, Davud həyatının sonuna qədər Yehovaya sadiq qalmışdı. Yehova onun haqqında belə demişdi: «O, Mənim ürəyimcədir». Buna görə Davudun nəsihətinə qulaq asmağa dəyər! (Həv. 13:22; 1 Pad. 15:5).

10. Davud nəyə görə oğlu və varisi Süleymana nəsihət vermişdi?

10 Məsələn, gəlin Davudun oğlu və xələfi Süleymana verdiyi məsləhətə nəzər salaq. Yehova seçdiyi bu gənc oğlana tapşırmışdı ki, xalqın ibadət edə bilməsi üçün məbəd tiksin (1 Saln. 22:5). Süleymanı qarşıda çətinliklər gözləyirdi. Bəs Davud ona hansı öyüd-nəsihəti verdi? Gəlin baxaq.

11. 1 Padşahlar 2:2, 3 ayələrinə əsasən Davud Süleymana hansı nəsihəti verdi və bunun düzgün nəsihət olduğunu nə göstərdi? (Həmçinin şəklə baxın.)

11 Davud padşah nə demişdi? (1 Padşahlar 2:2, 3 ayələrini oxuyun.) O, oğluna söyləmişdi ki, əgər Yehovaya itaət etsə, işləri avand olacaq. Belə də oldu, Süleyman uzun illər həyatda böyük uğurlar qazandı (1 Saln. 29:23—25). O, əzəmətli məbəd tikdi. Həmçinin Süleyman Müqəddəs Kitabın bəzi bölmələrini yazıb, bəzilərinə isə onun sözləri daxil edilib. Onun hikməti və var-dövləti dillər əzbəri oldu (1 Pad. 4:34). Ancaq Davudun dediyi kimi, Süleyman yalnız Yehovaya itaət etdiyi təqdirdə uğur qazanacaqdı. Təəssüflər olsun ki, qoca vaxtlarında Süleyman başqa allahlara ibadət etməyə başladı. O, Yehovanın rəğbətini itirdi. Süleyman ölkəni salehliklə, ədalətlə idarə edə bilmək üçün Yehovanın verdiyi hikmətdən məhrum oldu (1 Pad. 11:9, 10; 12:4).

Davud padşahın Süleymana verdiyi son nəsihətdən öyrənirik ki, Yehovaya itaət etsək, O, düzgün qərarlar qəbul etməyimiz üçün bizə hikmət verəcək (11 və 12-ci abzaslara baxın) b


12. Davud padşahın nəsihətindən nə öyrənirik?

12 Nə öyrənirik? İtaətkarlıq uğur qazandırır (Zəb. 1:1—3). Düzdür, Yehova Süleymana verdiyi var-dövləti, şan-şöhrəti bizə də verəcəyinə söz verməyib. Lakin Allaha itaət etsək, O, düzgün qərarlar qəbul etməyimiz üçün bizə hikmət verəcək (Məs. 2:6, 7; Yaq. 1:5). Yehovanın verdiyi prinsiplər bizə iş, təhsil, əyləncə və pul məsələsində bələdçilik edə bilər. Ondan gələn öyüd-nəsihətə qulaq assaq, bir çox bəladan hifz olunacağıq (Məs. 2:10, 11). Həmçinin möhkəm dostluqlar quracağıq və ailəmiz xoşbəxt olacaq.

13. Karmen uğura aparan yolu necə tapdı?

13 Mozambikdə yaşayan Karmen bacı ali təhsili uğurun açarı hesab edirdi. O, universitetə daxil olub memarlıq üzrə təhsil alır. Bacı bölüşür: «Orada öyrəndiklərim xoşuma gəlirdi. Amma bu bütün vaxtımı və gücümü alırdı. Saat 07:30-dan 18:00-a qədər dərsdə olurdum. Yığıncaqlara getmək çətin olurdu və ruhani cəhətdən get-gedə zəifləyirdim. Ürəyimin dərinliyində başa düşürdüm ki, iki ağaya qulluq edirəm» (Mət. 6:24). Karmen öz vəziyyəti ilə bağlı dua etdi, nəşrlərimizdən axtarış apardı. Bacı sözünə davam edir: «Həm yetkin qardaşların, həm də anamın verdiyi məsləhətlər sayəsində qərara gəldim ki, universitetdən çıxıb Yehovaya tamvaxtlı xidmət edim. Bu mənə həyatda ən düzgün qərarlar verməyə kömək etdi və mən peşman deyiləm».

14. Musanın və Davudun verdiyi nəsihətin məğzi nə idi?

14 Həm Musa peyğəmbər, həm də Davud padşah Yehovanı sevirdi və Ona itaət etməyin vacibliyini başa düşürdü. Həyatlarının sonuna yaxın hər ikisi insanları təşviq etmişdi ki, onlardan nümunə götürüb Yehovaya sadiq qalsınlar. Bu mömin insanların ikisi də vacib xəbərdarlıq vermişdi: Allahdan uzaqlaşan insan həm Onun razılığını, həm də Ondan gələn nemətləri itirəcək. Musa peyğəmbərlə Davud padşahın məsləhəti bu gün bizim üçün də dəyərlidir. Əsrlər sonra Yehovanın digər bir xidmətçisi də Allaha sadiq qalmağın vacibliyini vurğulamışdı.

BUNDAN «BÖYÜK XOŞBƏXTLİK OLA BİLMƏZ»

15. Həvari Yəhya nələrin şahidi olmuşdu?

15 Yəhya İsa Məsihin sevimli həvarisi idi (Mət. 10:2; Yəh. 19:26). O, İsanın xidməti boyu onunla əməkdaşlıq etmişdi, göstərdiyi möcüzələri gözləri ilə görmüşdü və çətin anlarda İsaya sadiq qalmışdı. Yəhya İsanın edamına və dirilməsinə də şahid olmuşdu. Ona birinci əsrdə məsihi yığıncağının böyüdüyünü, həmçinin müjdənin «səma altında yaşayanların hamısına» təbliğ edildiyini görmək nəsib olmuşdu (Kol. 1:23).

16. Yəhyanın məktublarından kimlər faydalanıb?

16 Uzun ömür sürmüş Yəhya həyatının sonlarına yaxın Allahın Kəlamının müəyyən bölmələrini yazmışdı. Məsələn, o, «İsa Məsihdən gələn» möhtəşəm «vəhyi» qələmə almışdı (Vəhy 1:1). Həmçinin Allahın ilhamı ilə öz adını daşıyan Müjdə və üç məktub yazmışdı. O, üçüncü məktubunu ruhani övladı kimi gördüyü Qay adlı sadiq məsihiyə ünvanlamışdı (3 Yəh. 1). Həmin vaxtlarda Yəhyanın ruhani övladı kimi yanaşdığı çoxlu başqa məsihilər də var idi. Bu sadiq, yaşlı insanın yazdıqları İsanın bütün davamçılarını ta bu günədək ruhlandırır.

17. 3 Yəhya 4 ayəsinə əsasən insana nə böyük xoşbəxtlik gətirir?

17 Həvari Yəhya nə demişdi? (3 Yəhya 4 ayəsini oxuyun.) Yəhya bacı-qardaşların itaətkarlığının ona xoşbəxtlik gətirdiyini yazmışdı. O, üçüncü məktubunu yazan vaxt yığıncaqda bəziləri yalan təlimlər yayır və parçalanma yaradırdılar. Bununla belə, «həqiqət yolunda» yeriməkdən vaz keçməyənlər də var idi. Onlar Yehovaya itaət edir və «Onun əmrlərinə uyğun» yaşayırdılar (2 Yəh. 4, 6). Bu sadiq məsihilər həm Yəhyanın, həm də Yehovanın ürəyini sevindirirdi (Məs. 27:11).

18. Yəhyanın sözlərindən nə öyrənirik?

18 Nə öyrənirik? Sadiqlik xoşbəxtlik gətirir (1 Yəh. 5:3). Məsələn, Yehovanın qəlbini sevindirdiyimizi bilmək bizə sevinc gətirir. Yehova görəndə ki, biz tamaha üstün gəlib Onun əmrlərinə bağlı qalırıq, çox sevinir (Məs. 23:15). Göydəki mələklər də buna sevinir (Luka 15:10). Biz özümüz də dindaşlarımızın sınaqlara rəğmən sadiq qaldığını, nəfsə üstün gəldiklərini görəndə sevinirik (2 Salon. 1:4). Şeytan dünyası məhv olanda da Yehovaya sadiq qaldığımıza görə böyük xoşbəxtlik duyacağıq.

19. Reyçel bacı başqalarına həqiqəti öyrətmək barədə nə demişdi? (Həmçinin şəklə baxın.)

19 Həqiqəti başqaları ilə bölüşəndə xüsusilə sevinc duyuruq. Dominikan Respublikasında yaşayan Reyçel bacı deyir ki, ibadət etdiyimiz gözəl Allah barədə insanlara öyrətmək sözlə ifadə olunmayacaq qədər böyük şərəfdir. Bacı öz ruhani övladları barədə belə deyir: «Şagirdlərimin Yehovaya məhəbbətlərinin günü-gündən artdığını, Ona etibar etməyə başladıqlarını və Yehovanı razı salmaq üçün həyatlarında dəyişiklik etdiklərini görəndə sevincim yerə-göyə sığmır. Duyduğum sevincin yanında onları öyrətmək üçün çəkdiyim zəhmət və verdiyim qurbanlar nədir ki?!»

Başqalarına bizim kimi Yehovanı sevməyi və Ona itaət etməyi öyrədəndə sevinc duyuruq (19-cu abzasa baxın)


SADİQ İNSANLARIN SON SÖZLƏRİNDƏN NƏTİCƏ ÇIXARIN

20. Musa peyğəmbər, Davud padşah və həvari Yəhya ilə hansı ortaq cəhətlərimiz var?

20 Musa peyğəmbərin, Davud padşahın və həvari Yəhyanın yaşadığı dövr bizim dövrümüzdən tamamilə fərqlənir. Amma onlarla ortaq cəhətlərimiz çoxdur. Onlar var olan Allaha ibadət edirdi, biz də edirik. Onlar kimi biz də Yehovaya dua edirik, Ona güvənirik və yol göstərməsi üçün Ona üz tuturuq. Bu mömin insanlar kimi biz də əminik ki, Yehova Ona itaət edənlərə bol-bol nemətlər bəxş edir.

21. Musanın, Davudun və Yəhyanın ahıl yaşda verdikləri məsləhətlərə əməl etsək, hansı nemətləri alacağıq?

21 Gəlin bu mömin yaşlı kişilərin son sözlərinə qulaq asıb Yehovanın əmrlərinə itaət edək. Onda hər işimizdə uğur qazanacağıq. Həmçinin «uzun zaman», yəni əbədiyyən yaşayacağıq (Qan. 30:20). Eləcə də bizi sevən səmavi Atamızı razı saldığımız üçün xoşbəxtlik duyacağıq. Allahımız başımızdan gözlədiyimizdən, hətta təsəvvür etdiyimizdən də artıq nemətlər tökəcək (Efes. 3:20).

NƏĞMƏ 129 Dözüm göstərəcəyik

a Qırmızı dənizdə Yehovanın möcüzələrini görmüş israillilərin böyük əksəriyyəti Vəd edilmiş diyarı görmədən öldü (Say. 14:22, 23). Yehova 20 və bundan yuxarı yaşda olub siyahıya alınanların səhrada öləcəyini demişdi (Say. 14:29). Yuşə, Kalib, gənc nəslin və Lavi qəbiləsinin əksəriyyəti isə sağ qaldı. Onlar İordan çayını keçib Vəd edilmiş diyara daxil oldular (Qan. 1:24—40).

b ŞƏKLİN İZAHI. Solda. Davud padşah oğlu Süleymana son nəsihətini verir. Sağda. Bacı-qardaşlar Öncül Məktəbində ən yaxşı təhsili alırlar.