Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Yehova həm müharibə, həm də sülh dövründə bizə güc verdi

Yehova həm müharibə, həm də sülh dövründə bizə güc verdi

Paul: 1985-ci ilin noyabr ayı idi. Sevincimizin həddi-hüdudu yox idi! Xüsusi təyinatlı müjdəçi kimi ilk təyinat yerimizə, Qərbi Afrikada yerləşən Liberiyaya yola düşmüşdük. Təyyarəmiz Seneqalda eniş etdi. Anna sevinclə dedi: «Cəmi bir saat sonra Liberiyada olacağıq». Birdən elan səsləndi: «Liberiyaya gedən sərnişinlərdən xahiş olunur ki, dərhal təyyarəni tərk etsinlər. Ölkədə dövlət çevrilişi baş verdiyinə görə ora eniş edə bilməyəcəyik». Xüsusi təyinatlı müjdəçilərlə birgə on gün Seneqalda qaldıq. Liberiya haqqında olan xəbərlərdə tırların cəsədlərlə dolu olduğundan və ciddi komendant rejimindən danışılırdı. Deyilirdi ki, bu rejimi pozanlar güllələnirlər.

Anna: Biz macəra sevən insanlar deyilik. Uşaqlıqdan məni «ürkək Anniş» çağırırdılar. Mən adi yolu keçəndə belə həyəcan keçirirəm! Amma nə olursa olsun, təyinat yerimizə getməyə əzmli idik.

Paul: Anna ilə mən İngiltərənin qərbində anadan olmuşuq. Evlərimizin arasında cəmi 8 kilometr məsafə var idi. Həm mənim valideynlərim, həm də Annanın anası bizi öncül olmağa təşviq edirdilər. Buna görə də məktəbi bitirən kimi öncül xidmətinə başladıq. Onlar bizim tamvaxtlı xidmətdə olmaq istəyimizlə ikiəlli razı idilər. 19 yaşım olanda məni Beytelə dəvət etdilər. 1982-ci ildə Anna ilə ailə qurduq. O da Beytelə dəvət olundu.

Gilad məktəbinin buraxılış mərasimi, 8 sentyabr 1985-ci il

Anna: Beytel xidmətini sevirdik, amma həmişə təbliğçilərə tələbat olan ərazidə xidmət etmək istəmişik. Beyteldə keçmiş xüsusi təyinatlı müjdəçilərlə əməkdaşlıq etmək bu istəyimizi daha da alovlandırdı. Üç il boyunca hər gecə bu haqda konkret dua edirdik. Nəhayət, 1985-ci ildə Gilad məktəbinin 79-cu sinfinə dəvət aldıq. Sevincimizin həddi-hüdudu yox idi. Bizi Qərbi Afrikada yerləşən Liberiyaya təyin etdilər.

BACI-QARDAŞLARIN MƏHƏBBƏTİNDƏN GÜC ALDIQ

Paul: Liberiyaya uçuşlar bərpa olunan kimi ilk təyyarə ilə ora getdik. Ölkədə vəziyyət çox gərgin idi. Komendant saatı davam edirdi. Maşından sadəcə güclü səs çıxanda belə insanlar təşvişə düşüb hərəsi bir tərəfə qaçırdı. Sakitlik tapmaq üçün hər gecə birlikdə «Zəbur»dan ayələr oxuyurduq. Bu çətinliklərə baxmayaraq, təyinatımızı çox sevirdik. Anna sahədə xüsusi təyinatlı müjdəçi kimi xidmət edirdi. Mən isə Beyteldə idim. Orada birlikdə işlədiyim Con Çaruk a adlı qardaşdan çox şey öyrəndim. O, uzun müddətdir Liberiyada yaşadığı üçün buradakı bacı-qardaşların vəziyyətini, çətinliklərini yaxşı bilirdi.

Anna: Bilirsiniz, Liberiyanı nəyə görə tez sevdik? Buradakı bacı-qardaşlara görə. Onlar istiqanlı, ünsiyyətcil, imanlı idilər. Bu bacı-qardaşlarla dostlaşdıq. Bizim yeni ailəmiz oldular. Onların məsləhətləri bizi ruhani cəhətdən möhkəmləndirdi. Xidmətə isə söz ola bilməzdi. Söhbəti tez yekunlaşdıranda ev yiyəsi inciyirdi. İnsanlar küçə tinlərində Müqəddəs Kitab haqda danışırdılar. Biz isə sadəcə onlara yaxınlaşıb söhbətə qoşulurduq. O qədər insanla dərs keçirdik ki, hamısına vaxt çatdıra bilmirdik. Gözəl günlər idi!

YEHOVANIN VERDİYİ GÜCLƏ QORXULARIMIZA ÜSTÜN GƏLDİK

Liberiyada Beyteldə qaçqınların qeydinə qalırıq, 1990-cı il

Paul: Dörd il sürən nisbi sakitlikdən sonra 1989-cu ildə hamını lərzəyə salan bir hadisə baş verdi. Ölkədə vətəndaş müharibəsi baş qaldırdı. 1990-cı il iyulun 2-də hökuməti devirmək istəyənlər Beytelin yaxınlığındakı ərazini nəzarət altına aldı. Ailələrimiz və baş idarə də daxil olmaqla, 3 ay bütün dünya ilə əlaqəmiz kəsildi. Ölkədə anarxiya hökm sürürdü, qida qıtlığı var idi, qadınlar zorlanırdı. Bu vəziyyət bütün ölkəni bürüdü və düz 14 il davam etdi.

Anna: Bəzi qəbilələrin üzvləri digər qəbilədən olanlarla döyüşürdü və onları öldürürdü. Ağır silahlanmış qəribə geyimli iğtişaşçılar küçələri dolaşır, bütün evləri qarət edirdilər. Onlardan bəziləri üçün insan öldürmək toyuq başı kəsmək kimi adi bir şey idi. Nəzarət məntəqələrində, hətta Beytelin yaxınlığında da qalaq-qalaq yığılmış insan cəsədləri var idi. Sadiq dindaşlarımız qətlə yetirilirdi. Onların arasında çox sevdiyimiz iki xüsusi təyinatlı müjdəçi də var idi. İğtişaşçılar nifrət etdikləri qəbilədən kimi görürdülərsə, öldürürdülər.

Bacı-qardaşlar həyatlarını təhlükəyə ataraq həmin qəbilələrdən olan dindaşlarını gizlədirdilər. Eyni şeyi xüsusi təyinatlı müjdəçilər və beytellilər də edirdi. Beytelə sığınan bəzi bacı-qardaşlar aşağı mərtəbənin dəhliz və ofislərində, bəziləri isə bizimlə birgə yuxarıdakı otaqlarda yatırdı. Otağımızda bizdən əlavə yeddi nəfərlik bir ailə qalırdı.

Paul: İğtişaşçılar kimisə gizlədib-gizlətmədiyimizi öyrənmək üçün hər gün Beytelə daxil olmağa çalışırdılar. Bizim dörd nəfərdən ibarət təhlükəsizlik sistemimiz var idi. İki nəfər pəncərədən baxırdı, iki nəfər isə iğtişaşçılarla danışmaq üçün darvazanın yanına gedirdi. Darvazanın yanına gedən iki nəfər əlini qabaqda saxlayırdısa, bu o demək idi ki, hər şey yaxşıdır. Yox əgər əllərini arxada tutardılarsa, bu o demək idi ki, iğtişaşçılar aqressivdirlər. Belə olan halda, pəncərədən baxanlar tez bacı-qardaşları gizlədirdilər.

Anna: Bir dəfə iğtişaşçılardan ibarət qəzəbli bir dəstə güclə Beytelə soxuldu. Mən bir bacı ilə hamama gedib qapını bağladım. Oradakı şkafın aşağı hissəsində çox balaca, gizli bir yer var idi. Bacı birtəhər ora sığışdı. Əlisilahlı iğtişaşçılar yuxarı mərtəbəyə qalxdılar. Onlar qəzəblə qapımızı döyməyə başladılar. Paul onların içəri girməməsi üçün belə dedi: «Yoldaşım hamamdadır». Bacının gizləndiyi yeri bağlayanda çox səs çıxdı, həm də əşyaları yenidən şkafa yığmaq xeyli vaxt aldı. İğtişaşçıların bundan şübhələnəcəyindən qorxduğum üçün tir-tir əsməyə başladım. Belə vəziyyətdə qapını necə açardım? Buna görə də ürəyimdə dua etdim, Yehovadan kömək istədim. Sonra isə qapını açıb sakit şəkildə onları salamlaya bildim. Adamlardan biri məni qırağa itələyib, düz şkafa doğru getdi. Şkafı açıb içində olan hər şeyi yerə tökdü. Heç nə tapa bilmədiyinə görə məəttəl qalmışdı. O, adamları ilə birlikdə digər otaqları və çardağı axtardı, amma bu dəfə də onlar heç nə tapa bilmədilər.

HƏQİQƏT NUR SAÇMAĞA DAVAM EDİR

Paul: Aylarla qida sarıdan güclü korluq çəkdik. Amma ruhani qida sayəsində həyatda qala bildik. Beyteldəki səhər ibadətləri yeganə «səhər yeməyimiz» idi. Bu bizi daxilən gücləndirirdi.

Bilirdik ki, əgər yemək və su üçün Beyteldən kənara çıxsaq, burada gizlənənləri tapıb öldürəcəklər. Bəzən Yehova zəruri tələbatlarımızı elə vaxtda, elə tərzdə ödəyirdi ki, adama möcüzə kimi gəlirdi. Yehova bizim qeydimizə qalırdı və qorxunun bizi üstələməməsinə kömək edirdi.

Bu dünya nə qədər qaranlığa qərq olurdusa, həqiqət bir o qədər gur şəfəq saçırdı. Bacı-qardaşlar həyatlarını xilas etmək üçün dəfələrlə qaçmalı olmuşdular. Amma onlar imanlarını qoruyurdular, ləyaqətlərini itirmirdilər. Bəziləri deyirdi ki, bu müharibə «böyük müsibət üçün bir məşqdir». Ağsaqqallar və gənc qardaşlar böyük cəsarət göstərib bacı-qardaşlara əllərindən gələn köməyi edirdilər. Başqa əraziyə qaçanlar orada bir-birlərinə arxa-dayaq olurdular. Həmin yerlərdə təbliğ etməyə başlayırdılar. Kol-kosun arasında düzəltdikləri müvəqqəti ibadət evlərində yığıncaq görüşləri keçirirdilər. Görüşlərə gəlmək və təbliğ etmək bu təlatümlü dövrdə dindaşlarımıza ümid və təsəlli verirdi. Bacı-qardaşlara yardım paylanılan zaman onlar adətən paltardan çox təbliğ üçün çantalar istəyirdilər. Bunu görmək bizi ruhlandırırdı. Müharibədən böyük sarsıntı keçirən, kədər içində olan insanlar xoş xəbərə qulaq asırdı. Onlar Yehovanın Şahidlərinin nə qədər xoşbəxt, nikbin olduqlarını görüb məəttəl qalırdılar. Məsihilər bu zülmət qaranlıqda nur saçırdılar (Mət. 5:14—16). Hətta amansız iğtişaşçılardan bəziləri bacı-qardaşların şövqünü görüb həqiqəti qəbul etmişdilər.

ÜRƏYİMİZ PARAM-PARÇA OLSA DA, GÜC TAPDIQ

Paul: Hərdən ölkəni tərk etməli olurduq. Üç dəfə qısamüddətli, iki dəfə isə birillik ölkədən çıxmalı olmuşduq. Xüsusi təyinatlı müjdəçi olan bir bacı keçirdiyimiz hissləri yaxşı təsvir etmişdi: «Giladda bizi təyinatımıza bütün ürəyimizi qoymağı öyrədiblər». Biz belə də edirdik, buna görə də bacı-qardaşları bu vəziyyətdə qoyub gedəndə sanki ürəyimizin parasını qoyub gedirdik. Yaxşı ki, yaşadığımız qonşu ölkələrdən Liberiyadakı bacı-qardaşlara və oradakı təbliğ işinə dəstək ola bilirdik.

Sevinə-sevinə Liberiyaya qayıdırıq, 1997-ci il

Anna: 1996-cı ilin may ayında dördümüz Beytel maşınına minib yola düşdük. Maşında filiala aid vacib sənədlər var idi. Biz oradan 16 kilometr uzaqlıqda yerləşən daha təhlükəsiz bir əraziyə getmək istəyirdik. Amma filialdan hələ çox uzaqlaşmamışdıq ki, iğtişaşın düz ortasına gəlib çıxdıq. Qəzəbli iğtişaşçılar havaya atəş açdılar, maşını dayandırıb üçümüzü yerə düşürtdülər və Paul içəridə ola-ola maşını sürüb getdilər. Biz donub qalmışdıq. Bir də baxdıq ki, Paul camaatın arasından alnından qan axa-axa biz tərəfə gəlir. Əvvəl-əvvəl elə bildik ki, o, güllə yarası alıb. Sonra başa düşdük ki, belə olsa, gəzə bilməzdi. Sən demə, iğtişaşçılardan biri onu itələyib maşından düşürəndə yaralamışdı. Şükür ki, yara böyük deyildi.

Yaxınlıqda yola düşməyə hazırlaşan hərbi maşın var idi. O, təlaş içində olan insanlarla dolu idi. İçəridə yer olmadığı üçün barmaqlarımızla maşının çöl tərəfindən yapışdıq. Sürücü maşını elə sürətlə sürürdü ki, az qalırdı yıxılaq. Nə qədər yalvarsaq da ki, maşını saxlasın, təlaş içində olduğu üçün bizə qulaq asmadı. Birtəhər yıxılmadan gəlib çatdıq, amma tamamilə əldən düşmüşdük, əzələlərimiz dartılmaqdan əsirdi.

Paul: Əynimizdəki paltarlar çirkli, cırıq-cırıq idi. Bir-birimizin halına baxıb sağ qaldığımıza inana bilmirdik. Həmin gecə çöllükdə sınıq-salxaq, güllələnmiş helikopterin yanında gecələdik. Səhərisi gün bu helikopter bizi Syerra-Leoneyə apardı. Sağ olduğumuza görə şükür etsək də, ürəyimiz bacı-qardaşların yanında qalmışdı.

YENİ ÇƏTİNLİYİMİZDƏ YEHOVA BİZƏ GÜC VERDİ

Anna: Biz Syerra-Leoneyə, Fritaundakı Beytelə çatanda özümüzü təhlükəsizlikdə hiss edirdik. Bacı-qardaşlar qeydimizə yaxşı qalırdı, amma məndə «fləşbək» halları başladı, qəfildən müharibənin dəhşətli səhnələrini yenidən yaşayırdım. Hər gün təlaş içində idim, beynim dumanlı idi. Ətrafımda baş verənlər mənə yuxu kimi gəlirdi. Gecələr tez-tez soyuq tər içində oyanırdım, titrəyirdim. Məndə elə hiss olurdu ki, sanki pis bir şey baş verəcək. Güclə nəfəs alırdım. Paul məni qucaqlayıb dua edirdi, əsməcəm keçənə kimi birlikdə həmd nəğmələri oxuyurduq. Düşünürdüm ki, havalanıram və daha xüsusi təyinatlı müjdəçi kimi xidmət edə bilməyəcəyəm.

Sonra elə bir şey baş verdi ki, heç vaxt unutmaram. Elə həmin həftə iki jurnal aldıq. Onlardan biri 1996-cı il 8 iyun saylı «Oyanın» jurnalı idi. Orada «Panik atakların öhdəsindən necə gələ bilərsiniz?» adlı məqalə var idi. Onu oxuyanda nəyə görə haldan-hala düşdüyümü anladım. Digəri isə «Gözətçi qülləsi»nin 1996-ci il 15 may jurnalı idi. Orada «Onlar haradan güc tapırlar?» adlı məqalə dərc olunmuşdu. Məqalədə qanadı zədələnmiş kəpənəyin şəkli var idi. Orada izah olunurdu ki, kəpənəyin qanadı nə qədər zədələnmiş olsa da, yenə də qidalana, uça bilir. Eynilə, biz də emosional yaralarımıza rəğmən Yehovanın verdiyi güclə başqalarına kömək edə bilərik. Yehovanın yetirdiyi bu ruhani qida ehtiyac duyduğum gücü tam vaxtında verdi (Mət. 24:45). Mən bu cür məqalələri araşdırırdım və onları yığıb özüm üçün saxlayırdım. Bunun mənə çox böyük faydası dəydi. Vaxt keçdikcə posttravmatik stresin əlamətləri azaldı.

YEHOVANIN VERDİYİ GÜC SAYƏSİNDƏ YENİ TƏYİNATIMIZA ALIŞDIQ

Paul: Hər dəfə evimizə, Liberiyaya qayıdanda çox sevinirdik. 2004-cü ilin sonlarında artıq 20 il olardı ki, bu təyinatda idik. Müharibə sona çatmışdı. Filialda tikinti ilə bağlı planlar qurulmuşdu. Amma bizə gözlənilmədən yeni təyinatda xidmət etmək təklif olundu.

Bu təyinatı qəbul etmək olduqca çətin idi. Liberiyadakı ruhani ailəmizə çox bağlı idik. Bu ayrılığa necə dözə bilərdik?! Biz doğma ailəmizdən ayrılıb Gilada gedəndə Yehovaya etibar etməyin nemətlər gətirdiyini görmüşdük. Ona görə də yeni təyinatı qəbul etdik. Təyinatımız qonşu Qana ölkəsinə idi.

Anna: Biz Liberiyanı göz yaşları içində tərk etdik. Həmin vaxt Frank adlı yaşlı və yetkin bir ağsaqqalın dediyi sözlər bizi çox təəccübləndirdi. O dedi: «Siz bizi unutmalısınız». Sonra sözünü belə izah etdi: «Bilirik ki, əslində, bizi heç vaxt unutmayacaqsınız. Amma siz bütün ürəyinizi yeni təyinatınıza qoymalısınız. Bu təyinat Yehovadandır. Buna görə də bütün fikrinizi oradakı bacı-qardaşlara yönəldin». Bu qardaşın sözlərindən sonra çox möhkəmləndik. Onun dedikləri bizi az adamın tanıdığı və bizə tamamilə yad olan bir ölkədə yaşamağa hazırladı.

Paul: Qanadakı yeni ruhani ailəmizi tez sevdik. Orada xeyli Yehovanın Şahidi var idi. Yeni dostlarımızın imanından, sədaqətindən çox şey öyrəndik. 13 il Qanada xidmət edəndən sonra gözləmədiyimiz başqa bir təyinat aldıq. Keniyada Şərqi Afrika filialına təyin olunduq. Əvvəlki təyinatımızdakı dostlarımız üçün çox darıxsaq da, Keniyadakı bacı-qardaşlarla tez dostlaşdıq. Biz indiyə kimi təbliğçilərə tələbat olan bu böyük ərazidə xidmət edirik.

Yeni dostlarımızla birlikdə Şərqi Afrika filialının ərazisindəyik, 2023-cü il

YEHOVAYA XİDMƏTDƏ ÖTƏN İLLƏR

Anna: Bu illər ərzində mənim qorxub təlaş keçirdiyim hadisələr çox olub. Təhlükəli və stresli vəziyyətlər insanın həm fiziki, həm də emosional sağlamlığına öz təsirini göstərir. Düşünməməliyik ki, Yehova bizi bu şeylərdən möcüzəvi şəkildə hifz edəcək. İndinin özündə də güllə, atəş səsi eşidəndə mədəm ağrıyır, ürəyim bulanır, qollarım keyiyir. Amma Yehovanın bizi möhkəmləndirmək üçün istifadə etdiyi vasitələrdən, məsələn, bacı-qardaşların dəstəyindən yararlanmağı öyrənmişəm. Həmçinin müntəzəm ruhani işlərlə məşğul olanda Yehovanın insana təyinatını davam etdirməyə kömək etdiyinin də şahidi olmuşam.

Paul: Bəzən bizdən soruşurlar: «Təyinatınızı sevirsiniz?» Ölkələr gözəl ola bilər, amma hər an vəziyyət dəyişə, təhlükə baş qaldıra bilər. Bilirsiniz, biz ölkədən çox nəyi sevirik? Dəyərli bacı-qardaşlarımızı, ruhani ailəmizi. Milliyətimiz, mədəniyyətimiz fərqli ola bilər, amma əqidəmiz eynidir. Düşünürdük ki, bizi bacı-qardaşları möhkəmləndirmək üçün göndəriblər, əslində isə onlar bizi möhkəmləndirirdilər.

Hər dəfə harasa köçəndə biz Yehovanın müasir dövrdə etdiyi möcüzənin şahidi oluruq: bu, ümumdünya qardaşlığımızdır. Nə qədər ki yığıncağın bir hissəsiyik, ailəmiz də olacaq, evimiz də. Əminik ki, Yehovaya etibar etməyə davam etsək, O bizə istənilən vəziyyətə dözməyə güc verəcək (Filip. 4:13).

a Con Çarukun «Allaha və Məsihə minnətdaram» adlı bioqrafiyasını oxumaq üçün «Gözətçi qülləsi»nin 1973-cü il 15 mart sayına baxın.